derman

Uşaqları dərman zəhərlənmələrindən necə qoruya bilərik? – EKSPERT RƏYİ

Baxış sayı: 1. 343
Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar arasında ilk yeri dərmandan zəhərlənmələr tutur. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. İ.Əfəndiyevin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 356 nəfər uşaq kimyəvi zəhərlənməyə məruz qalıb ki, bu da 2016-cı ildəki (377 nəfər) göstəricidən azdır.
Ötən il kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar aarsında ölüm halının baş vermədiyini deyən İ.Əfəndiyev qeyd edib ki, dərmanlardan zəhərlənmələr uşaqlar arasında qeydə alınan kimyəvi zəhərlənmələrin 45,8 faizini təşkil edir: “Uşaqlar diqqətsiz qalaraq böyüklərin ya harasa qoyulmuş, qapağı açıq qabdakı dərmanlarını, yaxud da zibil qabına atılmış köhnə dərmanları içirlər. Uşaqlar riskləri düzgün qiymətləndirə bilmirlər. Onlar dərmanların əlvan rənglərinə, parlaq olmasına maraq göstəririlər”.
İ.Əfəndiyev deyib ki, daha çox 2-4 yaşlı uşaqlar dərmanlardan zəhərlənirlər. Mütəxəssisin sözlərinə görə, zəhərlənən uşaqlar arasında oğlanlar daha çox üstünlük təşkil edir: “Bunun da səbəbi onunla izah oluna bilər ki, oğlan uşaqları daha çox nəzarətsiz qalır, sərbəst şəkildə həyətdə oynayırlar. Ona görə də qızlarla müqayisədə oğlanlar arasında zəhərlənmələr daha çoxdur”.
Bəs görəsən bu zəhərlənmələrin səbəbi nələrdir? Ümumiyyətlə, uşaqları dərman zəhərlənmələrindən necə qoruya bilərik?
2 uşaq anası Xəyalə Mənsimova deyir ki, övladlarının yaşı çox az olduğuna görə çevrələrində olan hər bir şeyi oyuncaq hesab edirlər: “Dərmanlar və zərərli məhsullar da buraya daxildir. Bir az diqqətsizlik ucbatından uşaqların dəfələrlə dərmanları yerə səpələdiklərini, hətta bəzilərini sümürüb atdıqlarını görmüşəm. Bunun üçün evdə bir az dəyişiklik etdim, dərmanları uşaqların əlinin çatmadığı yerə qoydum. Ancaq bu da fayda vermədi. Çünki gündəlik olaraq istifadə etdiyim dərmanları işlərin çoxluğundan bəzən hara gəldi, əlimin altına qoyuram. Dərmanı qoyduğum yerdə tapmadıqda isə, ağlıma ilk gələn uşaqlar olur. Bu işdə bir az mənim də günahım var. Çünki bir müddət uşaqlara dərman kimi olan sümürmə konfetlər alırdım, sonra gördüm ki, uşaqlar gördükləri hər dərmanı saqqız və konfet hesab edir. Artıq o kiçik şirniyyatlardan da imtina etmişəm. Uşaqları dərmanlardan uzaq tutmaq üçün maksimum onlara nəzarət və diqqət edilməlidir. Hər nə qədər dərmanları uşaqların əllərinin çata bilmədiyi yerdə saxlasaq da, diqqət və nəzarət çox önəmlidir”.
Sosioloq Lalə Mehralı qeyd etdi ki, körpəsi olan ailə bu kimi xırdalıqlara fikir verməlidir: “Dərman harada saxlanılır, dozalanma necə olmalıdır, hansı dərman neçə yaşdan sonra verilməlidir və s. kimi məqamlara diqqət etmək lazımdır. Məsələn, çox rast gəlirik ki qızdırma düşürən dərmanlardan uşaqlar allergiya verir. Səbəbi nədir? Səbəb odur ki, analar təlaşlanır, qızdırmanı tez salmaq üçün dozanın iki qatını verirlər. Bu da təbii ki, allergik problemlər, bir qədər də çox olanda zəhərlənmələr yaradır. Maraqlısı odur ki, bizim valideynlər qızdırmadan çox qorxurlar. Halbuki, bu, təbiidir, insan orqanizmi ən maksimum hədlərdə belə qızdırma ilə mübarizə edə bilir. Üstəlik, qızdırmanın dərəcəsini aşağı salmaq üçün analar məsləhətsiz dərman verir, bu da öz növbəsində təhlükə yaradır. Çox ana var ki, dərmanın içliyini oxumur, nə gəldi, necə gəldi, uşağa içirir. Başqa bir tərəfdən, bir çox evlərdə dərman uşaqların əlinin çatdığı yerdə saxlanılır. Bu da iməkləyən, yeriyən uşaqlar arasında zəhərlənmələrə səbəb olur. Dərmanları soyuducunun, dolabın yuxarı hissələrinə qoymaq lazımdır. Bir dəfə nənəsinin şəkərli diabet üçün həblərini udan körpə barədə məlumat yayılmışdı, onu xilas etmək oldu, amma bu həmişə mümkün olmaya bilər. Azyaşlı uşağı olan hər bir ana bu kimi xırdalıqları fikirləşməlidir”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla dərmanların uşaqlar üçün əlçatan olması haqda deyil, məhz onların keyfiyyəti barədə danışdı: “Dərman preparatları özü müəyyən dozada zəhərdir, müəyyən dozada dərman vasitəsidir. Dərmandan zəhərlənmə faktının müxtəlif səbəbləri ola bilər. Normadan çox dozada dərmanın qəbul olunması səbəblərdən biridir. Bəzən uşaq səhvən normadan çox dərman içə bilir və bu zaman zəhərlənmə hadisəsi baş verir. Başqa bir səbəb isə dərman vasitəsinin keyfiyyət parametrlərinin aşağı olmasıdır. Hər bir dərman vasitəsinin içində dərman əlavəsi deyilən bir maddə olur. Bu maddə dərmana dad, rəng və struktur verir. Aşağı keyfiyyət parametrlərinə sahib olan dərmanlar da zəhərlənməyə səbəb ola bilir. Bu kimi hallar toksikoloji mərkəzdə mütləq araşdırılmalı və zəhərlənmə hadisələrinin nə ilə bağlı olduğu daha dəqiq şəkildə öyrənilməlidir. Əslində bu tip bütün neqativ hallar zəhərlənmə adı altında ümumiləşdirilir və sonradan onları ayırd etmək çətin olur. Təəssüflər olsun ki, bu gün Azərbaycanda dərman bazarının vəziyyəti heç də ürəkaçan deyil. Bazarda xeyli sayda aşağı keyfiyyətli dərman vasitəsi var. Bütün bu amillər isə zəhərlənmələrə gətirib çıxara bilir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir