internet

Uşaqları müasir texniki vasitələrdən uzaq tutmalıyıqmı?

Baxış sayı: 197

Emilin 4 yaşı var. Ən sevdiyi oyuncağı planşetidir. Səhər oyanandan yatana qədər bu sevimli “oyuncağı”nı əlindən buraxmır. Anası Xəyalə Əliyeva deyir ki, planşeti ona 1 yaşında atası alıb və uşağını tərbiyə edərkən planşet ona çox kömək edir: “Uşağıma ilk gündən televizora baxmağa icazə vermişəm. Hələ 1 yaşı yox idi əlimizdə telefon görən kimi, ağlayıb istəyirdi. Evdə ondan başqa 2 uşağım da var. İkisi də televizor, planşetlə böyüyüb heç bir ziyanı olmayıb. Yemək yedirtmək, 3 uşağı böyütmək əzabdır. Ona görə Allah planşeti yaradanın köməyi olsun. Son çarə kimi ondan istifadə edirəm. Əllərinə verdinsə, elə bil evdə uşaq yoxdur. Hamısı quzu kimi sakitdir”.
Günay Bağırlı isə 16 aylıq oğlu Atillanı Xəyalədən fərqli olaraq texnologiyalardan uzaq tutub. Deyir ki, uşağın 6 ayına qədər yanında heç bir texniki vasitələrdən istifadə etməyiblər: “Atilla uşaqlıqdan texniki vasitələrə maraq göstərməyib. İlk uşağım olduğu üçün tək məqsədim onu ideal böyütmək idi. 6 ayına qədər heç bizdə də telefon görməyib. Atilla yuxudan oyanan kimi telefonlar avtomatik olaraq şkafın başına qalxıb. 6 ayından sonra telefon görsə belə, ona maraq göstərmir. Yemək yeyərkən də müxtəlif oyuncaqlarla başını qatıram”.
Müasir texnologiyalar həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil, bir çoxumuz üçün gündəlik həyatın bir parçası halına gəldi. Lakin bunun müsbət tərəfləri kimi mənfi tərəfləri də az deyil. Müasir texnologiyalar həyatımızı zəbt etdiyi kimi, azyaşlı uşaqların da əsas əyləncə mənbəyinə çevrilir. Kompyuterdən, telefondan, planşetdən istifadə edən və sözügedən cihazlar vasitəsilə internetə qoşulan uşaqların sayı artıb, yaşı isə azalıb. Artıq 3-4 yaşlı uşaqlar çox rahat şəkildə telefonlarda oyunlar oynaya bilir, 5-6 yaşlı uşaqlar isə internetdən çox rahat istifadə edirlər.
Bəs ekspertlər necə düşünür? Uşaqları müasir texniki vasitələrdən – kompyuter, ağıllı telefonlar, planşetlərdən uzaq tutmalıyıqmı?

“Geriyə qayıdış olmayacaq”

Şəxsi inkişaf və karyera təlimçisi Tofiq Sadıxov açıqlamasında bildirdi ki, uşaqları ağıllı telefon, planşet və kompyuterlərdən uzaq tutmaq yox, onları maraq dairəsinə uyğun və inkişaflarına xidmət edəcək məşğuliyyətlərə yönəltmək lazımdır: “Bu uşaqları elektron qurğulardan uzaqlaşdırmağın ən düzgün yoludur. Əks halda, gördüyü hər bir əşya ilə maraqlanan uşaqlar üçün bu sehrli qurğular olduqca maraqlı və cəlbedici görünür. Onlar onsuz da gec-tez bu qurğulardan istifadə etməyi öyrənəcəklər. Təcrübə göstərir ki, uşaqlar 2 yaşından artıq sərbəst olaraq elektron qurğulardan istifadə edirlər. Düşünürəm ki, onları telefon və planşetlərdən tamam uzaq tutmaq, qadağalar qoymaqla inkişaflarına daha çox ziyan vurmuş olacağıq. Texnologiya sahəsində dövr irəli gedir, geriyə qayıdış olmayacaq. Biz növbəti 10-20 illikdə telefon, planşet, kompyuterdən imtina edib keçmişə qayıtmayacağıq, əksinə, daha yeni qurğular icad olunacaq. Bu gün Yaponiya, Koreya, Çin və digər texniki sahədə inqilablar etmiş dövlətlərin uşaqları kiçik yaşlarından texniki biliklər və ilkin proqramlaşdırma oyunları ilə böyüyürlər. Nəticədə həmin uşaqlar 20-30 yaşına çatanda dünyadakı digər həmyaşıdlarından daha iti düşünür, yeni icadlar və kəşflər edirlər. Uşağı nədən uzaq tuturuqsa, o, gec-tez onu tapır və əldə edir. Mənim fikrimcə, uşağa gördüyü hər bir əşya və yenilik haqqında məlumat vermək və qədərində istifadə etməyə imkan yaratmaq lazımdır. Uşaq ilkin yaşlarından hər bir oyunun və ya prosesin öz vaxtının olduğunu anlamalı və ona riayət etməyi öyrənməlidir. Əgər inzibati yollarla uzaqlaşdırsaq, qadağa qoysaq, gizlətsək, bu, daha pis nəticəyə gətirib çıxaracaq. Əvvəla uşaqlar onları tapıb gizlin olsa da, işlədəcəklər. Digər tərəfdən, gizlin istifadə etdikdə valideyn nəzarətindən kənar qalacaqlar, bu da təbii ki, onlara faydalı olmayan resurs və məlumatları əldə etmələrinə gətirib çıxara bilər. Həmçinin elektron qurğulardan istifadə bacarıqları digər həmyaşıdlarına nisbətən geri qala bilər ki, bu da gələcəkdə təhsillərinə və şəxsi inkişaflarına dolayı yolla da olsa təsir edəcək”.

“Uşaq həm əylənməli, həm öyrənməlidir”
Həmsöhbətimiz deyir ki, valideynlər bunu tənzimləmək üçün diqqətli və səbirli olmalıdır. Həmçinin o, məktəblilərin istifadə edəcəyi faydalı saytlar haqqında da məlumat verdi: “Uşaqlara oyun, nağıl, gəzinti, TV saatları kimi elektron qurğulardan istifadə saatları da ayrıla bilər. Onlarla birlikdə bu qurğularda uşaqların yaş qrupuna uyğun elektron oyunlar oynamaq, cizgi filmi və ya uşaq filmlərinə baxmaq olar. Dünyagörüşünü artırmaq üçün görmədiyi əşya, heyvan, bitkilərlə tanış etmək, adlarını öyrətmək və haqqında məlumat vermək olar. Bir qədər böyük yaşlı uşaqlara isə elektron qurğulardan faydalı və aktiv istifadə etməsi üçün tapşırıqlar vermək olar. Hər hansı bir məlumatı tapmasını və ya hansısa bir mövzuda araşdırma edib sizə danışmasını tapşırmaq olar. Prosesi bir oyun, yarış halına sala bilsəniz uşağınız həm o prosesdən zövq alacaq, həm əylənəcək, həm öyrənəcək, həm də bu işin müəyyən bir vaxt çərçivəsində olması ilə barışacaq. Hazırda uşaqlar və məktəblilər üçün müxtəlif faydalı resurslar vardır ki, uşaqlarınızı tanış edib mobil və elektron qurğularda keçirdikləri vaxtlarını həmin resurslara sərf etmələrini təmin edə bilərsiniz. Məsələn, uşaqlar müxtəlif fənlər üzrə test tapşırıqları həll edərək bilik yarışında qalib olmaq üçün www.e-test.edu.az portalından istifadə edə bilərlər. Yay tətilində boş durmayıb dərslərini təkrar etmək və eləcə də növbəti il keçəcəkləri fənlər və mövzularla tanış olmaq istəyənlər www.e-derslik.edu.az portalından istifadə edə bilərlər. Bu internetdə olan yüzlərlə faydalı resurslardan yalnız ikisidir, kiçik bir araşdırma etməklə digərlərini də tapmaq olar. Qeyd edim ki hər iki portal Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanıb və istifadəsi pulsuzdur. Açıq öyrədici resursdur”.

“Müasir uşaqlar texnika uşaqlarıdır”

Psixoloq Narınc Rüstəmova hesab edir ki, hazırkı, uşaqları texnologiyadan uzaq tutmaq olmaz. Amma istifadə vaxtlarını məhdudlaşdırmaq lazımdır: “İndikilər  İKT əsrinin uşaqlarıdır. Biz özümüz hər bir texnologiyalardan istifadə edirik. Uşaq niyə etməsin? Uşaq ətrafımızdakı texnikalardan nə qədər peşəkarcasına istifadə etsə, bu, o qədər yaxşıdır. 15 il öncəyə baxsaq 3-4 yaşında uşağın edə bilmədiyini müasir dövrün uşaqları bacarır. Telefonu söküb-yığır, texnologiyadan istifadə edə bilir. Hətta mənim oğlum dünən öz nənəsinin telefonundan müəlliməsinə vhatsap vasitəsilə səs göndərib, müəlliməsini bağımıza dəvət edib. Müasir uşaqlar texnika uşaqlarıdır. Sadəcə, biz uşağımızı bunun ziyanlı tərəflərindən qorumalıyıq. Hansı yaşda necə istifadə etmək qaydalarını öyrətməliyik. Ümumiyyətlə, uşaqlar 3 yaşına qədər texnologiyadan tam uzaq tutulmalıdır. 3 yaşına qədər uşağın psixi və nitqi inkişafına texnika vasitələri mənfi təsir edir. Aparılan araşdırmalar da onu göstərir ki, kompyuter, televiziya, planşetə aludə olan uşaqların nitqi və zehni inkişafı digərlərinə nisbətdə geri olur. Baxırıq uşağın heç bir problemi yoxdur, amma nitqi çox passivdir. Çünki uşaq informasiyanı alır, amma ötürə bilmir. Oğlum 3 yaşına çatana qədər evdə televizor açılmayıb. 3 yaşından sonra uşaq gün ərzində 20 dəqiqə bu vasitələrdən istifadə etməlidir. Uşaqlarda diqqətin davamlılığı 3 dəqiqədən çox deyil. Buna görə də uşaqlara fikir versəniz 3 yaşından sonra reklamlara daha çox maraq göstərir. Çünki qısamüddətli rəngli süjetdir. Texnologiya vasitələrindən uşağı maksimum uzaq tutmaq üçün valideynlər doğru nümunə olmalıdır. Valideynin əlindən telefon düşmürsə, valideyn özü televizora alüdədirsə uşağın da aludə olması normaldır”.
 

“Məni də 4 divar arasına salsanız, ancaq televizora baxaram”
Psixoloq deyir ki, 6 yaşına qədər uşaqlarda texniki vasitələr maksimum 30 dəqiqə istifadə edilməlidir: “Bəzən olur ki, ana ev işləri görərkən uşağı saatlarla sakit durması üçün televizorun qarşısına qoyur. Evi dağıtmasın, oyuncaqlarını yerə tökməsin deyə, uşaq ancaq televizora baxır. 3-6 yaş arası uşaqlarda texnikadan istifadə müddəti 20 dəqiqədən 30 dəqiqəyə qədər artırıla bilər. Uşağın diqqətinin həcmi 6 yaşdan sonra artmağa başlayır. Uşaq 6 saat televizora baxmamalıdır. Buna bütün texnologiya vasitələri daxildir. İstər kompyuter, istər televizor, istər telefon, istərsə də planşet – hamısı birlikdə gün ərzində maksimum 30 dəqiqə istifadə etməlidir. Çox istifadə uşaqların psixi və nitqi inkişafına, əsəb sisteminin pozulmasına, onurğa sütununun əyriliyinə, gözlərində quruluğa gətirib çıxarır. Tez-tez göz qırpmaları kimi vərdişlər başlayır. Valideynlər uşağın asudə vaxtını səmərəli təşkil etməlidir. Təsəvvür edin, 8 yaşında uşağı aludəçi kimi yanımıza gətirirlər. Uşağın günlük qrafikini öyrənəndə görürük ki, onda günah yoxdur.  Əgər bir uşaq asudə vaxtını heç bir gəzinti, hobbi, əyləncə ilə əvəz etmirsə təbii ki, o, aludəçi olur. Məni də 4 divar arasına salsanız, ancaq televizora baxaram. Uşaq doğru saatda yatmalı, doğru saatda durmalıdır. Bəzən valideynlər kompyuterdən rüşvət kimi istifadə edirlər. Dərslərini yaxşı oxu, 6 saat məşğul olarsan. Bu zaman uşağın məktəbə aqressiyası artır, fikirləşir ki, məktəb mənim sevdiyim işi görməyimə mane olur. Həm də dərslərindən yayınır. Valideynlər bunlara nəzarət etsələr, texnologiyalar da uşağın inkişafında müsbət təsirlərini görərlər”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir