usaq

Uşaqları necə tərbiyə edək?

Baxış sayı: 2. 162

Ən yaxşı tərbiyə nümunə olmaqdır. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə göstərmək daha təsirli, daha inandırıcı olur.

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının tərbiyəli, sağlam böyüməsini arzu edirlər. Tərbiyə dedikdə, əlbəttə, ilk növbədə, adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq… kimi keyfiyyətlər gəlir. Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və səhvlərdən, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək səhv edirik. Səhvimizi anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol da elə budur.

Siz ailə başçısısınız və uşaqlarınız sizin hər əməlinizə göz qoyur, hər əməlinizdən öyrənirlər. Öyrənmək deyəndə sınanmış bir həqiqət var ki, uşaqlar daha çox eşitdiklərini yox, gördüklərini götürürlər. Əgər siz uşağınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla həqiqətdən, ədalətdən danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzünüzə vurmasa da, dediklərinizə yox, etdiklərinizə görə sizə qiymət verəcək. Əgər uşağı ona inanmırsa və ya ona etibar etmirsə, valideyn üçün bundan böyük fəlakət yoxdur.

Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o sözünüzü unutmusunuz. Uşağınız da o sözü sizə xatırlatmağa utanır. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Əgər uşağınızın nəzərində öz etibarınızı bərpa etmək istəyirsinizsə, mütləq üzr istəməlisiniz. Üstəlik, təkcə üzr istəmək kifayət deyil, verilən sözü yerinə yetirmək də vacibdir. Əgər iş işdən keçibsə (yəni, o vədiniz artıq bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə), o vədi kompensasiya etmək üçün təkliflər irəli sürməlisiniz. Yəni, əsas məsələ təkcə uşağınızın gözündə etibarınızı bərpa etmək deyil, həm də uşağınızın yadında yalançı valideyn kimi qalmamaqdır.

Başqa misallar gətirək: Heç fərqinə varmadan uşağınız üçün lazım olan bir kağızı və ya bir yazını götürmüsünüz. İndi uşağınız o “itkinin” yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə ki, üzr istəməlisiniz.

Başqa bir misal: Dərs ili başlayıb, ancaq siz hansısa bir problem ucbatından uşağınıza vəd etdiyiniz şeyləri ala bilməmisiniz. Əlbəttə ki, həm üzr istəmək, həm də həqiqəti ona demək lazımdır.

Dərs ilini uğurla başa vursa, ona velosiped almağı vəd etmisiniz, ancaq sizdən asılı olmayan bir səbəbə görə velosipedi almaqda “gecikirsiniz”. Yenə də həm üzr istəməli, həm də həqiqəti deyərək bir qədər də gözləməyi xahiş etməlisiniz.

Təkcə uşaqdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı səhvimiz varsa, ondan üzr istəmək sizi uşağınızın gözündə daha da ucaldar.

Təbii ki, bütün hallarda həssas davranmalı və mümkün qədər səhvlərdən, günahlardan uzaq olmalıyıq. Ancaq əlimizdən bir xəta çıxanda da, onu aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik. Bir sözlə, sizin uşağınız başa düşməlidir ki, insan başqalarının haq-qını tapdamamalı, tapdayanda da, haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.

Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında böhtan danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra uşağınız nə qədər çalışsa da, öz nəzərində sizin “düzgün insan” obrazınızı canlandıra bilməyəcək.

Üzr istəmək yüksəklikdir, üzr istəmək ucalıqdır. Həm də cəza alacağından qorxmadan, üstün olduğunu bilərək, qarşı tərəfin kim olmasından asılı olmayaraq ondan üzr istəmək böyüklükdür.

Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.

Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar versə, başını o qədər aşağı əyər. Barlı ağac kimi dolu olmaq, təvazökar davranmaq üstünlükdür.

Bu məsələdə orta yolu tutmaq da çox vacibdir. Çünki təkəbbür göstərmək nə qədər zərərlidirsə, səhv etməyi və üzr istəməyi adətə çevirmək də o qədər zərərlidir. Ancaq bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.

Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir səhv etdikdə üzr istəyə bilsinlər. Yəni, tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu məsələdə valideynlər nə əksələr, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, ancaq hər halda biz valideyn kimi boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməyə borcluyuq.

Üzr istəməyən və ya üzr istəmək istəməyən uşaq ya bunun əvəzini nə vaxtsa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində bu cür insanları heç kim sevmir, heç kim etibar etmir. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq ətrafdan başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün uşaq eyni münasibəti ən yaxınlarına belə göstərir.

Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevir. Yəni, başqalarının günahlarını bağışlayan birisi Allahın bu sifətini götürmüş olur. Nə qədər də gözəldir, elə deyilmi?

Evdə uşaqlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, ancaq əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də, nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz göstərəsiniz. Uşaq sizin dediklərinizi eşitdiklərindən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarmısınızsa, deməli, məqsədinizə nail olmusunuz.

Üzr istəməkdən çəkinməyin. Səhvini anlayaraq üzr istəmək insanlıqdır, səhvini anlayaraq inad etmək şeytanlıqdır. Üzr istəmək həm ədalətin bərpası, həm də təvazökarlıqdır. Uşağınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, üzr istəyin. Uşağınızın başqalarından üzr istəməyi bacarmasını istəyirsinizsə, üzr istəyin. Yoxsa, hansı əməlimiz boşa gedəcək ki?!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir