cizgi filmi

Uşaqları oyuncaq və ya cizgi filmi personajları kimi “böyütməy”in zərərləri

Baxış sayı: 2. 120

Avrasiya İttifaqına üzv ölkələrdə uşaqların psixoloji və əxlaqi sağlamlığı üçün təhlükəli sayılan oyuncaqların mağazalardan yığışdırılması ilə bağlı müzakirələr bir ilə yaxındır ki, davam edir. Rusiya bu təşəbbüslə çıxış edən Qazaxıstanın oyuncaqlar üzərində mütləq psixoloji-pedaqoji ekspertiza aparılması təklifini dəstəkləməyib. Nəticədə, Barbi gəlinciyi və oyuncaq silahlarla bağlı çoxlu suallar meydana çıxıb. Qazaxıstanda hesab edirlər ki, gözəl görünüşlü, zərif Barbi qız uşaqlarında evdarlıq, səmimiyyət, ailə dəyərlərinə hörmət hissləri tərbiyə etmək əvəzinə, onlarda geyimə, alış-verişə və oğlanların diqqətini cəlb etməyə həvəs oyadır. Tapançalar və qılınclar isə zorakılıq, müharibə və dağıdıcılığın təbliğə yönəlib.

Qazaxıstanın Uşaq Hüquqları Müdafiə Komitəsi oyuncaqların təhlükəsizliyi ilə bağlı Gömrük İttifaqının texniki reqlamentində dəyişikliklə bağlı layihə təqdim edib. Sənəddə oyuncaqların satışından əvvəl onların ekspertizasında vahid, psixoloji-pedaqoji standartların tətbiq olunması ilə bağlı yeni qaydaların həyata keçirilməsi təklif olunur. Ölkə psixoloqları deyir ki, Barbi qlamur dünyada yaşamağa alışan obraz kimi təqdim olunur. Zahiri görünüşü və geyimi də onun əsas göstəricisidir: “Təəssüf ki, həyat təkcə dostlarla oturmaq və mağazaları gəzməkdən ibarət deyil. Uşaqlar bunu başa düşməlidirlər”. Bu amilləri nəzərə alan bəzi istehsalçılar son vaxtlar Barbinin alternativ variantlarını istehsal etməyə başlayıblar.

Rusiyanın Ticarət Sənayesi Nazirliyi isə ölkə biznesinin rəylərini əldə rəhbər tutaraq, bu ideyanı qətiyyətlə rədd edir. Onlar Barbinin təkcə sevgi və geyimə məhəbbət hissləri təlqin etməsi fikri ilə qəti razılaşmırlar. İstehsalçıların arqumentinə görə, oyuncaqlar təkcə ekonomik yox, həm də sosialdır: «Biz təşəbbüslə bağlı bazarda qiymətləndirmə keçirdik və ciddi təhlükələrlə üzləşdik. Əvvəla, ekspertiza xərcləri oyuncaqların dəyərindən baha başa gəlir. Digər tərəfdən, oyuncaqların qiymətləri kəskin düşür. Belə olanda məhsulun 40 faizini istehsalatdan yığışdırmaq lazım gələcək. Üstəlik, uşaq kinematoqrafiyasının və animasiyanın mövcud inkişafı ilə bağlı risklər, o cümlədən personajlar və lisenziya üzrə oyunlar məsələsi ortaya çıxır. Ona görə Rusiyada “ədəbsiz” oyuncaqların qadağan olunmasına ehtiyac yoxdur”.

Bazarda oyuncaqlar üzərində senzuranın aparılmasına qarşı sosial ekspertlər də çıxış ediblər. Onların fikrincə, oyuncaqları valideynlər özləri seçməlidir: «Yalnız valideynlər övladları üçün nəyin faydalı və ya ziyanlı olduğunu deyə bilərlər. Bəlkə uşaq hərbi tankı heç aqressiya yaratmır, uşağın vətənpərvərlik tərbiyəsində predmetdir?» – deyə onlar sual verirlər.

Artıq psixoloji-pedaqoji ekspertizanın aparılmasının uğursuz təcrübəsi Belarusa keçib. Ancaq hələ ki ölkədə oyuncaq məhsulların psixoloji və əxlaqi təhlükəsizlik nöqteyi-nəzərindən kriteriyalarını işləyib hazırlaya bilməyiblər. Ekspertlər, həmçinin etiraf edirlər ki, bu oyuncaqların görkəmini məhdudlaşdırmaq internet ticarətinin inkişafı dövründə ümumiyyətlə mümkün deyil: “Dünyanın hər bir ölkəsində uşaq oyuncaqları istehsal olunur. Nümunələr internet axtarış sistemlərində yer alır. Online satış günü-gündən sərhədlərini genişləndirir. Ticarət seçimi azaddır. Bizim məhdudiyyətimiz və ya qadağamız insanların istəklərinə mane ola bilməyəcək”.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaq oyuncaqlarının ticarəti ilə məşğul olan mağazalar kifayət qədərdir. Eləcə də küçələrdəki köşklərdə, böyük və ya kiçik marketlərdə də ərzaqla bərabər, uşaq oyuncaqlarına da rast gəlmək olur. Valideynlər onların arasından uşaqlarının əyləncəsi və inkişafı üçün məhsul seçimində azaddırlar.

Söhbətləşdiyimiz satıcılar valideynlərin qız uşaqları üçün xüsusən Barbi gəlinciklərinə, oğlanlar üçün silahlara meyil etdiklərini bildirirlər: «Oğlan uşaqları üçün silah, “Terminator”, “Hörümçək adam”ın oyuncaqlarını, qızlar üçünsə daha çox Barbi gəlinciklərini alırlar».

 

Valideynlər düşünməlidir

Uşaq oyuncaqlarının təhlükəli əxlaqi təsiri ilə bağlı təşəbbüslə çıxış edən ölkələrin psixoloqlarının fikirləri demək olar ki, üst-üstə düşür: “Müasir oyuncaqlar uşaqların davranışına nəinki xeyir gətirir, daha çox onların davranışlarına mənfi təsir edir. Bu da böyüyəndə onların tərbiyəsində izini qoyur».

«Narınc» Uşaq Psixologiya Mərkəzinin icraçı direktoru, psixoloq Aydan Talıbovanın fikrincə, valideynlər övladlarının yaşlarına uyğun cizgi filmlərini izləmələrinə, onlara aldıqları oyuncaqlara diqqət etməlidirlər: “Hörümçək adam”, “Benten” kimi personajların sayı getdikcə artmaqdadır. Uşaqlar yaşlarına uyğun olmayan cizgi filmlərini izləyəndə və ya oyuncaqla qarşılaşanda, təxəyyülləri onları dərk etməyə imkan vermir. Uşaq “Benten”ə baxıb onun kimi geyinmək və ya özünü “Hörümçək adam”a və yaxud hansısa gəlinciyə bənzətmək istəyir. Bu amillər uşağın təxəyyülünün yaşından daha qabağa qaçması deməkdir. Nəticədə uşaq real dünyadan getdikcə uzaqlaşmağa başlayır”.

Psixoloq deyir ki, bəzən də valideynlər hər hansı bir personaja baxdıqdan sonra üzərində həmin obrazın şəkli olan çantanı və ya paltarı uşaqları üçün almağa başlayırlar: “Əgər uşaq 5 yaşındadırsa, ona 10 yaşa uyğun personajı göstərmək istər-istəməz onun psixologiyasına təsir edir. Valideynlər qız uşaqlarını daha çox marketlərdə satılan gəlinciklərə yönəldirlər. Hansısa bir personajı canlandırmaqda uşağa dəstək ola bilərik. Uşağın hansısa bir epizodu təqlid etməsi nomaldır. Ancaq bu onun həyat tərzinə çevrilirsə, normal xüsusiyyət deyil və artıq uşağın psixologiyasının korlanması hesab edilir. Buna görə də valideynlər çox diqqətli olmalı və uşaqları yaş xüsusiyyətlərinə uyğun yönləndirməlidirlər”.

A.Talıbova qeyd edir ki, bəzən də valideynlər övladlarını «Maşa və ayı»dakı Maşaya və yaxud hər hansı bir gəlinciyə bənzər geyindirməyə, saç düzümünü o cür düzəltməyə səy göstərirlər. Nəticədə uşaq özünü həmin personaja bənzədir və onun kimi hərəkət etməyə başlayır: “Valideyn personajı bu formada təqlid etməməlidir. Əslində həmin personajların necə hazırlanmasını internet vasitəsilə uşağa göstərməlidir ki, onlar həmin personajın real olmadığını bilsinlər. Təəssüf ki, uşaqlar indiki cizgi filmləri ilə reallığı fərqləndirə bilmirlər. Onların təxəyyülləri çox korlanıb. Uşağın tərbiyəsində ən böyük rolu valideynlər oynayır. Bəzən valideynlər: «İşə səhər gedib, axşam gəlirəm, uşaqla vaxt keçirməyə zaman olmur» – deyə yaxalarını kənara çəkirlər. Ancaq nə qədər olsa da, valideyn uşağının xətrinə vaxt tapmalıdır. Uşağı doğru istiqamətə yönəltmək üçün 15-20 dəqiqə də kifayətdir”.

Psixoloqun fikrincə, uşağın realla qeyri-realı ayıra bilməsi məsələsində uşaq bağçalarının, məktəbəqədər kursların və ümumiyyətlə məktəbin də üzərinə böyük vəzifə düşür: “Valideynlər övladlarını gündəlik həyat tərzində personajlardakı kimi geyindirməkdən çəkinməlidirlər. Hansısa bir bayramda, ad günündə bunu etmək olar, ancaq gündəlik şəkildə bunu etmək doğru deyil. Yoxsa bu, uşağın gündəlik həyat tərzinə çevriləcək. Məsələn, uşaq «saçıma Maşa kimi düzən verdim, hansısa gəlincikdəki kimi parıldayan paltar geyindim» – deyə öyrəşəcək. Bu xüsusiyyətlər onu böyüyəndə də müşayiət edəcək. Odur ki, övladlarının oyuncaq və ya cizgi filmi seçimində valideynlərin üzərinə ciddi məsuliyyət düşür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir