xeste ushaq

Uşaqları qış xəstəliklərinə qarşı yay aylarında necə hazırlamalı?

Baxış sayı: 1. 563

Qış başlayan kimi bəzi uşaqlarda müəyyən xəstəliklər baş qaldırır. Qışda uşaqların əziyyət çəkdiyi xəstəliklər sırasında tənəffüs yollarının xəstəliyi öndə gəlir. Öskürəkdən, günlərlə yüksək hərarətdən əziyyət çəkən uşaqların valideynləri onları elə yaydan hazırlamalıdırlar. Azərbaycanın baş pediatrı Nəsib Quliyev  bildirir ki, valideynlər uşaqlarına qarşı isti havalarda daha diqqətli olmalıdırlar. Onları günvurmadan, qusmadan, mədə-bağırsaq pozuntusundan, ishaldan qorumalı, bir sözlə, onları qış üçün möhkəmləndirməlidirlər:
“Azərbaycanın gözəl təbiəti var. Günəş, dəniz, meşə, çay – bunların hamısı fiziki cəhətdən orqanizmi möhkəmləndirir. Uşaq orqanizmi yayda qışa hazırlanarsa, qışda tez-tez virus xəstəliklərinə, soyuqdəymə xəstəliklərinə yoluxmaz”.

Müsahibimiz valideynləri uşaqlarını yay xəstəliklərindən də qorumağa çağırır. Deyir ki, xüsusən günvurma, istivurma, allergik xəstəliklər yay üçün təhlükəli xəstəliklərdir. Yay aylarında uşaqların qidasına da diqqət yetirmək lazımdır.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, qışda xəstələnməmək üçün yay aylarında təbii faktorlardan (hava, su, günəş) yararlanmaq lazımdır. Həmsöhbətimiz günəş vannasını uşaq orqanizminin möhkəmlənməsi üçün çox önəmli sayır. Dediyinə  görə, səhər saat 9.00-12.00, axşam saat 18.00-20.00  radələrində, küləksiz havada günəş vannası qəbul etmək lazımdır. “Bu zaman uşağın geyimi açıq olmalı, uşaq bir yerdə dayanmamalı, aktiv hərəkətlər etməli, müxtəlif dinamik  oyunlar oynamalıdır. Günəş vannası qəbul edərkən uşağın başı açıq olmamalıdr. Dərisinə günəşdən qorunmaq üçün  müxtəlif kremlər çəkilməlidir”.

Uşağın orqanizminin qışa hazırlanması üçün önəmli olan faktorlardan biri də havadır. Belə ki, uşaqlar uzun müddət  ekoloji baxımdan təmiz havada olduqları zaman bədən güclənir.

Uşağın sağlamlığı və bədəninin qışa hazırlanması üçün su vannaları da önəmlidir: “Uşaqlara 24-28 dərəcə istiliyi olan suda vanna qəbul etmək önəmlidir. Xüsusi şırnaqlarla uşağı çimizdirmək olar. Xüsusilə dəniz suyu və havası, qumu mütləq istifadə edilməlidir. Dənizdə çimmək uşaqlara xüsusilə faydalıdır. Amma dəniz suyunu udmaq olmaz. Uşaqları dənizdə çimizdirərkən qulaqlarına xüsusi tıxaclar taxılmalıdır.  Uşağin dərisi qaralsa, yaxşıdır, amma çalışmaq lazımdır ki, dəri yanmasın”.

Uşaqların orqanizminin qışa hahzırlanması üçün qidalanma da çox əhəmiyyətlidir. Uşağın qidalanmasında meyvə-tərəvəzdən kifayət qədər istifadə olunmalıdır. Meyvə şirələri, kompotlar, jele və mürəbbələr uşaq üçün çox faydalıdır: “Qidalanma meyvə-tərəvəzlə zəngin olmalıdır. Xəmir yeməklərindən imtina olunsa, yaxşıdır. Ət yeməklərinə aludə düzgün deyil. Həftədə 1-2 dəfə ət yemək olar. Meyvə və giləmeyvələr vitaminlərlə zəngin olduğundan, gündəlik menyuda mütləq olmalıdır”.

Mütəxəssisilərin fikrincə, yay aylarında uşaqlara yarımfabrikatlar, süni şirələr, limonadlar, cipsilər vermək olmaz. Qazlı sular uşaq orqanizmi üçün xüsusi təhlükəlidir. Meyvə-tərəvəz verilən zaman yaxşı yuyulmalı və qaynanmış su ilə yaxalanmalıdır. Çalışmaq lazımdır ki, uşaq gün ərzində bol maye qəbul etsin.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir