komputer

Uşaqları sağlamlığa və inkişafa ziyan vuran informasiyalardan necə qorumalı?

Baxış sayı: 1. 591

Azərbaycanda  internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Trend-ə bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların internetdə qarşılaşacağı zərərli informasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə daxil edilib.

Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb: “Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq, monitorinqlər həyata keçiriləcək. Monitorinq zamanı internet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”.

Evdə uşaqların internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov əlavə edib ki, “Telekommunikasiya haqqında” qanuna əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz istifadə imkanları təmin edilir: “Yəni abunəçi internet götürdüyü provayderə evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün müraciət edir. Bununla da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə və bu cür formada da internet ala bilər”. S.Məmmədov qeyd edib ki, “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Bəs görəsən yeni qanun layihəsinin mahiyyəti nədən ibarətdir və burada  hansı yeniliklər öz əksini tapacaq? Bu mexanizm necə qurulacaq? Qanun layihəsi ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. Onlar bu haqda müxtəlif fikirlər səsləndirdilər.

 

“Yeni qanun hazırlanarkən milli dəyərlərimiz nəzərə alınıb”

 

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı mövzuyla bağlı açıqlamasında bildirdi ki, ilkin müzakirə zamanı  qanun layihəsi ilə bağlı verilən rəylər, edilən təkliflərin parlamentdə aidiyyəti mütəxəssislər tərəfindən ekspertizadan keçirilməsi tövsiyə olunub: “Layihə yenidən geniş tərkibdə müzakirə olunacaq. Yeni qanun layihəsində uşaq hüquqları, telekommunikasiya haqqında qanunlara bir sıra dəyişikliklər və əlavələr edilib. Bu qanun uşaq hüquqlarına dair konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqların hüquqlarını və azadlıqlarını, onların sağlamlığının və inkişafının qorunmasının, uşaqların mənəviyyatına fiziki, psixoloji, sosial ziyan vuran informasiya məhsullarına müdaxilə olunması haqqında dövlət orqanları və digər fiziki şəxslərin vəzifələrini müəyyən edən bir qanundur. Lakin qeyd edim ki, hələlik yeni qanun layihəsi haqqında təfsilatı ilə danışmaq tezdir”.

A.Naxçıvanlı bildirdi ki,  layihə beş fəsil, 23 maddədən ibarətdir: “Hesab edirəm ki, qanun geniş müzakirə edildikdən sonra bəzi dəyişikliklərin ediləcəyi də istisna deyil. Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı bütün məsələlər qanunda öz əksini tapıb. Xüsusilə ikinci fəsildə, informasiya məhsulunun təsnifatında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiya təsnifatı ayrıca verilib. Burada 6 yaşa çatmış və ondan böyük, həmçinin 12 yaşa çatmış və ondan böyük  uşaqlara hansı informasiyaların hansı formada verilə biləcəyi öz əksini tapıb. Süjetlər, qorxulu süjetlər, qəza, fəlakət, bədbəxt hadisələr, narkotik vasitələr və digər hadisələrlə bağlı bir çox maddələrlə bağlı məqamlar da burada  öz əksini tapıb. Qeyd edim ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsindən də istifadə edilib və layihə bir çox  ölkələrin də qanunları ilə uzlaşır. Bütün bunlarla yanaşı, yeni qanun hazırlanarkən milli dəyərlərimiz nəzərə alınıb”.

 

“Daha çox maarifləndirmə işinə ehtiyac var”

 

QHT rəhbəri, hüquqşünas Sahib Məmmədov deyir ki, bu məsələ həmişə cəmiyyətdə öz aktuallığını qoruyub saxlayır: “Uşaqları zərərli informasiyalardan qorumaq ciddi bir problem olaraq qalmaqdadır. Lakin mən hesab etmirəm ki, belə bir qanunun qəbul edilməsi problemi bütünlüklə həll edə biləcək. Lakin istənilən halda qanunvericiliyə edilən bu dəyişiklik bəzi məsələləri qismən də olsa həll edə bilər. Məhz bu baxımdan yanaşdıqda, deyə bilərəm ki, yeni qanun layihəsi təqdirəlayiqdir. İndi internet klublarından əlavə hər kəsin evində şəxsi kompüteri var. Belə olan təqdirdə isə hər şey valideynin iradəsindən asılı olur. Çünki onda uşağa valideyndən başqa heç kim nəzarət edə bilmir. Digər tərəfdən, əksər uşaqların əllərində ağıllı telefonlar, planşetlər var və onların vasitəsi ilə uşaqlar internetdə istənilən resurslara daxil ola bilərlər. Ona görə də bu qanunun çox ciddi effekt verəcəyini gözləmirəm”.

Müsahibim deyir ki, bu məsələni təkcə qanunvericiliklə həll etmək olmaz: “Əslinə qalsa mən  hansısa internet resurslarının zərərli ad altında yoxlanmasının da tərəfdarı deyiləm. Müəyyən mənada pornoqrafik və s. saytların bağlanması qəbul ediləndir. Amma elə kontentlər var ki, onları bağlamaq da düzgün deyil. Çünki bəzi məsələlər internet azadlığı prinsipinə zidd olur. Hesab edirəm ki, burada ən böyük iş valideynlərin üzərinə düşür. Valideyn nəzarəti qanunvericilik nəzarətindən daha güclü olmalıdır. Bununla yanaşı düşünürəm ki, qanun layihəsindən daha çox maarifləndirmə işinə ehtiyac var”.

 

“Uşaqların inkişaflarına ziyan vura biləcək bütün informasiyalardan qorunmaq hüququ var”

 

“SOS Uşaq Kəndləri-Azərbaycan”ın İctimai Vəkillik üzrə mütəxəssisi Cavid İmamoğlu bizimlə söhbətində bildirdi ki, bu qanun layihəsinin qəbulu ilə uşaq hüquqlarının müdafiəsi istiqamətində irəliyə daha bir ciddi addım atmış olacağıq: “Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan qanun layihəsi son dərəcə önəmli layihədir. Son dövrlər istər televiziya kanallarında, istərsə də sosial mediada uşaqların izləyə biləcəyi xoşagəlməz informasiya və kadrların efirə getməsi bu məsələni aktuallaşdırıb. Belə ki, ayrı-ayrı proqramlarda şou düzəltmək xətrinə həssas əhali qrupundan olan uşaqların durumundan istifadə edilir. Bu da ciddi şəkildə uşaq hüquqları ilə ziddiyyət təşkil edir. Uşaqların inkişaflarına ziyan vura biləcək bütün informasiyalardan qorunmaq hüququ var. Onları ayrı-ayrı xeyriyyə tədbirlərinə alət etmək, onları yazıq durumda göstərmək, onların razılığı olmadan onlar haqqında olan informasiyanı ictimailəşdirmək və s. beynəlxalq və yerli uşaq hüquqları haqqında qanunlarla uyğun gəlmir. Digər tərəfdən isə televiziya ekranlarında gedən informasiya və verilişlərdə yaş kateqoriyası qoyulmaması da uşaqları təhlükəli vəziyyətlərə sala bilər. Bəzi vaxtlar efirdə gedən serial və verilişlərdəki yaş kateqoriyasının yazılmaması və göstərilən kontetin uşaq tərəfindən izlənilməsi sonrada uşaq üçün təhlükəli anların yaşanmasına səbəb ola bilər”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir