siqaret

Uşaqları siqaret çəkməyə nə vadar edir?

Baxış sayı: 533

Müxtəlif stress faktorları və ya əhatədəki pis təsir nəticəsində yeniyetmələr, hətta azyaşlı uşaqlar da siqaret çəkir, başqa pis vərdişlərə meyl edirlər. Qanundakı qadağalara baxmayaraq, siqaretin istər qutu, istərsə də ədədlə azyaşlı və yeniyetmələrə satışı bu xoşagəlməz faktın daha çox yayılmasına şərait yaradır. Uşaqlar sərbəst siqareti alaraq böyüklərdən gizli şəkildə çəkir, bununla həmyaşıdlarına da pis örnək olurlar.

Bütün bunlara görə Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan oluna bilər. Bu məsələni qaldıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov “Trend”ə bildirib ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib. Onun sözlərinə görə, xüsusən də orta məktəblərə yaxın yerlərdə, qəzet köşklərində siqaret ədədlə satılır: “Həmçinin marketlərdə siqaret qutusunu açıb dənə-dənə satırlar. Siqareti ədədlə kimin üçün satırlar?! Bununla cibində 20-30 qəpik olan yeniyetmələri, məktəb şagirdlərini şirnikləndirirlər. Siqareti dənə ilə böyük adamlar almır ki. Əsasən, məktəbyaşlı uşaqlar məktəbdən qaçıb siqaret alır və gizli yerlərdə çəkirlər. Ona görə də biz fikirləşirik ki, yeni qanun layihəsində bu halların qadağan olunması üçün maddələr əlavə edək, cərimələri sərtləşdirək”.

Deputat qeyd edib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi tütün istehsalına qarşı yönəlimiş bir tədbir deyil: “Bu, sadəcə tütün istehlakçılarının sağlamlığının qorunmasına xidmət edən bir qanun layihəsidir. Tütün istehsalı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Ancaq istehlakçıları da qorumaq lazımdır. Biz əsasən təbliğatla məşğul olacağıq ki, ictimai, kütləvi yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, əhalinin sıx olduğu digər yerlərdə siqaret çəkilməsi qadağan olunsun”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov eyni məzmunlu qanunun iki dəfə qəbul olunmasına məəttəl qalıb. Dediyinə görə, 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məmulatları haqqında” qanunda yazılıb ki, siqaretlərin tək-tək satışı qadağandır. “Təhsil və tibb müəssisələri yaxınlığında satışı qadağandır. Dəfələrlə bu qanunu vərəqləmişəm. İkinci dəfə bu qanunun qəbul olunmasının nə mənası var? Bizdə qanun qəbul olunur, insanların xeyrinə yönəlir. Lakin qəbul olunan qanunların çoxu ayaq altındadır, onu icra etmirlər. Məsələn, üç gün əvvəl İqtisadiyyat Nazirliyindən rəsmi məktub almışam ki, Şəkidə istehsal olunan təhlükəli siqaretlərin satışına qadağa qoyulub. Bu yaxınlarda monitorinq apardım və gördüm ki, Süleyman Rəhimov 188 ünvanında həmin təhlükəli siqaretlər satılır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəis müavininə zəng vurub bildirirəm ki, sizin imzanızla məktub gəlib ki, həmin siqaretlərin satışı qadağan olunub. Bəs, nə üçün satılır?”

AİB sədri çox vaxt dövlət məmurunun imzasına məhəl qoyulmadığını, bunun da nəticədə insanlara zərər gətirdiyini deyir. “Bu cür halların qarşısı alınmalıdır”.

Hüquqşünas Aynur Musayeva da bildirir ki, “Tütün və tütün məmulatları haqqında” qanunun 15.3.6-cı maddəsinə əsasən 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarını satmaq qadağandır. “Tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışına görə İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub”.

Musayeva vurğulayıb ki, qanun siqaretlərin istər ədədlə, istərsə də qutuda yetkinlik yaşına çatmayanlara satışını qadağan edir. “Bunun fərqi yoxdur ki, siqaret ədədlə satılır ya qutu ilə. Hər ikisinə eyni qadağa tətbir olunur”.

Hüquqşünas qeyd edib ki, əgər yetkinlik yaşına çatmayan şəxslərə siqaret ədədlə və ya qutu şəklində satılıbsa, bu kimi işlərdə şahidlərin ifadəsi vacib sübut ola bilər. Bu kimi şikayətlər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Belə bir hadisə baş veribsə, bu haqda hadisə baş vermiş ərazinin polis orqanına şikayət olunmalıdır.

Psixoloq Vəfa Rəşidova əməkdaşımıza bildirib ki, uşaq və yeniyetmələrin siqaret çəkməyə meylliliyinin səbəbləri var: “Həmişə dediyimiz kimi, heç vaxt, heç nə elə-belə olmur. Uşaq və yeniyetmə siqaret çəkməyə başlayırsa, bu, ailə ilə bağlı ciddi narahatlıqdır. O ailədə mütləq ya bir stress, gərginlik, söz-söhbət mütəmadi davam edir. Bu da uşaqlarda pis vərdişlərə yönəlmə riskini artırır. Bu aludəçilik sevgi doyumsuzluğuna görə də ola bilər”.

Onun fikrincə, eyni zamanda uşaqlar diqqət çəkmək üçün də pis vərdişlərə yönələr. Yeniyetmələr düzgün dost seçə bilmədikdə də təsir altına düşərək bunu edə bilərlər. “Valideynlər uşaqlarının kiminlə, hansı ailənin uşaqları ilə dostluq etdiyinə ciddi fikir verməli, bu məsələdə diqqətli olmalıdırlar. Çünki bəzi hallarda ailəsində ciddi problemləri olmayan uşaqlar pis təsir altına düşərək pis vərdişlərə, hərəkətlərə yol verir”.

Rəşidova qeyd edib ki, ata obrazı güclü olmayan və ya şiddət görən ailələrdə də uşaqlar pis vərdişlərə əl atır: “Siqaret çəkən və ya pis vərdişlərə meyl edən uşaqlar öz yaşına uyğun olmayan davranışlar, hərəkətlər edər, daha tez böyüyərlər. Valideynlər uşaqları bu kimi vərdişlərdən çəkindirməlidirlər. Bunu özləri edə bilmirlərsə, psixoloqlardan dəstək almalıdırlar. Uşağa diqqəti, qayğını balanslaşdırmalı, ona ailə üzvü kimi yanaşmalı, xoşbəxt ailə tablosunu yaratmağı unutmamalıdırlar”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir