DERS

Uşaqlarımız icbari təhsildən niyə yayınır? – ARAŞDIRMA

Baxış sayı: 46

Ötən ayın sonunda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı məsələ də müzakirə olunmuşdu. Mərkəz rəhbəri Məleykə Abbaszadə 2012-ci ildən etibarən aparılan statistik təhlilin nəticələrinə əsasən müvafiq ildə I sinfə gedən şagirdlərin bir qisminin adlarının IX siniflərin məlumat bazalarında aşkar edilmədiyini deyərək, onların icbari təhsildən yayındıqlarını vurğulamışdı.

“Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır”,-deyən Məleykə Abbaszadə təhsil nazirinin müavini Ceyhun Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair Nazirlikdə mövcud olan məlumatların təqdim olunmasını xahiş edib. C.Bayramov isə deyib ki, məktəbə 1 il və daha artıq gec gedənlərin sayı da az deyil və Nazirlik bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. “Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq, görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən-ilə azalır”.

Dünən Təhsil Nazirliyi icbari ümumi orta təhsildən yayınma halları ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib. Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, birinci sinfə gedən uşaqlarla doqquzuncu sinfə gedənlər arasındakı fərqin  məktəbdən yayınma halı kimi qəbul olunması düzgün deyil: “Məktəbdən yayınmaqla bağlı bir neçə səbəb var. Bir qisim uşaqlar birinci sinfə Azərbaycanda getsələr də, müəyyən yaşdan sonra təhsillərini ölkəmizdən kənarda davam etdirirlər. Bu da icbari təhsildən yayınma hesab olunmur”.

Əmrullayev qeyd edib ki, bəzi uşaqlar sağlamlıq imkanlarını itirdiyinə görə təhsildən kənar qalır: “Bu rəqəmlər böyük olmasa da, kifayət edən göstərici sayılır. Bundan başqa, bu illər ərzində vəfat edən uşaqlar da var. Eyni zamanda, miqrasiya məsələsi də var. Nəzərə almalıyıq ki, 2005-ci ildə ölkədə uşaqların qeydiyyata alınması ilə bağlı elektron sistem bugünkü kimi mükəmməl deyildi. Hazırda məktəbə gələn uşaqları şəxsiyyət vəsiqəsinin nömrələri əsasında tam dəqiqliyi ilə saya bilirik. 2005-ci ildə isə məktəblərdə əllə yazılan statistik məlumatlar əsasında yekun nəsə deyilə bilirdi. Söhbət 4400 məktəbdən gedirsə, rəqəmlərdə şişirtmələrin olması gözləniləndir. Bunun da obyektiv səbəbləri var. Çünki əvvəl Azərbaycan şəraitində elə ailələr var idi ki, uşaqlarını birinci sinfə iki dəfə qoyurdular. Hazırda bu hal mümkün deyil”.

Şöbə müdiri əlavə edib ki, hazırda 10%-dək uşaq I sinfə vaxtında gəlmir: “Hətta 9 və 10 yaşlı uşaqlar var ki, hələ də birinci sinfə getmir. Biz də bu uşaqları fərdi təhsilə cəlb edirik. Təbii ki, dünyada olduğu kimi Azərbaycanda da icbari təhsil 100 faiz təmin edilə bilməz. Lakin sevindiricidir ki, bu halların sayı getdikcə azalır. Azalmanın əsas səbəbi məlumat sisteminin daha da mükəmməlləşməsidir. 2010-cu ildə I sinfə gələn uşaqlar altıncı sinifdə oxuyanda icbari təhsildən yayınma halları 1,3% müşahidə olunub”.

Onun bildirdiyinə görə, bəzi regionlarda elə uşaqlar var ki, 7 yaşı olsa da, heç bir sənədi yoxdur. “Ona görə təhsildən uzaq düşüblər. Bu uşaqların da sayı 100 nəfəri keçmir”.

Əmrullayev vurğulayıb ki, 2003-cü ildə I sinfə gələnlərin 25-26%-i məktəbə bir yaş (7 yaşında) gec gedib: “Apardığımız araşdırma onu göstərir ki, gec gələn uşaqların “2” almaq şansı daha çoxdur. Bu da yaşla yox, həmin evlərdə olan təhsil mühiti ilə bağlıdır. Bu gün ölkədə 10 faiz uşaq məktəbə gec gəlir”.
Məsələ ilə bağlı fikir bildirən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, uşaqların icbari təhsilinin təmin edilməsi yalnız Təhsil Nazirliyinin funksiyası deyil: “Şagirdlərin icbari təhsildən yayınması bir neçə dövlət qurumunun funksional bir işidir. Bilirsiniz ki, icra hakimiyyətlərində azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərir. Eyni zamanda müvafiq polis idarələrində yeniyetmələrin işləri ilə bağlı olan müvəkkillər çalışır. Yəni, uşağın icbari təhsildən yayınması məsələsində digər qurumların da məsuliyyətini nəzərə almalı, onların mandatına düşən funksiyaları daha dəqiq göstərmək lazımdır. Bu, sosial bir məsələdir”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Ekspress.az-a bildirib ki, şagirdlərin məktəbdən yayınmasının müxtəlif səbəbləri var: “Təhsil Nazirliyinin özü əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə monitorinq keçirməlidir. Xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. Tutaq ki, I sinfə 60 min nəfər qəbul olunur, yuxarı siniflərə isə 50 min nəfər qalır. Bunun 10 mini necə olur? Bu, monitorinq əsasında araşdırmalıdırlar. Monitorinq qrupuna Təhsil Nazirliyi işçiləri ilə yanaşı jurnalistlər, müəllimlər, iqtisadçı, sosioloq və psixoloqlar daxil olmalı və təhsildən yayınmanın müxtəlif səbəblərini araşdırmalıdır”.

Müsahibimizə görə, məktəb yaşlı uşaqların təhsildən yayınma səbəblərini ümumiləşdirmək olmaz. “Hər regionda təhsildən yayınmanın səbəbləri müxtəlifdir. Elə regionlar var ki, uşaqlar təsərrüfatla məşğul olurlar. Valideynlər uşağı 6-7-ci sinfə çatandan sonra öz təsərrüfatında işçi kimi işlədir. Çünki o düşünür ki, bu gün mənim təsərrüfatımda oğlumun köməyi, 10 il gözlədikdən sonra məktəbi qurtarıb ali təhsil müəssisəsinə qəbul olmasından, bundan sonra iş tapa bilib-bilməməsindən daha irəlidir. Bilinmir ki, sabah o, iş tapa biləcəkmi? Bu gün real, övladı ona təsərrüfatla bağlı kömək edir və o, da bunun səmərəsini görür”.

Ağayevin dediyinə görə, müəyyən qrup valideynlər də var ki, imkansızlıq üzündən 7-8-ci sinifdən sonra, övladı müəyyən savada yiyələndən sonra onu işə cəlb edir. “Xüsusilə də, bu faktlar Aran zonasında, Cənub bölgəsində, dağlıq ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olanlarda çoxluq təşkil edir”.

Ə.Ağayev bildirib ki, məktəbdən yayınmanın digər əsas səbəbi qızların erkən nikaha cəlb olunmasıdır: “Təəssüf ki, bu gün imkansızlıq üzündən valideynlər qızlarının tezliklə ərə getməsini istəyir. Artıq 9-cu sinfə çatandan sonra qızları nışanlayır, bir-iki ildən sonra da toy edirlər. Nişanlı qız orta məktəbə necə getsin? Gedə bilmir. Şagirdlərin müəyyən qismi də belə aradan çıxır. Bir neçə il bundan əvvəl qızların vaxtından əvvəl ərə getməsi problemləri müzakirə və tənqid olunsa da, bunun qarşısı alınmayıb. Valideynlərlə müəyyən maarifləndirmə işləri aparılsa da, bu, gözlənilən nəticəni vermədi”.

həmsöhbətimizə görə, digər səbəb məktəblərdə tədrisin lazımi səviyyədə olmaması, müəllimlərin şagirdlərlə çox kobud rəftarıdır. “Bu gün də uşaqlarımızın savad məsələsində zəif olsalar da, öz şəxsiyyətlərini sevirlər. Dünya görüşləri var, məlumatlıdırlar, özünü, şəxsiyyətini tanıyır. Müəllimin ona qarşı həqarətli münasibəti, kobud sözləri, çağırışı, cavabı onları incik salır. Uşaqların xarakter xüsusiyyətlərində müxtəlif fərqliliklər var. Adam var, onu tənbeh etməklə düzəltmək olur. Adam var, bir xoş söz deməyən kimi çıxıb gedir. Müəllim və şagird münasibətlərində elmə əsaslanmayan və yaxud elmi bilməyən müəllimlər uşaqları küsdürür və şagirdlərin bir qismi də bu səbəbdən məktəbdən yayınır”.

Təhsil ekspertinin dediyinə görə, şagirdlərin dərsdən yayınmasına miqrasiya məsələsi də rol oynayır: “Bundan başqa, bəzi məktəblərdə səhər növbəsinin tədris prosesi cədvəl üzrə 2-nin yarısına qədər davam edir. Uşaq o qədər yorulur ki, artır bir-iki il fasilə götürməyə və dərsə getməməyə məcbur qalır. Valideynlər şikayət edirlər ki, uşaqları bu cür çətinliyə saldıqları üçün çox yorulur və xəstələnirlər. Müəllimlər onları o qədər yükləyir ki, yarısı dərs, yarısı repetitorluq, evdə istirahət etməyə 15 dəqiqə belə vaxt tapmırlar. Məktəblər öz funksiyalarını düzgün yerinə yetirmir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir