tapanca

Uşaqlarımıza kimləri qəhrəman kimi təqdim edirik?

Baxış sayı: 1. 627
Uşaqları qəhrəmanlıq ruhunda, sağlam düşüncəli vətəndaş kimi  böyütmək hər bir cəmiyyət üçün önəmli məsələlərdəndir. Amma qəhrəmanın kim olmasının da uşaqların doğru-düzgün tərbiyəsində əhəmiyyəti böyükdür. Son vaxtlar uşaqların, yeniyetmə və gənclərin özlərinə ideal seçdikləri “qəhrəmanlar”ın kriminal avtoritetlər olması cəmiyyət üçün SOS siqnalı sayılmalıdır. Bu gün kriminal avtoritetlər mətbuatda əlahiddə səlahiyyətlərə malik güc sahibləri kimi təqdim olunurlar. Hətta onların gücü o qədər şişirdilir ki, sanki belə şəxslərin dövlətdən də qüdrətli olduqları mənzərəsi yaranır. Reallıqdır, indi orta məktəb şagirdlərinin məhəllələrdə, elə tədris ocaqlarında özləri üçün “polajeniya”ya baxan qruplar yaratması barədə də xəbərlər kimisə təəccübləndirmir. Uşaqlar var ki, cinayət törədib, həbsxanaya düşmək, “vor zakon” olmaq arzusu ilə yaşayır. Hələ həyatı anlamaqda çətinlik çəkən uşaqlarda, yeniyetmələrdə bu istək necə formalaşır? Onlar bunu hansı mühitin təsiri altında arzulayırlar? Gələcək nəslimizin kriminal avtoritetləri qəhrəman kimi seçməsinin səbəbləri nədir? Onların bu yanlış istiqamətə meyl etmələrinin günahkarı kimlərdir?  Valideynlər, mətbuat, təhsil ocaqları, yoxsa bütövlükdə cəmiyyətin özü?  Gələcəyimizi sağlam düşüncəli görmək üçün hansı işlər görülməlidir?
“Cəmiyyət buna qarşı birgə mübarizə aparmalıdır”
Millət vəkili Tahir Kərimli mövzuya dair açıqlamasında bildirdi ki, qanunlarla idarə olunan ölkədə avtoritetlərə ehtiyac yoxdur: “Bütün böyük dövlətlərdə – ABŞ-da həbsxanaları dövlət nəzarətində saxlamaq, idarə etmək üçün müəyyən şəbəkələr yaradılır. Azərbaycanda da SSRİ-nin tərkibində olanda belə bir şey var idi. Sovet İttifaqı təzə yaradılanda Azərbaycan həbsxanalarını, cinayətkarları, onların davranışlarını nəzarətdə saxlamaq üçün belə bir oğru sistemi yaradılmışdı. Bu işə əsasən o vaxt Rusiyanın həbsxanasında yatan adamlar rəhbərlik edirdilər. Onlar həbsxanalara nəzarət edirdilər. Sözdə bu sistem guya sovet dövlətinin müəyyən ədalətsiz prinsiplərini aradan qaldırmaq, cinayətkarlar arasında, o cümlədən həbsxanalarda  haqqı qorumaq üçün idi.  Həqiqətən də bu sistem vasitəsilə müəyyən qədər ədalətli yanaşma göstərilirdi, kimlərsə müdafiə olunurdu. Amma Azərbaycan müstəqil dövlət olandan sonra bu sistemə demək olar ki, ehtiyac yoxdur. Dövlət daxilində də kriminal sistem öz mahiyyətini itirib. Bu aləmdə olan azərbaycanlılar da başqa ölkələrdəki fəaliyyətləri ilə məşhurlaşırlar. Ümumilli liderin dövründə bu istiqamətdə ciddi mübarizə getdi. Belə şəbəkənin dövlətdə olmasına imkan verilmədi. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, bizdə bu kimi məqamlar hələ də var. Rusiyada isə bu sistemdən indi də istifadə edirlər”.
T.Kərimli deyir ki, bu kimi məqamın təbliğ olunması qanuna zidd hal olmaqla yanaşı, mənəvi cəhətdən gənclərimizi səhv istiqamətə yönəldir: “Təəssüf ki, sosial şəbəkələrdə, mətbuatda, hər yerdə bu sistem təbliğ olunur, müsbət məqam kimi qiymətləndirilir. Belə hal qanuna zidd olmaqla yanaşı, mənəvi cəhətdən gəncləri səhv istiqamətə yönəltməkdir. Təbliğatlar vasitəsilə bu cür avtoritetlər ilahiləşdirilir, onlara pərəstiş yaradılır. Sosial durumu yaxşı olmayan, özünü həyatda tapa bilməyən insanlarda meyl yaranır ki, onların yolu ilə getsinlər, o sistemə düşsünlər. Hətta kriminal olmayan mühitdəkilərdə belə o sistemə bir istək, bağlılıq yaranır. Ona görə də bundan qəti çəkinmək lazımdır”.
Millət vəkilinin sözlərinə görə, cəmiyyət buna qarşı birgə mübarizə aparmalıdır: “Cəmiyyət belə halların həm qanuna, həm mənəviyyata uyğun olmadığını ortaya qoymalıdır. Cinayəti yaradan səbəb və şəraitin aradan qaldırılması üçün mübarizə aparmalıyıq”.
“Bunun mənfi təzahürü zamanla olacaq, davam edəcək”
Hüquqşünas, media eksperti Ələsgər Məmmədli deyir ki, avtoritetlərin güc sahibi, xeyirxah bir sima kimi təbliğ olunması gənclərimizi dilemma qarşısında qoyur: “Təəssüf ki, hətta bəzi siyasətçilər də kriminal avtoritetləri qəhrəman kimi təqdim edirlər. Bu da yeniyetmə və gənclər üçün pis bir nümunədir. Onlar çox ciddi dilemma qarşısında qalırlar. Bəzən həmin şəxsin cinayətkar, yoxsa qəhrəman olması ilə bağlı konkret qərar verə bilmirlər. Çox halda isə bir az daha sərt davranmağa, aqressivliyə meylli olan təbəqə onları qəhrəmanlıq nümunəsi kimi təqdim edir, ideallaşdırırlar. Burada medianın böyük rolu var. Çünki media bu tipli xəbərləri ictimailəşdirir.
İstanbulda öldürülən, axtarışda olan şəxsin Azərbaycana gətirilməsi, hava limanında qarşılanması, dəfn mərasimi böyük hadisə kimi, eyni zamanda qəhrəmanın dəfni kimi təqdim olundu. Sözsüz ki, bunun mənfi təzahürü zamanla olacaq və davam edəcək. Haqlı olaraq yeniyetmələr, gənclər də dilemma qarşısında qalırlar: dövlət bu adamı axtarırdısa, o, necə qəhrəman ola bilər? Qəhrəmandırsa, niyə axtarışa verilmişdi? Gənclər konkret olaraq, dəqiq xəttin haradan keçdiyini müəyyənləşdirə bilmirlər. Təbliğat yanlış istiqamətdə aparıldıqda gənclər də düşünürlər ki, onlar həqiqətən qəhrəmandırlar. Elə hesab edirlər ki, zaman-zaman dövlətin qanunlarına qarşı gedərək, qəhrəman olmaq mümkündür və belə həyat yolunu seçmək olar”.
“Mətbuat xəbəri verməlidir, amma…”
Ə.Məmmədli bildirdi ki, cəmiyyətdə söz sahibi olan hər kəs bu haqda fikir bildirərkən diqqətli olmalıdır: “Siyasətçilər, ictimai xadimlər, mətbuat sahəsində çalışanlar bu məsələlərin təqdim edilməsindəki həssaslığı dərk etməlidirlər və uşaqların gələcəkdə tərbiyəsinə mənfi təsir göstərəcək davranış və sözlərə yer verməməlidirlər. Bir nömrəli məsələ maariflənmədir. Kim olursa-olsun, harada fikir bildirirsə, fikirləri dövlətin təməlinə, siyasi baxışlarına, qanunlarına hörmət prinsipləri çərçivəsində olmalıdır. Ayrı-ayrı şəxsləri ideallaşdırmaq lazımdırsa, onda ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş insanlardan başlamaq, onları cəmiyyətə qəhrəman kimi təqdim etmək lazımdır. Ancaq biz kriminal ünsürü qəhrəman kimi təbliğ edirik və buna geniş yer veririk. Bu, gələcəyə yönəlmiş mənfi bir mesajdır”.
Amma mətbuat işçiləri hansısa hadisə baş veribsə, onu  yazmalıdırlar. Ə.Məmmədli deyir ki, burada da  xəbəri yazma üsulu böyük önəm daşıyır: “Mətbuat xəbəri verməlidir. Amma həmin məsələyə rəğbət göstərməməli, simpatiya yaratmamalıdır.  Öz rəngini qatmamalıdır. Hadisə baş veribsə, o haqda informasiyanı soyuq, mücərrəd verə bilərsən. Amma ona rəng, emosiya qatırsansa, bu, artıq jurnalistikanın prinsipindən çıxmaqdır. Təbliğat aparmaqdansa, kriminal avtoritetlərlə bağlı mənfi tərəfləri ortaya qoymaq lazımdır. Məsələn, əgər kimsə kriminal avtoritet olubsa, kriminal prosesə qarışıbsa, bu prosesin ölümə apardığını, onun yaxınlarının nə cür əziyyət çəkdiyini önə çəkmək olar. Yoxsa, “avtoritet qəhrəman idi”, “filankəslərə kömək edirdi”, “soydaşlarımız başsız qaldı” kimi düşüncəni aşılayan cümlələr olacaqsa, təbii ki, kimsə həmin kriminal şəxsin yerini tutmaq arzusu ilə yaşayacaq”.
“Gerçəkliklə virtuallıq arasındakı reallıq ortadan götürülüb”
Tənqidçi Əsəd Cahangir bizimlə söhbətində bildirdi ki, bu gün dünyada romantik düşüncənin süqutu dövrüdür. Klassik gözəllik, qəhrəmanlıq, sevgi anlayışı hamısı başı üstə çevrilərək öz neqativ forması ilə əvəzlənir: “Vaxtilə yaradıcı, ilahi başlanğıc daha önəmli faktor idi. Bu gün dünyada dağıdıcı başlanğıca meyl var. Həm beynəlxalq səviyyədə, həm sosial sferada, ailə daxilində, eyni zamanda insanın daxilində bir aqressiya var. Həmin aqressiya isə qətllərdə, kriminal hadisələrdə özünü göstərir. İnsanların içində dağıdıcı instinktlər oyanıb”. Ə.Cahangir hesab edir ki, bu cür ah-havanı yaradan müxtəlif səbəblər var: “Hollivudda qorxulu, kriminal xarakterli filmlər çəkilir. Kriminal aləmi göstərən əsərlər də yazılır. Bütün bu kimi şeylər məktəblilərin şüuruna təsirsiz ötüşmür. Bu yaxınlarda oxudum ki, bir məktəbli dərsə girib sinif yoldaşlarını güllələyib. Bu hamını təəccübləndirdi, amma məni yox. Çünki kriminal filmləri izləyən, telefonda bu cür oyunlar oynayan uşaq üçün güllə ilə atəş açmaq adi bir şeydir. Sanki bir oyundur. O yenə də oyun oynadığını zənn edir. Bəşəriyyət kriminal hadisələrə belə münasibət sərgiləməklə, öz ölümü ilə oynayır. Artıq gerçəkliklə virtuallıq arasındakı reallıq ortadan götürülüb. İnsan ağılının dəqiqliyinə bir xələl gəlib”.
Ə.Cahangir  bildirdi ki, bu cür meylin azalmağa doğru getməsi üçün cəmiyyətdə fikir sahibi olan hər kəsin, hər bir qurumun üzərinə böyük yük düşür: “Ədəbiyyat, sənət nəyin bahasına olursa-olsun humanist ideallarına sadiq qalmalıdır. Televiziyaların burada rolu böyükdür. Orta məktəb müəllimlərinin üzərinə yük düşür. Humanitar sahənin adamlarının, təhsil sisteminin, dövlətin humanitar siyasət məsələləri ilə bağlı səlahiyyətli şəxslərin, ailədə valideynin, cəmiyyətdə hər bir insanın bu işdə öz məsuliyyəti var”.
“Uşaqlara kimləri qəhrəman kimi təqdim etdiyimizə fikir verməliyik”
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, hər zaman məsələnin kölgəli tərəfləri olur. Bu isə təqdimat formasının arxasında gizli qalır: “Bir var baş verən hadisəni xəbər kimi təqdim edəsən, bir də var onu şişirdəsən. Bu cəhətdən təqdimat çox önəmlidir. Mətbuatla yanaşı, valideynlər uşaqlarına qəhrəman kimi kimləri təqdim etdiklərinə diqqət etməlidirlər. Ailədə bir oğlan uşağı böyüyürsə, onun  valideyni avtoritetləri mifləşdiribsə, uşaq da onlara meyl edəcək, özü üçün nümunə onları götürəcək. Ona görə kimi mifləşdirəcəyimizə diqqət etməliyik. Adam var Babəki nümunə götürür, adam da var hansısa avtoriteti”.
Psixoloq deyir ki, kriminal aləmə meyl edən insanlar psixoloji cəhətdən zəif xarakterə malik olanlardır: “Stressə davamsız, şiddətə meylli, inamsız olurlar. Onların psixoloji narahatlıqları çox olur. Bu illərlə, əsrlərlə belə olub. Onlar özləri haqqında bir mif yaradıblar. Avtoritet deyirlər, amma onun cəmiyyətə nə verdiyini görmürük axı. Nümunə kimi götürəcəyimiz insanlar cəmiyyətimiz üçün xeyir verəcək şəxslərdir”.
V.Rəşidova bildirdi ki, bu məsələyə kütlə psixologiyası ilə yanaşma da qabarıq hiss olunur: “Sosial şəbəkələrdən çoxumuz uzaq qala bilmirik. Sərbəst bir mühitdir, hər kəs öz fikrini yazır. Amma bəzən yanlış istiqamətdə olan fikirlər kütlə psixologiyası ilə gedənlərin də kriminal sahəni özləri üçün mifləşdirməsinə gətirib çıxarır. Sosial şəbəkədə kimsə öz fikrini ortaya qoyub, avtoritetlərlə bağlı simpatik bir fikir bildirsə, ona baxıb, o yanaşa tərzini özü üçün məqbul edənlər çox olur. Bir neçə nəfər avtoritetləri tərifləyirsə, digərləri də onu təlqin edir. Amma öz düşüncəsindən qaynaqlanan fikri ortaya qoymaq lazımdır. Kriminal aləmin insanlarını mifləşdirən dostlarımız ola bilər. Amma insanın öz düşüncəsi olmalıdır”.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir