ders

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir – ARAŞDIRMA

Baxış sayı: 180

Uşaqların “əla” və ya “zəif” qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.

Davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?

Kanadanın Quebec əyalətindəki Laval Universitetinin motivasiya üzrə mütəxəssisi professor Frederik Quay deyir ki, daxili motivasiya çox erkən yaşlarda özünü büruzə verir: “Uşaqlar proaktivdirlər, hər şeyə maraq göstərmələri təbiətlərindən irəli gəlir. Müəllimlər və təhsil sistemi bunu təşviq etməlidirlər”.

Quay və komandası daxili motivasiya sahəsində şagirdlərin ibtidai siniflərdən ali məktəbə qədər aldıqları qiymətləri araşdıran meta-analiz həyata keçirib, bu yaxınlarda nəticələrinin açıqlanacağı gözlənir.

Analiz 200 mindən çox şagirdi əhatə edən 344 araşdırmanın nəticəsi üzərində qurulub.

Fərqli motivasiya növlərinin çəkisini öyrənmək məqsədilə hazırlanmış anket göstəricilərindən məlum olub ki, konkret bir mövzuya xüsusi maraq göstərən şagirdlər o sahədə daha qabiliyyətli, daha əzmli və yaradıcı olurlar.

Bu istiqamətdə aparılmış digər araşdırmalar da eyni nəticəni üzə çıxarıb – daxili motivasiya uşaqların daha yaxşı oxumasına səbəb olur. Məsələn, Almaniyada həyata keçirilən araşdırmadan məlum olub ki, oxuduqları hekayələrdən zövq alan 7-9 yaşlardakı uşaqlar başqalarıyla rəqabətə girən digər həmyaşıdlarından daha bacarıqlıdırlar.

Yenə bu ölkəyə aid başqa bir araşdırma 8-10 yaşlardakı şagirdlərdə daxili motivasiya ilə oxuduğunu anlamaq arasında əlaqə olduğunu ortaya qoyub. Xarici motivasiya halında isə belə bir əlaqə müəyyən edilməyib.

Daxili motivasiyanın performansa müsbət təsiri təkcə uşaqlara xas hal deyil.

Məsələn, “West Point” hərbi məktəbində şagirdləri nəyin motivasiya etdiyi öyrənilən zaman daxili motivasiyası olanların rütbə alma, yüksəlmə ehtimalının daha çox olduğu üzə çıxıb.

Daxili motivasiyanı təşviq etmənin əhəmiyyətli olduğunu göstərən bu qədər sübut varkən, nə üçün mükafat-cəza üsulu aşağı siniflərdən başlayır? Uşaqları yaxşı oxumağa və ya nümunəvi davranmağa həvəsləndirmək üçün yaxalarına qırmızı lentlər taxılır, uğurlarını rəsmən sənədləşdirmək üçün rüblüklər paylanılır.

I-IV siniflər arasında müəllimlərin mükafat üsulundan istifadə səviyyəsini öyrənən araşdırmada mükafatın tərif variantından bütün müəllimlərin istifadəyə etdiyi bilinib.

Onların təxminən 80%-i sonradan mükafatlandırmaq üçün hər həftənin sonunda şagirdlərə bal verib. Başqa bir mükafatlandırma növü isə bacarıqlı şagirdləri başqalarından fərqləndirmək olub.

9 ildir ABŞ-ın Kaliforniya əyalətində 5-6 yaşlı uşaqlara dərs deyən Kristina Deuart deyir ki, təhsil aldığı universitetdə daxili motivasiya məsələsinə böyük önəm verilib, mükafatlandırma üsulundan isə istifadə edilməyib.

O, təcrübədə bunun əksini gördüyünü, sinfi idarə etmək üçün mükafatlandırmanın çox önəmli olduğunu deyir: “Bir şagirdin nümunəvi davranışını təqdir etmək digər şagirdləri də eyni davranışa təşviq edir”.

Deuart narahatlıq və fiziki zorakılıq problemi olan bir şagirdi misal çəkir:

“Onu pis davranışına görə ön plana çıxarmaq istəmirdim, ona görə də mükafatlandırmanı nəzərdə tutan plan tətbiq etməyə başladım. Özünə nəzarət edə bildiyi hər 15 dəqiqəyə görə sonrakı 1 dəqiqəni istədiyi kimi davranmaq hüququ qazanırdı”.

Sonra Duart 15 dəqiqəlik müddəti 30 dəqiqəyə qaldırıb, ardınca da həmin şagirdin bütün dərs boyu sakit durmasına və diqqətini dərsə verməsinə nail olub. O, bu nəticəni mükafatlandırma vasitəsilə əldə edə bilib.

Daxili motivasiyanı artırmaq mümkündürmü?

Uşaqların təbii maraqlarını gücləndirmək və daha az maraqlı dərsləri də öyrənmələrinə nail olmaq onların yaxşı oxumasına gətirib çıxarırsa, tapşırığın özünü mükafata çevirmək üçün nə edə bilərik?

Edinburgh Universitetinin inkişaf psixologiyası üzrə mütəxəssisi Sarah McGeoun hesab edir ki, uşağın daxili motivasiyasını təşviq etmək üçün müəllimlər və ailələr bəzi işlər görə bilərlər.

O, uşaqlara özlərini yaxşı oxucu kimi identikləşdirmək imkanı vermənin çox vacib olduğunu vurğulayır – onlar hətta komiks və ya jurnallar oxumağı xoşlasalar belə:

“Çox maraq göstərdikləri kitab növlərini və ya müəllifləri tapmaqda uşaqlara kömək etmək olduqca vacibdir”.

Quay uşaqlara seçim hüquqları olduğunu hiss etdirməyin və öz istədikləri şeyləri etdiklərini düşünmələrinə nail olmağın da çox vacib olduğunu deyir:

“Əsas diqqəti mükafatlara yox, uşaqlarla münasibətə yönəltmək lazımdır. Bunun üçün onları dinləmək, düşüncələri neqativ olsa belə, normal hisslərini anlamağa çalışmaq lazımdır”.

Quay hesab edir ki, şagirdlər hansısa fəliyyət növünə mənfi yanaşanda, əyləncəli olmayan bu fəaliyyətin əhəmiyyətini onlara başa salmaq üçün vaxt ayırmaq lazımdır:

“Əyləncəli olmasa da, oxumağı vacib hesab edən şagirdlər daxili motivasiyalı şagirdlər qədər pozitiv nəticələr əldə edə bilərlər”.

Bütün bunlar şagirdlər üçün ən bariz xarici motivasiya olan qiymətlərə necə təsir etməlidir?

Həm Quay, həm də McGeoun hesab edirlər ki, bu müddət ərzində qiymətlərə yox, göstərilən səylərə fokuslanmaq lazımdır. Ancaq bəzi müəllimlər bu məsələdə daha irəli getməyi planlaşdırırlar.

Bundan başqa, “yalnız rəy” modeli ilə çalışan müəllimlərin də sonda şagirdlərə qiymət yazmaq məcburiyyətində qalması bir sosial həqiqətdən xəbər verir – şagirdlər böyüyüb işləməyə başlayanda qarşılarına maaş olaraq çıxacaq xarici motivasiya həyatlarında daha böyük rol oynayacaq.

Bəlkə də buna görə yaşca daha böyük şagirdlərdə xarici motivasiya performansa müsbət təsir göstərə bilir.

Adam Tyner ABŞ-da Milli Riyaziyyat və Elm Təşəbbüsünün Kolleclərə Hazırlıq Proqramını xatırladır. Bu proqramda şagirdlərə yüksək səviyyədə təhsil verilir, bacarıqlı şagird və müəllimlər maddi olaraq mükafatlandırılırlar .

“Northwestern Universitetindən iqtisadçı Kirabo Jakson bu proqramın təhsilə davam etmə səviyyəsini 4,2% artırdığını ortaya çıxarıb. Bəzi tapıntılar heyrət doğurur. Məsələn, Latın Amerikası əsilli şagirdlər bu təşviq proqramına daxil olanda gəlirləri 11% səviyyəsindəydi” – Tyner belə deyir.

O, həmçinin qeyd edir ki, xarici motivasiya faktorları daxili motivasiya elementlərini baltalaya bilər və bunun əksi də mümkündür. Tynerin fikrincə, uşaqların hamısında daxili motivasiya olduğunu düşünmək həqiqətə uyğun deyil:

“Araşdırmaçılar bildirirlər ki, daxili motivasiyanın onsuz da yüksək olduğu hallarda xarici motivasiyalara yer vermək təhlükəli ola bilər – mövcud olan zövqlü təcrübəni yenidən qiymətləndirərək bundan pul qazanmaq həvəsi yaradar. Ancaq məktəb çalışmalarında, xüsusilə də, riyaziyyat kimi çətin və texniki sahələrdə gənclərdə daxili motivasiya olduğunu düşünmürəm”.

Tyner hesab edir ki, hər iki motivasiya elementinin bir-birini dəstəkləməsi və birlikdə çalışması da mümkündür:

“Daxili və xarici motivasiyaların bir-birini itələdiyini deyənlər var. Halbuki xarici motivasiya şagirdin yaxşı oxumasına səbəb ola bilər. Öyrənmək insana güc verir və beləliklə, şagirdin özünə inamı da artır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir