usaqlar

Uşaqların hüquqlarını müdafiəsi ilə bağlı hansı çatışmazlıqlar var?

Baxış sayı: 1. 073

Sabah – 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günüdür. 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən  bəyannamədə deyilirdi ki, bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin. Uşaqlar hər bir xalqın, millətin gələcəyidir. Onları qorumaq, müdafiə etmək isə hər birimizin borcudur. Bəs görəsən, həqiqətən də uşaqlarımız ən yaxşı şeylərlə təmin edə bilirikmi? Onların hüquqlarını müdafiəsi ilə bağlı hansı çatışmazlıqlar var? Ümumiyyətlə, bu yöndə qanunvericilik bazası təkmilləşdirilməlidirmi?

 

Millət vəkili Çingiz Qənizadə bildirdi ki, son illər ərzində Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülüb: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələyə xüsusi diqqət ayırdı. Uşaqların hüquqlarının qorunması üçün Milli Məclisdə çoxsaylı qanunlar qəbul edildi. Həmin xətt günümüzdə də davam etdirilir. Bu gün Azərbaycanda uşaqların müdafiəsi üçün dövlət xüsusi qayğı göstərir. Onların hüquqları tam şəkildə qorunur və müdafiə olunur. Düzdür, bəzən ailə münasibətləri zəminində qanunun tələbinə zidd müəyyən hadisələr baş verə bilir. Bu, dünyanın bütün ölkələrində var. Amma sözügedən məsələ qanunvericiliyin boşluğundan irəli gələn bir məsələ deyil. Hesab edirəm ki, qanunvericilik sahəsində kifayət qədər lazımi baza formalaşıb. Və bu baza Azərbaycanda hər bir uşağın hüququnun tam şəkildə qorunmasına imkan yaradır. Ölkədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. İcra Hakimiyyətinin nəzdində qəyyumluqla bağlı müvafiq şöbələr var. Həmçinin, alimentlərin verilməsi məsələsində məhkəmələri lazımi tədbirləri görür. Ümumilikdə götürdükdə, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ümumi vəziyyəti normal olaraq qiymətləndirirəm. Eyni zamanda, qanunvericilik bazasını da müsbət dəyərləndirirəm”.

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi Cavid İmamoğlu vurğuladı  ki, uşaq hüquqlarının müdafiəsi  ilə bağlı Azərbaycan dövləti ən vacib  beynəlxalq sənədləri ratifikasiya edib: “Burada söhbət uşaq hüquqlarına dair BMT-nin Uşaq Hüquqları Konvensiyasından gedir. Azərbaycan bu konvensiyanı ratifikasiya edib və öz qanunlarını ona uyğun müəyyənləşdirib. Ölkədə uşaq hüquqlarının müdafiə edən ayrıca qanun var. Amma təəssüflər olsun ki, qanunvericilik bazası istənilən səviyyədə olsa da, uşaq hüquqlarının müdafiəsinin təşkilində hələ də bəzi problemlər mövcuddur. Bu problemlərdən ən əsası, uşaq hüquqlarının müdafiəsi mexanizminin tam formalaşmasından qaynaqlanır.  Eyni zamanda uşaq hüquqlarını koordinasiya edən iş müşahidə olunmur. Nəticə etibarilə məktəblərdə, bağçalarda, ailə daxilində zorakılığa məruz qalmış uşaqlar müdafiəsiz qalır. Ümumilikdə götürsək, bizim mentalitet uşaq hüquqları məsələsinə aktual yanaşmır. Bəzi hallarda uşaqlara psixoloji zorakılıq, etinasız münasibəti tərbiyə prosesinin bir hissəsi kimi qəbul edilir. Halbuki, sadaladıqlarım zorakılığın bir növü hesab edilir və bununla bağlı cavabdeh qurumlar müvafiq tədbir görməlidir. Harada baş verməsindən asılı olmayaraq, bu məsələlər tam şəffaf şəkildə aydınlaşdırılmadığına görə, biz mətbuatda xoş olmayan xəbərlər oxuyuruq. Xüsusilə azyaşlı qız uşaqları, özlərinə qarşı edilən təhqir, təzyiqlərə dözmür və bəzi hallarda hətta intihara əl atırlar”.

Ekspert deyir ki, uşaq hüquqlarını müdafiəsi ölkədə gündəmə çevrilməlidir: “Bu sahədə hər bir kəsin üzərinə müəyyən vəzifələr düşür. Zorakılıq varsa, bununla bağlı dərhal lazımi orqanlara məlumat verilməlidir. Bu məlumata uyğun, müvafiq tədbirlər görülməlidir. Hər kəs başa düşməlidir ki, uşaqlara qarşı hər hansı zorakılığa göz yummaq, güzəştə getmək olmaz. Əgər neqativ hal varsa, dərhal aşkarlanmalı və lazımi tədbirlər görülməlidir. Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, bizdə də ən çox hüquqları pozulan uşaqlar, fiziki məhdudiyyətli və valideyn himayəsindən məhrum olunan uşaqlardır. Hesab edirəm ki, məhz həmin uşaqların hüquqlarının müdafiəsi üçün əlavə tədbirlər planına ehtiyac var. Həmçinin, bu sahədə maarifləndirmə işinə də böyük ehtiyac duyulur”.

 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı, ilk növbədə erkən nikahların qarşısının alınması üçün qanunda müəyyən dəyişikliklərə ehtiyac var: “Belə ki, 16 yaşında bir qızın hamilə olması və bunun könüllü olaraq qiymətləndirilməsinin özü elə böyük bir qüsurdur. Bu yaxınlarda 18 yaşını tamamlamayan dörd qızın hamilə olması haqda yayılan məlumat bir daha onu deməyə əsas verir ki, qanunvericilik sərtləşdirilməlidir. Cinayət məcəlləsində bu məqamlar nəzər alınmalıdır. 15-16 yaşında zorla ərə verilən qızların istəyi nəzərə alınırmı? Məncə, ən aktual məsələlərdən biri məhz budur. Ona görə də, bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Biz QHT-lər, dövlət qurumları ilə əlaqə saxlayır və müəyyən işləri birgə görürük. Qanun pozuntularının qarşısının alınması üçün əlimizdən gələni etməyə çalışırıq. Amma bu gün bəzi həssas ailələrdə uşaqların hüquqlarının pozulması faktı da diqqətdən yayınmamalıdır. Bu faktlar kifayət qədər çoxdur. Ona görə də, sözügedən istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. Həssas ailələrin qeydiyyata alınması, ərazilər üzrə onlarla işlərin aparılması, reabilitasiya proqramlarının həyata keçirilməsi, daha çox mərkəzlərin yaradılmasına ehtiyac var”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir