idman

Uşaqların neçə yaşdan sonra idmanla məşğul olması məsləhətdir?

Baxış sayı: 2. 526

Müasir uşaqlar əvvəlki dövrlərin uşaqları ilə müqayisədə daha az hərəkətdə olurlar. Məhz bunun nəticəsidir ki, son zamanlar kiçik yaşlı uşaqlarda da piylənmə müşahidə olunur. Uşağın orqanizmi lazım olan yükü ala bilmədikdə hərəkətsizlikdən bədəndə piy qatı yığılmağa başlayır. Bunun qarşısını isə idmanla müntəzəm məşğul olmaqla almaq olar. İdman uşaqlar üçün çox vacibdir. O, uşağın fiziki və əqli inkişafına kömək edir. Əgər uşaq fiziki cəhətdən zəifdirsə, tez yorulur və xəstələnirsə, idman onun bədənini möhkəmləndirəcək, immunitetini artıracaq. Lakin hər şeyin faydası ilə yanaşı ziyanı da olduğu kimi, idmanla da düzgün məşğul olmadıqda insan sağlamlığına ziyan vura bilər. Bəs görəsən uşaqlar neçə yaşdan sonra idmanla məşğul ola bilərlər?

İdman ruh yüksəkliyi yaradır

Psixoloq Vəfa Rəşidova “Kaspi”yə açıqlamasında dedi ki, idmana nə qədər tez başlanarsa, bir o qədər faydalı olar. O bildirdi ki, idman insanın beyninin və zehninin inkişafına müsbət təsir göstərir və ruh yüksəkliyi yaradır. Lakin uşaqları çox erkən yaşda idmana göndərmək düzgün hesab olunmur. “ Bir çox hallarda uşaq idmana hazır olmadıqda valideyn uşağı zorla idmana məcbur edir. Məcburiyyətdən edilən idmanın isə uşağa heç bir faydası yoxdur. Əksinə, valideynlər uşaqlarına idmanın faydaları barədə məlumat verməli və uşaq bunu özlüyündə dərk etməlidir. Bəzən uşaqların hansı idmanın nəyə faydalı olduğu haqqında informasiyası da olmur. Onlar idmanın faydalı olduğunu eşitsələr də, onun nəyə faydalı olduğunu, nə üçün faydalı olduğunu dərk etmirlər. Məcburiyyət və valideyn basqısından sonra isə uşaqlarda idmana qarşı həvəs ölür. İnsan psixologiyası belə bir funksiyaya malikdir ki, zor, təpki, basqı altında olan bir şeyə qarşı onda aqressiya və mənfi assosiasiya yaranır. Bu isə özünü bütün yaş dövrlərində göstərə bilər”.
Bu gün gənclər və yeniyetmələrin bir çoxunun idmandan və sağlam həyat tərzindən uzaq olduğunu deyən V.Rəşidova bunun kökündə ailədən gələn təzyiqin dayandığını vurğuladı: “Müqayisə üçün deyə bilərəm ki, qonşu ölkələrdə valideynlər uşaqları çox kiçik yaşlardan üzgüçülüyə və digər idman növlərinə yazdırırlar. Lakin təbii ki, bu da yenə öz növbəsində mərhələlərlə həyata keçirilməlidir. Kor-koranə şəkildə etmək də düzgün deyil. Əslində uşağın xarakterinə uyğun olaraq idman növü seçilməlidir. Suyu sevməyən bir uşağı üzgüçülüyə göndərməyin heç bir mənası yoxdur. 3-4 yaşından etibarən uşağı idmana göndərmək məqsədəuyğun hesab olunur. Bu isə peşəkar idman müəllimləri tərəfindən həyata keçirilməlidir. Ola bilər ki, uşağın ürəyində və digər daxili orqanlarında ciddi bir problem var. Bu zaman onun sərt idman növləri ilə məşğul olması düzgün hesab olunmur və bu idman onun sağlamlığına faydadan çox ziyan vura bilər”.

Hiperaktiv uşaqların əlacı

İdmanın hiperaktiv uşaqlara xüsusilə müsbət təsir göstərdiyini deyən psixoloqun sözlərinə görə, idman həm də uşaqlarda özünəinam formalaşdırır: “Hiperaktiv uşaqlar daim fəaliyyətdədirlər və aktiv hərəkətlər nümayiş etdirirlər. Əslində həmin enerji idmana sərf olunarsa, uşağa daha faydalı ola bilər. Bəzən valideynlər idmanın uşaqlara ziyan vura biləcəyini düşünürlər. Bu zaman isə məsləhətdir ki, onlar uşaqlarını çox da çətin olmayan yoqaya yönləndirsinlər. Bu, xüsusilə aqressiv uşaqlara aiddir. Onların cüdo, karate kimi idman növləri ilə məşğul olması düzgün hesab olunmur. İdman uşaqların tərbiyə olunmasında xüsusilə mühüm rol oynayır. Onlarda özünəinam formalaşdırır. Emosional yaşın bərpa olunmasında isə idman xüsusilə mühüm rol oynayır. Bəzən uşaqlar yaşından kiçik hərəkətlər sərgiləyirlər ki, psixologiyada buna emosional yaş pozğunluğu deyilir. Bu, adətən yeniyetmə dövründə baş verən bir prosesdir və idmanla məşğul olmaq onlarda möhkəmlik və ciddi xarakter formalaşdırır. İdmanda baş verən proseslər zamanı uşaqlar bərkiməyi öyrənirlər. Valideynlər həssas olduğu üçün bu zaman uşaqları üçün narahat ola bilərlər. Lakin bu, onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə, psixologiyada belə bir şey var ki, insan həyatında bir boşluq varsa, o boşluq əvəzedici bir şeylə mütləq doldurulmalıdır. Bu baxımdan idman əvəzolunmazdır. Beləcə, uşaqlarda olan enerji və güc müsbət tərəfə yönlənmiş olur”.

4 yaşından sonra…

Xətai Estetik Klinikasının pediatrı Kənan Qarayev uşaqların 4 yaşından sonra idmanla məşğul olmasının tövsiyə edildiyini bildirdi. Onun sözlərinə görə, uşaqların fiziki inkişafı üçün gimnastik idman növləri daha məqsədəuyğun hesab olunur: “İdman uşaqların həm əqli, həm də fiziki inkişafında böyük rol oynayır. Yaş kateqoriyasına görə idman növlərinin seçilməsi uşaqlara olan psixoloji yanaşmadan asılıdır. Bu yanaşmada onların aktivlik və enerji səviyyəsi əsas götürülür. Həmçinin qız və oğlan uşaqları arasında idman növlərinin düzgün seçimi mühüm rol oynayır. Qız uşaqlarına üzgüçülük, gimnastik idman növləri, qızlarla müqayisədə daha çox hərəkətli olan oğlan uşaqlarına isə enerjini paylayan futbol, basketbol kimi idman növləri müsbət təsir göstərə bilər. Həmçinin bu baxımdan kiçik yaşlı uşaqlara karate idman növü də öz müsbət təsirini göstərə bilər. Lakin bu zaman onlar başdan ala biləcəkləri zərbədən qorunmalıdır”.

Pediatr idmanın fəsadlarından da söz açdı. O vurğuladı ki, bəzən yanlış seçilmiş idman növləri orqanizmdə müxtəlif xəstəliklərə səbəb ola bilər: “İdman sayəsində uşaqlar aldıqları enerjini düzgün paylamağı öyrənirlər. İdman uşaqların yuxu pozğunluğunun da qarşısını almaqda əvəzsiz vasitə hesab olunur. Qeyd edim ki, idmanın yaş kateqoriyasına görə seçilməsi uşağın xarakter və keyfiyyətlərindən asılıdır. Bəzən valideynlər “oğlum boksla məşğul olacaq” deyib, uşağı bu istiqamətə məcburi yönləndirirlər. Bəzən 4-5 yaşından sonra həmin uşaqlarda skolioz və lordoz kimi onurğa xəstəlikləri yaranmağa başlayır. Həmçinin yanlış seçilmiş idman növü uşaqlarda onurğa sütununun əyilməsinə səbəb olur. Belə uşaqlara müalicəvi təsir göstərən idman növləri tövsiyə olunmalıdır. Xüsusilə basketbol, futbol kimi idman növləri onurğa sümüyünün inkişafına köməklik göstərir”.

Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Şəhla Balayeva qəzetimizə açıqlamasında bu məsələdə valideynləri daha diqqətli olmağa çağırdı: “Hər bir idmanın növündən asılı olaraq ona başlamaq üçün müəyyən olunmuş yaş həddi var. Məsələn, üzgüçülüyə uşağı doğulandan sonra öyrəşdirmək olar. Elə idman növü var ki, 5-7 yaşdan erkən başlamaq lazımdır. Əslində valideynlərin uşağın hər hansı bir bacarığını inkişaf etdirmək üçün hansı yaş dövrünün daha doğru olduğunu bilməsi vacibdir. Bu bacarıqların hər biri müxtəlif yaş dönəmində uşağın daha uğurlu olacağının təminatçısıdır. Ümumiyyətlə, bütün uşaqların idmanla məşğul olması önəmlidir. Atıq gecdir deyib, onların inkişafına mane olmaq olmaz. Uşaqlar daima hərəkətdə olmalıdır. Bu onların daha fəal olmasına gətirib çıxarır ki, həmin fəallıq uşağın zehni inkişafına xeyli müsbət təsir göstərir”.




1 şərh “Uşaqların neçə yaşdan sonra idmanla məşğul olması məsləhətdir?

  1. Ayten

    25 yawdan yuxari karate ile mewgul olmaq olar?bu yawda hansi idman novu meslehet gorursuz?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir