usaq

Uşaqların qorxu hissini necə dəf etmək lazımdır?

Baxış sayı: 148

Mütəxəssislər deyirlər ki, insanın yaşı artıb qabiliyyətləri inkişaf etdikcə qorxuların səbəb və məzmunu da dəyişir. Əvvəl ancaq xəyali şeylərdən qorxan uşaq, daha sonra xəstəlik, ölüm, sevdiyi insanları itirmək və s. hallardan qorxmağa başlayır. Lakin ailədə uşaqlara düzgün yanaşılarsa, müəyyən müddətdən sonra bu qorxuluq yox olar.

Uşaqlar hansı yaş dövründə nələrdən qorxurlar?

0-6 ay: Ani səs-küy;

7-12 ay: Tanış olmayan insanlar, qəfildən eşitdikləri yüksək səslər, anadan ayrılma;

1-3 yaş: Tanış olmayan insanlar, yaxınlarından ayrılmaq, qaranlıq;

4-7 yaş: Qaranlıq, ruhlar, yaralanma, heyvanlar, fırtına, göy gurultusu, valideynlərin ayrılması;

8-12 yaş: Qeyri-real varlıqlar ( qulyabanı, cin və s. ), xəstəliklər, atılmaq, qəza, ölüm, tibbi əməliyyatlar, diş həkimi, fırtına, göy gurultusu, məktəb problemləri, ətraf mühit tərəfindən qəbul edilməmək;

13 yaş və yuxarı: Məktəbdə cəzalandırılmaq qorxusu, mühit tərəfindən qəbul edilməmək, ondan gözlənilənlərin öhdəsindən gələ bilməmək, bədən quruluşundakı problemlər, cinsi qorxular.

Hər yaş dövrü üçün spesifik olan qorxular uşağın fiziki və mənəvi inkişafı ilə bağlıdır. Mütəxəssislər əmindirlər ki, hər yaş dövrü üçün normal sayılan bu qorxular uşağın fiziki və mənəvi inkişafı ilə bilavasitə əlaqəlidir. Bəzən valideynlər uşaqlarını bir şeydən çəkindirmək üçün onları qorxduqları şeylərlə hədələyirlər. Amma bu düzgün hal deyil, hədə qısa müddətə valideynlərin işinə yarasa da, uşağın psixologiyasına mənfi təsir göstərir: ” Qorxduqları şeylərlə hədələndikdə onlar bu qorxunun təsirindən qurtula bilmirlər. Həmin səbəbdən də normal fizioloji qorxuların getdikcə fobiyaya çevrilməsi təhlükəsi artır “.

Uşaqlıq qorxuları:

İşığı söndürmə! Ana, mənimlə yat!

Xüsusilə, üç-beş yaş arasındakı uşaqlar heyvanlardan, qaranlıqdan, qarabasmalardan, nağıllardakı qeyri-adi varlıqlardan qorxurlar. Bu qorxular həmin yaş dövrü üçün normal hisslərdir. Uşaq ilk dəfə xəyalında canlanan hər hansı təhlükədən, yaxud, qaranlıqdan narahat olduqda bunu valideynlərinə deyə bilər. Qorxu hissinin dəf olması üçün valideyn müəyyən təlqinlər etməli, bir müddət uşağı tək qoymayıb onunla söhbət etməli və yuxuya gedənədək gözləməlidir.

Birdən ata-anama nəsə olar

Beş yaşından etibarən ölümün mahiyyətini anlamağa başlayan uşaqlarda xəstəlik və valideynlərini itirmək qorxusu yarana bilər. Adətən, bu vaxt uşağı bağrına basaraq ona ölümün təbiətin qanunu olduğunu və gec-tez hər kəsin öləcəyini başa salmaq kifayət edir. Ola bilər ki, qorxu bu cür təlqindən sonra da bir müddət davam etsin, amma uşaq əvvəlki kimi ciddi narahatlıq hiss etməyəcək və içindəki qorxuyla bərabər, normal yaşamağa alışacaq. Sevdiklərinin başına bir hadisə gələcəyindən qorxmaq hər bir normal insana xasdır, bununla belə, özünə təsəlli verməyi də bacarmaq lazımdır.

Dərsimi bilməsəm, müəllim hirslənib məni danlayar

Uşaqlar məktəb həyatına başladığı ilk vaxtlarda müəllimin ona hirslənəcəyindən, dərslərini yaxşı bilməyəcəklərindən qorxa bilərlər. Ümumilikdə, belə qorxular müvəqqəti hiss olduğundan, uşağın həyat ritmini poza biləcək qədər güclü faktor deyil. Uşaq böyüdükcə təmkini də artır və hadisələrə normal yanaşmağa başlayır. Demək istəyirik ki, bu qəbil fikirlər uşağın inkişaf prosesində öz-özünə aradan qalxdığından, valideynlərin ciddi narahatlıq keçirməsinə lüzum yoxdur.

Tərk edilmək qorxusu

Tanış olmayan mühitdə özünü narahat hiss etmək yarım yaşla üç yaş arasındakı bütün uşaqlar üçün normal hal hesab olunur. Lakin bu cəhət bəzi uşaqlarda daha qabarıq şəkildə müşahidə olunur. Belə uşaqlar yeni vəziyyətlərə və yeni mühitə alışmaqda çox çətinlik çəkir, anadan uzaqlaşmaq, necə deyərlər, onun yaxasından qopmaq istəmir və daim tərk edilmək qorxusu yaşayırlar. Bunun səbəbi isə uşağın öz təbiəti ilə yanaşı, valideynlərin və digər yaxınların problemə düzgün yanaşmaması ola bilər.

Birdən əlimi dişləyər

Uşaqların qorxduqları şeylərdən biri də heyvanlardır. Qorxuya üstün gəlmək üçün öncə uşaqlar heyvanları uzaqdan izləməli, sonra isə valideynlərinin onlardan çəkinmədiklərini görməlidirlər. Əgər ana və ya ata özü heyvandan qorxursa, ona örnək olmadığından uşağın qorxusunu dəf etmək çox çətin olacaq.

Nəyi etmək olmaz?

Uşaqlara, sadəcə, ” qorxma, qorxulu bir şey yoxdur ” demək, qorxduqları üçün onlara gülüb ələ salmaq və ya qorxmamağa məcbur etməklə problemi həll etmək olmaz. Əksinə, ailənin məsələyə bu cür yanaşması uşağın narahatlığını daha da artırır və o, özünü zəif, cəsarətsiz hiss edərək qorxmasından utanmır.
Bu cür uşaqlar ətrafda baş verən xoşagəlməz hadisələrin onların da başına gələcəyindən narahatlıq keçirirlər. Məsələn, sinifdə müəllim başqa uşaqlara hirslənəndə həmin uşaq düşünür ki, indi müəllim onu da danlayacaq və beləliklə, onda müəllimdən qorxu hissi yaranır. Yaxud da, televizorda kimisə quduz it dişləməsi xəbərini eşidəndə o da sövq- təbii hər hansı itdən qorxmağa başlayır.

Uşaqlar onlara pis təsir bağışlayan hadisələrin özlərinin başına gələ biləcəyindən narahat olurlar.

Nə etməli?

Uşaq qorxduğunu dilə gətirəndə bunun normal bir hiss olduğunu və hər kəsin bir qorxu yaşadığını ona başa salmaq lazımdır. O, bu vəziyyətin normallığını anlayandan sonra isə qorxunu necə dəf etmək yolları haqqında düşünmək olar. Bu cür mərhələli yanaşma uşağın qorxu hissinə üstün gəlməsi üçün çox vacibdir.

Uşaqlar özlərini qorxmadıqlarına inandıra bilsələr, bu problem daha tez həll olunar.

Mən qorxmuram!!!

Uşaqlar çox vaxt özlərinə ürək-dirək verərək qorxuya üstün gəlməyin yollarını axtarırlar. Məsələn, çəkinə-çəkinə də olsa qorxduqları heyvana yaxınlaşmaqla və yaxud, qaranlıq otaqda qalmaqla özlərini qorxmalı bir şey olmadığına inandırmağa çalışırlar. Bir çox hallrda belə özünü təlqinlər müvəffəqiyyətlə nəticələnir. Lakin bu mümkün olmadıqda, ətrafda baş verən hər şey – evdəki gərginlik, qəfil baş verən xəstəlik və ölüm hadisəsi, qonşunun evinə oğru girməsi və s. uşaqda qorxu hissini daha da artırır. Belə hallarda öz razılığı ilə onu uşaq psixoloqunun yanına aparmaq məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir