siqaret

Uşaqların siqaretə meyilliliyi niyə artır?

Baxış sayı: 1. 239
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlar bizim uğurlu gələcəyimizin təminatçısıdırlar. Onların sağlamlığı, tərbiyə və təhsili bizim üçün ən dəyərli sərvətdir. Amma təəssüflər olsun ki, son zamanlar uşaqlar arasında zərərli vərdişlərə meyil daha da artır. Təəssüf doğuran məqamlardan biri də hər zaman aktuallığını qoruyan siqaret təhlükəsinin artmasıdır. Qanunvericilik aktlarının sərtləşdirilməsinə və bu sahədə müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, siqaretə meyil azyaşlılar arasında günü-gündən artır. Belə ki, Azərbaycanda aparılan tədqiqatlar nəticəsində siqaret çəkənlərin yaşının hər il gəncləşdiyi məlum olub.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Tütün – inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb. İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qeyd edib ki, tütün epidemiyası dünyada aktual məsələdir: “Tütünçəkmə qeyri-infeksion xəstəliklərlə əlaqədardır. Bu gün qeyri-infeksion xəstəliklər dünyada baş verən ölüm və xəstələnmənin 60%-ni təşkil edir. Bunun nəticəsində də çoxsaylı insan itkiləri baş verir. Tütünçəkmə böyük bir fəlakətdir və dünya ölkələri bu problemin həllinə xüsusi diqqət yetirir”.
Statistik rəqəmlər ciddi problemin mövcudluğundan xəbər verir. Bəs görəsən bu meyilliliyin mənbəyi nədir? Uşaqları bu təhlükədən necə qoruya bilərik?
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İctimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu deyir ki, qadağa və inzibati mexanizm maarifləndirmə işi ilə yanaşı aparılmalıdır: “Xüsusilə, əgər hədəf qrupu uşaqlardırsa, o zaman daha diqqətli olmaq lazımdır. Çünki uşaqlar eşitdiklərindən çox gördüklərinə əməl edirlər. Əgər uşaqlar arasında siqaretə olan marağın azalmasını istəyiriksə, ilk növbədə profilaktik işlər görüməliyik. Burada təkcə maarifləndirmə işi kifayət etmir. Siqareti təbliğ edən obyektləri uşaqların gözünün qarşısından uzaqlaşdırmaq lazımdır. Bir çox hallarda məktəblərdə müəllimlər şagirdlərin gözü qarşısında siqaret çəkirlər ki, bu da uşaqlar üçün ən mənfi örnəkdir. Çünki müəllim uşağın idealı olur. Xüsusən təhsil müəssisələrində, ictimai yerlərdə siqaretin çəkilməsinə birmənalı qadağa qoyulmalıdır. Hər kəs başa düşməlidir ki, onun davranışı uşaqların rəftarına pis təsir edə və azyaşlı uşaqlarda siqaretə maraq,  asılılıq yarana bilər. Ümumiyyətlə ailədə, məktəbdə, televiziya kanallarında maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Lakin təəssüflər olsun ki, bizdə bu sahədə vəziyyət qənaətbəxş deyil. Siqaretin profilaktikasının az olduğu müddətdə siqaretə meyilli uşaqların sayı da durmadan artacaq. Nə qədər ki siqaretin insan həyatına, şəxsiyyətinə, fiziki və emosional durumuna, o cümlədən münasibətlərinə mənfi təsirindən danışmayacaq və bu prosesə uşaqları cəlb etməyəcəyik, günü-gündən uşaqlar arasında siqaretə meyillilik daha da artacaq. Mən hesab edirəm ki, qanun və qadağalardan da daha ciddi olan komponent maarifləndirmə işidir”.
Psixoloq Aydan Talıbovanın fikrincə, valideynlər adətən uşaqlarının problemi ilə gec, uşağın yeniyetməlik dövründə tanış olurlar. Ona görə də uşaqlıqdan bəri yığılıb qalan problemlər bu dövrdə özünü daha qabarıq formada büruzə verir: “Bu dövrdə uşağın həm fizioloji, həm də psixoloji tərəfdən müəyyən xüsusiyyətləri ortaya çıxmağa başlayır. Adətən bu dövrdə yeniyetmələr özlərinin nə istəsələr edə biləcəyini düşünürlər. Başqa sözlə, onlar özlərini dünyanın mərkəzində görür, etdikləri hər şeyin doğru olduğunu düşünürlər. Uşaq vaxtında davranış pozğunluğu olan uşaqlar pis vərdişlərə məhz bu dövrdə yönəlirlər. Bəzən valideynlər fikirləşir ki, uşağa tərbiyəni bəlli yaşa gəldikdən sonra vermək lazımdır. Amma bu fikir düzgün deyil. Uşağın tərbiyəsinin təməli körpə, südəmər vaxtında qoyulur. Valideynlər siqaretə qurşanan uşağı şantaj, yaxud təhdid etməklə uşağı daha da özündən uzaqlaşdırır və özlərinə qarşı nifrət yaradırlar. Yaxşı olar ki, bu dönəmdə uşaqlar ata ilə daha sıx ünsiyyətdə olsunlar. Ata ona siqaretin zərərlərini sərt şəkildə deyil, dostcasına izah etməlidir. Əgər bunun təsiri olmazsa, artıq mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Bəzən valideynlər bu məsələyə laqeyd yanaşır və nəticədə bu, hətta uşaqların evdən qaçmasına qədər gətirib çıxarır. Uşaqlarında mənfi nəyisə müşahidə edən valideyn övladına mütəxəssislə birlikdə dəstək olmalıdır. Çünki valideyn və uşaq arasında emosional ünsiyyət var. Valideyn öz övladını çox istədiyinə görə bəzən həqiqətləri görə bilmir. Bu zaman mütəxəssis valideyni doğru şəkildə istiqamətləndirməyə kömək edir”.
İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondunun sədri Şahin Camalov bəzi vacib məqamları qeyd etdi: “Biz bununla bağlı böyük bir araşdırma apardıq. Araşdırmanın nəticələrinə əsasən, yetkinlik yaşına çatmayanların siqaretə meyillilik məsələsini iki faktorla əlaqəli olduğu ortaya çıxdı. İlk olaraq dəb məsələsini qeyd etmək istərdim. Uşaqlar siqaret çəkməklə dəblə ayaqlaşdıqlarını düşünürlər. İkinci məqam isə yeniyetmələrin siqaretə əlçatanlıq məsələsidir. Bu gün azyaşlıların siqaretə əlçatanlığı çox asandır. Hesab edirəm ki, bu, ciddi narahatlıq doğuran məqamdır. Azyaşlılara siqaretin ədədlə satışı əlçatanlığı təmin edən əsas amillərdəndir. Ümumiyyətlə, siqaretin ədədlə satışı qadağan olsa da, bu gün hər yerdə ədədlə siqaretlərin satıldığının şahidi ola bilərsiniz. 15-20 qəpiyə siqaret almaq mümkündür. Belə olan təqdirdə, uşaqlar siqareti daha rahat əldə edir və bu rahatlıq onlara stimul verir. Ona görə hesab edirəm ki, hüquq-mühafizə orqanları və digər məsul qurumlar siqaretin ədədlə satışına ciddi məhdudiyyətlər tətbiq etməlidirlər. Ümumiyyətlə, müvafiq qurumlar qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət edilməsinə çalışmalıdır”.
Ş.Camalov deyir ki, amma birtərəfli olaraq, yəni təkcə qanunun sərtləşdirilməsi ilə nəticəyə nail olmaq olmaz. Əsas məqam nəzarətin ciddiliyidir: “Sanksiyalar ağırlaşdırılsa da, onun icrasına nəzarət edilmir. Burada əsas məsələ bundan ibarətdir. Nəzarət mexanizmi güclü olsa, hər dəfə qanunu sərtləşdirməyə ehtiyac da olmaz”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir