ailə və karyera

Uşaqlı qadın gündə neçə saat işləməlidir?

Baxış sayı: 168

“Məcburam işə qayıdım. İşləməliyəm. Uşaq bir yaş beş aylıq olanda qayıtdım işə. Ötən dekabrda isə ikinci dəfə dekretə çıxmışam”.

Bakı kəndlərinin birində yaşayan 25 yaşlı Ədilə Abdullayevanın ikinci övladı fevralda dünyaya gəlib, bir aylıqdır. Orta məktəbdə informatika fənnini tədris edən ana 100 manat maaş alır.

Ə.Abdullayeva 126 günlük analıq məzuniyyəti üçün 456 manat müavinət aldığını söyləyir: “Bir də uşağın doğum haqqında şəhadətnaməsi veriləndə işdən 80 manatdan bir az çox pul alırıq. Sentyabrdan uşaqpulu artıb. Yaşyarımadək aya 30 manat alırıq, yaşyarımdan 3 yaşadək aya 10 manat”.

Ədilə xanım ailə xərclərinin qarşılanmasına kömək üçün körpəsini dayənin, nənənin, yaxud digər yaxın qohumunun ümidinə qoyub işə qayıtmağa məcbur minlərlə anadan biridir. Aylıq əməkhaqqının durmadan artan qiymətləri ödəmədiyi bir ölkədə belə xanımların arqumenti yetərincə əsaslı səslənir. Pediatrların “yaxşı ana övladını özü böyütməlidir” tövsiyəsini onların qulaqardına vurması da ölkədə sosial təminatın zəifliyindən doğur.

Hamiləlik dövründə və doğuşsonrası dönəmdə işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşsonrası məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün həmin məzuniyyət normal doğuşda 140 təqvim günü, doğuş çətin olduqda isə 156 təqvim gündür. Ödənilən müavinətlərin hesablanma qaydası digər məzuniyyətlər kimidir. Məzuniyyət vaxtı üçün ödənən orta əməkhaqqı o məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına görə müəyyən edilir.

Ədilə Abdullayevanın “uşaqpulu” dediyi əslində qismən ödənişli sosial məzuniyyətdir. İşçi ən azı 126 təqvim günündən sonra işə qayıdarsa, əməkhaqqı tam məbləğdə ödənilir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.  Bu zaman qismən ödənişli məzuniyyət pulu verilə bilər.

A.Quliyev

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyevin fikrincə, əsas analıq məzuniyyətinin müavinəti necə hesablanırsa, qismən ödənişli də elə hesablanmalıdır: “Bir qadın, tutaq ki, yüksək – 1000-2000 manat əməkhaqqı alır. Dördaylıq pulunu alıb gedir məzuniyyətə. Sonra uşağına 3 yaşınadək baxmaq qərarına gəlsə, qismən ödənişli müavinət alacaq. O, əməkhaqqının heç olmasa müəyyən hissəsini almalıdır. 100 manat əməkhaqqı alan da 30 manat alır, 1000 manat alan da. Yəni qismən ödənişli məzuniyyət tarif qiyməti ilə yox, əməkhaqqının müəyyən hissəsi ilə hesablansın. Məsələn, 25 faizi qədər. 100 manat əməkhaqqı alan aya 25 manat alsın, min manat alan 250 manat”.

Azər Quliyev Əmək Məcəlləsinin 240 və 246-cı maddələrində hamilə və uşaqlı qadınlara müəyyən güzəştlər nəzərdə tutulduğunu söyləyir. Məsələn, hamilə qadına tibbi müayinə üçün işdən əməkhaqqı ödənilməklə vaxt verilməlidir. Hamilə qadının ağır yük daşıması, işdən çıxarılması, gecə növbəsinə çağırılması, ezamiyyətə göndərilməsi qadağandır.

Hüquqşünas deyir ki, müəssisə bağlananda tənha analarla əmək müqaviləsi ən son anda ləğv oluna bilər: “Uşaq yaşyarıma çatanadək hər 3 saatdan bir qadına 1 saat fasilə verilməlidir. O bir saatlar toplanıb işin sonunda da verilə bilər. 8 saatlıq iş günündə uşaqlı ana 6 saatdan sonra işdən çıxa bilər. Məcəllədə yazılıb ki, bu, uşağın yedizdirilməsi üçündür. Ancaq tutaq ki, ana işləyir Bayılda, yaşayır “Həzi Aslanov” metrosu yaxınlığında. Necə çatdıracaq gedib-qayıtmağı? Ən yaxşısı, günün sonuna əlavə etməkdir”.

Azər Quliyev Azərbaycanın Əmək Məcəlləsinin əslində SSRİ-dən qalma, yəni sosial yönlü olduğunu vurğulayır, problemi işəgötürənlərin ondan qərəzli istifadəsində görür. Belə ki, işəgötürən hamilə və azyaşlı uşaqlı qadınlar üçün məcəllədən nəzərdə tutulandan da artıq şərait yarada bilər.

“Hətta bəzən xaricilər bizim məcəlləni işçinin hüquqlarını həddən artıq müdafiə etdiyi üçün qəbul etmək istəmir” – hüquqşünas bunu da sözlərinə əlavə edir.

mesheti serif

Bəs digər ölkələrdə körpə uşaqlı analara hansı güzəştlər var?

İstanbulda yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif Özyürək bu ölkədə, hələlik, yabançı sayıldığından həyat yoldaşının tibbi sığortasından yararlanır. İşləməyən qadın birdəfəlik doğuşpulu alır. Əvvəllər 90 türk lirəsi (TL) olan bu məbləğ indi 100 TL (50 manat) olub. Analıq məzuniyyəti isə 18 ayadək uzadılıb.

Məhsəti Şərif Özyürək deyir ki, qonşu ölkədə ananın sağlıq durumu əl vermədikdə Səhiyyə Nazirliyi həkimləri evə göndərir: “Ana doğuşpulu fikri çəkmir. Azərbaycandan fərqli olaraq düşünmürsən ki, doğuşpulunu haradan tapasan. Sığortan yoxsa, özəl xəstəxanada xidmət pulludur, təbii. Sığortan varsa, problem deyil. Ancaq pul ödəyirsənsə də, kiminsə cibinə qoymursan, kassaya ödəyirsən”.

Məhsəti xanım deyir ki, bələdiyyələr yeni doğulan körpələrə ilkin yardım kimi içində şüşə əmziklər, alt bezi, kostyum, yemək olan “baxım dəsti” göndərir. Bu zaman xarici, ya yerli vətəndaşa fərq qoyulmur. Ancaq nə güzəşt olsa da, dövlət əhali artımının vacibliyini vurğulasa da türk ailəsi bunda elə də maraqlı görünmür.

Məhsəti Şərif Özyürək Türkiyədə yaşadığı iki ildə bir müşahidəsini bölüşür: “Azərbaycan qadını çox zəhmətkeşdir, işləməyə üstünlük verir. Burada qadınlar evdə oturmağa, işləməməyə meyllidir. Bütün yük kişilərin çiyninə düşür. Ona görə çox uşaq dünyaya gətirməkdə maraqlı deyillər”.

Elə Ədilə Abdullayevanı da bu dəfə iki 2 uşağını evdə qoyub işə getmək qayğılandırır. Böyük qızına qaynanası baxırmış, bu dəfə iki uşağa kimin qullu edəcəyi isə gənc ananı gecə-gündüz düşündürür: “Məcburam işə qayıtmağa. Yoldaşım işləyir-işləməyinə, ancaq bəs eləmir axı. Artıq 4 nəfərik. Bir yaşı olsun, qayıdacağam. Əlbəttə, istərdim evdə oturub 3 yaşınadək uşağımı özüm böyüdüm. Pulu artırsaydılar, oturub baxardım”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir