aile

Uşaqlı qadınlara “Təkrar evlənməyin!” çağırışına reaksiyalar – ögey ata qorxusu, bəs zülmkar analıqlar…

Baxış sayı: 538

Qazaxıstanlı hüquqşünas Ayman Umarova Facebook səhifəsində uşaqlı qadınlara yenidən ailə qurmamağı tövsiyə edib. O, uşaqlara qarşı ögey ataların və bioloji ataların cinsi istismarının artdığını bildirib. Musavat.com-un Qazaxıstan mediasına istinadla verdiyi xəbərə görə, A.Umarovanın məsləhəti ögey atalar tərəfindən cinsi istismar hallarının tez-tez baş verməsi ilə bağlıdır. “Hər həftə uşaqlara qarşı xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən kişilərin işi ilə tanış oluruq. İlk evliliyindən olan uşaqları ilə yenidən ailə qurmağa hazırlaşan analara xəbərdarlıq edirəm. Bu, çoxdan mövcud olan bir şeydir, lakin sosial şəbəkələrin olmaması səbəbindən bütün bunları bilmirdik. Bununla belə, uşaqlara qarşı zorakılıq halları tez-tez baş verir” – Umarova bildirib.

O əlavə edib ki, uşağı olan qadın kişinin evinə köçəndən sonra müxtəlif dəhşətli hadisələr baş verir. “Qadınlar! Uşaqlarınız varsa, evlənməyin! Övladlarınızın təhlükəsizliyi kişi sevgisindən daha vacibdir. Körpənizin qayğısına qalın”, – deyə Ömərova tövsiyə edib. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Təbii ki, bütün atalıqlar qəddar və qaniçən olmur. Həmçinin ögey övladlarına qəddar münasibət bəsləyən analıqlar haqda da bir çox faktlar var.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “Sığınacaqda nə qədər fiziki, cinsi zorakılıq, seksual hərəkətlərə təhrik olunmuş qızları var, onları gördükdə dəhşətə gəlirik”

Uşaq hüquqlarının müdafiəçisi Kəmalə Ağazadə mövzu ilə bağlı  dedi ki, qadınlar və kişilər istər birinci, istərsə də ikinci evlilik zamanı münasibətləri formalaşdırarkən ailənin dəyərləri, evlənəcəyi, ərə gedəcəyi ailəni araşdırmalıdır: “Burada genetik faktor da çox önəm daşıyır. Psixi problemlərlə bağlı genetik problemlər özünü sonradan mütləq büruzə verir. İkinci evliliyə hazırlaşan qadınlara, kişilərə demək istəyirəm ki, himayənizdə övladınız varsa, mütləq uşaqlarınızla hesablaşın. Uşaqlarınızın fikri çox önəmlidir. İlk öncə o insanın sizin övladınıza olan münasibətinə fikir verin. Sizi dəyərləndirəcəksə, yalnız sizi sevəcəksə, o zaman sizin uşağınıza sevgi yox, sizlə onun arasında ögey münasibəti formalaşdıracaq. Buradan, əlbəttə, təcavüzlərə də, fiziki şiddətə də yol açılır. Biz xalq olaraq dəyərlərimizə çox üstünlük veririk. Bu gün sosial şəbəkələrin də bu məsələdə rolu var. Bir cinsi tərbiyənin formalaşmaması nəticəsində xoşagəlməz cinayət hadisələri ilə qarşılaşırıq. Oğurluğu bəlkə də adi qəbul edə bilərik. Namus mövzusunda qətlləri, cinayətləri “normaldır” deyib qəbul edə bilərik. Amma bizim cəmiyyət uşaqlara qarşı cinsi təcavüz, pedofiliya hallarını qətiyyən qəbul etmir. Bir fakt belə bizim üçün böyük bir faciəyə çevrilir. Bu baxımdan düşünürəm ki, qadınlar ikinci evliliyə qədəm qoyanda mütləq bunları düşünməlidirlər. Bu gün sığınacaqda nə qədər fiziki, cinsi zorakılıq, seksual hərəkətlərə təhrik, bununla bağlı yerləşdirilmiş, reabilitasiya olunan qızlar var, biz onları gördükdə dəhşətə gəlirik. Ay analar, siz niyə bunu edirsiniz? Əgər balalarınızı qoruya bilməyəcəkdinizsə, ailə qurmaq ancaq sizin özünüzə bağlıdırsa, buna görə bu addımı atırsınızsa, bilin ki, öz övladınız elə sizin düşməninizə çevriləcək”.

K.Ağazadə əlavə edir ki, cəmiyyət arasında çox ciddi maarifləndirmə aparılmalıdır: “Cinsi tərbiyə ilə bağlı məktəblərdə, bağçalarda addım-addım bu mövzuda danışılmalıdır. Uşağa bildirilməlidir ki, heç kim sənin bədəninə toxuna bilməz. Doğman belə olsa, buna çox ehtiyatla fikir vermək lazımdır. Biz çox istiqanlıyıq, uşaqları bağrımıza basırıq, öpürük. Amma bunun hamısı digər qanunvericilik baxımından müəyyən qədər xoşagəlməz halları da ortaya çıxarmış olur. Ona görə ehtiyatlı olmalıyıq”.

Ülviyyə Murtuzova: Qadınlara qarşı zorakılıqla mübarizədə əzmkarlıq nümayiş etdirməliyik » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Psixoloq Ülviyyə Murtuzova: “Əgər uşaqlar 8-15 yaş arasındadırsa, ikinci evlilikdə bunlara diqqət etsinlər…”

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı dedi ki, çox erkən yaşlarda valideynini itirən uşaqlar üçün ata-ana sevgisi onun genetik olaraq daxilində, ruhunda qalır: “Uşaqlar körpə yaşda olarkən qurulan ailələr daha uğurlu olur, fikrimcə, bu qərar daha münasib sayılır. Amma burada söhbət normal ailədən gedir. Təbii ki, ananın, atanın dul qalmasındansa, o cür evliliklər tövsiyə olunur. Amma müəyyən yaş dönəmi var ki, 8-15 yaş aralıqlarında uşaqları olanlar ikinci evlilikdə diqqətli olmalıdırlar. Əgər atası vəfat edibsə, o uşaqları atalığa “ata deməlisən”, buna məcbur etmək münaqişələrə səbəb olur. Evdə yaşanan bu şiddət sonradan cinayətlə bitir. Həmin yaş dönəmində olan oğlan uşaqları analarının qisasını atalıqlarından alırlar. Bəzən anasının özünə belə qəsd edirlər. Bu yaş dönəmlərində analar çox diqqətli olmalıdır. Xüsusilə evdə oğlan uşaqları böyüyürsə. Eyni zamanda 8 və 15 yaş aralıqlarında qız uşaqları böyüyürsə, o evə atalığın gətirilməsində də ana çox diqqətli olmalıdır. Ümumiyyətlə, seçimdə son dərəcə diqqətli olmalıdır. Bunlar arasında ata və övlad körpüsü yaranacaqsa, bu qərarı verməlidir. Yoxsa, evdə olan qız uşağını yetişkən bir xanım gözündə görəcəksə, burada heç bir atalıq hissindən söhbət gedə bilməz. Ona görə də həmin yaş dönəmlərində şəxsən tövsiyə etməzdim. Bu yaşda olan uşaqlarla söhbət etmək, onların fikrini öyrənmək lazımdır. Ən əsası seçimdə yanılmamaq, uğurlu seçim etmək lazımdır. Bu olmalıdır deyə, tez bir qərar vermək yanlışdır. Zamana buraxaraq, seçimini yoxlayaraq ailə qurmaq lazımdır. Ögey anaların da gəldiyi evdə həddi-buluğa çatmış uşaqların olması və atanın ona “ana deməlisiniz”, deməsi doğru deyil. Belə bir şiddətə məruz qalan nə qədər uşağın evdən qaçdığını, qohumlarının evlərində sığınacaq tapdığını biz görmüşük. Bu yaşda qızlar ata, oğlanlar da ana sevgisinə ehtiyac duyurlar. Olmazmı ki, atalar öz qızlarına sevgi ilə yanaşsınlar, qayğı ilə saçlarını oxşasınlar. Çünki məcburi, ailənin diktəsi nəticəsində həmin yaşda qızcığazların kənarda ata sevgisini axtararaq özlərinin həyatına saldıqları kişi ilə görüşməsinə səbəb ola bilər. Bu, eynilə bu yaşda olan oğlan uşaqlarına da aiddir. Bəzən görürük, bu yaşda olan oğlanlar özlərindən böyük, 45-50 yaşda olan qadınlarda sevgi, şəfqət axtarırlar. Bu travmanın kökü buradan yaranır. Görmədikləri, qayğı içində boğulan oğlanlar ana sevgisini o qadınlarda axtarırlar. Beləliklə, bu cür seçim edən ailələrin 100-də 30 faizi uğurlu olur. 70 faizinin sonu faciə, cinayət, qətl, evdən qaçmalar, övladların intihara sürüklənməsi kimi hallarla nəticələnir”.

Bəs görəsən, dinimiz uşaqlı ananın təzədən ailə qurmasına necə baxır?

İrana xüms adı ilə niyə milyonlar göndərilir?

İlahiyyatçı Rəsul Mirhəşimli: “Ailəsində normal keçinə bilən kişi həmin qadının övladları ilə də normal keçinəcək”

İlahiyyatçı Rəsul Mirhəşimli bizimlə söhbətdə dedi ki, bu cür çağırışlar bir çox hallarda qurulan ailələrdə ögey atanın qadının uşaqlarına qarşı davranışlarına görə edilir: “Bu ailələrdə uşaqlara qarşı zorakılıq hallarının olması belə çağırışlara əsas olur. Lakin məsələ fərdi olduğu üçün bu halları bütün ailələrə şamil etmək mümkün deyil. Bir çox hallarda ögey analar da kişinin əvvəlki xanımından olan övladlarına eyni zorakılıqla davranır. İslam dini dul qadınla evlənməyi qadağan etmir. Bu evlilik qadının, yaxud kişinin seçiminə bağlı məsələdir. Ailə quran kişi, yaxud qadının özündən əvvəl bu ailədə doğulmuş uşaqlara sahib çıxıb, himayə etməsi, dinimizə görə, bəyənilən əməldir. Əgər məsələni ailə zorakılıqları üzərində təhlil etsək, o zaman görəcəyik ki, ilk evliliklər zamanı da bir çox hallarda uşaqlara qarşı zorakılıq halları baş verir. Bu da ata-ananın ailədə məsuliyyətini anlamamağı, ailə dəyərlərini tapdalaması ilə üzə çıxır. Valideynin övladları qarşısında öhdəlikləri var, bu öhdəliklərin yerinə yetirilməsi də onların borcudur”.

İlahiyyatçı əlavə edib ki, bu cür çağırışlarla ailə zorakılıqlarının qarşısını almaq çətin məsələdir: “Bu məsələ bütün hallarda fərdlərin davranışlarına, insan olmağın dərki, ailəyə kənar müdaxilələrin qarşısını almaqla müsbət həllini tapa bilər. Məncə, bu çağırışlar kimisə dul qadın, yaxud dul kişi ilə ailə qurmaqdan çəkindirə bilməz. Hesab edirəm ki, bu çağırışlar da yumşaq şəkildə olsa belə, ailədaxili məsələlərə müdaxilə sayıla bilər. Ailəsində normal keçinə bilən kişi həmin qadının övladları ilə də normal keçinəcək. Uşaqlara qarşı zorakılığın qarşısını almağın yolu ailədə qadınla kişi arasında qarşılıqlı anlaşma ilə ola bilər. Ümumiyyətlə, ailələrdə qarşılıqlı anlaşma, birgə qərar verə bilmək vərdişi olmayanda bu ailələrdə uşaq olmayanda da problemlər çıxır. Bu problemin həlli hər kəsin xarakter, davranışlarına və ailəni idarə edə bilmək mədəniyyətinə bağlıdır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir