geyim

Üsyankarların dəlisov geyim tərzi dəbə necə daxil oldu? – FOTOLAR

Baxış sayı: 1. 411

Üslub müxtəlifliyi insanları çaşdırır, çünki onlar həddindən artıq bir-birinə bənzəyir və yalnız xırda detallarla fərqlənirlər. Amma heç kim heç vaxt rok geyim üslubunu səhv sala bilməz. Rok musiqi üslubu digər janrlardan kəskin şəkildə seçildiyi kimi, geyimdə də müxtəlif fərqlərə malikdir. Bəs, üsyankar gənclərin dəlisov geyim tərzi dəbə necə daxil oldu?
Bu yazıda dəbsevərləri rok üslubu ilə yaxından tanış edirik.

Günümüzdə rok üslubuna ancaq bu janrda oxuyan ifaçılar deyil, dəbə laqeyd qala bilməyən hər kəs müraciət edir. Məhz rok ifaçılarının sayəsində rok geyim stilindən həm dizaynerlər, həm də adi dəbsevərlər həvəslə istifadə edilir.

Rok üslubu submədəniyyətin (submədəniyyət – modern mədəniyyət, həmçinin bu mədəniyyətin daşıyıcılarına deyilir. Submədəniyyət öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə çalışan gənclər üçün xarakterikdir) nümayəndələri tərəfindən yaradılan və bütün dünyaya geniş yayılan birinci geyim üslubudur. Bu istiqamətdə musiqilər 1950-ci illərdə elektrogitaranın ixtirasından sonra yaranmağa başlayıb. Sözügedən musiqi aləti özü ilə həm yeni səslənmə texnikasını, həm də prinsipcə yeni ideyalar gətirdi. Təsadüfi deyil ki, rok musiqiləri hər bir ölkənin sosial və siyasi həyatında mühüm rol oynayıb.

Rok-musiqi üslubunun bir çox istiqamətləri mövcuddur. Buraya: hard-rok, pank-rok, qlam-rok, rokabilli, pank-rok, indi-rok aiddir.

Rok musiqisinin dəqiq yaranma tarixi 12 aprel 1954-ci il hesab olunur. Həmin il Bill Xeylinin “Rock around the clock” kompozisiyası işıq üzü gördü. O dövrün digər məşhur ifaçısı isə Elvis Presli idi. Onun geyimləri mürəkkəb bəzəkləri ilə məşhur idi. Saç düzümü və geyimi də olduqca qəribə olan Elvisin stilini təqlid edənlər günü-gündən artırdı. Elə bu səbəbdən də, yeni mədəniyyətin banisi Elvis Presli oldu. O, özünəməxsus tərzi ilə rokabilli stilinin əsasını qoydu. Müxtəlif qrupların və ifaçıların pərəstişkarları onların geyim üslubunu təqlid etməyə başladılar. Və beləcə rok geyim üslubu formalaşdı.Onun sayəsində parlaq və yaddaqalan dəstlər dəbə mindi. 60-ci illərin sonlarında “The Rolling Stones” kimi qruplar yarandı. O vaxt daha sərt rok-musiqisi aktual olduğundan həmin sərtlik geyim tərzində də hiss olundu.

Yetmişinci illər hard-rok istiqamətinin yaranması ilə əlamətdar oldu. Ağır musiqini kobud geyimlər müşayiət edirdi. Bu musiqi istiqamətinin ifaçıları səhnə geyimlərini müəyyən elementlərlə müxtəlifləşdirməyə çalışırdı. 1970-cı illərin sonlarında Böyük Britaniyada qlam musiqisinin yaranması ilə birlikdə eyniadlı qlam-rok geyim tərzinin əsası qoyuldu. Qlam-rok stili sərt və kobud rok geyim üslubuna qarşı əls inqilab idi. Rok ifaçılar üçün parlaq obrazlar, ekzotik geyimlər səciyyəvi idi. Beləcə, hard-rok qlam-rok üslubunun yaranmasına təkan verdi. Rok həvəskarları isə kütlədən fərqlənmək, öz emosiyalarını, etirazlarını aydın şəkildə büruzə vermək naminə saçlarını qırmızı rəngə boyayırdı. Beləliklə, etirazlarını geyim tərzində kəskin şəkildə əks etdirən rokerlər pank-rok üslubunu yaratdılar.

Rok mədəniyyətinin digər üslubu qranj-rokdur. Bu üslubun banisi musiqiçilər deyil, məşhur dizayner Mark Ceykobs oldu. Məhz o, 90-cı illərin ortalarında incə qadın paltarları ilə uyuşmaz ağır “kişi” ayaqqabılarını birləşdirməyi təklif etdi.

Son vaxtlarda rok üslubunun indi-rok istiqaməti məşhurlaşıb. Onun əsas cəhəti “uniseks” (həm kişi, həm də qadın qarderobuna aid olan ümumi geyimlər) geyimləri qarışdırmaqdır. Bu stildə qadın və kişi geyimləri bir cəbhədə birləşir. Həmin stildən istifadə edirsinizsə, aksessuarların köməyi ilə öz fərqləndirici obrazınızı yarada bilərsiniz.

2008-2009-ci illərdə dizaynerlər kolleksiyalarını rok üslubunda hazırlayırdılar. “Gucci”, “Anna Sui”, “Chloe”, “Manolo Blahnik” və “Missoni” kimi nüfuzlu moda evləri çanta və ayaqqabılarına qalın zəncir detalları ilə bəzək vurmuşdular. “Givenchy” isə qlam-rok üslubuna ağ rəng əlavə etmişdi. “Givenchy” dəri gödəkçələri ağ krujeva donlarla birləşdirmişdi. Moda evinin bu yanaşması dəbə yenilik gətirdi.

Şübhəsiz ki, bu üslubun bütün istiqamətlərinə xas ümumi cəhətlər mövcuddur. Məsələn, qızlar üçün:

Rəngi – əsasən qara rəngli paltar, amma boz, qırmızı, tünd göy, qəhvəyi rənglər də alqışlanır. Material – əsasən dəri, qara cins, trikotaj, metal, şifon, krujeva olmalıdır.

Ayaqqabı – yüksək və qalın daban, yaxud platforma, kedlər, botfortlar, dəri botinkalar.

Aksesuarlar – zəncirlər, qırmızı, ağ və qara rəngli yaylıqlar, çoxqatlı bilərziklər, iri bəzək əşyaları, toxunma qaytanlar, bandana.

Saç düzümü – dağınıq saçlar, yüngül at quyruqları.

Makiyaj – dumanlı göz makiyajı, qara və zoğalı dodaq boyası.

 

Rok üslubunda necə geyinməli?

Qlam-rok bu üslubun ən populyar istiqaməti sayılır. Sadə detalların köməyi ilə həqiqətən, əla görünmək olar. Əlbəttə ki, bu üslubda dəri gödəkçələr və qalın dabanlı qara çəkmələrsiz keçinmək olmaz. Amma digər hiyəgərliklər də mövcuddur. Dar şalvar və iri çəkmələri birləşdirmək qlam rok üslubunda geyinməyin ən sadə üsuludur. Dar şalvarların qara və boz kimi tutqun çalarda olması qlam-rok üçün azruolunandır. Əgər siz fərqli obraz yaratmaq istəyirsinizsə, onda dizləri orijinal yırtıq olan cinslər seçə bilərsiniz.

 

Baş skeleti

Skelet, kəllə təsvirləri bu üslubun bütün istiqamətlərinin ayrılmaz atributudur. Bu heç də o demək deyil ki, siz başdan ayağa qədər özünüzü belə aksessuarlarla bəzəməlisiniz. Məsələn, kəllə printli şərf kifayətdir.

 

Şortla qara kolqotkanın kombini

Qlam-rok üslubunda geyinməyi xoşlayan qızlar çox vaxt şortla kolqotka kombinini seçirlər. Kolqotka bir qayda olaraq qara rəngdə olmalıdır. Qısa şortiki cins yubka ilə də əvəzləyə bilərsiniz. Bu obrazı qara futbolka və qara çəkmə ilə tamamlayın.

 

Sadə don və qara dəri gödəkçə

Don ilə qara dəri gödəkçə rok üslubunun ən gözəl kombini sayılır. Dəri gödəkçə donu darıxdırıcı olmaqdan xilas edəcək. Ona görə də bu iki geyimi cəsarətlə birləşdirə bilərsiniz. Unutmayın ki, bu dəsti ancaq dəri botinkalar gözəl göstərəcək.

 

Uzun və qara krujeva don

Kimin ağlına gələrdi ki, bu zərif don qlam-rok üslubuna aiddir. Düzgün seçilmiş ayaqqabı ilə uyğunlaşdırdıqda əsl rok-divaya çevriləcəksiniz. Orijinal iri botinkalar və enli qara şlyapa, şübhəsiz ki, öz işini görəcək.

 

Qara ansambl

Rok üslubunu heç nə qara rəng qədər effektli göstərmir. Bu həmin istiqamətin ayrılmaz elementi kimi əbədi olaraq yaşayacaqdır. Qara ansamblda qaşqabaqlı və hirsli görünməkdən qorxmaq lazım deyil. Bu gün qara rəngin geniş palitrası təqdim olunub. Üstəlik, qara rəng hər zaman aktualdır. Əlbəttə ki, qara rəngli geyimlər seçəndə materiallarının da bir-biri ilə uyğun olmasına diqqət edin.

 

Rok-üslubu və məşhurlar

Eşli Olsen, Niki Hilton, Keyt Moss, Odrina Petric, Mayli Sayrus kimi məşhurlar rok üslubunu seçirlər. Müğənni Arnold Florri qranj-rok üslubda obrazlar yaradır. Qlam-rok üslubunu isə Viktoriya Bekhem, Kendal Jenner, Gigi Hadid, Beyons, Qvinet Peltrou çox sevirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir