aile

Uzun müddət küsülü qalmaq ailədə soyuqluğa yol açır – Psixoloqlar

Baxış sayı: 1. 402

Azərbaycanda boşanmaların sayının artması hər kəsi düşündürən bir mövzudur. Hətta ən ucqar kənd yerlərində belə boşanma hallarına rast gəlinir. Kənd yerlərində yaşayanlar bəzən bunu telefonla (mobil internet) əlaqələndirirlər. Boşanmanın səbəbini televiziyalarda, seriallarda, zəmanənin dəyişməsində axtaranlar da az deyil. Bütün hallarda bir nəticə realdır – boşanmalar artır. Yəqin razılaşarsınız ki, bu məqamda nəticəni qabartmaqdansa, tövsiyələr vermək, yol göstərmək daha doğru olardı. Psixoloq Elnur Rüstəmov da bu fikirdədir ki, bu məsələdə böyüklərin üzərinə böyük iş düşür. Çünki elə hallar var ki, bəlkə də, böyüklərin kiçik bir müdaxiləsi ilə böyük problemlərin ilk başdaca qarşısı alınar, amma vaxtında müdaxilə edilməməsi mənfi effekt verir. Hətta tərəflərdən biri səhvini başa düşsə belə inadkarlıq edib səhvini təkrarlamaqda davam edir. Bu isə közün üstünə benzin tökmək kimi risklidir.

Başlanğıcda ailədə adi görünüb, sonradan böyük problemlərə səbəb olan məsələlərdən biri də tərəflərin küsülü qalmasıdır. Münasibətlərdə küskünlüklərin olması bəzən xoşbəxt evliliklərdə də qaçılmazdır. Lakin tərəflərdən birinin tez-tez küsməsi və münasibəti kəsməsi ailədə problemlər yaradır.

Türkiyəli psixoloqların araşdırmalarına görə, bu vəziyyət müəyyən vaxtdan sonra tərəflərin bir-birindən uzaqlaşmasına, deyingən şəxsin özünü dəyərsiz hiss etməsinə və ailə birliyinin zərər görməsinə səbəb olur. Halbuki evdəki gərgin anlarda qısa bir söhbət belə, tərəfləri həddini aşan söz və davranışlardan qoruyur. Tərəflərin bir-birini anlayıb könlünü alması ilə yanlış anlaşılmalar da unudulub gedər.

Bu mövzuda Türkiyə mətbuatına açıqlama verən bu ölkənin psixoloqlarının fikrincə, münasibəti tamamilə kəsmək, sıx-sıx küsmək, küskünlüklərin uzun çəkməsi ailədə cütlüklər arasında soyuqluğa, sevgi hissinin azalmasına, çözülməmiş qalan problemlərin böyüməsinə yol açır. Bu isə evdə gərgin bir atmosferin yaranmasına səbəb olur. Münasibətlərin pozulması duyğusal ortamı pozarkən, uşaqların da ana-ata ilə münasibətinə mənfi təsir edər.

Küskünlük bəzilərinin xasiyyətidir. Problem böyüməsin deyə davamlı olaraq həyat yoldaşının könlünü almağa çalışan şəxs, bir müddət sonra ona dəyər verilmədiyi, yox hesab edildiyi, haqsızlığa məruz qaldığı duyğusuna düşməyə başlayar. Bundan əlavə, həyat yoldaşının öz sevgisini gözlədiyi şəkildə ifadə etməməsindən inciyən qarşı tərəf də etirazını küsərək ortaya qoymağa çalışar. Bu, ilk başda işə yarasa da, uyğun bir çıxış yolu deyildir. Ortaq sevgi dili istifadə olunmayınca, bir müddət sonra küsülü qalma müddətinin uzanması ilə tərəflər bir-birindən uzaqlaşır. Məsələn, danışmaq istəsələr də, bir müddət sonra yanlış anlamalar nəticəsində bir-birlərinə ağır söz və davranışları işə salarlar. Ancaq uzunmüddətli dava-dalaşdan usanınca, küsərək mübahisələrdən qurtulmağa çalışarlar. Bəzi xanımlar isə vəziyyət hədsiz kəskinləşəndə, evlilikləri uşaqları üçün davam etdirməyi qərara alıb, dalaşmaq yerinə küsülü qalmağı seçirlər.

aile

Bəs bu hallarda psixoloqlar nələri məsləhət görürlər?

– Həyat yoldaşınızla münasibəti kəsməyin. Bir günü belə danışmadan keçirməyin. Necə deyərlər, uzaqlaşdıqca uzaqlaşa bilərsiniz.

– Yoldaşınızla danışmamaq dəyər verməmək və ya saymamaq kimi başa düşülə bilər. Bu da qəzəb və gərginliyin artmasına yol açar. –

– Həyat yoldaşınızın dediklərini şərh etmədən onu dinləyin. Uyğun şəraitdə və zamanda onun müsbət cəhətlərini təqdir edin.

– Məsələyə özünütənqid prizmasından yanaşın, anlaşılmazlığa yol açan xətalarınızı qəbul edin. Əvvəlki sevgi atmosferini və ailə birliyini bərpa etmək üçün yeri gəldikcə ürəkaçan sözlərdən istifadə edin.

– Vazkeçilməz gözləntilərinizi və alternativi olmayacaq ehtiyaclarınızı dilə gətirin ki, qarşı tərəf bundan xəbərdar olsun. Amma kiçik problemləri böyütməyin.

– Problemlərin hamısını sıralamaq yerinə, ən önəmlisini ifadə edin.

– Bəzi problemlərin çözümünü zamana buraxmaq doğru ola bilər. Amma davam edən problemlər üçün yeni çözüm yolları araşdırın və bir çözüm planı cızın.

– Uyğun çözüm yolu tapa bilmədikdə tərəfsiz davrana biləcəyinə inandığınız və güvəndiyiniz təcrübəli bir insandan məsləhət alın.

– Problemlər qarşısında tərəflərin zaman-zaman fədakarlıq etməsi lazım gələ bilər. Amma bu fədakarlıq həmişə təktərəfli olmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir