orxideyaya

Uzunömürlü orxideyaya sahib olmağın “qızıl” qaydaları

Baxış sayı: 1. 808

Orxideya dünyada ən çox sevilən güllər arasında birinci, ən çox satılan güllər sırasında qızılgüldən sonra ikinci yeri tutur. Olduqca kaprizli və baxılması səbir tələb edən bu güllər düzgün qulluq olunduğu halda insana illərlə “yol yoldaşı” ola bilir.

İstər torpağı, istər suyu, istərsə də baxılma qaydası olduqca fərqli olan orxideyalar gül satışında da maraq toplayır. Belə ki, toyların, doğum günləri və özəl günlərin əvəzedilməz çiçəyi olan orxideyaların qiymətləri də münasibdir. Təxminən 35 min növü olduğu ehtimal olunan gülün rəngləri və formaları da yetişdiyi mühitdən asılı olur. İstənilən halda çiçəklər arasında liderliyini qorumağı bacaran orxideyalar, həm də gözəl hədiyyədir.

Şəhərin istənilən gül dükanından orxideya tapmaq bir az çətindir. Çünki baxılması əziyyət tələb etdiyi üçün əksər salonlar bu ecazkar gülü satmaqdan imtina edir. Qulluq edilmədikdə 10-50 manat arasında satılan orxideyalar solur və tamamilə məhv olur ki, bu da gül salonlarına xeyirdən çox ziyan verir. Lakin nadir gül dükanlarında satılmasına baxmayaraq bu gülə tələb də böyükdür. Çünki iri və yaraşıqlı çiçək bitirən, üstəlik uzunmüddətli ömrü olan saxsı gülü tapmaq elə də asan deyil. Çətinliyinə gəlincə, saxsı güllərin baxılma üsulundan tamamilə fərqli olan orxideya baxımı özü bir sənətdir və əgər uzunömürlü orxideyalara sahib olmaq istəyənlər varsa, mütləq “qızıl” qaydaları bilməlidir.

Orxideya yetişdirilməsi və satışı ilə məşğul olan Sona Sarıyevanın xobbisi elə orxideyaların çoxaldılmasıdır. Müxtəlif forma və növlərini yetişdirməklə məşğul olan Sona yetişdirdiyi orxideyaları şəhərin müxtəlif gül dükanlarına da verir. Orxideyanın növü və rəngindən asılı olaraq qiyməti də dəyişir. Birinci əldən alınan orxideyaların qiyməti 14- 20 manat, gül dükanlarından alınan orxideyaların qiymətləri isə 10-50 manat arasında dəyişir. Əksər gül salonları həqiqətən əmək sərf etdikləri üçün qiyməti qaldırır, bəzi gül salonları orxideyaları bəzədikləri üçün əl haqqı qoyur, bəziləri isə istək üzərinə sifarişlə gətirdiyi üçün qiymətdə artım olur: “Orxideya saxsı gülüdür. Amma saxsıda yetişən adi güllərdən deyil. Gülün qeyri-adiliyi elə onun torpağından başlayır. Köklər bildiyimiz adi torpaqda çürüyür, bitmir. Orxideya torpağı müxtəlif ağac qabıqları, orqanik çürüntülər, odun və kömür qırıntıları, yosunlar, müxtəlif perlitlər və s. qarışımından olur. Ev şəraitində bu cür qarışımı hazırlamaq mümkündür, lakin bacarmayanlar və saxsını böyüdən zaman əlavə qarışıma ehtiyac duyanlar bazarlardan orxideya torpağı adı ilə torpaq əldə edə bilərlər. Bu cür torpaqda əkilən orxideyaların uzunömürlü olması üçün ikinci mərhələ, baxım və qulluq mərhələsi başlayır. Əvvəla saxsılar şəffaf olur. Bu cür saxsıları əldə edə bilməyənlər müxtəlif plastik qablardan da istifadə edə bilər. Bu cür qablar orxideyaların vaxtında sulanması üçün müşahidə imkanı verir. Əkilmiş hazır orxideyalar otaq tempraturunda saxlanılmalıdır. Növünə görə orxideyaların sulanma vaxtı var. Hazırda ən çox satılan Phalaenopsis orxideyalarıdır. Bu çiçəklər yayda həftədə 2 dəfə qışda 1 dəfə sulanır. İl ərzində 2 dəfə çiçək verir”.

S.Sarıyeva orxideyaları digər saxsı gülləri ilə müqayisə edərkən bildirib ki, orxideyalar sanki ailənin növbəti üzvü kimi baxım tələb edir. Bu çiçəklər də xəstələnir, ehtiyacı olan hava, su, əlavə geniş yer kimi tələblərini müxtəlif yollarla göstərirlər. Çiçəklərə sevgisi olan insanın bu siqnalları görməzdən gəlməsi qeyri-mümkündür: “Orxideyaları gül salonlarında tapmaq ona görə çətindir ki, bu çiçəklər uşaq kimi baxım tələb edir. Gül salonlarında ona bu baxım edilmir və tez solur. Buna görə də salonlarla daim əlaqədəyəm. Sifariş üzərinə istənilən boy və ölçüdə orxideya göndərirəm. Digər saxsı çiçəkləri ilə orxideya arasında fərq böyükdür. Əvvəla, saxsı gülləri günəşdən və təmiz havadan təsirlənir və daha gözəl bitir. Orxideya tam əksinə, yanır. Günəş şüaları və isti hava orxideyanın inkişafını zəiflədir. Digər saxsı güllər sudan cana gəlir və daha gözəl açır. Orxideya əksinə, sudan da çürüyür. Sulanan zaman salfetlə yarpaqlarındakı bütün sular qurudulmalı, saxsı altındakı qab mütləq quru olmalıdır. Əks halda bitgi sudan normadan çox içir və köklər boşalır. Digər saxsı güllər zaman- zaman dibləri budanır və gübrələnir. Bu onların inkişafını sürətləndirir. Orxideyalar isə düzgün budanmadığı halda göbələyə yoluxur və çürüyür. Saxsı güllərindən fərqli olaraq orxideyaların qurumuş budaqları qayçı ilə deyil, spirtlənmiş lezva ilə kəsilir və budağın kəsilmiş hissəsi salfetlə qurudulur”.

Orxideya alan zaman diqqətli olmaqda da fayda var. Müsahibimiz deyir ki, bəzən market və gül dükanlarında ölmək üzrə olan orxideyaları bəzəyib yüksək qiymətə satırlar. Evə gələn orxideya 2 həftə ərzində məhv olur. Ona görə də bəzənmiş orxideyalara qarşı diqqətli olmaq lazımdır: “Mümkündürsə orxideyaları əkən, yetişdirən həvəskardan alsınlar. Alan zaman yaşlı orxideya alınması məsləhətdir. Bu cür orxideyalar yeni mühitə tez öyrəşir. Yarpaqları təmiz və parçalanmamış orxideyalar, eləcə də kökləri kənara çıxmış orxideyalar daha sağlam çiçəklərdir və alınması məsləhətdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir