endirim

Vətəndaşlar mağazalarda BELƏ ALDADILIR

Baxış sayı: 361

“Dünən “Inwool” mağazasında haqsızlıqla üzləşdim. Mağazanın işçiləri dedilər ki, geyimlərə 50 faiz endirim var. Mən də üzərində 22 manat yazılmış pijamanın başqa rəngini götürdüm, amma üzərində qiyməti yazılmamışdı, satıcı “eyni qiymətdir” dedi. Bir dəst idman geyimi də götürdüm, satıcı 20 manat olduğunu dedi, onun da üzərində qiymət yox idi. Kassaya yaxınlaşdım, satıcı malları hesablayanda 65 manat ödəməli olduğumu dedi”.

Bu barədə  Bakı sakini Ləman Əliyeva bildirir.

O, “Sahil” metrostansiyası yaxınlığında yerləşən mağazada aldadıldığını deyir:

“Etiraz etdim, satıcı dedi ki, qəsdən etmirlər, qiymətlər bəzən düşür, xəbərləri olmur. Əslində isə əksər malın üzərində qiymət yox idi. Bu qədər vaxt itirdim, geyindim, yoxladım, sırf bu qiymətə deyilirdi deyə almaq istəyirdim. Niyə mənim vaxtımı almalıydılar ki?!”

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bununla bağlı çox sayda şikayətlər var:

“İstehlakçıların hüquqları haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri dəfələrlə dəyişiklik edilib, hamısı istehlakçının zərərinə olub. Bazar inkişaf edib, yeniliklər var, amma qanun köhnədir. Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Qanunların belə zəif olması və yalnız biznesin inkişaf etdirilməsi siyasəti bu kimi halların geniş yayılmasına səbəb olub. Bu, istehlakçıların hüquqlarının pozulmasıdır, aldadılmasıdır”.

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan əmtəə bazarında satılan bütün mallar, o cümlədən sənaye məhsullarının üzərində maddi məsul şəxsin imzası və ya möhürü olan rəsmi qiymət sənədi olmalıdır:

“İsteklakçının onun əvvəlki sənədlərinə baxmaq hüququ var. Belə olan halda insanlar şəkli çəkməli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verməlidir ki, onlar cərimə olunsun. Təəssüf ki, Azərbaycanda belə hallar çox yayılıb. Yəni sadəcə qiymət yazılmış bir kağız var, üstündən xətt çəkilərək təzəsi yazılır, yalançı endirimlər olur və s. Azərbaycanda satılan malların, o cümlədən sənaye məhsullarının təxminən 80 faizinin heç bir mənbə sənədləri yoxdur ki, istehlakçı malın əvvəlki, daxil olan, indiki qiymətləri ilə maraqlansın. Bu, anormal haldır və istehlakçı hüquqlarının pozulması, onların aldadılmasıdır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunur ki, istehlakçı malın istənilən sənədini satıcıdan tələb edə bilər, satıcı isə onu göstərməyə borcludur. MDB məkanı və bir çox ölkələrdə mağazalarda “istehlakçı guşəsi” yaradıblar. Bu guşədə istehlakçı hüquqları haqqında qanun, ondan çıxarışlar olmalıdır. Əgər istehlakçı hüquqlarını qoruyan dövlət orqanı istehlakçı fikirlərini eşitmək, onu cəmləşdirmək, nələr baş verdiyini bilmək istəmirsə, o zaman əlbəttə, qiymətlərdə aldadılma halları olacaq. Təkcə ərzaq malları sahəsində bir ildə Azərbaycan istehlakçıları qiymətlərdə minimum 500 milyon manat aldadılır”.

 

Afaq Mirayiq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir