valideyn

Valideyn-övlad münaqişəsi – Natəvan Abdulla yazır

Baxış sayı: 595

Ailə insanın ən yaxşı mühafizə edən sığınacaqdır. Ailə münasibətləri, xüsusilə qan qohumluğu ailə fərdlərini bir-birinə bağlayan ən güclü vasitədir. Gəl ki, ən çox və ən böyük münaqişələr də elə ailə daxilində baş verir. Böyüklər arasında zaman-zaman psixoloji gərginiklərin yaşanması normaldır. Amma valideynlə uşaq arasında baş verən psixoloji gərginliklər, dava-dalaş əslində, ailədə uşaqla qurulan münasibətin nə qədər yanlış olduğunun göstəricisidir.

Belə gərginlik adətən uşağın özünü necə aparması iə bağlı olur. Xüsusilə yeniyetmələrlə münasibətdə hələ də onlarla uşaq kimi davranmaq, onları məzəmmət etmək valideyn-övlad münasibətlərini zədələyən əsas faktorlardan biridir.

Bəzən çox qarışıq hal alsa da, əslində, uşaqlarla ünsiyyət qurmaq böyüklərlə yola getməkdən daha asandır. Amma biz onlarla ünsiyyət yaratmağı yox, onlar üzərində hakimiyyət qurmağı düşünürüksə, bu zaman işlər dəyişir. Uşaq-valideyn qarşıdurmaları ən çox uşaqların valideynlərinə qarşı davranışları və ya valideynlərin uşaqları ilə ünsiyyət üslubları səbəbindən yaranır.

Uşaqlar onsuz da yaş etibarilə böyük münaqişələrə girən, vəziyyəti daha da qarışdıran, çıxılmaz hala salan deyillər. Onlar yalnız uşaqdırlar və onlarla olan problemlərin müəyyən konkret səbəbləri olur:

Uşaq valideynlərin qoyduğu qaydalara riayət etmək istəmir;

Valideynlərlə uşaq arasında ünsiyyət problemi olur ki, bunun da səbəbi ünsiyyətdə daima qarşılıqlı ittiham ifadələrindən istifadə olunmasıdır;

Valideynlərin övladlarından böyük gözləntiləri olur;

Ailədə birdən çox uşaq varsa, uşaqlar arasında bərabərliyin pozulması onların bir-birini qısqanmasına səbəb olur;

Uşaq telefon, yaxud kompüterlə çox vaxt keçirmək istəyirlər;

valideyn

Bu kimi standart və səbəbləri bəlli olan problemləri həll etmək uşaqlarla düzgün münasibətin qurulmasından keçir. Burada vacib məqam hər zaman valideynin davranışı və onun ailədə formalaşdırdığı ünsiyyət dilinin həssaslığı ilə bağlıdır.

valideyn

Uşaq-valideyn münaqişələrində valideynin rolu

Uşaq-valideyn davaları münaqişə zamanı uşaqları ilə ünsiyyət qurarkən valideynlərin davranışlarından asılı olaraq dəyişir. Münaqişə zamanı valideyn üç formada davrana bilər: ya sərt, ya mülayim, ya da vasitəçi – problemi aradan qaldırmağa çalışan fərd kimi.

valideyn

Uşaqlarla münasibətdə sərt davranmağın nəticələri

Sərt davranış şəkli ölkəmizdə ən çox görülən valideyn münasibətidir. Valideyn problemləri yalnız öz tərəfindən görür və özü istədiyi kimi həll etmək istətir, uşaqdan isə yalnız tabe olmaq və itaət etmək gözlənilir. Uşaqlar xaraktercə bir-birlərindən fərqli olduqları üçün, bir ailədə iki uşaqdan biri bu cür münasibətdə daima boyun əyirsə, digəri asilik edə bilir. Asilik edən övlad isə bu cür yanaşmaya sahib olan valideynlər üçün problemin mənbəyi hesab edilir. Belə valideynlər töhmət, cəzalandırmaq, manipulyasiya yollarıyla uşaqları özlərinə tabe etdirməyə çalışırlar. Bu zaman uşağın uzlaşmaq, doğru və məntiqli seçimlər etmək bacarığı zədələnir. O, cəzalandırılmaq qorxusuna tabe olur. Ya da valideynə qarşı artan qəzəb səbəbiylə daha çox səhv etməyə meyl göstərir.

Sərt davranış forması uşaq-valideyn münasibətlərini zədələyən, uşağın qərar vermək və icra etmək qabiliyyətini korlaşdıran üslubdur.

valideyn

Mülayim davranmağın nəticələri

Mülayim valideynlər uşaqlarla hər hansı bir problem yaşandığı zaman öz istəklərini uşağa sakit formada qəbul etdirməyə çalışan valideyndir. Əgər uşaq valideynin istəklərinə əməl etməzsə, bu zaman valideyn uşağın istəyinə uymaq məcburiyyətində qalır. Sərt davramnaq qədər zərərli üslub olan mülayim münasibət uşaqlarda valideynə hər istədiyini etdirmək fikrini formalaşdırır. Uşaq anlayır ki, bir şeyi təkidlə, uzun müddət istəsə, valideyni onunla razılaşacaq. Razılaşmasa, uşaq qışqıra, ağlaya, özünü yerdən-yerə vura bilər. Nəticədə bu kimi davranışlar valideyni yola gətirmək üçün uşaq düşüncəsinin qurduğu hiyləgər oyunlardır. Bu davranışa alışan uşaq vərdişlərinə uyğun olaraq gələcəkdə insanlarla uzlaşmaq, komanda formasında hərəkət etmək yerinə, ağlına gələn hər qərarı başqalarına zorla yeritməyə, qəbul etdirməyə çalışacaq.

Uşaqla münasibətdə həm sərt, həm də mülayim olmağın fəsadları uşağın ümumi tərbiyə sistemini zədələyir, onun düzgün düşünmək, məntiqli qərar vermək qabiliyyətini korlaşdırır. Uşaq ya qorxaq və aciz, ya da başqalarını düşünməyən narsist kimi formalaşır. Ən əsası da uşaqlıqda inkişaf etməli olan iradə tərbiyəsi aşılanmır.

valideyn

Vasitəçi, problemlərin həllinə yönələn davranış forması

Digər iki davranış formasından fərqli olaraq, uşaqlarla münasibətdə vasitəçi davranışı mənimsəyən valideynlər hər zaman qazanırlar. Bu münasibətdə həm valideyn, həm də uşaq qazanır. Çünki belə valideynlər həm öz qaydalarını qoya bilir, eyni zamanda da, uşağın istəklərini nəzərə alırlar. Demokratik mühitdə böyüyən uşaq da valideynin qoyduğu qaydaların onun xeyrinə olduğunu anlayır və qəbul edir. Çünki bu cür valideynlər problem yaranan zaman onun həllini uşaqla birlikdə tapmağa çalışırlar. Uşaqla uzlaşıldığı, ortaq qərar alındığı üçün problem böyümür, əksinə, yerində və zamanında həllini tapır. Bu valideynlərlə uşaqları arasındakı münasibətlər daha sağlam olur. Uşaqlar qərar vermək mərhələsində iştirak etdikləri üçün özlərini dəyərli hiss edirlər. Hər hansı bir problemin həlli prosesində iştirak etmək uşaqların həm ailə münasibətlərini, həm də zehni bacarıqlarını inkişaf etdirməsinə yardımçı olur. İlk növbədə uşaq hər zaman valideynləri ilə birlikdə qərar verməyin məntiqli və doğru olduğunu anlayır. Problem nə olur-olsun, ailəsiylə birlikdə onun öhdəsindən gələcəyinə inanır. Ailəsi tərəfindən dəyərli olduğunu hiss edir və valideynlərinə qarşı sevgisi həqiqi, təmiz olur.

Valideyn

Yaxşı, bəs vasitəçi, uzlaşmaya meyilli valideyn olmağın sirri nədir?

Cəmi beş addımda ailədə uşaqlarla bu demokratik və sağlam mühiti qurmaq mümkündür:

1) Valideyn münaqişəyə səbəb olan problemi uşaqların dilindən eşitməli və onları anlamağa çalışmalıdır.

2) Valideyn uşaqla problem həll edərkən mühakimə üslubundan çıxmalıdır. Qışqırmaq, günahlandırmaq, vurmaq, cəzalandırmaq heç bir problemi həll etmir. Əksinə, uşağın yanlış davranışı varsa, bunun valideyni necə hiss etdirdiyini sakit formada ifadə etmək lazımdır.

3) Uşağı münaqişəyə səbəb olan problemin həlli prosesinə daxil etmək və münaqişə vəziyyətində vasitəçi davranışına üstünlük vermək vacibdir. Bu, övladınızla aranızdakı münasibəti daha da sağlamlaşdıracaq. Problem qarşısında  uşaqla qarşı-qarşıya qalmaq əvəzinə, bir komanda şəklində onu həll etməyə çalışmaq valideyn-övlad münasibətində güvəni və sevgini artıran ən vacib faktordur.

4) Valideyn uşaqla dalaşmaq əvəzinə, onunla empatiya qurmağa çalışmalıdır.

5) Bir problemin həlli prosesində uşağın qarşısına seçimlər qoymaq onun münaqişəyə yox, həll prosesinə daha çox maraq göstərməsinə kömək edəcək. Bu, həm də ona təqdim olunan variantlardan birini seçməsi üçün təşviq xarateri daşıyacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir