imtahan

Valideyn və şagirdlərin buraxılış imtahanlarından narazılığının əsası varmı? – ARAŞDIRMA

Baxış sayı: 1. 698

Bu günlərdə ümumi orta təhsil bazasında 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustan bölgələri üzrə 40 mindən çox şagirdin iştirak etdiyi imtahanda yenilik tətbiq olunaraq imtahan suallarına ana dili və riyaziyyat fənlərindən açıq suallar salınıb. Lakin bu yenilik ötən həftə övladı buraxılış imtahanında iştirak edən valideynlər, eləcə də şagirdlər arasında çaşqınlığa səbəb olub. Valideynlər sosial şəbəkələrdə buraxılış imtahanına açıq sualların salınacağından xəbərsiz olduqlarını, şagirdlərin buna hazır olmadığından gileyləniblər.
Yenilik çox vaxt narazılıqla qarşılanır. Bəs bu narazılığın əsası varmı? Suallarımıza cavab tapmaq üçün valideynlər və ekspertlərlə söhbətləşdik.

Narahatlıq yaradan əsas məsələ şəffaflıqla bağlıdır
 
Narazı valideynlərdən biri də Fərəh Sabirqızıdır. Fərəh xanım deyir ki, imtahanın təşkili ilə bağlı heç bir problem yaşanmadı. Lakin imtahan suallarının tərtibatı ilə bağlı narahatlıqları var: “Çünki imtahandan bir qədər əvvəl elan olunmuşdu ki, suallar arasında açıq suallar da ola bilər. Olsun, etiraz etmirik. Lakin Azərbaycan dilindən sualların bir qismi açıq olsa da, riyaziyyatdan 10 sualın 10-u da açıq olub. Niyəsi maraqlıdır. Hər halda, 9 ildir qapalı, test suallarına hazırlaşan şagirdlərin birdən-birə buraxılış imtahanında sırf bu sistemlə imtahan verməsi nə qədər olmasa, çətinlik yaradacaqdı. Azərbaycan dilində testlə olan suallarda isə cavab variantlarının sayı artırılıb. Şəxsən məndə bir valideyn kimi narahatlıq yaradan əsas məsələ – şəffaflıqla bağlıdır. Testlə imtahan zamanı uşaqlar sual kitabçasını özləri ilə gətirirlər və cavabları yoxlamaq imkanı olur. Bu imtahanda isə sual kitabçası yoxdur. Mən övladıma veriləcək balların həqiqi olduğundan necə əmin ola bilərəm? Çünki bu sistemlə qiymətləndirmədə istənilən halda müəllimlərin subyektiv rəyi rol oynayacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən yayılan məlumatda da bildirilir ki, uşaqların yazdığı cavabların “gözlənilən, ehtimal olunan cavab variantları ilə uyğunluğu” yoxlanılacaq. Yəni, sözün əsl mənasında bu sualların konkret cavabı yoxdur, qiymətlər şagirdin mülahizələrindən və müəllimin onu necə qiymətləndirəcəyindən asılı olacaq”.

Açıq testlərin sayı artırıla bilər
 
9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsində tətbiq edilən yeniliklərlə bağlı narazılıq gətirən məqamlara, Dövlət İmtahan Mərkəzinin  (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə aydınlıq gətirib. X. Xanlarzadə mətbuata açıqlamasında qeyd edib ki, gələcəkdə açıq test tapşırıqlarının sayı da daha da artırıla bilər. X.Xanlarovun sözlərinə görə, qəbul qaydaları hələ ötən ilin dekabrın 12-də Nazirlər Kabineti tərəfindən təsdiq olunub: “İmtahanların yeni formatda keçirilməsi həmin o qaydalarda nəzərdə tutulub. Bunun səbəbi odur ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində 2008-ci ildən yeni tədris proqramları, kurikulumlar tətbiq olunub. Həmin vaxtdan, kurikuluma uyğun hazırlanmış dərsliklərdən istifadə olunmağa başlanılıb. Yəni, 2008-ci ildən tədris proqramı tamamilə dəyişib. Hazırda 9-cu sinfi bitirən şagirdlər, yəni 2008-ci ildə 1-ci sinfə getmiş şagirdlər bu il buraxılış imtahanında iştirak edirlər. Ona görə də onların buraxılış imtahanı qaydaları müvafiq olaraq dəyişməlidir. Çünki onların tədris proqramı da dəyişib. Həmin qaydalarda nəzərdə tutulub ki, buraxılış imtahanları iki mərhələdə keçirilsin. Birinci mərhələ artıq 4 rayon üzrə baş tutdu. Bu mərhələdə nəzərdə tutulub ki, ümumilikdə ana dili və riyaziyyat fənlərindən 30 sual tətbiq olunur. Rus bölməsində isə suallar rus dili və riyaziyyat fənlərindən salınıb. Ana dili fənnindən 20 sualın 10-u açıq, 10-u qapalı olub. Açıq tipli suallarda şagirdə variantlar təqdim edilmir, onlar özləri tapşırığı həll edərək cavabı tapıb yazırlar. Riyaziyyatdan tətbiq olunan sualların isə hamısı açıq tiplidir. Məqsəd ondan ibarətdir ki, şagirdlərin oxuyub anlama, dərk etmə qabiliyyətləri yoxlanılsın. Eyni zamanda, riyazi bacarıqları üzə çıxarılsın”.
Qurumun mətbuat sözçüsü deyir ki, 9 ildə orta məktəbdə şagirdlər bu tipli tapşırıqlardan istifadə ediblər: “Buraxılış imtahanında bu il iştirak edən doqquzuncular üçün hər hansı çətinlik yaranmamalıdır. Bizim “Abituriyent” jurnalında da bu tapşırıq nümunələri çap olunub, qəbul qaydaları verilib. 5-9-cu siniflər üzrə ana dili və riyaziyyat fənnindən test tapşırıqlar çap olunub. Şagirdlər bu kitabdan da məlumat alıblar. Eləcə də onlar sualların 20-nin açıq olacağı barədə əvvəldən məlumatlı idilər. O sualların 10-u ana dilindən, 10-u isə riyaziyyatdan salınıb. Şagirdlər bilirdilər ki, bu sualları həll edib özləri cavab tapmalıdırlar”.
DİM səlahiyyətlisi bildirir ki, ümumi orta təhsil bazasında, 9-cu sinif buraxılış imtahanlarının 2-ci mərhələsində isə, hər fəndən 30 tapşırıq olmaqla qapalı suallar salınacaq: “İkinci mərhələdə ənənəvi olaraq məzunlar o variantlardan birini seçməklə cavab yazacaq. 9-cu sinfi başa vuran şagirdlər üçün imtahanın ikinci mərhələsi, tədris prosesi başa çatdıqdan sonra keçiriləcək”.

Şəhadətnamə deyil, attestat veriləcək
 
1-ci mərhələdə qiymətləndirməyə gəlincə, X. Xanlarzadə deyir ki, qiymətləndirmə 100 ballıq şkala üzrə olacaq: “Birinci mərhələdə şagird maksimum 30 bal, ikinci mərhələdə isə maksimum 70 bal toplaya bilər. Bu ballar cəmlənəcək və 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Həmin ballar şagirdin yekun attestasiya sənədinə, yəni onun attestatına yazılacaq. Qeyd edim ki, bu ildən 9-cu sinfi bitirənlərə şəhadətnamə deyil, attestat veriləcək. Attestata şagirdin yekun illik qiyməti, digər cədvəldə isə şagirdin buraxılış imtahanda aldığı qiyməti yazılacaq”.

Açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb edir
 
DİM səlahiyyətlisi martın 5-də keçirilən buraxılış imtahanlarının cavabının gec açıqlanması ilə bağlı narazılıqlara da aydınlıq gətirib: “Bakı və 4 rayon üzrə keçirilən 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsinin nəticəsi imtahanın ikinci mərhələsi keçirilənədək açıqlanacaq. Buna səbəb imtahana açıq sualların salınmasıdır. Yazı işləri DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza zallarında, qapalı şəraitdə, kompyuter arxasında markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir. Markerlərin qiymətləri arasında fərq yarandıqda, həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir. Yoxlama zamanı markerin kompyuterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat – ad, soyad, ata adı, şagird kodu, ünvan və s. verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompyuterinə göndərir. Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və essenin yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur”.
Təhsil eksperti Kamran Əsədov qəzetimizə açıqlamasında valideynlərin və uşaqların narazılıqlarının haqlı olduğunu bildirdi. Müsahibimizin sözlərinə görə, qanunvericilikdə attestasiyanın keçirilmə qaydalarına görə IX sinif buraxılış imtahanlarında maksimum yox, minimum biliklər yoxlanılmalı idi: “Ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi bu tədris ilindən etibarən yeni qaydalar əsasında həyata keçirilir. Yenilik həmişə narazılıqla qarşılanır. Bu, danılmazdır. Amma biri var haqsız narazılıq, biri də var haqlı narazılıq. 9-cuların mart ayının 5-indən başlanan buraxılış imtahanları ilə bağlı valideyn, müəllim və şagirdlərin narazılıqları haqlıdır. Yeni qaydalara görə, şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Amma heç də buraxılış imtahanlarında iştirak edən 113 min IX sinif şagirdi bu test tapşırıqları ilə işləmək bacarığına malik deyillər. İlk növbədə ona görə ki, onlar 9 il ərzində orta məktəbdə keçirilən tapşırıqları qapalı test modelləri ilə həyata keçiriblər. Hesab edirəm ki, qanunvericilikdə attestasiyanın keçirilmə qaydalarına görə, IX sinif buraxılış imtahanlarında maksimum yox, minimum biliklər yoxlanılmalı idi”.
Ekspert deyir ki, minimum biliklərin yoxlanılması üçün riyaziyyat fənninə ehtiyac yoxdur: “İlk növbədə ona görə ki, buraxılış imtahanlarında şagirdin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq nəzərdə tutulur. Amma riyaziyyat fənni qarşıya qoyulan bu məqsədin reallaşmasına xidmət göstərmir. Yəni riyaziyyat fənni şagirddə oxuyub-anlama və yazı bacarıqlarını formalaşdırmağa xidmət etmir. Bundan əlavə, şagird ali məktəblərə qəbul zamanı da riyaziyyatdan imtahan verəcəyinə görə təkrar olaraq buraxılış imtahanlarında da bu fəndən imtahan verməsinə ehtiyac yoxdur. Başqa bir önəmli nüansı da qeyd edim ki, buraxılış imtahanlarında şagirdlərin cavablandırdığı açıq test modelləri dünyada ən çətin test modeli kimi qəbul edilir. Hətta yüksək hazırlıqlı abituriyentlərin belə, qəbul imtahanlarında açıq test tapşırıqlarına cavab vermə faizi 20 faizdən yüksək deyil. Hesab edirəm ki, buraxılış imtahanları kifayət qədər sadə və asan olmalıdır ki, şagirdlərin təhsil sənədini alması və təhsillərini davam etdirməsi əlçatan olsun. Ötən ilə nəzər salsaq, görərik ki, hətta qapalı test tapşırıqları ilə imtahan verən IX-cu sinif şagirdlərinin 30 mindən çoxu qeyri-kafi, 2 qiyməti almışdı. Bu il test tapşırıqlarının daha çətin və modelinin açıq olduğunu nəzərə alsaq, bu rəqəmin ciddi şəkildə artacağı danılmazdır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir