VALIDEYN

Valideynlərin uşaqlarına münasibəti onların şəxsiyyət kimi formalaşmasına necə təsir edir?

Baxış sayı: 168

Yetişkin insanların xarakterlərində bəzən ağıla gəlməyəcək pozuntular özünü göstərir. İnsanın hər hansı hadisəyə ilk reaksiyasında, dostları, iş yoldaşları və ailə üzvləri ilə münasibətində anormallıq olmasının səbəbi sözsüz ki, psixoloji narahatlıqdır. Bəs bunun səbəbi nədir? Və ya sualı başqa cür qoyaq: ola bilərmi ki, bu, uşaq vaxtı olan psixoloji narahatlıqların əlamətidir? Valideynlərin uşaqlarına münasibəti sonradan onların şəxsiyyət kimi formalaşmasına təsir edirmi?

Bu sualları cavablandıran psixoloq Hüseyn Xəlilov bildirdi ki, uşaq dünyaya gəlir, onun yetişməsində, böyüməsində əlbəttə ki, valideynin rolu çox böyük olur: “Uşaq dünyaya gələn zaman ailə böhranlı, gərgin, konfliktli olubsa əlbəttə ki, bu uşağın inkişafında şüuraltı olaraq öz izini göstərəcək. Ailəyə kənar müdaxilələr, natamam ailə olması, ailədə həmişə dava-dalaş olması, nəticədə ailənin boşanması uşağın normal inkişafına mənfi təsir göstərir. Çünki, bütün bunlar uşaqlarda natamam təfəkkür formalaşdırır. Uşağın emosiyaları oyanır, artıq uşaqda emosional pozuntu meydana gəlir. Davranışlarında aqresiya, özünə qapanma yaranır. Həmin uşaq da böyüdüyü zaman valideynlərindən gördüyü münasibəti istər-istəməz gələcəkdə özü də ailə quranda və yaxud iş həyatında, karyerasında özünü göstərir. Ya çox aqressiv, ya çox kobud, ya da ki çox bədbin, içinə qapalı olur. Hər şeyi hər kəslə paylaşmaq istəmir”.

 

“Ailələr uşaqları ilə ciddi məşğul olmaq istəmirlər”

Ailədaxili münaqişələr olan ailədə böyüyən uşaqlarda özünə güvənin azaldığını deyən, psixoloqun sözlərinə görə, bu gələcəkdə özünü daha qabarıq göstərir: “Uşağın gələcək vizionu zəif olur, irəlini görə bilmir və ya görmək istəmir, irəliyə stimul olaraq baxmaq kimi hallar demək olar ki, uşaqda olmur. Bu əsas məsələlərdən biridir. Amma istisnalarda var. Ola bilər ki, çox yaxşı, sağlam ailədə yetişən uşaq, böyüyəndə onun da özünə görə problemləri olur. Bunlar necə yaranır? Mühitdən: oxuduğu məktəb, olduğu yerlər, ətrafındakı insanlar. Bu təsirlərdən də ola bilər. Bu hansı uşaqlara təsir edir? Əsas məsələ budur. Əsasən həssas uşaqlarda kənar təsirlər daha çox özünü göstərir. Uşaq çox həssasdırsa, sinir sistemi çox zəifdirsə, istər-istəməz kənardan olan müdaxilələr ona təsir edir. Məsələn, valideyn ona müəyyən tövsiyyələr verir, amma bir başqası ona nə isə deyəndə valideynin dedikləri qalır bir kənarda, o adamın dediklərini daha çox mənimsəyir. Bu kimi hallar uşağın gələcəyinə mənfi təsir göstərir. Nəticədə belə uşaqlar özünü həyatda tapa bilmir. Önəmli olan budur. Bugün demək olar ki, uşaqların çoxunda aqresiya, davranış pozuntuları var, məsafə saxlamaq mədəniyyətləri aşağıdır, dünya görüşləri zəifdir. Hamısı nədən irəli gəlir? Bir qrup ailələr var ki, uşaqları ilə ciddi məşğul olmaq istəmirlər”.

 

“Hər bir ailənin öz psixoloqu olmalıdır”

Psixoloq valideynlərə tövsiyyəsində dedi ki, ilk növbədə hər bir ailənin öz psixoloqu olmalıdır: “Dünyada gedən bütün proseslərə, dəyişikliklərə, inkişafa insanların yetişməsi lazımdır. Bu alınmayanda istər-istəməz insanlar özlərinin də xəbəri olmadan srtess, gərginlik yaşayırlar. İkincisi ailələrə tövsiyyəm ondan ibarətdir ki, mütləq şəkildə uşaqları ilə dialoq qursunlar. Bu çox vacindir, hətta şərtdir. Ər-arvad arasındakı dialoq da uşağa birbaşa təsir edir. Uşaqlar bunu müşahidə etdikləri zaman valideynlə məsləhətləşmək istətəyirlər. Üçüncü əsas tövsiyyəm odur ki, valideynlər çalışıb ailədə mənəvi bir hüzur yaratmalıdırlar. Bura birlikdə mütaliə, səyahət, film izləmək və s. daxildi. Bütün bunlar haqda sonradan uşaqla fikir mübadiləsi aparmaq, söhbət etmək də çox önəmli şeylərdəndir. Adi işlər kimi görünsədə olması çox faydalı, olmaması çox zərərlidir”.

 

Rasim Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir