yasli

Valideynlər də imtahan verməlidirlər ki…

Baxış sayı: 638

Gələcək məzunların valideynləri rus dilindən Vahid Dövlət İmtahanı (EQE) veriblər. Moskvada gerçəkləşən prosesdə yüzdən artıq valideyn iştirak edib. İmtahan, valideynlərin özlərini övladlarının yerində hiss etmələri, onların keçirdiyi hissləri daha yaxşı anlamaq, prosesin yaxından iştirakçısı olmaq məqsədi daşıyıb. İmtahan ab-havasını hiss edənlər arasında aktyorlar, deputatlar, jurnalistlər, iş adamları da olub. “İmtahan pulsuzdur və istənilən valideyn qoşula bilər”- elanına müraciətlər hələ də davam etməkdədir.

Moskvalı valideynlər üçün rus dili imtahanı artıq beşinci ildir ki, keçirilir. Təşkilatçıların fikrincə, bu qayda ilə ata-analar imtahan verməyə hazırlaşan övladlarına görə artıq həyəcandan xilas olur, onların durumlarını, emosional vəziyyətlərini daha yaxşı anlayırlar.

Öz biliklərini yoxlamaq üçün valideynlər Moskva Təhsilin Keyfiyyəti Mərkəzinə dəvət olunublar. Hazırda bu mərkəzdə imtahan günlərində olduğu kimi, kamera müşahidəsi, metal detektorlu çərçivələri yer alıb. Pandemiya şərtləri nəzərə alınaraq maska ilə giriş, temperaturun ölçülməsi, auditoriyada sosial məsafənin gözlənməsinə riayət olunub. Hər otaqda 8 valideyn parta arxasına keçib. İmtahana yalnız pasportla daxil olmağa icazə verilib. Mobil telefonlar və digər əlavə əşyalar isə şkafda saxlanılıb. Stolun üstündə yalnız imtahan materialları və qara karandaş qoyulub. Bu il iştirakçılara yenidən rus dili imtahanı vermək təklif olunub. İmtahan sualları ixtisar olunmuş formada verilib. Yəni normalda 3 saat yarım çəkən imtahan valideynlər üçün 30 dəqiqə davam edib. Valideynlər üç suala şifahi cavab verib və inşa yazıblar. Nəticələr valideynlərin elektron poçtuna göndəriləcək.

Rusiyanın Əməkdar artisti Kamil Larin uşaqlıqdan imtahanı sevmədiyini deyib: “Əlbəttə, istənilən imtahan uşaqlar üçün də, valideynlər üçün də stressdir. Yaşından asılı olmayaraq həyəcan keçirirsən. Amma qorxulu heç nə yoxdur, bu, bildiklərini kağız üzərinə köçürmək, yaddaşını vərəqləmək və öz üzərində çalışmaq üçün məqamdır”.

Bəstəkar Dmitriy Dunayev “əvvəlcə maraqlı idi, sonra həyəcan başladı” deyərək hisslərini bölüşüb: “Bununla belə, tapşırığı yazdım. Hətta, inşa yazmağa da nail oldum. Baxmayaraq ki, bunu çoxdan yadırğamışdım. Sovet dövründə istənilən məktubun məzmunu elə inşa idi. Təəssüf ki, indi məktub yazılmır,  sosial şəbəkələrdən istifadə olunur. Buna görə də, uşaqlar yazı yazmaq vərdişlərini, xüsusən ana dilinin əsaslarını bilmirlər”.

Digər valideynlər də imtahan zamanı keçirdikləri həyəcanı,  müasir texnologiyalarla işləməyin labüdlüyünü, daimi mütaliənin vacibliyini, yeni trendləri öyrənməyin əhəmiyyətini qeyd ediblər. Onlar, həmçinin proses zamanı uşaqlarını daha yaxşı anladıqlarını dərk ediblər.

Vahid Dövlət İmtahanında valideynlərin iştirakının əhəmiyyətini, ümumiyyətlə, belə bir eksperimentin tətbiqini azərbaycanlı alim və təhsil ekspertləri də yüksək qiymətləndirir.

 

Cəmiyyətin maariflənməsi üçün addım

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov valideynlərin doğma ana dilindən buraxılış imtahanı verməsini, onların müasirləşməsi istiqamətində maraqlı eksperiment hesab edir: “Bu o deməkdir ki, artıq həmin valideyn övladının bilik və bacarıqlarına bələd olacaq, eyni zamanda evdə uşağı ilə işləyə biləcək. Statistik hesablama aparsaq, valideynlərin xeyli bir hissəsi övladı ilə inşa yazmaq hazırlığında deyil. Bu, çox pis haldır. Uşaq təkcə məktəbdə öyrənmir, o, həm də internet resurslarından, o cümlədən ailədə öyrənir. Ailədə valideyn, xüsusən doğma ana dilindən o qədər bilikli və savadlı olmalıdır ki, övladı ilə polemika apara, uşaq ona müəyyən sualları verərkən cavab verə bilsin. Bu, iki tərəf üçün də inkişaf olacaq. Həm şagird inkişaf edəcək, dünyagörüşü artacaq, biliyi zənginləşəcək, həm də valideynlər öz üzərilərində işləməli olacaq. Valideyn məcbur olacaq ki, doğma ana dilində hər hansı inşanı yazmaq, açıq və ya qapalı test suallarına cavab vermək üçün öz üzərində çalışsın. Bu, cəmiyyətin maariflənməsinə gətirib çıxaracaq”. Alimin fikrincə, Azərbaycan cəmiyyətinin özündə də valideynlərin böyük bir qismi uşağının buraxılış imtahanından bilik səviyyəsinin necə olmasından xəbərsizdir. Belə ki, bəzən bu işi məktəbin üzərinə yükləyir, təqsiri müəllimdə axtarırlar: “Bəzən Azərbaycan  məktəbini elə valideynlər tənqid edir ki, o, heç təhsilin, buraxılış imtahanının nə olduğunu bilmir. Bu, məhdud düşüncəli valideynlərin yanaşmasıdır. Çünki məktəbin buraxılış imtahanlarının mahiyyətindən, o prosesdəki gərginliklərdən xəbərsizdir. Bəzi valideynlər, ümumiyyətlə, uşağının necə oxuması ilə maraqlanmır. Uşağın təlim-tərbiyəsi birbaşa məktəbin üzərinə yüklənir. Sanki bəzi valideynlər yükdən öz çiyinlərini kənara çəkməli olurlar. Amma elə olmamalıdır. Uşağın problemini təkcə məktəbin üzərinə yıxmaq birtərəflidir. Bu mənada, belə bir eksperimentin aparılması cəmiyyətinin xeyrinə olacaq. Cəmiyyətdə valideyn-şagird, məktəb-valideyn münasibəti  yüksək səviyyədə inkişafını tapacaq. Nəticədə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən bir cəmiyyət formalaşacaq. Valideyn prosesin içində olanda, övladının bilik səviyyəsini görəcək və məktəbin əlindən gələn hansı işi yerinə yetirib-yetirmədiyini də biləcək. Həmçinin məktəbin funksiyası bir az önə çıxacaq, müəllimin funksiyası bir az diqqəti cəlb edəcək. Təəssüf ki, hazırda valideynlərin bir çoxu məktəbin funksiyasını görə, məktəbin və müəllimin çəkdiyi əziyyəti qiymətləndirə bilmir və müəllimləri yerli-yersiz tənqid edirlər. Valideynlərin bu cür imtahanda iştirakı cəmiyyətin maariflənməsində irəli bir addım olacaq”. B.Xəlilov hesab edir ki, valideynlərin imtahana cəlbi, övladlarını yersiz qınaqdan da xilas edə biləcək: “Bir qrup valideynlər buraxılış imtahanlarından az bal toplayan övladlarını qınayır, stress yaradır, tənbeh edirlər. Bəzən təcrübəsiz şagirdlər intihar edirlər. Onlar stress keçirir, müxtəlif psixoloji xəstəliklər tapırlar. Valideyn o prosesdə olanda, prosesin gərginliyini özü yaşayanda, övladını, onun keçirdiyi həyəcanı qiymətləndirməyi bacarır. Valideyn imtahan prosesində övladının keçirdiyi gərginliyə qiymət verməyi bacaracaq, bu prosesin içində olaraq doğmalıq hissini artıracaq. Bir-birilə bölüşmək iqtidarında olacaqlar, artıq bir birlərini başa düşəcəklər. Bu, məktəbin nüfuzuna da hörmət gətirəcək. Bu mənada, bu cür təcrübə məktəblə, müəllimlə valideyn arasında sıx əlaqə yaradacaq. Təhsil cəmiyyətin problemidir. Buraxılış imtahanlarında valideynlərin iştirakı, cəmiyyətin təhsilə qoşulmasında və təhsillə maraqlanmasında irəli bir addım olacaq. Cəmiyyətin özü maariflənəcək”. Alim hesab edir ki, valideynlərin imtahan verməsi, həmçinin onların özlərinin özlərinə təhsil verməsi üçün yaxşı eksperimentdir. Belə ki, bəzi valideynlər var ki, onların Ana dili, riyaziyyatdan bilikləri çox zəifdir və müasirlikdən geri qalırlar: “Ona görə, o valideynlər öz üzərilərində işləyib müasirliklə ayaqlaşmağa çalışmalıdırlar. Valideynin təhsil aldığı zaman da fərqlidir. Elm-texnika daim inkişaf edir. Adətən valideyn övladını qiymətləndirərkən, öz dövrü ilə müqayisələr aparmağa başlayır. Halbuki onun oxuduğu dövrdəki təhsillə indiki dövrün təhsili fərqlidir. Valideynin o dövrdə oxuduğu resurslar, metodika ayrıdır. Bu baxımdan, valideyn müasir dövrün texnologiyasına, resurslarına yiyələnməklə, övladı ilə yaxşı mənada dostluq münasibəti quracaq. Bu da, mənə elə gəlir ki, məktəbin, müəllimin işinə kömək edəcək. Valideynin bu prosesə daxil olması imtahanın nə qədər gərgin olmasını anladacaq. Elə onlayn tədris bir çox valideynlərə prosesin nə qədər  gərgin olduğunu anlatdı. Övladları onlayn dərsə qoşuldu və valideynlər müəllimin hansı çətinlikləri çəkdiyini, övladlarının nə qədər hazırlıqlı olub-olmadığını müşahidə edə bildilər. Yəni bu mənada cəmiyyət nə qədər hazırlıqlı olarsa, məktəbin işinə, müəllimin tədris prosesində əldə etdiyi nailiyyətə bir o qədər kömək etmiş olacaq”.

 

Empatiyaya ehtiyac

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, belə bir sınaq, hər şeydən əvvəl valideynlərin uşaqlara təzyiqinin qarşısını almaqda rol oynaya bilər: “İnsanların empatiya qurması bir az çətin məsələdir. İnsan, prosesi tam yaşamadan empatiya qura bilmir. Valideynlər də o hissləri tamamilə yaşamadan, uşaqlarının hansı hissləri keçirdiyini bilməzlər. Hesab edirəm ki, bu cür imtahan valideynlərin övladlarına qarşı yaratdığı stress faktorunu azaldacaq. Nəticədə abituriyentlər imtahanlardan sonra yaxşı və ya pis nəticələri ilə daha şüurlu və təmkinli üzləşə biləcəklər”. Dünyanın müxtəlif yerlərində bəzən aşağı bal toplayan abituriyentlərin özlərinə qəsdetmə faktlarının olduğunu deyən ekspert hesab edir ki, bu cür problemlər də həll oluna bilər: “Ümid edirəm ki, belə addımlarla bu məsələlər də həll olunar. Çünki insanlarda empatiya hissinin formalaşması çox vacib məsələdir”.

Hərçənd bizdə hələ ki, bu tip eksperimentlər haqqında düşünülmür. Amma cəmiyyətin inkişafı naminə yaxşı nümunələrin təkcə yazılması və ya söylənməsi yox, tətbiq olunması zəruridir. Xüsusən, əgər cəmiyyətdə imtahandan sonra xoş hadisələrlə yanaşı, ürək açmayan olaylar da baş verirsə…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir