Valideynlərin diqqətinə! Uşağın məktəbdə uğur qazanmasını istəyirsinizsə… – YOLLARI

Baxış sayı: 1. 339

Yeni tədris ilinə başlamışıq. Bu yolda hər valideynin istədiyi şey uşağının məktəbdə, dərslərində bacarıqlı, müvəffəqiyyətli olmasıdır. Bu uğura gedən yolda gözdən yayınan, ya da heç düşünülməyən amillərin fərqinə varmaq və üzərində işləmək uşağınıza faydalı ola bilər.”Gencaile.az” Aile.lent.az-a istinadən valideynlərə bu yolda edə biləcəklərini təqdim edir.

Müvəffəqiyyətin tərifini yaxşı dərk edin. Uşağın dərsdəki müvəffəqiyyəti qiymətlərlə, aldığı ulduzlar, “5+”, medallarla ölçülə bilən bir şey deyil. Bunlar sadəcə bir simvoldur. Bunun yanında uşağın xoşbəxt, məsuliyyətini dərk edən, özgüvənli, problem həll etmək bacarığının yüksək olması kimi kriteriyaları görməzdən gəlməyin.

Dərslərin məqsədinin fərqinə varın və etdirin: Bir-birindən fərqli dərslərin öyrədilməsinin elmi bir səbəbi vardır. Valideyn və müəllimlər uşağın öyrənmə macərasını ciddiyə almalı və əzbərdən uzaq, məntiq+tənqid formuluna söykənən, zəngin öyrənmə yollarına üstünlük verməlidirlər.

Uşağınızı tanıyın: Uşağınız neçə yaşında olur-olsun maraqlarını, qorxularını, sirlərini, dedi-qodularını, sizlər və özü barəsində düşüncələrini tənqid etmədən dinləyin. Aranızdakı bu bağ ona yaxın olmanıza yardım edəcək. Sizi sadəcə “dərsin yoxdur?”, – deyə soruşan valideyn olmaqdan qoruyar.

Uşağınızla vaxt keçirin: Gündə on beş dəqiqə də olsa, onunla vaxt keçirin. Sizinlə oturmaq, oynamaq, ya da sadəcə söhbət etmək istəyəndə dərsini etməyə göndərməyin. Əvvəlcə onunla ünsiyyət yaradın, sonra vaxtı gələndə onu dərsini həll etməyə yollayın.

Hobbilərinə laqeyd yanaşmayın: Araşdırmalar məktəbdən sonra incəsənət, ya da idman fəaliyyətinə davam edən şagirdlərin akademik göstəricilərinin daha yüksək olduğunu göstərir. Ancaq bizdə vaxt alır deyə hamısı tətilə kimi təxirə salınır. Yaxşı bir həftəlik plan qurun, ya da bir saatlıq beynini dincəldəcək nəsə etməsinə şərait yaradın.

Ev tapşırıqlarını siz etməyin: Əksər valideyn vaxt azlığı, iş çoxluğu, ya da uşaq çox yorulduğu üçün tapşırıqları özləri edir. Bu, problemi həll etmir, əksinə, daha da böyüdür. Uşağın disiplin qazanması üçün tapşırıqlarını özü etməsinə çalışın. Bunun üçün məktəbdən qayıtdıqdan sonra 1 saat dincəlsin. Sonra dərslərini etdirin, geridə qalan boş vaxtı sizinlə keçirmək və dincəlməsi üçün ayırın.

Bəzən uşaqlar müəllim çox tapşırıq verdiyi, ya da onları yoxlamadığı üçün tapşırıq etməyə həvəsi olmur. Belə olan halda müəllimlə iş birliyi şəklində çalışın.

Öhdəsinə məsuliyyət qoyun: Uşağın yaşına görə məsuliyyətlər verin. Pul ödəmək, otağı təmizləmək, süfrəyə yardım etmək kimi iş məsuliyyətləri erkən yaşda qazandırıldığında uşaq irəliləyən yaşlarda daha şüurlu və motivasiyalı olur.

Model olun: Əgər evdə televizor hey açıqdırsa, valideynlərin əlindən telefon və notebook heç düşmürsə, valideynlər heç kitab oxumursa, uşaq da bunu nümunə götürəcək. Sərgiləmədiyiniz bir şeyi uşağınızdan gözləmək yanlış ola bilər.

Psixoloji baxımdan həssas yaxınlaşın: Uşağınızı digər uşaqlarla müqayisə etməyin. Başqalarının yanında onunla bağlı mənfi fikirlər söyləməyin, valideyn münasibətinizə diqqət edin, evdə mübahisələrdən uzaq durun, mükəmməliyyətçi olmayın. Müsbət tərəflərini də ortaya çıxarın. Sevdiyinizi, qürur duyduğunuzu paylaşın.

Unutmayın ki, bir uşağın və fərdin həyatındakı ən mühüm sistem valideynlərindən öyrəndiyi ilklərdən formalaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir