Mektebde telefon

Vatsapda təhlükəli oyun – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 893

Son zamanlar uşaqlar arasında ölümlə nəticələnən təhlükəli oyun yayılıb. “WhatsApp” messenceri vasitəsilə paylaşılan və yayılan bu oyun bir sıra ekspertlərin narahatlığına səbəb olub. Oyuna əsasən, üç uşaq yan-yana dayanır. Əvvəlcə yandakı iki nəfər, az sonra ortadakı tullanır. Ortadakı tullandıqdan sonra yandakılar onun ayağına badalaq atırlar. Nəticədə, uşaq kürəyi üstə yerə yıxılır və başı yerə dəyir.

Məlumata görə, İsraildən başlayan və bütün dünyada yayılan oyuna görə artıq bir çox uşaq başından ölümcül travma alıb. Nəzərə alsaq ki, ölkəmizdəki məktəblilərin də mobil telefonlardan istifadəsi olduqca aktivdir. Məktəblilər smartfonlar vasitəsilə müxtəlif oyunlar yükləyirlər ki, bunların içində kifayət qədər zərərli olanları da mövcuddur. Bu isə həm zehni, həm psixoloji, həm də fiziki baxımdan uşaqlara mənfi təsir göstərir. Ona görə də valideynlərin belə məqamlarda diqqətli olması vacibdir.

 

Sosioloq: “Valideynlər vatsap istifadə olunan smartfonları uşağa verirlərsə, nəticələrinə də hazır olmalıdırlar”

 

Ölümcül travmalara səbəb olan oyunun əvvəllər də geniş yayıldığını bildirən sosioloq Lalə Mehralı deyir ki, bəzən məktəblilər kobud oyunlarla həyatlarını təhlükə altına alırlar:

“Mənim məktəbli olduğum zamanlarda da belə oyunlar var idi. Uşaqlar bir-birini hoppandırıb badalaq vururdular. Əvvəllər də oğlan uşaqları bir-biri ilə kobud zarafatlar edirdilər. Ola bilsin ki, indi belə oyunlar trendə çevrilərək çox yayılsın, amma bu, yeni bir oyun deyil. Uşaqların bir-biri ilə daha kobud formada zarafatlaşdığının şahidi olmuşam. Məktəblərdə pilləkənlərin yuxarısından aşağıya doğru yoldaşını itələyən, pilləkənin məhəccərindən aşağıya sürüşən və aşağıda körpə uşaqlara zərblə dəyən böyük yaşlı məktəblilər olurdu. Uşaqlar kobud formalı oyunlar uyduraraq əylənməyə çalışırlar. Gərək onlar yaşana biləcək riskləri də anlasınlar. Fikrimcə, valideynlərin diqqətli olmasına çox ehtiyac var”.

Sosioloq qeyd edir ki, məktəbli uşaqların əlində vatsapdan istifadə etmə imkanı olan android sistemli telefonların olması düzgün deyil:

“Nə üçün məktəblilər smartfonlardan sərbəst istifadə etməlidirlər? Düşünürəm ki, uşaqlar müəyyən yaşa, məsələn, 18 yaşa qədər mobil telefonlardan uzaq durmalıdırlar. Bəzən belə deyəndə həmkarlarım, ya da mənimlə yaşıd olan analar etiraz edirlər ki, “indiki dövrdə uşaqların da smartfonu olmalıdır, biz uşaqlarımızla əlaqə saxlamalıyıq və s”. Valideynlərin uşaqları ilə əlaqə saxlamalarına bir söz demirəm, mənim övladımın da telefonu var. Amma bu telefon primitiv və sadə, heç bir funksiyası olmayan telefondur. Sadəcə zəng gəlib-gedir və mesaj yazılır. Məktəbdən çıxanda onunla əlaqə saxlamaq üçün həmin telefonu vermişik. Düşünürəm ki, övladı ilə əlaqə saxlamağı bəhanə edən valideynlər də bu yolu sınayaraq uşaqlarına adi telefon verə bilər. Əks halda valideynlər vatsap istifadə olunan smartfonları uşağa verirlərsə, nəticələrinə də hazır olmalıdırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir