kosmetika

Vaxtı keçmiş kosmetoloji məhsulların hansı fəsadları ola bilər?

Baxış sayı: 1. 322

Kosmetoloji məhsulların satış qiyməti elə də ucuz olmur, ona görə bir çox xanımlar alış-veriş etmək üçün böyük kosmetika mağazalarında endirim günlərini gözləyirlər. Qiymət münasib olanda, ya da ümumiyyətlə, bizdə komsetoloji məhsullar alanda istifadə müddətinə demək olar ki, çox nadir hallarda baxılır. Lakin bu cür məhsulların da son istifadə tarixi var…

Axşam.az-a şikayət məktubu yazan Rəna Kərimova adlı xanım da “İdeal” parfumeriya mağazasından elə endirim günlərində bədən üçün duş geli alıb. Evə gələndə isə istifadə müddətinin bitməsinə bir neçə gün qaldığını görüb: “40 faiz endirim qoyulmuşdu. Dedim ki, eybi yox, istifadə edim. Amma bədənimə vuran kimi allergiya oldu, qızarıb qaşınmağa başladı. “İdeal”ın endirimə qoyduğu məhsullara diqqətlə baxılmalıdır. Vaxtının bitməyinə 5-6 gün qalmış məhsulları yığıb belə endirim edib, insanları aldadırlar. Başqa rəfiqəm də mənlə birlikdə məhsuldan almışdı. O, aparıb geri qaytarmaq istəyəndə isə belə bir xidmətlərinin olmadığını deyib, etiraz bildiriblər. Rəfiqəm göstərib ki, istifadə müddəti bir neçə günə bitir. Deyiblər ki, nə olsun, istifadə edin o vaxta kimi”.

Kosmetik məhsullar belədir ki, onu 3-4 gün istifadə etmirsən, aldığın məhsul ən azı 15-20 gün istifadə olunur, hətta elə məhsullar var ki, aylarla istifadə edirik. Bu o deməkdir ki, 5-10 gün istifadə müddəti qalmış məhsulu alıb, vaxtı keçdikdən sonra da istifadə edirik. Bəs belə hallar nə dərəcədə düzgündür?

 

Həkim-kosmetoloq Könül Namazova bildirdi ki, kosmetoloji məhsulların istifadə müddəti önəmlidir, ona görə bu məsələdə diqqətli olmaq lazımdır: “Məsələn, xama ilə xiyar, kokosu qarışdırıb soyuducuya qoyun. 3 gündən sonra təbii ki xarab olacaq. Kosmetoloji məhsulların tərkibində də bu cür təbii məhsullar olur. Onların uzun müddət qalmasını təmin etmək üçün də tərkibinə laboratoriyalarda konsentrantlar qatılır. Bunlar da kimyəvi əsaslı olur və kosmetika məhsullarının qalıcılığını təmin edir. Qeyd olunan tarixə qədər məhsulların tərkibində o elementlər yavaş-yavaş effektini itirir. Ona görə də istifadə tarixi bitəndən sonra kosmetik vasitələrdən istifadə etmək risklidir. Nə pasientə məsləhət görürəm, nə də özüm istifadə edirəm. Sonra problem yarada, hətta dəri xərçənginə səbəb ola bilər. Ona görə məsləhət görərdim ki, bahalı kosmetik vasitələrdən istifadə etsinlər. Yəni, bahalı deyəndə öz brendini yaratmış şirkətin məhsullarını nəzərdə tuturam. Keyfiyyəti ilə bazarda tanınan olsun. Çünki belə məhsullar laboratoriyada yüksək dərəcədə təmizlənir. Ucuz və keyfiyyəti yaxşı olmayan kosmetikadan uzaq durmaq lazımdır. Hələ bu kosmetoloji məhsulları vurub günəş altına çıxmağı isə ümumiyyətlə, məsləhət görmürəm”.

Bizdə belə fikirlər var ki, kosmetoloji məhsulların istifadə müddəti bitəndən 3 ay sonra da istifadə etmək olar. K.Namazova bunun heç bir əsası olmadığını bildirdi: “Dəri özünü qoruyan orqandır. Onun üzərində bir müdafiə qatı var və onu zədələmək olmaz. Dəri yeganə orqandır ki, hava, mikroblarla birbaşa təmasda olur. Ona görə xarici baryer qatını zədələyib, pozmaq olmaz. Bu səbəbdən istifadə etdiyimiz məhsullara və son istifadə tarixlərinə mütləq fikir verilməlidir. Yaxşı olar ki, son istifadə tarixinə 1-2 ay qalmışa qədər istifadə edib qurtarılsın. Dodaq boyaları, dəri üçün nəmləndirici kremlər isə xüsusilə. Ten, ənlik, kirşan və s. yağları istifadə etmək olar. İstifadə müddəti bitəndən sonra 3 ay istifadə etmək məsələsinə gəlincə, bu, ticarət məqsədli fikirlərdir. Elə bir şey yoxdur”.

 kosmetika

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanın kosmetologiya bazarında vəziyyət heç də ürəkaçan deyil: “Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə AİB olaraq bununla bağlı məktub ünvanlamışıq. Orda qeyd olunur ki, bizə ölkə bazarının parfümeriya, kosmetika malları semqetində acınacaqlı vəziyyətlə bağlı çoxsaylı istehlakçı zəngləri daxil olur, istehlakçılar saxta mal nümunələrini təşkilatımıza gətirirlər. Bu vəziyyətdən tək istehlakçılar deyil, eyni zamanda dövlətimizin qanunlarına riayət etməklə qanuni bizneslə məşğul olan sahibkarlar da narahatdır. Qaçaqmalçılıq yolu ilə bazara daxil olan parfümeriya, kosmetika məhsulları heç bir mənşə və gigiyenik sertifikata və ya digər müşahidəedici sənədlərə malik olmadan gömrük və digər rüsumlar ödəmədən sərbəst satılır. AİB-ə daxil olan müraciətlər əsasında aparılan araşdırma zamanı məlum olub ki, bir çox brend məhsulların saxtasını istehsal edib bazara buraxırlar”.

E.Hüseynov qeyd etdi ki, parfümeriya məhsullarının tarixinin keçdiyini bilmək də alıcılar üçün çətindir: “Çünki bir çoxunun üstündə istehsal və son istifadə tarixi yazılmır. Xüsusi kosmetika saytı var, məhsulun üzərindəki kodu daxil etməklə istifadə tarixinin nə zamanadək olduğunu öyrənə bilirsən. Kosmetika istehsalçıları da bunu gizli kodla ediblər, saytı da hər adam bilmir”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir