Jerar Departye

Vergi borcuna görə həbsə düşən, ölkədən qaçan məşhurlar

Baxış sayı: 1. 706

Məlum olduğu kimi, bu günlərdə Vergilər Nazirliyi vergi borcu olan müğənnilərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, vergi borcunu ödəməyən sənətçilərin ölkədən çıxışına qanunlar əsasında qadağa qoyula bilər. Faktiki olaraq ötən il bir neçə əməkdar artisti və sənətçinin ölkədən çıxışına qadağa qoyulduğu haqda məlumat yayılmışdı.

Lakin təkcə yerli sənətçilərimizin deyil, dünyaca məşhur olan ulduzların da dövlətə böyük məbləğlərdə borclu olduqları və borcunu ödəmək istəmədikləri hər kəsə məlumdur. Onların arasında vergi borcuna görə həbsə düşən də, cərimələnən də, hətta ölkədən qaçanlar da var.

Məsələn, məşhur fransız aktyoru Jerar Departye böyük məbləğdə vergi borcunu ödəmək istəmədiyi üçün 2013-cü ildə öz ölkəsindən imtina etmişdi. Aktyor ölkəsini tərk edərək əvvəlcə Rusiyaya gəlmişdi və prezident Putin şəxsən ona vətəndaşlıq pasportunu təqdim etmişdi, şərəfinə ziyafət verilmişdi. Üstəlik aktyora 2 mənzil də hədiyyə edilmişdi. Lakin aktyor sonradan hər iki evi sataraq, Rusiyanı da tərk edərək, Belçikaya yerləşmişdi.

Bu yaxınlarda həyat yoldaşından ayrılan məşhur aktyor Nikolas Keycin də vergi problemləri olub. Belə ki, aktyor uzun müddət vergidən yayınmağa cəhd edib. Hazırda onun vergi borcunun 14 milyona çatdığı iddia olunur. Aktyor həbsə düşməmək üçün problemi aradan qaldırmağa çalışır.

Dünyaca məşhur boksçu Mayk Taysonun da vergi orqanları ilə ciddi problemləri olub. Məlumata görə, boksçunun vaxtilə dövlətə 25 milyon dollar vergi borcu olub. Uzunçəkən çəkişmələrdən sonra boksçu borcunu ödəmək məcburiyyətində qalıb.

Məşhur Hollivud ulduzu Uesli Snayps isə vergi borclarını ödəmədiyi üçün 1999-2004-cü illərdə həbsdə yatıb. Cəza müddətinin qurtarmasına 3 ay qalmış 50 yaşlı aktyorun cəzası ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, “Bleyd”, “Dağıdıcı”, “Fanat”, “Detanator”, “Sərnişin-57” və s. filmlərdə baş rollarda çəkilən Uesli Snayps Hollivudun məşhur simalarından sayılır.

Maraqlıdır ki, dünyanın ən gözəl aktrisalarından biri sayılan Sofi Loren vergi borcuna görə 17 gün həbsxanada yatmalı olub. Aktrisanın vergi orqanları ilə çəkişməsi isə düz 40 il çəkib. Belə ki, məlumata görə, 1974-cü ildə S.Loren həyat yoldaşı Karlo Ponti ilə birlikdə filmlərdən gələn gəlirin bir hissəsini göstərilməyən gəlir vergisi bəyannaməsində təqdim edib.

İstintaq 1982-ci ildə başlayıb. Sofi Loren vergidən yayınma ittihamı ilə 17 gün həbsxanada qalmalı olub. Lakin 2013-cü ildə Kassasiya məhkəməsi 1974-cü ilin gəlir vergisi bəyannaməsini qanuni hesab edən qərar qəbul edib. Aktrisaya qarşı olan bütün ittihamlar rədd edilib.

Dünyanın ən məşhur səslərindən olan Luçana Pavarotti isə vergi borcunu ödəyərək özünü həbsdən qurtara bilib. Belə ki, 2001-ci ildə aparılan araşdırmalar sayəsində məlum olmuşdu ki, ifaçı 1989-95-ci illərdə əldə etdiyi gəliri gizlətməyə çalışıb. Uzunçəkən məhkəmə çəkişmələrindən sonra ifaçı dövlətə 15 milyon ödəyərək həbsdən qurtulmağı bacarmışdı.

Bir müddət əvvəl dünya mətbuatında yayılan məlumata görə, İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər. Məlumata görə, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib.

Dövlət orqanlarının hesablamalarından sonra Ronaldonun 2011-2013-cü illərdə 600 min avrodan çox vergini ödəməkdən yayındığı müəyyənləşib. Bu qanun pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.

Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər – futbolçunun öz günahını etiraf etməsi və vergidən gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir