nigah

Vətəndaş nikahı dünyada və bizdə…

Baxış sayı: 1. 783
Azərbaycanda rəsmi, dini və vətəndaş nikahı deyilən anlayışlar var. Dövlət səviyyəsində tanınan rəsmi dövlət nikahıdır. Ancaq bəzən insanlar vətəndaş, yaxud da dini nikahla kifayətlənirlər ki, bu da gələcəkdə böyük problemlərə səbəb olur. Son vaxtlar ölkəmizdə vətəndaş nikahı ilə yaşayanların sayında artım müşahidə edilir. 
 
2011-ci ilin statistikası rəsmi nikahdankənar doğulan uşaqların ümumi sayının 30 min 983 olduğunu göstərir. Bu doğuşların 5 min 177-i Bakıda, 608-i isə Sumqayıtda qeydə alınıb. 2012-ci ildə isə 27 min uşaq qeyri-rəsmi nikahdan doğulub. 2013-cü ilin statistikasına görə, nikahdankənar doğulan uşaqların sayı 26 mindən çoxdur.
Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici  ölkələrdəkindən fərqlənir. Azərbaycanda vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da dini kəbinlə təsdiq olunur. Avropada isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Qərb ölkələrinin əksəriyyətində ilkin nikahlar rəsmiləşdirilsə də, qısa müddətdən sonra onların çoxu pozulur və qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Müsəlman ölkələrində isə nikahsız yaşamaq doğru sayılmır.
Amerika və Avropa ölkələrində vətəndaş nikahı qeydiyyata alınmır. Avropalılar üçün nikaha girmək və ya nikahsız yaşamaq elə də böyük problem sayılmır. Ancaq bizdə bu böyük problemdir. Çünki Azərbaycanda atalıq-analığın dəqiq müəyyən edilməsi, əmlak bölgüsünə görə nikah bağlanır. Avropada isə uşağın qeydiyyatı ilə bağlı məsələlər həllini tapdığı üçün bu problem heç ağıla gətirilmir. Avropa ölkələrində nikaha girərkən əmlak barədə nikah müqaviləsi bağlanır. Azərbaycanda isə buna pis baxılır və inamsızlıq kimi başa düşülür.
Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova vətəndaş nikahına münasibətinin birmənalı olmadığını bildirdi: “Bu yaxında bizə vətəndaş nikahında olan iki uşaqlı bir qadın müraciət etdi. Uşaqların sənədi, sağlamlıq haqqında arayışları yox idi. Bizə hər şeyi yenidən başlamaq qalırdı. Biz bu ailəni yenidən barışdırdıq və indi ananın və uşaqların sənədlərinin düzəlməsi prosesi ilə məşğuluq. Hətta bu uşaqlardan biri evdə doğulduğu üçün məhkəmədə uşağın olmasını təsdiq etmək və doğum haqqında şəhadətnamə almaq üçün çalışırıq.
Düzdür, bizə müraciət edənlərdən əsas boşanmalar rəsmi nikahlardandır. Amma müraciət edənlərin arasında çətin, çıxılmaz vəziyyətdə olan, heç aliment ala bilməyən və yaxud da uşaqlarını yerləşdirə bilməyən analar var ki, bunların əksəriyyəti vətəndaş nikahı ilə ailə qurub. Vətəndaş nikahına mənim münasibətim birmənalı deyil. Vətəndaş nikahı o halda mümkündür ki, tərəflər öz aralarında kifayət qədər münasibətlərini hər hansısa razılıq əsasında qura bilər. Bunlar müəyyən yaş kateqoriyasında olan insanlardır ki, dünyaya uşaq gətirməyəcək. Dini nikah özü də vətəndaş nikahı kimi tanınır.
Çünki heç bir məhkəmə və qurum dini nikahı rəsmi nikah kimi tanımır. Bu baxımdan dini nikahın özü də vətəndaş nikahı kimi qiymətləndirilir. Kifayət qədər dövlət statistikasında göstərilir ki, il ərzində nə qədər boşanma varsa, onun yarı faizə qədəri vətəndaş nikahında olanlardır”.
M.Zeynalova bu cür nikahlar nəticəsində daha çox uşaqların əziyyət çəkdiyini dedi.
 
Vətəndaş nikahının qanunla qadağan edilməsi məsələsinə gəlincə isə qurum sədri məişət zorakılığının qarşısını almaq haqqında qanunda bu nikahların tanındığını dedi: “Vətəndaş nikahı məişət zorakılığı haqqında qanunda tanınsa da, məhkəmədə tanınmır. Məhkəmədə də o vaxt tanınır ki, şəxs atalıq faktının müəyyən edilməsi ilə bağlı müraciət etsin. Əgər tərəflər arasında rəsmi nikah yoxdursa, hansısa məsələlərlə bağlı müraciət edərlərsə, bu uzun prosedur olur. Əksər vaxtlarda qadınlar məhkəməyə müraciət etmirlər ki, DNT analizinin rüsumu çox böyükdür. Bu baxımdan da kişilər bundan istifadə edib alimentdən qaçmaq üçün bu üsula əl atırlar”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir