komputer

“Virtual xəyanət” və ya “facebook”un yıxdığı evlər

Baxış sayı: 1. 179

Bu gün anasından küsən, atasından inciyən, ərindən boşanan, sevgilisindən ayrılan cumur sosial şəbəkəyə, xüsusən də “facebook”a. Artıq bir neçə dəqiqədən sonra bütün Bakı bilir ki, filankəs boşanır, filankəsi bu gün evdə saçlayıblar, kim rəfiqəsilə dalaşıb, kimi işdə müdir danlayıb… Şəbəkə dostları da başları çıxdı-çıxmadı hərəsi bir qəpikdən şərh yazıb ona ürək-dirək verirlər. Bəs virtual “dost” adlandırdıqlarımız nə qədər dostdurlar? Onları yaxından tanıyırıqmı? Elə ilk fürsətdə vəziyyətdən öz məqsədləri üçün istifadə edənlər nə qədərdir? Bəs sosial şəbəkələr nə qədər ailələri dağıdır?

Görüşləri “bir qadının həyat yoldaşına xəyanət edəcəyindən, ən böyük günaha düşənə qədər” davam edir…

Onlar rəqs dərnəyində tanış olmuşdular. Qəhrəmanımız (şərti olaraq Aysel adlandırırıq) ora bacısı qızını gətirmişdi, tanış olub evlənəcəyi şəxs isə toyunda rəqs etmək üçün rəqs məktəbi axtaran dostu ilə birlikdə gəlmişdi. Bu barədə forumların birində rast gəldiyim bir qadının məktubundan oxudum. Mühafizəkar bir ailənin əxlaq və tərbiyəsilə böyümüş, çoxunun həsəd aparacağı həyat yoldaşı və ailəsi olmasına baxmayaraq, internetin, daha dəqiqi sosial şəbəkənin ucbatından ailəsi dağılan bu qadın başına gələnləri bir-bir anlatmışdı. O, internetə kiminləsə əylənmək məqsədilə girməsə də, sonradan heç özü də hiss etmədən çatda yazışmağa, daha sonra yazışdığı şəxsə bağlanmağa başlayır. Ərindən və evindən soyuyan Aysel bir müddətdən sonra şəbəkənin o biri tərəfində oturan şəxsi sevdiyini anlayır və saatlarla kompüterdə vaxt keçirməsi evdə böyük problemlər yaradır. Öz dili ilə desək, görüşləri “bir qadının həyat yoldaşına xəyanət edəcəyinə, ən böyük günaha düşənə qədər” davam edir. Yazışdığı şəxsin onu aldatdığını biləndən sonra isə intihar etmək dərəcəsinə çatsa da, nə günahlarını yuyub keçmişə qayıda, nə də düşdüyü yolla axıradək gedə bilir…

Çoxlarına təsirli gəlməyə bilər, bəziləri uydurma da hesab edə bilərlər, amma bu, günümüzün reallığıdır. Sosial şəbəkələrin, Azərbaycanda Mark Zükerberqin vətənindən daha məşhur olan “facebook”un ucbatından nəinki ailədaxili münaqişələr, problemlər, hətta boşanmalar və intiharlar da baş verir.

Image result for “Virtual xəyanət”

Türkiyədə hər 5 boşanmadan 4-nün günahkarı “facebook”dur

Əslində, bu proses bütün dünyada aktualdır. Statistikaya nəzər salsaq, ABŞ və Böyük Britaniyada hər 3 boşanmanın 1-i sosial şəbəkələrin ucbatından baş verir. Türkiyə Haliç Universitetinin professoru Osman Özsoyun apardığı araşdırmalara görə, qonşu ölkədə hazırda hər 5 boşanmadan 4-nə səbəbkar “facebook”dur.

Tədqiqatçının sözlərinə görə, ərlə arvadın bir-birinə olan marağının itməsinə səbəb ailəyə çoxlu sayda “virtual qonaqların” daxil olmasıdır: “Bu qonaqlar ərlə arvadı bir-birindən uzaqlaşdırır. Onların maraq dünyasını başqa istiqamətlərə yönləndir. Ər-arvad bir-biri ilə maraqlanmaq əvəzinə “facebook”da yazılanlara üstünlük verir. Bu da qısqanclıq zəminində dava-dalaşların artmasına, nəticədə aradakı bağların qırılmasına gətirib çıxarır”, – professor qeyd edir.

 

Bir evdə yaşayan iki yabançı

Sosial şəbəkələrin ailələrin dağılmasına çox böyük təsiri var. Psixoloq hesab edir ki, ailədaxili sirləri, narahatlıqları, ümumiyyətlə, kimsə kimdənsə küsürsə, onu sosial şəbəkədə paylaşmamalıdır. Bu kimi hallar münasibətlərdə problemlər yaradır. Sosial şəbəkələrdə meydanın böyük olduğunu deyən psixoloq Elnur Rüstəmovun bildirdiyinə görə, insanlar orada qarşısındakının hansı məqsədlə əyləşdiyini bilmir: “Kiminsə bir narahatçılığı və ya içində bir boşluq ola bilər. Həmin şəxs sosial şəbəkələrdə başlayır kiminləsə yazışmağa, sonra onların arasında emosional bağlılıq yaranır. İnsan köməyinə görə özünü ona mənəvi cəhətdən borclu hesab edir. Nəticədə bir bağlılıq yaranır, yanlış yönlənmə olur. Əvvəl-əvvəl boşanmaya gətirmir, yavaş-yavaş soyuqluq yaradır, tərəflər arasında gözləntiləri dəyişir. Zaman keçdikcə bu ailədaxili konfliktlərə gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, ər və arvad bir-birinin sosial şəbəkə parolunu bilməlidir. Bu kiminsə hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə olanda tərəflər bir-birilərinə qarşılıqlı məsuliyyət hiss edirlər. Bir-birinin arasında güvən yaranmalı, sosial şəbəkələrdən istifadə edərkən şəxsi problemlərini statuslarına yazmamalıdırlar. E. Rüstəmovun sözlərinə görə, zamanın çox hissəsini internetdə keçirmək səbəbindən ər-arvad bir evdə iki yabançı kimi yaşayırlar.

Image result for “Virtual xəyanət”

“Virtual xəyanət”in qurbanları…

Sosial şəbəkələrdən qeyri-düzgün istifadə səbəbindən artıq Azərbaycanda son bir neçə ildə “virtual xəyanət” termini formalaşmağa başlayıb. Sosioloq Əhməd Qəşəmoğlunun verdiyi məlumata görə, sosial şəbəkələr ucbatından ailələrin dağılması qadınlarımızın maariflənməməsilə bağlıdır: “Bizim qadınların çoxu qapalı şəraitdə yaşayıblar, maarif səviyyəsi və cəmiyyətdəki maraqları aşağıdır. Ən mühüm təsir göstərən və sosial şəbəkəni də təhlükəli edən səbəb cəmiyyətdə get-gedə mənəvi amillərin gücünün azalmasıdır. Əhalinin mənəvi amillərdən soyuması səbəbindən, xüsusən qadınlar tez zamanda daha çox aşınmaya məruz qalırlar”.

Sosioloji baxımdan yanaşsaq, burada, qadınların avamlığı rol oynayır. Bir çox hallarda qadınlar həyat yoldaşlarından eşitmədikləri sözləri sosial şəbəkədə çoxundan eşidirlər. Qulaq buna öyrəndiyindən daha çox eşitmək istəyir və beləliklə, mənəvi aşınma baş verir.

Ekspertin sözlərinə görə, proses belə davam edəcəksə, bu, daha geniş miqyas alacaq və Türkiyədəki kimi bizdə də boşananlardan 4/5-ü sosial şəbəkələrə görə olacaq. Bunun qarşısını almaq üçünsə təcili tədbirlər görülməlidir. Ekspertin sözlərinə görə, Azərbaycan əhalisinin risqə məruz qalan hissəsinin sayı 2-3 milyon olar. Bu qədər adamda ictimai rəyi formalaşdırmaq o qədər də çətin deyil: “Azərbaycan Çin, Hindistan, Rusiya deyil. İctimai rəyi formalaşdırmaq daha asandır. Bunun öz mexanizmi var. Sadəcə olaraq, bunlardan elmi metodlarla istifadə etmək olar. Maariflənmək, elmi-tədqiqat metodları olmasa, burada heç bir iş görmək olmaz. Mənəvi amilləri gücləndirmək üçünsə, aşağı sinif şagirdləri və valideynlərdən, ictimai təşkilatlardan başlamaq olar”.

Tədqiqatlara görə, bu gün Azərbaycanda ən çox boşanmalar xasiyyətlərin uyğun gəlməməsi, ərin və ya arvadın zərərli vərdişlərə aludəçiliyi, narkomaniya, alkoqolizm, normal insan davranışlarına əməl etməmək, məişət zorakılığı, xəstəlik, cinayət məsuliyyətinə cəlb olunma səbəbindən uzun müddət ailələrin bir-birindən soyuması, ailədə uşağın olmaması səbəbindən baş verir

 

 

Gülnar Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir