Samire Imanova

Xalq artisti: “Anama da həmişə deyirdilər ki, nəbadə qız artist ola ha…” – MÜSAHİBƏ

Baxış sayı: 502

Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. “Nəsildən nəslə” rubrikamız məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.

Rubrikamızın bugünkü qonağı tanınmış xanəndə, xalq artisti Simarə İmanovadır.

 

 

“Nəbadə qız artist ola ha…”

 

– Simarə xanım, bu sənətə necə gəlişinizi bilmək maraqlı olardı…

– Uşaq yaşlarından bu sənəti sevdim. Atam, qardaşlarım istəmirdilər ki, mən bu sənətdə olum. İndi valideynlər uşaqlarına şərait yaradırlar, istedadı üzə çıxarırlar. Əvvəl çətin idi. Heç bir valideyn nəinki istəməzdi övladı xanəndə olsun, incəsənətdə oxumağa belə razılıq vermirdilər. Mən də onlardan biri idim. Amma şükürlər olsun ki, evdə anam mənə dəstək oldu. Atamın bir ümidi vardı ki, uşaqdır, indi oxuyar, sonra çəkindirərik, həvəsi ölər. Amma elə olmadı. Gündən-günə gördülər ki, mənim həvəsim lap da üstələyir. Daha da istəyirəm ki, bu sənətin davamçısı olum. Belə də oldu…

O vaxtlar İmişli rayonunda muğam və ya başqa dərnəklər təşkil olunurdu. Vahid Əliyev gözəl muğam ifaçısıdır. Rəhmətlik Nəriman Əliyevin tələbəsi olub. Mən onun yanına getdim, muğam dərnəyinə yazıldım. Dörd il orda kiçik həcmli muğamları, xalq mahnılarını öyrəndim. Orda oxuya-oxuya rayonun bütün rəsmi tədbirlərində iştirak edirdim. İmişliyə Əlqulular kəndindən gəlib-getmək çox çətin idi. Yollar bərbad gündəydi. Qışda çox çətin olurdu.

Orta məktəbi bitirəndən sonra hazırlığa getdim. Valideynlərim məni həkim görmək istəyirdilər. Mənsə özümü həkim kimi görmürdüm. Dayılarım da həkim olmağımı istəyirdilər. Anama da həmişə deyirdilər ki, nəbadə qız artist ola ha… O vaxt insanlarda bir psixologiya formalaşmışdı ki, qız ancaq həkim olar. Ailədə hamı elə bildi ki, sənədlərimi həkimliyə verəcəyəm. Amma mən anamı çıxmaq şərti ilə hamıdan xəbərsiz sənədlərimi aparıb Asəf Zeynallı adına Musiqi Texnikumuna verdim. Və qəbul olundum. Bir amalım vardı ki, muğamları daha da mükəmməl öyrənim. Çox böyük həvəsim var idi. Amma indiki uşaqlarda görürsən ki, əvvəlki həvəs yoxdur…

Mənə dedilər ki, ustad sənətkarımız Ağaxan Abdullayevin sinfinə qəbul olunmusan. Çox sevindim ki, belə bir ustad sənətkarın sinfində dərs alacağam, muğam sənətinin sirlərinə yiyələnəcəyəm.

Image result for samirə imanova

– Adı çəkilmişkən, Ağaxan Abdullayevi necə xatırlayırsınız?

– Həmişə mənə böyük diqqət göstərirdi. Deyirdi ki, məni gələcəkdə bir xanəndə kimi görür. Sinfə girəndə birinci mənim hal-əhvalımı soruşurdu. Nə istəyirdim, öyrədirdi. Mənə qarşı biganə deyildi. Müəlim bilir ki, hansı uşaq doğulanda muğam ifaçısı kimi doğulub, onun gələcəyini görür. Bilir ki, ona təkan versə, kömək etsə, gələcəyin xanəndəsidi. Ağaxan müəllim çox böyük sənətkar idi. Mən onunla dövlət tədbirlərində, xarici səfərlərdə, el şənliklərində olmuşam. O özü məni toya aparırdı, deyirdi ki, xanəndə toyda püxtələşməlidi. Ağaxan müəllim bizə şərait yaradırdı. O vaxt oxumaq üçün elə də meydan yox idi. İndi Muğam Mərkəzi açılıb. Kimin ürəyi istəyir, gedib konsert verə bilər. Sənətkarlardan tutmuş, tələbəyə qədər. Səhnələr boldu. Amma o vaxt bir az çətin idi…

Bir dəfə Ağaxan müəllim Parisdə konsertdə idi. Az.TV-də xəbər getdi ki, Ağaxan Abdullayev Parisdə fransızlara konsert verib. Fransızlar da onu çox gözəl qarşılayıblar. Qayıdanda biz ona sual verdik ki, fransızlar muğamı başa düşmürlər, bəs onu necə qarşıladılar? Dedi ki, mən də belə təsəvvür eləmirdim. Bizim muğamımızı çox gözəl qarşıladılar. Dedi ki, fransızlar məndən növbəti konsert -tələbə-müəllim konserti istəyiblər. Tələbələrə dedi ki, “yəqin, məndən inciməzsiniz, mən orda Simarə İmanovanın adın verdim. Mən inanıram ki, bizim Simarə ilə Parisdə konsertimiz çox möhtəşəm olacaq. Mənim ona çox böyük inamım var”. Bu sözü eşidəndən sonra tələbələr arasında rəqabət yarandı. Gərək müəllimin tələbəyə nə qədər inamı ola ki, onun xəbəri olmadan adını xaricdə keçiriləcək konsertin proqramına verə.

O vaxt əlçatmaz idi ki, tələbə getsin xaricdə konsert versin. Belə bir şey adamın ağlının ucundan keçməzdi. Dərs qurtarıb, indi həm sevinirəm, həm də böyük həyəcanım var. Elə bil göydə uçuram. Həyəcanlanıram ki, Ağaxan müəllimlə bir səhnəni paylaşacağam. Biz orda muğamlarla bağlı müəllim-tələbə konsert verəcəyik…

Bizim Parisdə o qədər gözəl müəllim-tələbə konsertimiz oldu ki, dillə deyə bilmirəm. Biz orda “Mirzə Hüseyn” , “Mahur-Hindi”, “Simayi-Şəms”, “Heyratı”, “Qatar”, “Şahnaz”, “Çahargah” muğamlarını oxuduq…

 

Şərq bülbülü…

 

– Siz çox gənc yaşlarda böyük uğurlar qazanmıısnız. “Şərq bülbülü” adını almısınız. Bu adı qazanmaq üçün nələr etdiniz?

– Mən Asəf Zeynallı adına Musiqi Texnikumunda üçüncü kursda oxuyanda dövlətimiz tərəfidən əməkdar artist adına layiq görüldüm. Onda 19 yaşım var idi. Özbəkstanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalı vardı. Özbək xalqı çoxdanmış, bu festivala haırlaşırmış, amma alınmırmış. Nəhayət, bu festival 1997-ci ildə baş tutdu. Onda da mən dövlət tərəfindən tanınırdım. Ulu Öndərimizin də mənə çox böyük diqqəti var idi. Onun təyyarəsi ilə, özünün şəxsən diqqəti ilə xarici ölkələrə gedirdim. Ulu Öndərimizdən şəxsən elə bir diqqət görmüşəm ki… Göydə təyyarə uça-uça onun oturub mənimlə söhbət eləməyi, əhvalımı soruşmağı gənclərə diqqət-qayğısının böyük nümunəsi idi. Bu gün bu sənətdə varamsa, Ulu Öndərimizə borcluyam…

1994-cü ildə 8 mart Qadınlar Günündə Rəşid Behbudov adına Mahnı Teatrında “Şahnaz” muğamını oxudum. Ulu Öndərimizə o qədər gözəl təsir bağışlamışdı ki… Sənət adamları ilə səhnəarxası görüşdə mən də qıraqda durmuşdum. Mənə dedi ki, “qıraqda niyə durmusan, gəl bura. Sən bu gün məni çox kövrəltdin. Bu cür gözəl səsin var, nəvaxtdandı səhnələrdə yoxsan”. Üzünü sənət adamlarına tutub dedi: “Mən istəiyirəm ki, belə gənclərimizə həmişə təkan verək, şərait yaradaq”. Polad Bülbüloğlunu çağırdı. Ona dedi ki, “iki-üç gündən sonra Tiflisə gedirəm. Simarə qızımız mənim təyyarəmdə olsun. Bundan sonra Prezidentin iştirak etdiyi tədbirlərdə iştirak etdim.

Heydər Əliyevin də xəbəri var idi ki, Özbəkistanda “Şərq təranələri” festivalı keçirilir. Mənə dedilər ki, sən bu festivalda iştirak eləməlisən. Elə eləməlisən ki, adımızı batırmamalısan. İnanırıq ki, sən orda ən yüksək ada layiq görüləcəksən. Orda da 46 ölkənin musiqiçiləri iştirak edirdi. Onların arasında Özbəkstanın xalq artisti Munacat Yolçuyeva da var idi. Onunla rəqib idim. Biz ora xalq artisti, tarzən Zamiq Əliyev və kamançaçı Ədalət Vəzirovla getmişdik. Səsvermədə bildirdilər ki, tamaşaçılar istəyir ki, Azərbaycan daha çox səhnədə konsert versin. İyirmi gündür, ordayıq, çətinliklər, həyəcan… Bütün ölkələrdən 20-30 nəfər gedib, bizdən isə 3 nəfər. Axırıncı gün idi. Hər ölkənin təmsilçisi özünü səhnədə beş dəqiqə göstərməliydi. Rejissor bizə yaxınlaşdı. Dedi ki, səhnəyə neçə stul qoymalıyıq. Dedim, üç. Rejissor güldü. Dedi ki, “elə 3 nəfər, siz nə danışırsınız? Ola bilməz”. Ədalət müəllim də dedi ki, “qardaş, demirsən neçə stul, deyirik üç stul bəsdi bizə. Qalanı artıqdır bizim üçün. Üç stul qoy. Üç dənə də mikrofon olacaq”. O da qayıtdı ki, “o biri ölkələrin 20-30 ifaçısı var, bunların qarşısında üç stul nə edəcək?”. Şükürlər olsun ki, o üç stulun gücü sonradan göründü. Səhəri gün bizi “Requstun” zalına yığdılar. Zal əzəmətli, gözəl zal idi. Festivalda iştirak edən bütün ölkələrin bayraqları qoyuldu. Hansı ölkə qalib gəlirdisə, bayraq qalxırdı, dalğalanırdı. Üçüncü yerdən başladılar. Azərbaycanın adı çıxmadı. Rahat oldum ki, ikinci yeri mənə verərlər. İkinci yerdə də mənim adım çıxmadı. Bu arada Özbəkstana aid şeir səsləndi. Dedilər ki, birinci yer Özbəkstanındı. Munacat Yolçuyevanın adı çəkildi. Bayraq qalxdı. Munacat xanım donub qalmışdı: axı “Qran-Pri” mənimdi, nə təhər ola bilər ki, onu cavan bir uşağa versinlər. Siz səhv deyirsiniz. Sifətində bir hirs var idi. Onu mükafatı almağa güclə göndərdilər. Salonda tək qaldım. İndi bir ağlamaq tutub məni. İlk dəfə sevincdən ağlamağı onda gördüm. Sevincimin həddi-hüdudu yox idi. Fikirləşirdim, Allahım, şükürlər olsun ki, mən başıuca, üzüağ vətənimə dönəcəyəm. Mən ən böyük mükafata, birinci yerdən də yüksək “Qran-Priyə layiq görüldüm. Azərbaycanın bayrağı qalxdı. Səməd Vurğunun “Azərbaycan” şeiri oxundu.

Mükafatı alandan sonra zalın pilləkənlərini düşürəm. Elə bilirəm ki, düşmürəm, uçuram. Milli geyimdə, kəlağayı başımda. Həmin rejissora dedik ki, gördün üç stulun gücünü? Doğrudan da, bu, Azərbaycan musiqisinin möhtəşəmliyi, Azərbaycan muğamının gücüdü. Musiqimizin kökü muğamdı. Bütün ölkələr də etiraf edir ki, bizim muğamımız möhtəşəmdi. Heç bir musiqi onun qarşısında tab gətirə bilməz.

Beləcə, həmin mükafatı alan adam festivalın şərtlərinə görə “Şərq bülbülü” adına layiq görülür. O vaxt Özbəkistan televiziyası mənə həsr olunmuş “Şərq bülbülü” verilişi hazırladı. Özbəkstanın mərhum prezidenti İslam Kərimov bizim Ulu Öndərə zəng vurub, təbrik edib. Deyib ki, Azərbaycandan bir balaca qızcığaz gəldi, bizim xalq artistimiz Munacat Yolçuyevanı geridə qoydu. Sizin qız “Qran-Pri”-yə layiq görüldü.

Ordan gələndən sonra “Gülüstan” sarayındakı tədbirdə Ulu Öndər dedi ki, “mən inanırdım, sən nəinki birinci yerə, “Qran-Pri”yə layiq görüləcəksən. Mən səndəki istedadı görmüşdüm”. Bundan sonra da əməkdar artist adına layiq görüldüm. Onda 19 yaşım var idi. Bu da çox böyük səs-küyə səbəb oldu. Mən onda kirayədə qalırdım. Çox utancaq qız idim. Deyə bilməzdim ki, evim yoxdu. Deyirdim hər şeyim var. Amma indiki cavanlardan soruşsan ki, hansı problemin var, hamısını bir-bir sayarlar…

 

“Bu sənəti atsam, ölərəm, ömrüm azalar”

 

 – Bəs indi hansı arzularla yaşayırsınız? Hansı zirvələri fəth etmək istəyirsiniz?

– Ən böyük arzum odur ki, xarici ölkələrdə, böyük-böyük konsert salonlarında oxuyum.

Övladlarım vətənə layiq insan olsunlar. Həmişə başımı uca etsinlər. Mən də baxım, fəxr eləyim.

Arzu heç vaxt bitmir. Həmişə arzudan arzu doğur…

Related image

– Övladlarınız demiş, sənətinizi davam etdirən varmı?

– Hal-hazırda çox istəyərdim ki, övladlarımdan mənim sənətimi davam etdirən olsun. Amma mən onlara azadlıq verdim. Mənim sənətimi istəmərəm ki, cılızlaşdırsınlar. Doğrudan da, görərəmsə, övladlarımdan hansı birindəsə yüksək istedad var, gələcəkdə öz sözünü deyə biləcək, ona şərait yaradaram. Allah o səsi, qabiliyyəti hər kəsə vermir. Mən də oğluma şərait yaratdım, dedim ki, bəlkə tara gedəsən. Uşağın fikrini öyrənəndən sonra xalq artisti Zamiq müəllim tarını da özü almışdı. Aparıb musiqi məktəbinə də yazdırdıq. İnanın ki, tar hələ də evdə durur. Amma gördüm ki, o uşağın istəyi yoxdu. Oğlumun idmandan ötrü ürəyi gedir. Mən ona azadlıq verdim. Hazırda 11-ci sinifdə oxuyur. Qabiliyyətli uşaqdı.

Qızım beşinci sinifdə oxuyur. Səsi var, oxuyur. Həm də pianoya gedir. Gələcəyi də yaşayıb görərik…

 

– Siz həm də İncəsənət Universitetində dərs deyirsiniz. Tələbələrinizlə necə işləyirsiniz?

– İncəsənət Universitetini bitirəndən sonra burda müəllim kimi fəaliyyət göstərirəm. Umidverici tələbələrimiz var. İnanırıq ki, həm bizim, həm də Universitetimizin başını uca edəcəklər. Onların içindən muğamımızı layiqli çiyinlərində daşıyanlar olacaq.

 

– Hansı kitabları oxuyursunuz?

– Ən çox Füzuli, Nəsimi, Vahid, Seyid Əzimi oxuyuram. Biz muğam ifaçıları ən çox qəzələ üstünlük veririk. Əzbərləyirik ki, baqajımızda qəzəllər daha çox olsun.

Mütaliə eləməyi də çox sevirəm.

 

– Hansı musiqiləri dinləyirsiniz?

– Muğam ifaçısıyam, amma tək muğamı dinləmirəm. Muğamla bərabər estradaya, pop janrına, xarici musiqilərə də qulaq asıram. Türk sənət musiqiçilərinə qulaq asmağı sevirəm. Azərbaycanda nə qədər korifey sənətkar var, istər dünyasını dəyişmiş, başda mənim ustadım Ağaxan Abdullayev olmaqla, istərsə də həyatda olan ustad sənətkarların hamısına qulaq asıram. Efirdə beş gün populyar olan mahnılar olur. Elə şeylərə qulaq asmıram. Onlara qulaq assam, özümü narahat hiss edərəm.

 

– Sənətdə idealınız kimdi?

– Sənətdə idealım Ağaxan Abdullayevdi. Ağaxan Abdullayev elə bir sənətkar idi ki, xəstə də olsa, tamaşaçı qarşısında elə ifa edirdi ki, tamaşaçı hiss edə bilməzdi ki, ifaçı xəstədi, ya sağlamdı. Səhnədən qorxmurdu. Bütün korifey sənətkarlarımıza hörmətim var. Amma, doğrudan da, Ağaxan Abdullayev mənim idealımdı.

 

– Dəvət aldığınız bütün verilişlərə gedirsiniz?

– Hansısa bir televiziyadan dəvət edirlər, o verilişə baxmasam da, internet vasitəsilə girib baxıram, görüm nə verilişdi, səviyyəsi nədi? Mən gözəl insan, gözəl sənətkar, tarzən Ramin Rzayevlə bir yerdə işləyirəm. Ondan soruşuram ki, filan verilişə dəvət ediblər, o veriliş nə təhər verilişdi? Yaxşıdısa, deyir ki, bu verilişə getmək olar. Və yaxud da deyir ki, bu veriliş sənlik deyil. Baxıram ki, o verilişdə mən özümü görməliyəm. Özümü orda görmürəmsə, mənim ora getməyim lazım deyil. Bir neçə dəfə də olub, verilişə getmişəm, görmüşəm, mənimlə bahəm elə insanlar dəvət olunub ki, o verilişdə çıxıb görsənməkdənsə, görsənməməyi üstün tutmuşam. Bizdə yalan-palan çoxdu. Olmayan şeyi elə tərifləyirlər, qalırsan belə ki, bunun nəyini tərifləyirsiniz. Qiymətsizə özündən artıq qiymət vermək bizi cılızlaşdırır. Çox aparıcılar belədi. Mən bunu görürəm, acıyıram. Hətta bu sənətdən çıxıb getməyim də olub. Ancaq görürəm ki, bu sənəti atsam, ölərəm, ömrüm azalar. Elə verilişlər var ki, çox bərbad gündədi. Onu da bizim aparıcılar həddindən artıq şişirdirlər. Get-gedə hər şey ələnir, göz qabağındadı. Elə musiqilər var ki, muğam səviyyəsində deyil, onu elə edirlər ki, muğam səviyyəsinə qaldırırlar. Bəzilərini elə təqdim edirlər ki, elə bil, böyük ustaddı. Əslində elə deyil. Bizdən sonra gələn nəsillər var. Bizlər bunu belə qələmə veririksə, onda vay bizim halımıza…

“Duzlu da yeyirəm, yağlı da…”

 

– Hazırda sənətlə bağlı hansı planlarınız var?

– Planlarımız çoxdu. Bəzi şeylər var ki, onlar insanın qarşısına məhdudiyyət qoyur. Mənim ən böyük arzumdu ki, Heydər Əliyev Sarayında böyük bir konsert verim. Niyə də olmasın axı? Amma mənim buna maddi tərəfdən imkanım yoxdu. Bəzi muğamlar var ki, Ramin Rzayevlə lentə almışıq: “Mirzə-Hüseyn” dəsgahı, “Mahur-Hindi”, “Şüştər”, “Bayatı-Şiraz”, “Çahargah”. Ritmik muğamlardan “Osmanlı”, “Qarabağ şikəstəsi”, “Heyratı”, “Kəsmə şikəstə”, “Simayi-Şəms”i göstərmək olar. Çox böyük arzumdu ki, bunları kimsə mənə kömək edə, studiyada diskə yazdıraq. Bu gün bir xanəndə kimi mənim enerjim, səsim buna imkan verir. Sabah yaşa dolanda bilmirəm ki, səsim, ya sağlamlığım buna imkan verəcək, ya yox.

Amma bu gün hələ cavanam, sağlamam. Allah hər birimizə can sağlığı versin.

 

– Səsinizi necə qoruyursunuz?

– Mənim səsimi Allah qoruyur. Qışda dondurma yemirəm, soyuq su içmirəm. Soyuducudan soyuq meyvə yemirəm. Amma istiotlu da, duzlu da, yağlı da yeyirəm. Təbii ki, səhnəyə çıxanda ləpə yeyərsən, səsini tutar, boğazını qıcıqlandırar.

 

– Hobbiniz nədir?

– Boş vaxtım olanda çalışıram ki, uşaqlara daha çox vaxt həsr eləyim. Bir də təmizlik işləri üçün ürəyim gedir.

Elə kitab var ki, oxuyuram, ondan nəsə öyrənim…

 

– Ən çox nədən əsəbiləşirsiniz?

– Bəlkə də ilk baxışdan çox sakit adama oxşayaram. Amma çox əsəbi insanam.

– Paxıllığınızı çəkənlər var?

– Mənim heç kimlə ədavətim yoxdu. İstər sənət adamı, istər adi insan olsun. Allaha inanan adamam. Kiməsə pislik edim, kiməsə pis iş qurum, bu mənlik deyil. Həmişə çalışaram ki, bir insana yaxşılıq edim. Qaldı ki paxıllığa, insan ola, o insanın paxıllığını çəkən olmaya? Bu, mümkünsüzdü. Əgər sənin bostanına daş atırlarsa, deməli, sənin varlığın var bu dünyada.

 

– Qalmaqallarla münasibətiniz necədir?

– Bir neçə telekanaldan mənə deyiblər ki, gəl belə bir veriliş hazırlayaq, orda böyük bir qalmaqal olsun. Həmişə elə şeylərdən qaçıram. Özüm özümə sual verirəm ki, Simarə İmanova, sən bu sənətə gələndə qalmaqalla gəlmisən? Sənətlə gəlmisən. SMS, qalmaqalla gəlməmisən ki, bugünkü gündə də göz önündə olasan. Problemlərimi həll eləyən insan olsun. Mən də oturum sənətlə məşğul olum.

 

– Toylara gedə bilirsinizmi?

– Sənət adamlarının qazancı elə toylardan olur da. Əvvəldən sənət adamlarını xalq saxlayıb. Bizim də gözümüzü dikdiyimiz yer toydu. Deyirik ki, qəşəng toy olardı, bilərdik ki, beş manat qazanacağıq. Amma deyə bilmərəm ki, 10 min verməlisən, gəlim toyunda iştirak edim. İnsanları gərək başa düşəsən. Bir də ki, bugünkü gündə toy da yoxdu.

 

– Hazırda hansısa mükafat gözləyirsiniz?

– Sağ olsun bizim dövlətimiz. Allah Prezidentimizin canını sağ eləsin. Muğamımıza diqqət göstərir. Vaxt var idi mən

xarici səfərlərə gedəndə deyirdim ki, kaş bu festivallar bizim Azərbaycanda da olaydı. Bugünkü gündə Mehriban Əliyeva bu şəraiti bizim cavanlar, bizlər üçün yaratdı. İndi bizim Azərbaycanımızda da belə festivallar keçirilir.

Sənət adamı istəyir ki, həmişə ona dövlət tərəfindən yaxşı-yaxşı mükafatlar verilsin. Mən hazırda prezident mükafatı alıram. Amma mükafatların hamısını istəyirəm. Niyə də olmasın? Cavan adamam. Mənim bu dəqiqə oxuyan vaxtımdı. Biz yaradıcı insanlarıq, həmişə öz üzərimizdə işləyirik. İstəyirik dövlət tədbirlərində iştirak edək, xarici səfərlərə gedək, göz önündə olaq.

 

Namiq Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir