Hemide Omarova

Xalq artisti Həmidə Ömərova: ” Çoxları o filmə baxandan sonra deyirdilər ki…”

Baxış sayı: 1. 816

Bugünki müsahibim oynadığı rolları ilə minlərlə tamaşaçının qəlbinə yol tapan, yaratdığı hər bir obrazın iç dünyasını bəyan edən,peşəkar aktrisa, gözəl qadın və çox sadə bir insan, xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, kinoşünas Həmidə Ömərovadır. Müsahibə zamanı kinoaktrisa onu kinodan teatra gətirən səbəbdən, müasir Azərbaycan kinosunun əsas problemindən və rol aldığı məşhur filmlərin birində baş vermiş dəhşətli hadisədən danışdı. 

 

–         Sizi tamaşaçılar daim kino aktrisası kimi tanıyıb, amma bir neçə ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Ə.Əmirlinin “Hasarı o üzü” tamaşasında baş rollardan birini ifa edirsiniz. Sizi teatra gətirən səbəb nə oldu?

–         Düz deyirsiniz mən əslində kino aktrisasıyam. Diplomum teatr və kino aktrisalığı üzrə olsa da tale belə gətirdi ki, mən teatrda yox, kinoda çəkilməli oldum. Universiteti bitirəndən sonra üç filmə təsdiq olundum. Bununla da hər il 2-3 filmdə baş rolda çəkilirdim və beləcə kinoya bağlandım. Kurs yoldaşlarım Fərhad İsrafilov, Sonaxanım Mikayılova və digərləri teatr sahəsində çalışıblar. Biz Moskva Kinematoqrafiya İnstitunda oxuyarkən dörd diplom tamaşası vermişik. Biz orada kinoya çəkilmirdik, sadəcə kino aktyorluğu fakültəsini bitirmişik. Üç il bundan əvvəl mənə belə bir təklif gəldi ki, dramaturq Əli Əmirlinin “Hasarın o üzü” tamaşasında Humay obrazını oynayım. Mənimlə eyni səhnəni gözəl aktyorumuz Nurəddin Mehdixanlı və GTT-nın dörd aktrisası bölüşür. Bu teatrın kollektivinə heyran oldum və üç ildir ki, onlarla bərabər adını çəkdiyim tamaşada çıxış edirəm. Etiraf edim ki, kino məni o qədər özünə bağlayıb ki, mən hələ də teatrı kino qədər sevmirəm. Başa düşürəm ki, teatrın kinodan çox böyük üstünlükləri var. Məsələn, kinoda bir dəfə səhv etdinsə, o ömürlük ekrana həkk olunur, amma teatrda bir gün tamaşanı zəif oynaya bilərsən, növbəti dəfə isə o səhvləri düzəldib daha mükəmməl oynaya bilərsən. Bu baxımdan teatrın bu müsbət cəhəti əvəzsizdir, amma kino – sənətdir. Kino sənin gəncliyindir, çünki 20,25,30 il əvvəl çəkildiyin filmlər artıq Azərbaycan kinosunun salnaməsidir. Hər dəfə mən o filmlərə baxanda geri qayıtmayacaq gözəl xatirələri yada salıram. Ömrümün çox hissəsi kino ilə bağlı olduğuna görə də kinonu daha çox sevirəm. Mən Ə.Əmirlinin bu əsərini oxuyanda çox kövrəldim. Fikirləşdim ki, əgər bu məni bir oxucu kimi kövrəldirsə, demək ki, tamaşaçılara da mütləq təsir edəcək. Obrazım mənim kimi inanclı bir xanımdır, onun fikirləri ilə tam razıyam. Mən çalışıram ki, ən ağır səhnələrdə belə ağlamayım, amma göz yaşlarım mənim sözümə baxmır. Müəllimim Yevgeniy Semyonoviç hər zaman deyirdi ki, siz çalışmalısınız ki, ağlamayasınız, ağladasınız.

 

–         Hasarın o üzündən teatr necə görünür?

–         Çox sirli, möcüzəli, tamaşaçını daim heyrətləndirən bir aləm.

həmidə ömərova üçün şəkil nəticəsi

–         Sovet dövrünün kinosunu görmüsünüz, bir çox peşəkar rejissorlarla çalışmısınız. Yəqin ki, tez – tez müasir kino çəkilişlərini sovet dövrünün kino çəkilişləri ilə müqayisə edirsiniz…

–         Mən bir söz desəm gülmək tutar sizi (gülür – red.). Mənim müqayisə etməyə halım belə yoxdur. Bu yaxınlarda rejissor Kənan Musayevin “Zaman adlı qatar” filminə çəkildim. O filmin Nizami Kino Mərkəzində premyerası keçirildi. Çoxları o filmə baxandan sonra deyirdilər ki, film alınıb. Tamaşaçıları ağladan, onlara təsir edən bir film ərsəyə gəlmişdi. Müasir filmlərin üstündən gərək 10-15 il keçsin ki, tamaşaçılar ona real qiymət verə bilsinlər. Mən deyərdim ki, sovet dövrünün öz texnologiyası var idi, amma ürəklə çəkirdilər. Rejissordan tutmuş ən kiçik işçiyə kimi hər kəs filmə can qoyurdu. İndi texnologiya güclüdür, amma nəsə çatmır. Kinomuzun ən zəif cəhəti prokatın düzgün təşkil olunmamasıdır. Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində təşkil etdiyi tədbirlərin birində mən iran kinematoqrafçılarının “143-cü çuxur” filminə baxdım. Filmi çəkən qadın rejissor Nərgis Abyar nümayişdən sonra bizim tələbələrlə görüşdü. Söhbət əsnasında dedi ki, İranda hazırda 600-dən çox qadın rejissor var və iran kinematoqrafiyasında dövlət tərəfindən çəkilən filmlərdən əlavə iki – üç dəfə çox kinosevərlərin çəkdiyi çox səviyyəli filmlər var. Nərgis Abyarın peşəkar rejissor olmamasına baxmayaraq, onun çəkdiyi həmin “143-cü çuxur” filmi 27 beynəlxalq mükafata layiq görülüb. Bu barədə mən çox düşündüm. Deməli, təxminən 20 il bundan əvvəl İranda bədii filmə çəkilirdim və maraqlı bir faktla rastlaşdım. Orada peşəsindən aslı olmayaraq, kim kino çəkmək istəyirdisə, hökümətdən subsidiya alırdı. Əgər həmin film prokatda uğur qazanırdısa, həmin rejissor yenidən subsidiya ala bilərdi. Bu proses İranda 20 il bundan əvvəl başlayıb. Ona görə də orada çoxlu kinosevərlər yetişdi və kino prokatı çox güclü inkişaf etməyə başladı. Kino özünü o qədər maliyyələşdirdi ki, yeni gənc rejissorlar yetişdi. Bizdə isə kino prokatı demək olar ki, yoxdur. Baxın, “Zaman adlı qatar” bədii filmi hökümətin dəstəyi ilə çəkilməyən bir filmdir. Həmin filmin prokatı düzgün təşkil olunmadığından film ona yatırılan sərmayəni yığa bilmədi. Ölkəmizdə prokat sistemi düzgün təşkil olunmayıb, filmləri düzgün reklam etmirlər, menencmentlik yox dərəcəsindədir. Bütün bu səbəblər kino çəkmək istəyənlərin əl-ayaqlarını bağlayır. Həmin istedadlı gənc yenidən film çəkmək üçün sponsor tapa bilməyəcək ki, yenidən nəsə çəkə bilsin. Digər ölkələrdə isə rejissora kömək edirlər, filmin prokatını təşkil edirlər. Prokat çox mürəkkəb sistemdir. Bizdə türk istehsalı olan filmlər yerli filmlərimizdən daha çox reklam edilir.

 

–         500-dən çox bədii filmin dublyajında iştirak etmisiniz. Dublyajla bağlı hansı xatirələriniz qalıb?

–         Onu deyə bilərəm ki, dublyaj çox mürəkkəb sənətdir və hər aktyor bunu bacarmır. Elə də olur ki, hansısa bir aktyor yalnız dublyaj sahəsində şöhrət qazana bilir. Mənim bəxtim onda gətirdi ki, mən uzun illər “Azərbaycanfilm” kinostudiyasında dublyajla məşğul olmuşam. Onu da deyim ki, bir neçə çəkildiyim filmləri özüm səsləndirməmişəm. Məsələn, “Nizami” filmində Afaq obrazımı Əminə Yusifqızı səsləndirib. İlk dəfə mən Şamil Mahmudbəyovun dəvəti ilə “Assa” filmində baş rolu səsləndirdim. Son dublyaj etdiklərimin arasında isə “Həzrəti Yusif” serialı və “Maqdalena” filmi olub. “Həzrəti Yusif”ə razılıq vermək istəmirdim, çünki özümü evdəki kiçik problemlərimə görə seriallarla bağlamaq istəmirdim. Bu serialı dublyaj etmək təklifini alanda özüm bilmədən razılıq verdim. “Həzrəti Yusif”i Azərbaycanda edilən ən uğurlu dublyajlardan biri sayıram. Bundan əvvəl isə mən bir çox sənətkarlarımızla bərabər “İmam Əli” bədii filmində Qutam obrazını dublyaj etmişdim. Çox sevinirəm ki, azərbaycan kinosunda bir çox maraqlı obrazları dublyaj etmişəm. Dublyajda ən çox sevdiyim “Evita” filmindəki Evita obrazıdır.

 

–         Mən sizi daha çox “Qorxma, mən səninləyəm” filmindəki Telli obrazı ilə tanımışam. Filmin kadrarxası məqamlarından nə danışa bilərsiniz?

–         O film o qədər məşhurdur ki, onun bütün kadrarxası məqamlarını bilirlər. Danışmadığım kadrarxası məqamlardan biri yadıma düşdü. Muxtarbəy Kantemirovun Almaz adlı bir atı var idi. O atı İngiltərədən 20 min dollara almışdılar. Kantemirov özü mahir sirk ustası idi. Qax rayonunda keçən çəkilişlərimiz zamanı həmin at tetanus xəstəliyinə yoluxdu və bir müddətdən sonra öldü. Siz görərdiniz ki, Kantemirov nə günə düşmüşdü. Deməli, kaskadyorlar hər gün onun məzarı üstə gedirdilər. Aktyor bir dəfə tryuk vaxtı əlindəki bıçağı qalanın başına keçirtməli idi. Bunu edəndə bıcaq onun ayağının bir tərəfindən keçib digər tərəfindən çıxdı, onu qan apardı. Çəkiliş zamanı qalanın bütün ətrafı qan içində idi.  Həmin aktyorumuz 5 il ağsayırdı. Siz filmə baxanda fikir verin ki, o aktyorun heç bir səhnədə axsamağı bilinmir.  O filmin çəkişləri zamanı çox ağır itkilərimiz oldu – atın ölümü, aktyorun yaralanmağı, Həsən Turabovun atdan yıxılmağı. “Qorxma, mən səninləyəm” filmi böyük əziyyət bahasına başa gəlmişdi, amma nəticəsi də çox uğurlu oldu.

həmidə ömərova üçün şəkil nəticəsi

– Bir kinoşünas və tənqidçi kimi deyə bilərsinizmi qərb və Azərbaycan kinosunun “qızıl dövrü” nə vaxt olub və yaxud olacaq?

–         Bilirəm ki, Azərbaycan kinosunun “qızıl dövrü” hələ qabaqdadır. Dünya kinosu tarixi müəllimi kimi deyə bilərəm ki, hər ölkənin öz qızıl mərhələsi olub.

 

–         Uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Tələbələriniz haqda nə deyə bilərsiniz, onların arasında gələcəyin kino tənqidçiləri yetişirmi?

–         Çox gözəl kino tənqidçilərimiz olacaq. IV kurs tələbəm Müjgan çox istedadlı qızdır. O, təhsilini xaricdə davam etdirmək istəyir. Ümumiyyətlə gənclərimiz çox istedadlıdırlar. Elə sənin özün.

 

–         Kitab da yazırsınız. Bu haqda nə deyə bilərsiniz?

–         Mən həm bədii, həm də elmi kitablar yazıram. Ara-sıra saytlarda, qəzetlərdə yerləşdirilən çox sayda hekayələrim var. İstəyirəm ki, bu yaxınlarda bütün hekayələrimi kitab formasında çap etdirim. Elmi əsərlərə gəldikdə isə mən daha çox dərs vəsaitləri üzərində işləmişəm. “Azərbaycan kinosunda feminizm”, “Amerika kino tarixi”, “ABŞ kinosu: 1895 – 1945-ci illər” kimi elmi kitablarım var.

 

–         Hələlik oxucularımıza deyəcəkləriniz…

–         Sənin neçə yaşın var? – 18. Sənə uğurlar arzu edirəm, sən məni heyrətləndirdin. İnanıram ki, sənin böyük gələcəyin var. Mən sənə arzu edirəm ki, sən öz arzuna çatasan və televiziya məkanında bu günə kimi heç kimin etmədiyi bir layihəni hazırlayasan və onun aparıcısı olasan.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir