Xalq artisti: “İndiki cavanlar ailəyə şou kimi baxırlar”

Baxış sayı: 1. 319

77 yaşına rəğmən, formadan düşməyib. Səliqəli geyim-kecimi, hətta “kəpənəyi” ilə sənət adamları arasında daim diqqət çəkib. Ünsiyyətdə olduğu hər kəsə pozitiv enerji ötürən xalq artisti, “Şöhrət” Ordenli rejissor Arif Qazıyevin “publika.az”a verdiyi yüksək əhval-ruhiyyəli müsahibəni təqdim edirik.

– Arif müəllim, həmişə formadasınız, deyəsən, xanımınız sizə yaxşı baxır?

– Xanımım da baxır, amma özüm-özümə daha çox qulluq edirəm. Əlbəttə, qadının gözü hər zaman ərinin üstündə olmalıdır. Bilməlidir ki, əri nə geyinir, nə yeyir, nə danışır. Düz 56 ildir ki, biz eyni damın altında bərabər yaşayırıq. Arvadım “dilimi” gözəl bilir.

– Mübahisələriniz düşəndə kim birinci güzəştə gedib – xanımınız, ya siz?

– Əlbəttə, xanımım. Əslində, qadın kişiyə güzəşt etməlidir. Sovet vaxtı işimlə bağlı tez-tez xarici səfərlərə gedirdim, günlərlə evdə olmurdum. Evdə uşaqlara, dükan-bazar işlərinə xanımım baxırdı. Bu mənada onun üzərimdə haqqı böyükdür. Amma bir məsələ də var ki, mən həyat yoldaşıma yaxşı baxmışam, yaxşı ər olmuşam. Arvada korluq verməmişəm, nə deyib, onu almışam, hara deyib, ora aparıb gəzdirmişəm. O da çoxbilmiş qadın olub, həmişə məni yola verib, sözümün qabağına söz deməyib.

– Arif müəllm, 55 il evlilik təcrübəsi olan bir kişi kimi ailənin uzunömürlü olması üçün gənclərə nə məsləhət verərdiniz?

– İndiki cavanlar ailəyə bir şou kimi baxırlar. Diskoteka olsun, özümə yalançı bir nişanlı tapım, desinlər, filankəsin qızı da ərə gedib. Evlilik məsələsinə çox ciddi yanaşmaq lazımdır. Ailə güclü bir elektrostansiya deməkdir, gərək yaxşı işləsin ki, evi işıqlandıra bilsin.

– Cavanların hansı cəhəti sizi qane etmir ki?

– Xüsusilə qızlara məsləhət görərdim ki, sözgötürən olsunlar. Çünki indiki qızlar kəmhövsələdirlər, özlərindən tez çıxırlar. Ailəyə oyuncaq kimi baxırlar.

– Heç oğlanları demirsiniz, elə düşmüsünüz bu yazıq qızların üstünə, yanan da onlar, yaman da onlar…

– Kişi kişidir də. Çöldən gəlir, əsəbi ola bilir. Bəzən gecəyarısı işdən qayıdır. Qadın əsəbi şəkildə qapını açıb onu qarşılasa, kişi də özündən çıxar. Kişi əsəbi olanda, bir kəlmə söz onu alovlandıra bilər.

– Yəni, xanımınızın üzünüzə heç bir dəfə də olsun, əsəbi qapı açdığı vaxtlar olmayıb?

– Qətiyyən. O bilirdi ki, sənət adamıyam, əsəbiyəm, hövsələsizəm. Evə gec də gələ bilərəm, tez də. Heç gəlməyə də bilərəm. Qapını açanda üz-gözümdən başa düşürdü ki, mənə söz demək olmaz. Yazıq dinməz-söyləməz çayımı-yeməyimi verib, gedib yıxılıb yatırdı. Yoxsa ki, soruşmazdı niyə əsəbisən, hardan gəlirsən, harda idin? Bu sualları mən arvadımdan eşitmədim. Məcbur elədiniz, 55 illik sirrimi açıb-tökdüm.

– Yəqin qabaqcadan gözünün odunu almısınız da…

– Yox, sadəcə olaraq, o, xarakterimi bilirdi və bunu ona qabaqcadan demişdim. O da qulağında sırğa eləmişdi.

– Demək şərti şumda kəsmisiniz ki, xırmanda yabalaşmayasınız…

– Yox, o, məni başa düşən qadın olub. Anlamaz adama yüz dəfə şərt kəs, xeyri olmayacaq. Bəxtəvər o kişinin başına ki, xanımı başadüşən, anlayışlı olur.

– “Yaxşı qadın həm də kişinin sərvətidir”, -deyirlər. Deyin görək, bu sərvəti hardan tapmısınız?

– İnstitutda bir kursda oxumuşuq. Özü də əvvəllər onunla heç yola getmirdim, dalaşırdıq. İstədiyim qız tələbə ikən “Qara daşlar” filmində Lətifə roluna da çəkilmişdi. Gözəl qız idi, ancaq daha çox sadəliyi ilə diqqətimi çəkdi. Onu da deyim ki, hamımız eyni kursda oxusaq da, onun uğurları mənimkindən çox idi. Mən də kişi xeylağı idim, onun uğurlarını həzm edə bilmirdim, buna görə onu qısqanırdım. Amma axırda biri-birimizlə dil tapdıq, dostlaşdıq və bu dostluq da sevgiylə nəticələndi. Nişanlandıq, sonra da bərabər getdik Moskvaya mədəniyyət ongünlüyünə. Məhəbbətimiz orda daha da möhkəmləndi, qayıdandan sonra da evləndik.

– Xanımınız sonralar filmlərə çəkilmədi?

– Yox, açığı mən razılıq vermədim, çünki iki uşağımız dünyaya gəldi, ev işləri-filan, vaxt olmadı. Dedim ki, mən kişiyəm, qazanıb gətirirəm, sən də otur evdə uşaqlara, mənə bax. O da sözümdən çıxmadı.

– Cavan qalmağınızın əsas sirri nədədir?

– Biz nəsillikcə cavan qalırıq. Eyni zamanda, idmanla da məşğul oluram.

– Hansı növü ilə?

– Üzgüçülüklə. Fiziki hərəkəti çox xoşlayıram. Tay-tuşlarımın çoxunun qaməti əyilib, baxıram ki, qocalıblar (gülür).

– Yəqin ki, ürəklərində paxıllığınızı da çəkirlər…

– Əlbəttə, elələri mənə baxanda paxıllıq edəcək. Paxıllıq nədir e, yanıb-yaxılırlar.

– Onların da cavan qalması üçün nə məsləhət görərdiniz?

– Əvvəllən, bu, genetika ilə bağlıdır. Amma genetikada yoxdursa, məcburdurlar, özlərini cavan saxlamaq üçün əsəbiləşməsinlər, hər xırda sözü şişirdib ürəklərinə salmasınlar, pozitiv olsunlar, desinlər-gülsünlər, özlərinə baxsınlar, formada qalsınlar.

– Ay Arif müəllim, elə olanda da deyirlər ki, filankəs bu yaşında arsızdır…

– Başqalarının nə düşündüyü məni maraqlandırmır. Elə hər kəsə məsləhət görərdim ki, öz həyatlarını rəngarəng yaşasınlar, başqalarını müzakirə etməkdənsə, həyatın dadını çıxarsınlar. Bəzən insanlar onun-bunun həyatına burun soxa-soxa bir də görürlər ki, ömür keçib, qocalıblar, qamətləri əyilib. Paxıl adamlar tez qocalırlar, amma qəlbi təmiz insanlar yaşa dolduqca cavanlaşırlar. İnsanın içini xılt basanda necə cavan qala bilər? Mən deyirəm-gülürəm, hər günün dadını çıxarıram, insanlara müsbət enerji vermək gözəldir. Hansı enerjini ötürürsənsə, onu da geri alırsan.

– Bu qədər problemin içində pozitiv olmaq da hər oğulun işi deyil axı. Yəni, əsəbiləşdiyiniz məqamlar olmur?

– Olanda olur, amma çalışıram özümü ələ alım.

– Maraqlıdır, Arif müəllimi nə özündən çıxara bilər?

– Bir də görürsən efirə çıxıb yalan danışırlar, dedi-qodu edirlər, musiqilərimizi pis kökə salırlar, belə olanda əsəbiləşirəm.

– Muğam Teatrında çalışanda gününüz orda keçirdi, işdən çıxandan sonra qaynar həyat üçün darıxmırsınız ki?

– Vaxtında gördüyümü görmüşəm, gəzdiyimi gəzmişəm. İndi də özümün studiyam fəaliyyət göstərir, lazım olan sənədli filmlər çəkirəm.

– Bilirik ki, ilk dəfə “Şur” muğamı haqqında sənədli filmi siz çəkmisiniz, nə əcəb digər muğamlar barədə də film çəkmirsiniz?

– Düz deyirsiniz, ilk dəfə Azərbaycanda “Şur” muğamına sənədli film çəkmişəm. Ulu öndərimiz də baxmışdı həmin filmə. Bir dəfə Heydər Əliyev mənə dedi ki, “Arif, “Şur”una baxmışam, xoşuma gəlib, o biri muğamları da ekranlaşdır”. Mən də ona söz verdim ki, mütləq bütün muğamlarımız barədə film çəkəcəm. Planımda var, yaxın vaxtlarda işə başlayacam.

– Belə pozitiv, həyatsevər insan kimi, yəqin, arzularınız da çoxdur…

– O qədər… Hələ elə yaşa çatmamışam ki, o dünyaya gedim. 77 nədir ki, Arifi qocaltsın. Nə qədər ki, gümraham, istəyirəm planlaşdırdığım filmləri ekranlaşdırım.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir