Xalq artistindən etiraf: “Xəyanət etmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 582

Filmə çəkilmək hər teatr aktyoruna nəsib olmur. Bu da bir şansdır. Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı da ömrü boyu filmə çəkilmək arzusu ilə alışıb-yanıb. Amma rejissorlar nədənsə onu görməzlikdən gəliblər. Özü də utancaqlığı üzündən rejissorlara ağız aça bilməyib. Amma gec də olsa, özü demişkən, bəxti açılıb.

Publika.az-a müsahibə verən qocaman aktyor aşiq olduğu aktrisadan da danışıb.

“Gencaile.az” həmin müsahibəni təqdim edir.

– Ağaxan müəllim, cəmi bir neçə filmdə çəkilmisiniz, amma nədənsə böyük rollar olmayıb…

– Mən uşaqlıqdan kino ilə böyümüşəm. Filmlərə gəlincə, heyf ki, rejissorlar mənim gənclik potensialımdan istifadə edə bilmədilər. Özümdə də o bacarıq olmadı ki, onlara yaxınlaşıb, kino arzularımdan xəbərdar edim.

– Buna nə mane oldu ki?

– Utancaqlığım. İndi-indi özümü danlayıram ki, ay Ağaxan, özü yıxılan ağlamaz, günah özündə oldu. Yaşım 75-i haqlayır, hələ də bu utancaqlıq bəlasından xilas ola bilməmişəm. Ömrüboyu bu xasiyyət imkan verməyib ki, özümü gözə soxum, kiməsə təqdim edim.

– Amma yox, özünüzü çox danlamayın, deyəsən, bu bəladan qurtarırsınız, çünki son vaxtlar filmlərə çəkilmisiniz axı?

– Hə, axırdan-axıra bəxtim açıldı. Kiçik də olsa, dalbadal filmlərə çəkilməyə başladım.

– İlk filminiz hansı oldu?

– Rejissor Cavid İmamverdiyevin “Daşatan” filmində bir rəssam rolunu canlandırdım. Stalini, Bağırovu görüb, yola salan, min sifəti olan bir qoca rolunda oynamışam. Sonra rejissor Ülviyyə Könülün “Vəkil hanı?” filmində rəssam roluna çəkildim. Bu rəssam da saxta sənəd düzəldir, axırda tutub basırlar dama. Amma yazıq xeyirxah işlər görür. Sonra Fikrət Əliyevin “Axırıncı dayanacaq” filmində şair roluna çəkildim. Bir müştərək İran serialında da rol almışam, o da şairdir.

– Həyatda necə, az-az uydurursunuz, yeri gələndə?

– İndi söz açılıbsa, qoyun deyim. Mənim atam Əli Faqi böyük şair olub. Bu yaxınlarda onun şeirlərini toplayıb kitab halında çap etdirdim. Ələ gələn şeirlərini deyirəm e, çoxu itib-batıb. Mən də yazıram: qəzəl, şeir, satira, meyxana… Bu yaxınlarda Suraxanıdakı Atəşgah tarixi abidəsinə  bir şeir yazdım, mahnı oxudular. Elə tamaşalarımda da mahnıların çoxunun söz müəllifi özüməm. İndi siz soruşdunuz, ağlıma batdı, gərək o şeirləri toplayıb, “Xatirələr” adlı kitabıma daxil edim.

– Ağaxan müəllim, deyirsiniz ki, utancaq olmusunuz. Amma utancaqlıqla artistlik uzlaşmır axı. Bəs səhnədə bu utancaqlıq sizə mane olmurdu?

– Mən həyatda utancağam, səhnədə yox. Həmişə səhnədə utancaqlığımı dəf etmişəm. Yeri düşüb, bir əhvalat danışım. Görkəmli aktyorumuz Mustafa Mərdanov pəltək olub, amma səhnəyə çıxanda bülbül kimi cəh-cəh vururdu. Hətta onu Azərbaycanda Teatr İnstitutuna yaxın qoymurlarmış, axırda məcbur olub, Rusiyada təhsil alıb. Orda da imtahan verərkən görüblər ki, bu insan pəltəkdir. İmtahandan çıxarmaq istəyəndə Mustafa Mərdanov durmadan deyib ki, mən mo-mo-monoloq söyləmək istəyirəm. Təkid etdiyini görüb, axırda ona imkan yaradıblar ki, monoloq söyləsin. Mustafa kəkələmədən mükəmməl şəkildə monoloqu necə söyləyibsə, müəllimlər heyran qalıb. Yəni səhnə elə bir möcüzəvi yerdir ki, orda insan tamamən dəyişir.

– Maraqlıdır, bu günə qədər ürəyinizdə qalan, oynamadığınız rol olubmu?

– Yaramın qaysağını qoparma də… Olmadı ki… Həmişə Şekspirin Kral Lirini səhnədə yaratmaq istəmişəm. Amma nəsib olmadı…

– Rejissorlar vermədi?

– Bu tamaşa bizim teatrda qoyulmadı. Aktyorlar asılı insanlardır. Gərək rejissor o tamaşanı hazırlasın, aktyoru o rolda görsün, dəvət etsin ki, aktyor yazıq da arzusuna çata bilsin. 80-ci illərdə Rövşən Almuradlı bizim teatrda o tamaşanı səhnələşdirmək istəyirdi, amma məni dəvət etməmişdi. Sonra nəsə oldu, tamaşa alınmadı.

– İndi də gec deyil, Kral Lir indiki yaşınıza çox yaraşardı? Belə də ki, Kral Liri oynayanlardan nəyiniz əskikdir?

– Elə mən də belə düşünürəm. Əsil vaxtımdır. Düz deyirsiniz ki, oynayanlardan nəyim əskikdir. Vaxt vardı, biz tələbə olanda hamının “bezdarnı” aktyor kimi tanıdığı adamlar bu gün xalq artistləridir, amma özlərini göylə aparırlar. Evləri, maşınları, təqaüdləri…

– Onları görəndə aktyor olduğunuza görə peşmanlıq hissi keçirirsiniz?

– Yox, bunu taleyə, qismətə bağlayıram. Mən xalq artisti adını çox gec almışam, hansı ki, çoxdan populyar aktyor idim. Həyatdır də…

– Məyus olmayın, “tebe eto nada”?

– (Gülür) Yadınızda qalıb, “Ordan-burdan” tamaşasında məşhur sözümdür, o vaxtlar hamı məni görəndə deyirdi, “Mne eto nada?”Amma özümü  şanslı aktyor sayıram. İlk dəfə teatra gələndə Cəfər Cabbarlının əsərlərində oynamışam. Bu, hər aktyora nəsib olmur.

– Hərdən özünüzlə tək qalanda özünüzdən soruşursunuzmu ki, bu sənət sənə nə verdi, ay Ağaxan?

– Soruşuram nədir e, özümü yıxıb-sürüyürəm. Amma özümü sakitləşdirirəm ki, Ağaxan, bu sənət sənin mənəvi ehtiyaclarını ödədi.

– Bəs maddi?

– Yox, yox, sən Allah yaralı yerimə toxunma. O vaxt mən bu sənəti seçəndə atamgil qoymurdu. Atam deyirdi getmə teatrın arxasınca, ac qalacaqsan. Amma içimdə səhnə sevgisi o qədər güclüdür ki, onu heç külünglə də qoparıb atmaq olmaz.

– Maşallah, 75 yaşınız tamam olacaq, amma çox cavan görünürsünüz? Bu yaşınızda sizə güc, enerji verən nədir? Adam var puldan, adam var sevgidən ilham alır, bəs siz?

– Pul da, sevgi də gəldi-gedərdi, həmişə ilhamı sənətdən alıram. Mən əqrəb bürcündənəm. Dəyişkənəm, yenilənməyə meyilliyəm. Əqrəbin ürəyini vuran olsa, dönüb geriyə baxmadan səni qoyub gedər. Dostu da, sevgilini də… Əsas odur ki, o bezməsin, doymasın. Onda onu yanında saxlamaq olar. Başqa xəyanətlərim çox olub. Xanımıma da xəyanət etmişəm, bircə ona xəyanət etməmişəm – səhnəyə!

– Əqrəblər iki cür olur: özünü sancan, başqasını sancan. Siz hansındansınız?

– Onlar yalnız çarəsiz qalanda başqalarını sancırlar. Mən çox kinli adamam, qəlbimə kimsə dəysə, ağına-bozuna baxmadan həmin adamla vidalaşıram. Özü də özünə heç bir söz demirəm. Ya acığımı çıxıram, ya da haqq-salamı kəsirəm. Dəftərimdə güzəşt deyilən şey yoxdur. Mənim anlamımda  bağışlamaq müdriklik deyil.

– Çox təhlükəli “əqrəb”siniz, Ağaxan müəllim…

– Mən beləyəm: tez inciyən, həssas, bağışlamayan…. Zəhərimi tökürəm!

– Onda mən yaxşı qurtardım ki…

– Siz məni sancmadınız axı…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir