Xalq şairi: “Kişinin qadını varsa, ona batmaq olmaz”

Baxış sayı: 1. 560

Bizi kənd Poyludan ayırırdılar,
Özləri seçilib sayılırdılar.
Katib ordan idi, “ispalkom” ordan,
Biz də Kür qırağı Vağzal Poyludan…

Onun uşaqlığı Ağstafanın Vağzal Poylu deyilən qəsəbəsində keçib. Atası Əliməmməd kişi dəmir yolunda işlədiyinə görə anası ilə birlikdə Poyluya köçüb. Lakin yaşlı olduğu üçün Nərimanın 1 yaşı olanda dünyadan köçüb. 26 yaşlı anası ilə ikisi “baş-başa” verib Kür qırağında yaşayıblar. Özünün də dediyi kimi, Kür qırağında iki yetim yaşayırdı: ana və bala…

Müsahibimiz Xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor, əməkdar incəsənət xadimi, vaxtilə Ali Sovetin deputatı olmuş Nəriman Həsənzadədir.

“Anam şair olacağımı yuxuda görüb”

Çox ağır, məşəqqətli uşaqlıq, gənclik illəri olub. Ağır günlər keçirsə də, uşaqlıq illərinin onun üçün əvəzi yoxdur. Çünki o illərdə mehriban, cəfakeş, ömrünü oğluna həsr edən anası var idi…: “Anam 26 yaşında dul qaldı və bütün ömrünü mənə həsr etdi. Heç zaman da taleyindən şikayət etmədi. Çünki onun balaca Nərimanı var idi… Anam çörək bişirirdi, mən satırdım. Əslində sacın üstündən alıb aparardılar. Kür qırağında ikimiz yaşayırdıq”.

Müsahibimiz deyir ki, o, ilk dəfə anasının gördüyü yuxudan sonra şeir yazmağa başlayıb: “Altıncı sinifdə anam yuxuda görür ki, Çoban Əfqan adlı bir şair Damcılı bulaqdan su gətirir, anama verir ki, bunu Nərimana ver içsin, o, şairdir, mənə şeir yazsın. Anam qorxub. Öz ifadəsiylə dil-ağız eləyib: “Qoyun-qoç sənə qurban olsun, mənim oğlum şair deyil”. Qoca deyib, yox, sən ona de. Anam yuxunu danışdı, qonşular gülüşdülər: “Nəriman şair olub”, – dedilər. Elə şey yox idi axı. Heç bu barədə fikirləşmirdim. Bu yuxuya da aludə olmadım. Ancaq bir gecə oyandım və “Ağlaram” adlı şeir yazdım. Bu, Molla Vəli Vidadiyə nəzirə idi. Sonra məktəbdə şeirimi divar qəzetində çap elədilər”.

“Pencəyin qolu qısa görünməsin deyə boynumu əyirdim”

Şairin uşaqlıq illərində maraqlı hobbisi olub. O, kəndin ərazisində bütün dəmir parçalarını yığıb, həyətlərinə gətirirmiş. Hətta dəmirçilərə belə dəmir lazım olanda, ondan istəyiblər: “Bir gün məktəbdən gələndə gördüm ki, dəmirlərim yoxdur. O vaxt kəndləri maşınla gəzib dəmir alırdılar. Bizim dəmirləri də götürmüşdülər, əvəzində anama çoxlu ərzaq, parça, palaz vermişdilər. Anam çox sevinirdi”.

Nəriman Həsənzadə 4-cü sinfə qədər öz kəndlərində oxuyub.Təhsilini qonşu kənd məktəblərində davam etdirib. Ədəbiyyat müəllimi Bayram müəllimin dəstəyi ilə şeirlər yazır və divar qəzetində çap olunmağa başlayır.

Müsahibimiz xeyli müddət sonra öyrənib ki, onun ata bacıları, qardaşları olub. Elə Gəncədə oxuyarkən də bacısı Səriyyə və yeznəsi Məmməd ona atalıq, analıq ediblər: “Gəncə həyatı çox zəngin və maraqlı oldu. Bacımgildə qalırdım. O mənə analıq edirdi. Onun yoldaşı Məmməd Kərimov Gəncədə dəmiryol vağzalında polis rəisi idi. Onun hesabına oxudum. Dərsə onun kostyumlarını tərs çevirib geyinirdim. Köynəyin qolu çox qısa görünməsin deyə, boyumu əyri tuturdum. Qonşu Şamama xala bacıma demişdi ki, “ay Səriyyə, elə ürəyim ağrıyır ki… Nəriman çox yaxşı uşaqdı, amma heyf boynu əyridi, onu niyə həkimə göstərmirsiniz?” Bacım gəlib evdə ağlayır ki, mən bilməmişəm Nərimanın boynu əyridir. Sonra bacım gördü ki, pencəyin qoluna görə boynumu əyirəmmiş”.

“Siz danışın, mən qulaq asım”

Həmişə Gəncədə olanda vağzalda gəlib qatara baxardım ki, görəsən, mən də nə vaxtsa Bakıya gedəcəmmi? Bakı mənim üçün möcüzə idi. Bu möcüzəni mənə bəstəkar Qənbər Hüseynli yaşatdı: “Gəncədə 3-cu kursda oxuyarkən onunla tanış oldum. Gəncədən Bakıya da birinci dəfə məni Qənbər Hüseynli gətirdi. Hətta məni Bəxtiyar Vahabzadə ilə tanış etdi. O gündən Bəxtiyar müəllim dünyasını dəyişənə qədər biz yaxın dost olduq. O mənə çox dayaq oldu. Rəhmətə gedəndə də Bəxtiyar müəllimi mən çiynimdə apardım. O, çox böyük şair, böyük insan idi”.

Nəriman Həsənzadə ilk dəfə 23 yaşında Bakıya gəlib və axşam məktəblərində dərs deməyə başlayıb: “Bakıya gəldikdən sonra düşünürdüm ki, bir az işləyib pul yığıb anamı da gətirərəm, uşaqlıqdakı kimi yenə bir yerdə yaşayarıq. Amma məni nələrin gözlədiyindən hələ xəbərim yox idi…

İlk dəfə gələndə məni Bakının Balaxanı kəndinə axşam məktəblərinə dərs deməyə göndərdilər. 23 yaşım var idi. Məktəbə başıpapaqlı kişilər gəlirdi. Mənə dedilər ki, biz Mirzə Ələkbər Sabirin tələbələri olmuşuq. Sabirin adını eşidən kimi dedim onda siz mənə Sabirdən danışın, mən sizə qulaq asım, müəllimim siz olun”.

“Anamdan başqa kimim var idi ki…”

Nəriman Həsənzadə əsgərlikdə olarkən həyatda tək varlığı olan anasını itirir: “O vaxt məni başqa adamın yerinə əsgərliyə göndərmişdilər. Ölkədə ən yaşlı əsgər mən idim. Bir il keçməmişdi, teleqram gəldi ki, anam ölüb. Kənddə bircə anam var idi, başqa heç kimimiz yox idi. Mən də əsgərlikdə postda dururdum. Gəldim mayorun yanına ki, yoldaş mayor, anam ölüb, mənə icazə verin gedim. Dedi, icazə verə bilmərik, gərək teleqramı rayonun hərbi komissarı təsdiq edəydi. Təsəvvür edin, kimim var idi ki, teleqramı kim getsin təsdiq etdirməyə? Dedim, yoldaş mayor, mən getməliyəm. Üstümə acıqlandı. Mən də cavan idim, həmin vaxt psixoloji vəziyyətimlə əlaqədar avtomatı çəkdim ki, mayoru vuram. Mayor əllərini qaldırdı, avtomatla darvazanın ağzına gələndə əsgərlər məni əhatə etdi. Dedim ki, üçə qədər sayacam, məni buraxmasanız, atəş açacam. Çünki anamdan başqa heç kəsim yox idi. Həyatdakı tək varlığımı itirmişdim. Qaçdım gəldim şəhərə. Paltarımı geyindim və Qazaxa getdim. Anamı dəfn edib qayıtdım. Dəfndən sonra qayıtdım. Məni hərbi tribunala verdilər. Tale elə gətirdi ki, şairlər bizim hərbi hissəyə görüşə gəlmişdilər. Onlar mənim hərbi tribunala verildiyimi öyrəndilər. Onda mən artıq Azərbaycan Yazıçılar Birliyinin üzvüydüm. Mərhum xalq şairlərimiz Nigar xanımla Rəsul Rza diviziya komandiri Əbilovdan xahiş etdilər, vəziyyətimi başa saldılar. Məni xilas etdilər. Böyük bir iş oldu. Məni məhkəməyə vermədilər. Allah onların ruhlarını şad eləsin”.

“Səhərdən axşama qədər ağladım…”

Əsgərlik həyatı bitdi… Lakin onun gedəsi yeri yox idi. Nə isti ana qucağı, nə də evi… nə qarşılayanı, nə də yola salanı var idi. O, həmişə özü-özünə uğur diləyib. Özünün də dediyi kimi, tərcümeyi-halı qəmli olsa da, insanlara müsbət enerji, sevinc verib: “Çox çətin günlər yaşadım. Əsgərliyi bitirdikdən sonra kazarmanın qarşısında oturdum. Səhərdən axşama qədər ağladım ki, mən kimin evinə, hara gedim? Sonra yoldaşım Saragilə gəldim. Onlar mənim yeznəmin qohumu idi. Yeznəm nəzərdə tutmuşdu ki, biz ailə qurarıq. Amma onların xəbəri yox idi ki, biz onsuz da bir-birimizi sevirdik, dərs oxumaq adı ilə bir-birimizə məktub yazırdıq. Sonra evləndik…”.

“Yazdığım əsərə görə qadınımı itirdim”

Lakin Sara xanım da həyatdan vaxtsız köçdü: “Kimin sualı var” poemama görə məni ittiham etmişdilər ki, guya mən cəmiyyətin əleyhinə yazıram. O vaxt Yazıçılar Birliyində məhkəməmi də qurmuşdular. Ulu öndərimiz Heydər Əliyev olmasaydı, mən çox pis vəziyyətə düşərdim. Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan qoruyurdu. Məni o, yazıçı yoldaşlarımdan qorudu. Poemada mən Heydər Əliyevin siyasi xəttini müdafiə edirdim. (Poema “Seçilmiş əsərlər”imin 2-ci cildində çıxıb) Həmin məhkəmə qurulanda Sara qorxmuşdu. Ondan sonra xəstəlik tutdu. Mən yazdığım əsərə görə qadınımı itirdim, tək qaldım. Hər dəfə mənə qapını yoldaşım açardı, yola salanda da arxamca su səpərdi. Yoldaşımdan sonra mən sarsılmışdım. Evdə heç kim yox idi. İnsan nə qədər zəngin olursa olsun, istədiyin qadın yanında yoxdursa, həyatın heç bir mənası yoxdur. Kişinin qadını varsa, o, arxalı adamdır, ona batmaq olmaz. Qadını olmayan kişini tez məhv etmək olar. Ailə müqəddəsdir, qızım! Sevgi, sevmək özü paklıqdır, ucalıqdır. Mən anamı da, bacımı da, yoldaşımı da itirdim. Mən qadına həsrət qaldım. Həmişə deyirəm, qadın müqəddəs varlıqdır. Neçə yaşım olsa da, ürəyim qadın səsi istəyir. Hamı bu dünyada qocalacaq, amma tək qocalmaq dərd verir hərdən”.

“Mənim qabağıma həmişə yaxşı, xeyirxah insanlar çıxıb ki, onların mənim taleyimdə çox böyük rolu olub. Yoxsa tək başıma, bu uzaq mənzilli, bu sonu görünməyən ədəbiyyat yolunu gələ bilməzdim. Bu yaşa, bu duruma çata bilməzdim. Unudulmaz insanlardan böyük yazıçı, alim, tədqiqatçı, görkəmli pedaqoq Mir Cəlalı həmişə xatırlayıram. O, nəinki məni öz himayəsinə götürdü, hətta şəhərin mərkəzində oğluna aldığı ikimənzilli evi mənim adıma keçirdi. Bu il 52 il olur ki, mən ailəmlə həmin evdə yaşayıram. Bu ev- mənim ata evimdir. Mir Cəlaldan yadigardır”.

Müsahibimiz sonda anası ilə bağlı unutmadığı xatirəni bizimlə bölüşdü: “Bir dəfə anamın sağlığında məhəlləmizə bir qaraçı gəlmişdi. Anamın əlini alıb baxdı. Qaraçı demişdi ki, oğlun şair olacaq və çox böyük adam olacaq, onu bütün cəmiyyət tanıyacaq, lakin sən o günü görməyəcəksən. Anam onda demişdi ki, təki mənim oğlum cəmiyyətdə sayılıb-seçilənlərdən olsun, mən görməsəm də olar”.

İndi mənim hər şeyim var. Lakin anama deyə bilmədim ki, ana, bax, mən şair oldum. Müstəqilliyimizi gördüm, cəmiyyətdə tanındım…Amma səni yanıma gətirə bilmədim… (Kaspi.az)





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir