taksi

Xanım müştəriləri narahat edən sürücülər

Baxış sayı: 414

Ataların yaxşı bir məsəli var: başına gələn başmaqçı olar. Türklər demiş, “olağanüstü” bir şeydir. Dahiyanə! Yəni bu ifadə adamın həmin situasiyaya düşəndə deyə biləcəyi ən müdrik ifadədir. Hərdən elə olur ki, yaşadığın, gördüyün, eşitdiyin hadisəni heç cür ifadə edə, yaxud qiymət verə bilmirsən. Bax elə olanda tez yadına atalar düşür. Düzdür, arada çox mənasız şeylər də deyiblər, amma onu da nəyinsə xətrinə keçmək olar. Məsələn, tələsən təndirə düşər nədir, sən canı? Ömür-gün elə sürətlə gedir, adam istəyir ki, yatmasın, adam istəyir ki, üzünü-gözünü taraş eləməsin ki, vaxt gedir, zaman gedir. Bunlar da deyir ki, mənim balam, hara tələsirsən?

Nə isə, Azərbaycan folklor düşüncəsi tarixinin gəlmiş-keçmiş ən yaxşı atalar sözünü isə yazının sonuna saxlayıb mətləbə baş vururam.

Ümumiyyətlə, uzun zamandır ki, hamı taksi sürücülərindən şikayət edir. Gah qadın sərnişinlərə söz atırlar, gah etik qaydaları kobudcasına pozurlar, gah gecə mesaj yazırlar və s. və ilaxır. İyrənc-iyrənc hərəkətlər, konkret olaraq, baş alıb gedir. Yaşlı-başlı adam düşünmür ki, maşınımda 10-15 dəqiqə sərnişin olmuş bir xanıma gecənin bir aləmi yazıb tanış olmaq istəyi bütün parametrlərdə, bütün variantlarda, bütün situasiyalarda absurddur. Bu tərbiyəsizlikdir. Bu əxlaqsızlıqdır. Bu ədəbsizlikdir. Bu düşüncə cinayətidir. Çünki o adamın nömrəsi sənin telefonunda özündən asılı olmadan var. Sənin bundan sui-istifadən düşüncə zorakılığıdır, vəssalam!

Bizim bir qonşu vardı, onun sözüdür ki, dünyada 77 millət varsa, sürücü tayfası 78-ci millətdir. Yəni onlar tamamilə başqadır, onların düşüncəsi, onların yanaşması, onların baxış bucağı fərqlidir. Bax elə bu cümlənin ardınca dərhal qeyd edim ki, bu ifadə qəti şəkildə bütün sürücülərə aid deyil. Qəti! Yəni elə sürücülərə rast gəlirsən ki, deyirsən, bu adam hazır müəllimdir. Bu etika, bu natiqlik, bu ədəb… Amma və lakin bir qismi, həqiqətən, insanımızı boğaza yığıb.

Problem nömrə 1 – sürücüyə gediş haqqını qəpiklə vermək (Nə şiş yansın, nə də ki, kabab)

İlahi, elə bil ki, bu adamın ölənlərini gözü qarşısında sən öldürmüsən. Bu nə hikkə, bu nə acıq, bu nə ritorika? Ay qardaş, mən sənin təzə nişanlın deyiləm, mən sənin universitetin ikinci kursunda təzə-təzə tanış olduğun adam deyiləm, mənə nəyin “tripini atırsan”?

Əlimi qoyuram vicdanımın üstünə, bu yaxınlarda olmuş hadisədir: xanım dostumuzun biri ilə harasa gedirdik. Taksi çağırdım, yazdı ki, 3 manat 4 qəpik. Qəti şəkildə 4 manat vermək fikrim yox idi.

Yolboyu düşünüb-daşınıb belə qərara gəldim ki, 3 manat 50 qəpik verərəm. Elə də etdim. Amma sürücü qoçağım bir fors elədi ki, yanımdakı xanımın başındakı bandana açıldı. Cin vurdu başıma, dedim, nədir, nə olub? 3 manat 4 qəpik yazıb da, 4 verməliyəm? 3 manat 50 qəpik verdim, yenə də xeyirdəsən. Qayıdasan ki, Allah kəssin belə xeyri. Dəli olmadımmı? Oldum. Dedim, qaytar qəpiklərimi. Qaytardı. Qəpiklərimi pul qapına qoyub oradan bir dənə balaca, işım-işım işıldayan 5 qəpiyi götürüb qoydum sürücünün ovcuna. Belə əccəb də elədim.

Vallah, günah özümüzdədir. Bu adamlar bu gün bizim qəpiyimizə ona görə təpik atır ki, vaxtında qəpik verməyi özümüzə sığışdırmayıb manat vermişik. Yəni öyrəşiblər. Qəpik əvəzinə manat vermək olar e, nə olar ki, adam ölümü deyil a! Amma 70 qəpik, 80 qəpik olanda, hə. Yoxsa ki, 10 qəpik əvəzinə götürüb bir manat verəndə, əlbət ki, bir gün sənə təpik atacaqlar. Kəsəsi, dədələrimizin sözünə qulaq asın, nə şişi yandırın, nə də kababı.

Problem nömrə 2 – kartla ödəniş məsələsi (Mənim sənin dədənə borcum yoxdur)

Yaxın bir dostum deyir ki, sifariş taksilərinin tətbiqində adımı “kartla ödəniş” olaraq qeyd etmişəm. Deyir, yoxsa ki, sifariş edən kimi zəng gəlir: sizdə kartdır, ya nağd? Ən salamatı budur. Düz də deyir. Düzdür, mən adımı “kart” olaraq dəyişməmişəm, amma ideya yaxşıdır.

Yenə də əlimi qoyuram vicdanımın üzərinə (Ümumiyyətlə, yazı boyunca bir əlim vicdanımın üstündə idi), bu hadisə də bu yaxınlarda öz başıma gəlib. Demək, sifariş elədiyim məkana qədər sürücü qoçağımın xəbəri yox imiş ki, ödəniş kartladır. Lazımi məkana çatdıq, sağollaşıb düşürdüm ki, soruşdu:

– Bəs ödəniş nə olacaq, bəcoğlu?

Dedim, kartla etmişəm. Adam kart sözünü eşitməyi ilə maşına bir qaz verdi ki, qapını çatdırıb örtə bilmədim. Söymədim. Qəti. Ümumiyyətlə, adamın arxasınca söyüş söyməzlər. Sözün var, üzünə de, demirsənsə, dalınca danışma. Maşın gözdən itənə qədər girib tətbiqdə gözəlim sürücüyə 1 bal verdim. Orda ki, sual verir ha, sürücüyə bəxşiş vermək istəyirsiniz? O “yox” ifadəsini elə sevinclə, elə bəxtəvərcəsinə basdım ki, elə bil əkiz oğlum olub. Üstəlik, bir dənə də yağlı şikayət. Oxaay, can rahatlığı…

Xanım müştəriləri narahat edən sürücülər

Problem nömrə 3 – dəxilsiz mahnılarla edilən işgəncə (Mən sənin zövqsüzlüyünə şahidlik etmək məcburiyyətində deyiləm)

Sürücüləri hələlik qoyaq bir yana, bu “Youtube”da trend olan və özündə mənasız, məzmunsuz, rəzil sözləri ehtiva edən mahnı müəllifləri var ha, bax onlara adamların gördüyü yerdə konkret işgəncə vermək lazımdır. Bunun başqa yolu yoxdur. Belə adamları “Hause of Dragon” serialındakı (“Hause of Dragon” serialı bir vaxtların ən məşhur serialı olan “Game of Thrones”in yan serialıdır. Nə qədər ki, ölməmisiniz, sağsınız, gedin o seriala baxın) kimi işgəncə ilə öldürmək lazımdır. O serialda adalardan birini işğal eləmiş bir tayfa var. Onlar işğal elədikləri adanın sakinlərini, döyüşçüləri okeanın sahilində çarmıxa çəkir və üzərilərinə vəhşi xərçəngləri buraxırlar. Xərçənglər adamları diri-diri yeyib bitirir.

Eynilə bu üsulu bizdə də tətbiq eləmək lazımdır. Bu sözləri yazan adamları, onları oxuyan adamları Bulvar tərəfdə əllərini, ayaqlarını bağlayıb atasan dənizin bir qırağına, üstlərinə də o serialdakı vəhşi xərçəngləri buraxasan. Qoy onlar bizim zövqümüzü, daxili dünyamızı yeyib bitirdikləri kimi, xərçəng də onları yeyib bitirsin. Çünki bu adamlar bizim cəmiyyətinin beynini qurutmaqla məşğuldur. Bu adamlara rəhm eləmək olmaz. Bu adamlar cəmiyyət üçün, gənclik üçün, gələcək üçün çox təhlükəlidirlər.

Söhbətin bu yerində sizi dünən zorla dinlədiyim mahnının bir bəndi ilə tanış eləmək istəyirəm:

“Gül ətiridir, qoxlamısan rozanı
Vur arağı, zoru budur qlükozanı,
Dabafka viski qaldırar dozanı,
Elə bil vurdu qatar axşam-axşam

Yenə də gözlərim xumar axşam-axşam,
Draznit eləyir nə var axşam-axşam”

İndi mən deyiləm, sizsiniz, bu adam işgəncə görməyə layiqdir, ya yox?

Deyə bilərsiniz ki, maşına oturdun, mahnını bəyənmədinsə, bunu sürücüyə irad tuta bilərsən. Doğrudur. Tuta bilərəm. Amma bu irad niyə yaransın ki? Bu sürücü başa düşməlidir ki, sənin maşınına müəllimindən tutmuş, tibb bacısına, hərbçisinə, lap belə oğrusuna qədər hamı otura bilər. Və onların hər birinin mahnı və musiqi zövqü başqadır. Sən onlara yolboyu hansısa bir rozanı qoxladıb “draznit” eləyə bilməzsən. Eləməməlisən!

Problem nömrə 4 – adamı dialoqa sürükləməkləri (Sənin gün ərzində nə edib-etməməyin, kimlə nə hadisəni yaşayıb-yaşamamağın məni maraqlandırmır)

Bu problem xalqımızın illərdir, qurtula bilmədiyi, yanıqlı olduğu problemdir. Mənim axı nəyimə gərəkdir, sənin dünyanın dünəni və bu gününə aid müqayisələrin? Mənim axı nəyimə gərəkdir, sən məndən öncəki sərnişinlə hansı adrenalini yaşamısan? Və ən nəhayət, mənim axı nəyimə gərəkdir, sənin, əslində, iki obyektin, üç villan var, sadəcə bikarlıqdan taksi sürürsən?

Bəs deyil?

Kifayət deyil?

Vallah, deyirik-gülürük, zarafata salırıq, amma tam ciddiyətimlə deyirəm, sürücülərlə bağlı əməlli başlı praktik söhbətlər aparılmalı, monitorinqlər keçirilməlidir. Bu adamlar insanların gün ərzində iş rejimində, mövcud həyat rejimində necə yorulduqlarını, bezdiklərini zərrə qədər də nəzərə almırlar. Onların əsəblərinin necə tarıma çəkildiklərini veclərinə almırlar. Sadəcə söhbət olsun, baş qarışsın, vəssalam.

Sürücülərin xanım sərnişinlərlə bağlı rəftarı məsələsinə isə, ümumiyyətlə, toxunmaq istəmirəm. Bu başdan-ayağa rəzillikdir. Biabırçılıqdır.

Bitib-tükənəsi mövzu deyil, danışdıqca uzanacaq, amma həll olunmayacaq. Odur ki yazının başında söz verdiyim və Azərbaycan folklor düşüncəsi tarixinin ən yaxşı məsəlini – atalar sözünü qeyd edirəm: əri ölən qadını bir də it qapdı.

Belə bir tapıntı dünyanın heç bir dilində yoxdur və ola bilməz. Bu, müqəddəs bir məsəldir. Müqəddəs.

 

Nihad Pir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir