geyim

Xanımlar üçün bu qışın və 2017-ci ilin dəbi necə olacaq?

Baxış sayı: 3. 877
Deyirlər insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əslində, həqiqətən də elədir. İnsanlar geyimləri ilə xarakterlərini ortaya qoyur desək, yanılmarıq. Xanımların geyimə qarşı həssaslıqları ta əzəldən bəllidir. Belə ki, yeni il başlar-başlamaz növbəti ilin dəbini izləyir, hazırlıqlara başlayırlar. Elə xanımlar da var ki, hər il qarderoblarını tamamilə yeniləyir, dəbə uyğun paltarlar alaraq özlərini “stil ikonası” hesab edirlər. Gözəl görünmək xanımların ən ümdə  arzularından elə ən birincisidir. Biz də budəfəki yazımızda xanımlar üçün qışın və 2017-ci ilin dəbi ilə bağlı araşdırmalar etdik. Tanınmış və peşəkar stilistlərin proqnozlarını öyrənib, xarici mənbələrə müraciət etdik.
Gen paltarlar, enli şalvarlar… 
Modelyer Şəlalə Şahvələdqızı bizimlə söhbətində bildirdi ki, hazırda havalar soyuq olduğu üçün isti parçalardan hazırlanan geyimlər daha çox istifadə edilir: “İsti parçalar deyərkən, yun, yun qatqılardan sintez olunmuş geyimlər nəzərdə tutulur.  2017-ci ilə gəlincə isə xoruz ilində məxməri, vilur parçalar daha çox dəbdə olacaq. Bundan əlavə, forma baxımından gen, bədən ölçülərindən böyük, gecə paltarı tipli geyimlər  daha xarakterik olacaq. Gen paltarlar, enli şalvarlar, şalvarın üstünə boş biçilmiş geyimlər gündəmdə olacaq. 2017-ci ildə ağ rəng qabarıq şəkildə özünü göstərəcək. Növbəti ildə yaşılın tonlarından daha çox istifadə ediləcək. Qış paltolarına gəlincə isə hazırda dizdən aşağı və daha uzun geyimlər dəbdədir. Yuxarı çiyinləri böyük olan geyimlər üstünlük təşkil edir. Növbəti il dəri geyimləri, xəz bir az arxa plana keçəcək yun geyimlər daha çox göz önünə gələcək”.
Moda mütəxəssisi deyir ki, xoruz ilində 2 cür ayaqqabılar dəbdə olacaq. Dəridən hazırlanmış kobud şəkilli və ucu şiş burunlu ayaqqabılar üstünlük təşkil edəcək.
Xanımlar bir neçə ildir k, kobud ayaqqabılara müraciət edir
Dəb məsləhətçisi, modelyer Elnarə Bəkirova açıqlamasında bu il qəribə bir tendensiyanın formalaşdığını qeyd etdi: “Bu il xanımlar və kişilərin geyimlərində çox oxşarlıqlar meydana gəldi. Hər il bir rəng brend seçilirdisə, keçən il çəhrayı ilə mavi seçildi. Bu il isə parlaq zümrüd rənglər, zərif yasəmən rəngi aktualdır. Xanımların əksəriyyəti başa düşmür ki, brend olsa belə, yaraşmayanı geyinmək olmaz. Nə olsun ki, belə bir məhsul brendə çevrilib. Dəblə uyğunlaşmaq naminə sizə yaraşmayanı geyinmək məcburiyyətində deyilsiniz. Geyimi düzgün daşıya bilmirlər. 60-cı illərin qısaldılmış ikibortlu palto modelləri, uzun jaketlər, jiletlər yenidən gündəmə gəldi. Həmçinin, 90-cı illərin qısa ətəkləri və onunla geyilən sviter formalarına xanımlar daha çox müraciət edir. Kiçik ölçülü çantalar daha çox gündəmdədir. Üzərində xüsusi bəzəklər, qaşlar və saçaqlar çantalar da aktualdır”.
Diqqəti ayaqqabılara yönəldən modelyer bildirdi ki,  bu il şiş uclu ayaqqabılar yenə aktualdır. Bundan əlavə, üçbucaq və  yarpaq formalı, yerəyatımlı dabanları olan hündür ayaqqabı formaları dəbdədir: “Xanımlar bir neçə ildir k, kobud ayaqqabılara müraciət edir. Hansı ki, həmin modellərdən kişilər istifadə edir”.
Bu rənglər insana xeyir, uğur gətirir
Stilist Samir Əliyev mətbuata açıqlamasında bu il çox qalın parçalardan olan yüngül geyimlərin dəbdə olacağını qeyd edib. Bildirib ki, toxunma şalvarlar, koftalar da bu il dəbdədir: “Ən çox da buta elementləri olan, milli naxışlardan ibarət geyimlər gündəmi zəbt edib. Hətta toxunma uzunboğaz çəkmələr də dəbdədir. Yəni, bu ilin dəbi milli elementlərdən, buta, mozaika elementlərindən ibarət toxunma geyimlərdən ibarətdir. Boş geyimlər daha çox 2017-ci ilin yayında dəbdə olacaq. Düşünürəm ki, qışda boş yox, qalın geyimə üstünlük veriləcək. Təbii ki, bu da insanın bədən quruluşuna yaraşan tərzdə olmalıdır. Məsələn, elə insan var ki, o, çox kökdür, ona qalın geyim yaraşmır. Həmin şəxslər qara rəngli paltar geyinəndə bəzən bu rəng onları boğur. Ona görə də qara geyimin üzərində mütləq rəngli nəsə olmalıdır. Bir də insanlar çox zaman stressdə olur, üstəlik bütün dünya neqativ əhvala köklənib. Hər yerdə müharibə, ölüm itim var. Ona görə də düşünürəm ki, xanımların qış qarderobunda ağ, göy, mavi, yaşıl rənglərdən istifadə etmələri daha məsləhətlidir. Bu rənglər insana xeyir, uğur gətirir”.
Təbii daşlar, tək sırğalar və bilərziklər
Geyimi tamamlayan vasitələrdən bir də aksesuarlardır ki, xanımları üzüksüz, sırğasız və digər aksesuarlarsız təsəvvür etmək mümkün deyil.   2017-ci ilin aksesuarları sancaqlar, mirvari, təbii daşlar, tək sırğalar və bir neçə bilərziklər olacaq. Məsələn, sırğaları tək-tək, bilərzikləri isə cüt taxılacaq. Bu o demək deyil ki, bilərziyin ikisi də eyni olmalıdır. Nazik və ya enli olması əhəmiyyətli deyil, əsas odur ki, onlar parıldasın. “Stella McCartney” və “Loewe” belə bir qənaətə gəliblər ki, sırğalar heç də cüt olmaya bilər, lakin iri, parlaq və gözəçarpan olmalıdır. Dünyaca məşhur dizaynerlər bu ilin dəbində mirvarilərdən də çox istifadə edib. Məsələn, Şanel öz modellərini başdan ayağa mirvari ilə bəzəyir.
Türk modelyerdən tövsiyə: “Hər bir xanımın qarderobunda qara rəngli paltar olsun”
Türk mütəxəssisləri isə 2016-cı ilin qış dəbində bir çox geyim nümunələrinin olduğunu, onların içərisində bədənə yatımlı geyim obrazlarının üstünlük təşkil etdiyini bildirirlər. Moda ekspertləri qeyd edib ki,  bədənə yatımlı geyimlər əsasən ciddi və ziyafət geyim üslubunda təqdim olunur. 60-cı illərin qısaldılmış ikibortlu palto modelləri, uzun jaketlər, jiletlər gündəmdədir. Tunik effektli koftalar, paltarlar gündəmdədir ki,  onlar da çoxqatlı, üst-üstə geyim üslubunda təqdim olunub. Müasir formada olan geyim dəstləri hər zaman dəbdədir. Bantlarla olan koftalar, qısaldılmış şalvarlar bir neçə ildir olduğu kimi, bu ilin də dəbində var.
Ümumiyyətlə, son illərin dəbində istehsalçının yox, alıcıların zövqünə uyğun geyim formaları təqdim olunur. Bu mövsüm də məxmər, jakart, trikotaj və parıltısı olan parçalardan istifadə olunur. Qəhvə rəngi ilə süd rəngi – tünddən açığa gedən tonlar bu il aktualdır. Vəhşi təbiətdə olan heyvanların – pələngin, şirin naxışları geyimlərdə hər il olduğu kimi bu il də gündəmdədir. Qısa geyimlərlə yanaşı uzun geyimlər də dəbdədir. Ayaqqabılara gəldikdə isə bu il uc hissəsi incə, üçbucaqşəkilli, yarpaqformalı, yerəyatımlı dabanları olan hündür ayaqqabı formaları dəbdədir. Bununla yanaşı platformalar da gündəmdədir. Çantalardan isə kiçik ölçülü, üzərində saçaqlar, bəzəklər, qaşlar olanları dəbdədir.
Türkiyənin tanınan moda mütəxəsisi İvana Sərt də “Vatan” qəzetinə bu mövzu ilə bağlı açıqlama vermişdi. O, xanımlara dəbin qurbanı olmamağı tövsiyə edib: “Arıq xanımlar elə geyinməlidirlər ki, zəiflikləri bilinməsin. Onlar dar geyimlərdən imtina etməlidirlər. Bundan başqa, geniş, ayaqları açılan paltarlara üstünlük verməlidirlər. Ayaqqabıya gəlincə isə xanımlar öz boylarına görə ayaqqabı seçməlidirlər. Hündür xanımlara yüksək dabanlı ayaqqabılar yaraşmır. Kilolu xanımlar isə mütləqdir ki, mədə sıxan, artıq çəkilərini bağlayan karsetlər geyinsinlər. Əgər xanım çox kiloludursa, o, böyük çanta götürərək, kilosunu bəlli etməyə bilər. Amma zəif bir qadın böyük çantadan istifadə etməməlidir. Bilirsiniz ki, artıq çəkili xanımların qolları qalın və sallaq olur. Buna görə də həmin xanımlar açıq qollu geyinməkdən çəkinməlidirlər. Hər bir xanımın qarderobunda mütləqdir ki, qara rəngli paltar olsun. Bundan başqa, hər bir xanımın qarderobunda qısaqol ağ koftalar, köynəklər, jaketlər, “vadalaska”lar, qələm ətəklər, cinslər, metal rəngli gecə ayaqqabıları, dəri jaket və lasinlər olmalıdır”.
Rus modelyerlər deyir ki… 
Rus modelyerlər isə bu il də cinslərin dəbdə olacağını qeyd edirlər. Bildirirlər ki,  əksər modelyerlər 85-ci, 90-cı illərin cinslərini yenə də nümayiş etdiriblər. Ona görə də 2017-ci ildə ən çox retro rənglər, cinsə oxşayan köynəklər dəbdədir.  Yeni ildə cins şalvar geyinən cins köynək, cins ayaqqabı və cins çanta götürməlidir. 2016-cı ildə cinslə ağ köynək geyinə bilirdiksə, yeni ildə geyim kompleks tərzdə olmalıdır. Klyoş ətəklər artıq 2017-ci ildə olmayacaq. Çünki klyoş ətəklər 3 ildir ki, dəbdə idi. İndi bir az qısa variantda olan ətəklər dəbdə olacaq ki, bu da uzun və arıq qızlara yaraşır. Üst geyimə gəldikdə isə bu qış kolleksiyasında əsas üstünlük rahatlığa və praktikliyə verilib. 2017-ci ildə müasir dəbli qadınlar rahatlıq və dəb arasında seçim etməli olmayacaqlar.
Çox zaman deyirlər ki, il hansı heyvan üzərində təhvil olursa, qarşıdan gələn ildə də həmin heyvanın rəngi dəbdə olacaq. Belədirsə, onda, xoruz ilində qara və qırmızı rəngin dəbdə olacağı gözlənilir. Əziz xanımlar, nə geyinirsiniz geyinin, amma özünüzə yaraşanı geyinməyiniz daha məsləhətlidir. Bir də unutmayın ki, qadının simasında olan təbəssüm bütün geyimlərdən üstündür.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir