kosmetika

Xanımların gündəlik üzləşdiyi TƏHLÜKƏ

Baxış sayı: 1. 225

Satışda kifayət qədər kosmetik mallar olsa da, aralarında saxtaları çoxdur. Keyfiyyətsiz kosmetik vasitələr insan orqanizmi üçün təhlükəlidir. Qısa zaman ərzində bu təsir özünü göstərməsədə, sonradan özünü büruzə verir.

Ekspertlər parfümeriya malları alarkən diqqətli olmağa çağırır. Belə ki, satış yerləri brend parfümeriya mallarının da saxta variantları ilə doludur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, ölkədə parfümeriya mallarının 60 faizi saxta, keyfiyyətsiz, mənşəyi məlum olmayan mallardır: “Parfümeriya bazarı ilə bağlı ciddi istehsalçı və sahibkar problemi var. Qanuni yolla birbaşa istehsalçıdan parfümeriya, kosmetik malları idxal edən sahibkarlar qaçaq malçıların kölgəsində qalıblar”.

E.Hüseynov qeyd edir ki, parfümeriya malları məcburi sertifikatlaşdırılan mallar siyahısındandır: “Qaydalara görə parfümeriya malları əmtəə bazarına daxil olmazdan öncə mütləq sertifikatlaşdırılmalıdır. Təhlükəsizliyi təmin olunmalıdır. Parfümeriya malları əgər məcburi sertifikatlaşdırmadan keçmirsə, belə malların satışı qadağandır. Reklam haqqında qanunda qeyd edilir ki, məcburi sertifikatlaşdırılan mal əgər sertifikatlaşmayıbsa, onun reklamı qadağandır. Təəssüflər olsun ki, dövlətin qanunları pozulur. Bazarda haqsız rəqabətin yaranması ilə brabər, istehsalçıların hüquqları pozulur.

İstehsalçılara bununla bağlı müraciət edirik ki, parfümeriya malları aldıqda çox ehtiyyatlı olun. Çünki kosmetik vasitələr dəri ilə təmasda olan mallardır. Keyfiyyətsiz kosmetik vasitə dəri xərçəngini belə, əmələ gətirə bilər. Parfümeriya malı aldıqda satıcıdan onun gigiyenik sertifikatını, mənşə sertifikatını tələb edin. Bu da bizə məlumdur ki, saxta mal alanlar adətən gedir qanuni mal satanlardan iki üç dənə mal alır və onun sertifikatını götürür. Və onun sürətini çıxarıb saxlayır ki, güya özünün satdığı malların da sertifikatı var. Bu məsələyə bir əlac tapmalıyıq.

Eləcə də, alıcılar bilməlidir ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna görə istehlakçının satıcıdan sertifikatı tələb etməyə hüququ var. Satıcı onu göstərməyə borcludur. Amma çox vaxt alıcılar nəsə aldıqda satıcıdan sertifikatı tələb etməyə çəkinir. Satıcılar da, bunu pis qarşılayır”.

Hüseynov vurğulayır ki, saxta parfümeriya malları Çindən, Hindistandan, Rusiyadan, İrandan və digər ölkələrdən gətirilir və Fransız malı adlı ilə satılır: “Normal kosmetik malların üzərində buraxılma və son yararlılıq müddəti olur, malların üzərində xüsusi sıralama ilə rəqəmlər, artikıllar, nömrələr var. Onu yoxlasınlar. Bu rəqəmləri, kodları internetdə tapa bilərlər, hər ölkəyə, şirkətə uyğun”, – deyə o, əlavə edib ki, kosmetik vasitə aldıqda saxta, keyfiyyətsiz variantla rastlaşarlarsa, AİB-nə və İqtisadiyyat Nazirliyinə zəng vurub şikayətlərini bildirə bilərlər”.

Onun sözlərinə görə, bazarlarda, küçələrdə də kosmetik vasitələrin satışına rast gəlinir. Lakin bu, qanunla qadağandır: “Bu, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə tənzimlənir. Maddə 9-da göstərilib ki, satıcı ətriyyat, kosmetika malları satışı zamanı istehlakçılara tez xidmət göstərmək məqsədilə satışda olan bütün mallar tam çeşiddə və lazımi miqdarda vitrinlərə düzlüməlidir”.

Qeyd edək ki, keyfiyyətsiz kosmetik vasitə dəridə müxtəlif səpkilər, xəstəliklərin yaranmasına səbəb olur. Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən istifadə edir. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərlərsizdir. Kosmetik vasitələrin harada gəldi satılması narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər tövsiyə edir ki, açıq satılan yerlərdə boya vasitələrindən mümkün qədər uzaq durmalı, alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir.

Dermatoloqlar bu vasitələrin tərkibində əks təsirə malik, əsasən sonsuzluq və digər xəstəliklər yaradacaq kimyəvi maddələrin olduğunu deyirlər. Mütəxəssislərin sözlərinə görə, pomadadan həddən artıq istifadə etmək dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur. İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına və sonda dəridə səpkilərin yaranmasına bais olur.

 

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir