xarici diller

Xarici dili qısa zamanda öyrənmək üçün nə etməli?

Baxış sayı: 142

Dil dünyaya aparan körpüdür. Uzaqdan dünyaya səssizcə tamaşa etmək istəmirsənsə körpüdə addımlamalısan.

Bu yerdə yaxşı deyiblər, dil öyrənmək elə səyahət etməkdir. Hər ikisi ilk addımla başlayır.

Başlayaq…

İngiltərənin Edinburq Universitetinin araşdırmalarına görə, xarici dili öyrənmək beynin yaşlanmasının qarşısını alır. Tədqiqat prosesində  262 nəfərin 11 yaşda olarkən etdiyi testlər 70 yaşda təkrarlanıb və öz dilindən başqa ikinci dili bilənlərin elmi bacarıqlarının nə dərəcədə dəyişilməsi araşdırılıb.  Qrupdakı 195 nəfərin ikinci dili 18 yaşından əvvəl, 65-i isə 18 yaşından sonra öyrəndiyi açıqlanıb.

Edinburq Universitetinin elmi yaşlanma və epidemoloji mərkəzinin rəhbəri Tomas Bak deyir ki, dilin gec öyrənilməsindən asılı olmayaraq iki dili bilmək yaşlanan beyin hüceyrələrini fəaliyyətə keçirir.

Yəni, əcnəbi dil bilməyin yaddaşa və başqa qavrayış sahələrinə böyük faydası var.

Öyrənməyin yaşı yoxdur. İnsanda istək və iradə cəmləşdikdən sonra əziyyətin səmərə verməsi üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Xarici dili ən tez Afrikalılar öyrənir

Dünyada oxuma-yazmaya görə ən aşağı göstərici Afrika ölkələrindədir. Lakin, eyni qitənin sakinləri  xarici dili bilmə sıralamasına görə ilk yerləri tuturlar. Maraqlıdır ki, Afrikada bir qəbilədən olan insan digər qəbilədən biri ilə ailə həyatı qurmazdan əvvəl onun dilini öyrənməlidir.

Dil öyrənmək istəyən adam kiçik bir uşaq kimidir. Yavaş-yavaş öyrənəcək…

Alman tərcüməçisi  Judith Matz  bir dili öyrənmək üçün  asan və əlçatan vasitələrdən istifadə etməyi məsləhət görür: “İlk addımda 50 söz öyrənin və bu sözlərlə  insanlarla ünsiyyət qurmağa çalışın”.

Dili öyrənməyi  oyun kimi qəbul edin. Rus dili üzrə uzun müddət tərçüməçi işləyən  Olqa Dmitroçenkovanın fikrincə, yeni bir dili öyrənmək üçün ələ düşən bütün fürsətlərdən istifadə etmək lazımdır: “Evinizdəki əşyaların üstünə belə tərcümələri yazın.  Kitab oxuyun. Subtitirli filmlərə baxın. Oyunlar oynayın”.

Dili həyatınıza daxil edin. İngilis dili üzrə tərcüməçi Elisabeth Buffard  qeyd edir ki,  xəstə, hətta dəlicəsinə aşiq belə olsanız  dil öyrənməyi həyat tərzinizə çevirin.

Texnologiyanın imkanlarından geniş istifadə edin. İlk növbədə telefonunuzun dilini dəyişin. Niderland dili üzrə tərcüməçi  Els de Keyser dili oyun halında öyrənmək üçün  “Duo linguo” nun köməyindən istifadə etməyi məsləhət görür. “Ağıllı  kartlar vasitəsilə  kəlimələr öyrənmək istəyirsinizsə  Anki-dən istifadə edin”.

Dil öyrənməyi yeni bir qapı kimi fikrləşin. İspan dili üzrə tərcüməçi Sebastian Bettinin fikrincə, yeni dilin gətirdiyi təcrübələrə köklənmək lazımdır. “Gəzdiyiniz yerləri, əyləncə məkanlarını belə dil öyrənmək üçün xüsusi məkan kimi qəbul edin. Bütün fürsətlərdən dəyərlənin.  Nəyisə internetdə axtaranda öyrənmək istədiyiniz dildə axtarın”.

Öyrənmək istədiyiniz dildə danışan insanlarla ünsiyyət qurmaq dil öyrənmə qabiliyyətinizi daha da artıracaqdır.

Səhv etməkdən qorxmayın. Mütəxəssislər dil öyrənmək istəyənlərə ilk növbədə kompleksdən azad olmağı məsləhət görürlər. “Dili təzə öyrənəndə “hər bir sözü düzgün tələffüz etdim-etmədim” fikri üzərində çox dayanmayın.

Danışılan hər şeyi başa düşmək məcburiyyətində deyilsiniz. Başlanğıc üçün hər bir cümləni qrammatik qaydalara əməl edərək qurmaq da məcburiyyəti yoxdur. Burada əsas proses danışılanın məğzini anlamaq və fikirləri qısa anlatmaqdır.

Yanınızda bir dəftərçə gəzdirin yeni bir söz eşidəndə mütləq yazın və o sözdən gün ərzində istifadə etməyə çalışın.

Xarici dili öyrənmədə ilk qaydalardan biri də qrammatik bilgilərə yüklənməməkdir. Çünki riyazi qaydalar kimi qrammatik qaydalar da bir müddətdən sonra unudulur.  Yadda saxlamaq lazımdır ki,  dili ən çox oxumaq və yazmaqla öyrənmək daha məqsədə uyğundur.

Ədəbi kitabları seçərkən ana dilinizdə əvvəlcə oxuduğunuz kitabları seçin. Bu sizə mətni anlamaqda kömək edəcək. Çünki, tez-tez lüğətə baxmaq fikir yayınır və bu insanı usandırır.

Ekspertlər hesab edir ki, dil öyrənmək istəyirsinizsə təlimi fasilələrlə etməyin. Hər gün, bu iş üçün maksimum vaxt ayırmağa çalışın. Bu həm də öyrəndiklərinizi unutmamağa kömək edəcək.

Öyrəndiyiniz dildə düşünün. Bu sizə beyninizi inkişaf etdirməyə  kömək edəcək. 

Azərbaycanın təhsil sitemində ikinci dilin öyrədilməsinə çiddi fikir verilir. Orta məktəbdə 11 il ingilis dili tədris olunur. Buna baxmayaraq ingilis dilində danışmaq bacarığı çox aşağıdır.

Təlimçi Toğrul Ələkbər  qeyd edir ki,  çox erkən yaşlardan başlayaraq Azərbaycan məktəblərində  ciddi şəkildə keçilən xarici dil qrammatikası o dildə danışmağa yaxşı təsir edə bilmir.  “İngilisdən qrammatikanı daha yaxşı bilən bir azərbaycanlı bunu praktikada tətbiq edə bilmir. Dil öyrənmədə qızıl qaydalardan biri də odur ki,  hər hansı bir dildə bir söz belə bilsən o istifadə edilməlidir”.

Xarici dili 2-3  aya öyrənmək nə dərəcədə realdır?

Sirr deyil ki, xarici dili 2-3 aya öyrədəcəyi vədini verən müxtəlif kurslar var. Lakin, bu kursların vədləri nə dərəcədə real görünür?

Təlimçi  Toğrul  Ələkbər “Eurasia Diary” portalına açıqlama verərkən bildirir ki,  kurslar 2-3 ay ərzində sadəcə bir səviyyənin təlimini nəzərdə tuturlar:

“Bir dil sadəcə sözdən ibarət deyil. Hər bir dilin özünəməxsus eyli sayda xırda və vacib nüansları var. Əgər, insan hər hansı dili həqiqətən öyrənmək istəyirsə birinci olaraq mühitə düşüb,  o dildə çoxlu danışmalıdır”.

Mütəxəssisin fikrincə, ingilis dilini öyrənmək üçün Maltaya getmək çox səmərəlidir: “Sadəcə çox adamda bu imkan olmadığından  tədris qruplarında öyrənməyi üstün tutur”.

İnsanın tətbiqetmə yaddaşı öyrənmə yaddaşından  daha güclüdür.

Mütəxəssisin fikrincə, dili öyrənmək üçün 3 əsas qızıl qaydanı unutmamaq lazımdır:

Məqsəd. Dili nəyə görə öyrənmək istəyirsən?  “Sadəcə dil öyrənmək istəyirəm” fikri səni həvəsləndirməyəcək. Məqsəd ən çətin vaxtda belə səni həvəsləndirəcək.

Praktika. Öyrəndiyin təzə sözləri mütləq maksimum şəkildə praktikada istifadə etməlisən. Bacardın, bacarmadın, mütləq danışmalısan.

Cəsarətli olun. Əgər bir dildə üç söz bilirsənsə, istifadə elə. Danışmaqdan utansan dili öyrənə bilməyəssən. Dil  öyrəşməlidir. Düşünəndə tərcümə edib sonra danışırlar,  maksimum danışılmalıdır ki, o mərhələdən uğurla keçilə.

Vüsalə Əlövsətqızı  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir