Xocali

Xocalıdan üç qız…Tarixin ən uzun gecəsi və sağ qalanların HEKAYƏSİ

Baxış sayı: 703

“40 yaşım olacaq bu yaxınlarda. Amma hələ də, göy guruldayanda qorxuram. Bərkdən bir səs eşidəndə, əsirəm. Çünki o günlərin qorxusu hələ canımdan çıxmayıb. Gecələr atılan raketlər, başımıza yağan güllələr, zirzəmidə keçən gecələr…Heç yana getməyib bu xatirələr, içimizdədir, bizimlədir…”

Bunu Lamiyə Məmmədova deyir. 40 yaşı var. Xocalıdan qaçanda 11 yaşı olub. O dəhşətli gecəyə bir neçə ay qalmış, xəstə bacısını xəstəxanaya çatdırsınlar deyə, atası onları vertolyota mindirib, Xocalıdan çıxardıb. O gün, Lamiyənin atasını gördüyü son gün olub…

Lamiyə xanımla həmsöhbət olan Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova Lent.az-a deyir ki, Xocalı təkcə o gecə qətlə yetirilənlərin faciəsi deyil:

”Biz elə bilirik ki, Xocalı təkcə o gecə qətlə yetirilənlərin faciəsidir. Biz yanlış olaraq elə bilirik ki, o gecənin bütün əzabları orda həlak olanların, meyidi tanınmaz hala düşənlərin əzabıdır. Biz yanlış olaraq, Xocalını bütün bir faciə, bütövləşmiş bir dəhşət səhnəsi kimi görürük. Amma elə deyil…

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova

Xocalı bütün bir səhnə deyil, yüzlələr fərqli dəhşət səhnəsi, qorxu hekayəsi, sağ qalma hekayətləridir. Xocalı o gecədə həyatını itirənlərlə yanaşı, o gecədən sağ çıxanların da əzablarından ibarətdir. O məşum gecədəki itkilər, ölümlər, əsirliklər – hər bir ailə üçün, ordan sağ çıxan hər kəs üçün fərqlidir. Bizim üçün bir gecədən ibarət olan Xocalı, o qanlı meşədən xilas olanların hər birinin isə başqalarınınkına bənzəməyən bir qorxu, dəhşət, əzab gecəsi var…

Sevincin gecəsi ayrıdır. Lamiyənin ayrı. Piyalənin ayrı.

O qorxunc gecədə sağ qalan hər bir Xocalılı üçün ayrı.

Tanrı üç qəhrəmanımın üçünün də ən ümdə arzusu olan Xocalıya dönmək istəyini onların ürəklərində qoymasın. Zaman Xocalının əzabını, yarasını sinəsində gəzdirən hər bir soydaşımızın məlhəmi olsun. O gecədən sağ çıxmağı bacarmış bütün soydaşlarımıza tale yar olsun. Bu gerçək onların həyatını yüngülləşdirəcəksə, qoy hər bir Xocalı sakini bilsin ki, onların faciəsinə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlı şərikdir. Hər bir azərbaycanlı Xocalıdan qalan yaraları o gecədən sağ çıxa bilən soydaşlarımızla birlikdə gəzdirir. Qoy, qələbəmiz yaramıza məlhəm olsun. Amin! “

Bəli, Lamiyə xanım kimi daha iki qəhrəmanımız da var. Sevinc və Piyalə…

Sevinc Vəliyeva 1977-ci ildə, Xocalıda doğulub. 1992-ci ildəki o məşum gecəyə qədər atası, anası və qardaşı ilə Xocalıda yaşayıb. Yəni 14 yaşına qədər….

Piyalə Novruzova Milli Qəhrəman Ələsgər Novruzovun övladıdır. Piyalə Xocalıdan sağ çıxa bilənlərdən biridir. Belə bir halda “xoşbəxtlikdən” demək, bilmirəm yerinə düşərmi, amma belə deyək, onun bəxti həmin gecəni meşə boyu qaçanlardan bir az çox gətirib. Xocalıdan qaçanda 11 yaşı olub.

Beləliklə, Xocalıdan olan bu üç qadının hekayəsini təqdim edirik

 

Sevinc

Xocalı sakini Sevinc Vəliyeva

“O meşə xatirələrlə doludur bizim üçün. Mən o meşədə bir gecə keçirdim, amma ordan qalanlar mənə iyirmi doqquz ildir əzab verir. Yaş öz sözünü deyir, bəzən nələrsə yaddan çıxır, xatırlaya bilmirsən. Amma illər keçdikcə, o gecə yenə nələrisə, nələrisə xatırladır…”

“Fevralın 9-da 14 yaşım tamam oldu. Xocalıda son doğum günüm. Bir neçə ay idi ki, Xocalını qoruyan könüllülərdən üç nəfəri bizə hər gün yemək yeməyə gəlirdi. Onlardan biri Hafiz Nuriyev adlı bir hərbçi idi. Biz onlarla dostlaşmışdıq. Kənddən az qala hamının evinə iki-üç nəfər belə könüllü gəlirdi. Bizi qoruyan adamları evimizdə gördükcə, ümidimiz çoxalırdı. Özümüzü təhlükəsizlikdə hiss edirdik. İnanmırdıq ki, bizi kənddən çıxararlar…

Artıq neçə ay idi ki, zirzəmilərdə gecələyirdik. Kəndi hər gün güllə-barana tuturdular. Yatdığımız yerdə həlak olmayaq deyə, gecələri zirzəmilərə düşürdük. Səhərlər çıxıb, gündəlik həyatımıza davam etməyə çalışırdıq.

Fevralın 25-də saat 10-da güclü atışma başladı. Gecə saat 3-də isə xəbər gəldi ki, Xocalı hava limanını ermənilər ələ keçirib. Tək çarəmiz qaçmaq idi. Amma necə? Xocalı neçə müddət idi ki, mühasirədə idi. Bizi ordan ancaq Ağdama aparan meşə xilas edə bilərdi.

Qarqar çayını adlayıb, bütün gecəni meşə boyu qaçdıq. Meşədə o qədər sakitlik idi ki, uzaqdan güllə səslərini aydınca eşidirdik. Səsimiz duyulmasın deyə, pıçıltı ilə danışırdıq. Kişilər yorulub, siqaret çəkmək istəyəndə, üst geyimlərini başlarına çəkirdilər ki, siqaretin közü uzaqdan seçilməsin, bizi görə bilməsinlər.

Adamlar o qədər sıx idi ki, uşaqlar iki addım geri qalanda, ya qabağa gedəndə itir, azırdılar. Elə oldu ki, qardaşım bir az qabağa getdi. Qorxumuzdan çağıra bilmədik, kimisə çağırmaq, hər hansı səs çıxarmaq qeyri-mümkün idi. Anam yavaş səslə atama dedi ki, “Sən də qabağa get, Oqtayı axtar tap”. Atam getdi. Beləliklə, həmin gecəni atamdan da, qardaşımdan da ayrı düşdük.

Səhərə yaxın Əskərarın Qaraqaya deyilən yerindən Ağdama keçməli idik. Ora çatanda artıq hava işıqlanmışdı. O vaxt artıq ermənilərə xəbər çatmışdı ki, rayon əhalisinin qalan hissəsi meşə ilə qaçır. Hava işıqlanan kimi, meşəyə hücum elədilər.

Həndəvərimizdə hərbçilərimiz, kişilərimiz ermənilərlə atışırdı. Əmim də əlində avtomat, döyüşənlər arasında idi. Gilizlər tökülürdü yerə. Uşaq idim, elə bilirdim ki, bu gilizləri yenə avromata qoyub, istifadə eləmək olar. Onları qaça-qaça cibimə doldururdum ki, döyüşənlərə verərəm, yenə istifadə edərlər.

Qaçdığım yerdə, birdən gözüm qarın üstünə atılıb, qalmış papaqla şərfə sataşdı. Baxan kimi tanıdım. Atamın idi. Ağlıma gələn o oldu ki, atamı ermənilər əsir götürüb, papağı ilə şərfini də açıb atıblar ki, atamın baş-qulağı donsun. Anama göstərdim, dedim, ana bax, atamı yəqin ermənilər əsir götürüb. Anamın sözü bu oldu ki, “Sevinc, yerə baxma, qızım, qaç, qaç, geri qalmayaq”.

Atam isə bizdən ayrı düşəndən bir neçə saat sonra bizi uzaqdan yerdəki meyilərin arasında görüb, paltarlarımızdan tanıyıb. Yanımıza qaçmaq istəyəndə, qolundan tutub, qoymayıblar ki, “Ora düz güllələrin altıdır, Vaqif, ölənlə ölmək olmaz, sən getmə”.

Atam bilmirdi ki, biz meyidlərin arasında uzanmışıq, özümüzü güllələrdən qoruyuruq…

Meşədən çıxanda, əkin yerlərinin kənarlarındakı arxların içi ilə sürünə-sürünə gəlirdik ki, sağ qalaq. Çünki ətrafdan atışma səsləri gəlirdi. Anamla mən yanaşı sürünürdük. Mən o qədər sürünmüşdüm ki, şalvarımın dizləri parça-parça olmuşdu. Dizlərimdən qan axırdı. Daha sürünə bilmirdim. Nə olar, olar deyib, ayağa qalxmaq istədim. Ətraf qaranlıq olduğundan, havada rəngli gilizlər uçuşurdu. Anam qolumdna tutub, məni aşağı çəkdi, arxın içinə otuzdurdu. “Sevinc, güllə dəyəcək sənə, qalxma ayağa!” dedi.

Güllələr vıyıltı ilə qulağımın dibindən keçirdi. O qədər çox, o qədər sürətlə güllə gəlib keçirdi ki, əlimlə tez-tez qulağımı yoxlayırdım, görüm qan yoxdur ki, başıma gülə dəyməyib ki. Amma dəyməmişdi. Nə deyim, yəqin qismətimdə sağ qalmaq varmış…

Sürünüb, o qədər əldən düşmüşdük ki, anam dedi ki, “gəl, yumalanaq”. Belə daha sürətlə gedərik. Başladıq qarın üstü ilə yumalanmağa. Amma onda da başım gicəlləndi. Dayandıq. Anam yenə dedi ki, “Sevinc, geri qalmamalıyıq. Yoxsa öləcəyik…”.

Anam dikəlməyə çalışanda, bir güllə düz anamın yanında qarı havaya uçurdu. Qışqırdım ki, ana sənə dəydi güllə. Amma xoşbəxtlikdən, güllə anamdan yan keçmişdi. Əgər o gecə güllə anama dəysə, onu yaralasa ya da öldürsəydi, mən heç yana getməyəcəkdim. Anamın yanında oturub qalacaqdım. Bəlkə də əsir düşəcəkdik.

Bizimlə qaçan adamların neçəsi elə beləcə əsir düşmüşdü. Ailəcə qaçanda, ailədən kiməsə güllə dəymişdi. Nə yaralananı qoyub gedə bilmişdilər, nə də yaralı ilə qaça bilmişdilər. Beləcə, ailələr öz yaralısının yanında oturub qalmış, ailəcək əsir düşmüşdülər. Yanımızda yaralanlar var idi. Can verirdi bəziləri. Su istəyirdi hamısı. Anam bəzilərinin dodağına qar sürtmüşdü. Meşədə su yox idi axı…

Bir gəlinin baş barmağına güllə dəymişdi. Barmaq artıq qopub, düşmək üzrə idi. Anam başından yaylığını açıb, o gəlinin əlini sarıdı ki, cavan gəlindi, barmağı qopub düşməsin. Mənim öz üst-başım o qədər qan içində idi ki, biz Ağdam ərəfə keçəndə elə bilmişdilər ki, yaralıyam. Amma mən yaralı deyildim. Yanımızda yaralanan, can verənlərin qusduqları qan idi üstüm, üzüm. Üzüm o qədər qana boyanmışdı ki, anam yerdən qarı ovuclayıb götürdü, başladı qarla üzümün qarını silməyə ki, heç olmasa üzüm görünsün.

O meşə mənim üçün, o gecədən sağ çıxan insanlar üçün xatirələrlə doludur. İndi yaş keçir, yaşlanmaq öz sözünü deyir. Zamanla nələrisə unudursan, nələrisə yenidən xatırlayırsan. Məndə də elədir, bəzi şeylər sonradan yadıma düşür. İndi xatırlayıram ki, anam o gecə mənə vəsiyyət etmişdi. Demişdi ki, “Sevinc, mənə güllə dəysə, öldüm ya yaralandım, fərqi yoxdur, sən qaç, qalma mənim yanımda. Qaç, əsir düşmə”.

Anama “hə” desəm də, yadımdadı, o gecə özümə söz vermişdim ki, anam vurulsa, nəyin bahasına olur, olsun, onu meşədə qoyub qaçmayacam.

O gecə meşədə Hafizi gördük. Hafiz Nuriyev. Bizim evdə nahar edən üç könüllü döyüşçüdən biri idi. O gecə Hafiz əllərindən əlcəklərini çıxarıb, əlimə taxtı. “Sevinc, çalışın, sağ qalın” dedi. Bir daha onu görmədik. O gecə Hafiz şəhid oldu. Ermənilər onun başını kəsmişdilər.

Səhər Ağdama çatdıq. Ağdamda bizi Şelli kəndindəki qohumlarımız qarşıladı. O qohumlarımızın ailələrindən adamlar vardı, döyüşürdülər, biz gecə ikən onların şəhid olduğunu görmüşdük. Amma anam mənə bərk-bərk tapşırdı ki, onlara heç nə deməyim, qara xəbər verməyim.

Ağdamda atamı tapdıq… Dünyada hər şeyi unuda bilərəm. Amma o gecə, atam bizi görəndə aldığı rəngi, düşdüyü vəziyyəti unuda bilmərəm. O, bizim ikimizin də öldüyünü düşündüyü vaxtda, bizi sağ görmüşdü. Gözlərinə inanmırdı. Gəldi, biz qucaqladı. Anam o dəqiqə dedi ki, “Vaqif, bəs Oqtay yoxdu axı”. Atam dedi ki, qoy gedim, ordan qaçan camaatın arasında axtarım.

Oqtayı insanların qızındığı tonqalların birinin yanında tapmışdı atam. Ocaq başında oturub, əllərini isidirdi. Atam onu tapan kimi, demişdi, Oqtay anan da, bacın da sağdı, gəliblər, burdadılar.

Xocalının milli qəhrəmanı var, Əlif Hacıyev. Biz göydə Allah, yerdə Əlif Hacıyevin sayəsində sağ çıxdıq o gecdən. Gözümün qabağında şəhid oldu Əlif Hacıyev. Allah ona min rəhmət eləsin. Bizi o gecədən sağ çıxartdı.

O faciədən sonra bir müddət Ağdamda, qohumlarımız gildə qaldıq. Sonra Bakıya gəldik. Bakıda Pirşağı qəsəbəsi yaxınlığında iki saylı ev tikmə kombinatını istirahət mərkəzində məskunlaşdıq. O vaxtdan burda qalırıq.

Yadımdadır ki, mən burda təzə gələndə çoxlu ağlayırdım. Burdan getmək istəyirdim. Deyirdim, məni burdan aparın, burdan getmək istəyirəm. Anam dedi ki, “qızım, səni hara aparım, bizim daha evimiz yoxdu, Xocalı yoxdu”. Sonra elə oldu ki, anamla nənəm işlə bağlı Ağdama getdilər. Onda Ağdam hələ işğal edilməmişdi. Anama dedim ki, Ağdam Xocalıya yaxındı, ordan mənə torpaq gətir. Anam mənə bir ovuc Ağdam torpağı gətirdi. Günlərlə, aylarla o torpağı üzümə, gözlərimə sürtdüm, günlərlə qoxusunu ciyərlərimə çəkdim. 14 yaşım vardı onda mənim…

Mən uşaqlıqdan yazıya, ədəbiyyata maraqlı olmuşam. O vaxt “Xalq ordusu” qadlı qəzet vardı. O qəzetə yazılar verirdim. Hafiz barədə yazı yazmışdım o qəzetə. Başımı qatırdım bu işlərlə.

Orta məktəbi burda bitirəndən sonra Mədəni-Maarif texnikumunu bitirdim. Sonra Azərbaycan nəşriyyatındakı qəzetlərdən bəziləri ilə əməkdaşlıq elədim. Bir müddət ANS-də işlədim.

Sonra ailə qurdum. Dörd il ailəli oldum. Sonra həyat yoldaşım dünyasını dəyişdi. Övladımız olmadı.

2004-cü ildə uzun sürən xəstəlikdən sonra anam dünyasını dəyişdi. Anamın ili çıxmamış qardaşım vəfat etdi. Atamla ikimiz qaldıq.

İndi kifayət qədər yaşım var. Vətənimi sevirəm. Uşaqlıqdan vətənpərvər insan olmuşam. İndi işləməsəm də, ictimai fəalam. Xocalı soyqırımını tanıtmağa hədəflənmiş Xocalı faciəsinin dünyaya tanıdılması İctimai Birliyinin üzvüyəm.

Həyatdan tək arzum ölmədən Xocalını bir daha görməkdir”.

 

Piyalə

Xocalı sakini Piyalə Novruzova və övladı

“Həmin gecəni atam Xocalıda döyüşüb, anam meşə ilə qaçıb.

Xocalı dörd il idi ki, mühasirədə idi. Bizimlə ancaq hava yolu ilə əlaqə saxlayır, ərzaq çatdırırdılar. Fevralin təxminən 20-i idi, elə bil anamın ürəyinə nəsə damdı. “Damdı” deyəndə ki, artıq neçə gün idi dayanmadan atəş açırdılar.

Başımıza güllə yağırdı, yanımızda mərmilər partlayırdı. Uşaq idik, təhlükəni elə də başa düşmürdük. O mərmiləri yığıb, onlarla oynayırdıq. Valideynələrimizin heç qaşqabağı açılmırdı, hər gün kiminsə ölüm xəbəri gəlirdi.

Anam dedi ki, o gülləbaranın altında qalmayaq. Vertolyotla qardaşımı Ağdama, biz iki bacını isə Laçına göndərdi. Biz – uşaqlar ordan çıxdıq, atamla anam qaldı o dəhşətin içində. Atam, Ələsgər Novruzov iyirmi erməni hərbçisini öldürəndən sonra şəhid olmuşdu, güllə budundan dəymişdi. Anam isə o gecədən sağ çıxa bilmişdi.

Anam o meşədən sağ çıxdı, amma o dəhşətləri heç vaxt unuda bilmədi. Sonralar hey Allaha şükür edirdi ki, həmin gecə o meşədə biz də onunla qaçmırdıq. Çünki o gecə anam uşaqları ilə qaçan anaları, ataları, onların necə qorxduqlarını, hansı dəhşətləri yaşadıqlarını görmüşdü. Anam o meşəni qorxu, dəhşət hissi ilə xatırlayırdı.

Bütün qorxularına, yaşadıqlarına baxmayara, anam bizi tək böyüdə bildi. (harda məskunlaşıblar, bu barədə məlumat yoxdu). Atam yox idi deyə, bizi tək, ehtiyac içində böyüdürdü. Qardaşım hələ balaca idi, biz oxumalı idik. Necə zülümlərlə bizə təhsil verdi. Anamın o əziyyətləri gözümün önündən getmir. Müharibə sonrası, dul qadın, qıtlıq illəri, üç uşaq…Necə əziyyət dolu, köməksiz idi o illər!

Amma tale elə gətirdi, hamımız təhsil aldıq, qardaşım da, bacım da, mən də Bakıda qaldıq.

İndi özümün üç ovladım var. Biri oğlan, ikisi qız. Böyük qızım universitetə hazırlaşır. O illər yadıma düşəndə, balalrıma baxıram. Düşünürəm ki, həmin illərdə bu uşaqları mən necə böyüdərdim. Dəhşətə gəlirəm. Və anamı daha yaxşı başa düşürəm, onun nələr yaşadıqlarını hiss edirəm. Bir ana üçün tək, kasıblıq, müharibə ortasında uşaq böyütməyin nə olduğunu bilirəm.

Anam indi sağdır. Hələ də qayğımızı çəkir, bizi qoruyur.

Yaşadığım həyatın, uşaqlığın bir gününü də balalarıma arzu etmirəm. O, həyat deyildi, o, yaşayış deyildi.

Bizim uşaqlığımız demək olar ki, heç nə oldu. Gəncliyimiz qaçqınlıq həyatı ilə keçdi, kasıblı içində böyüdük. Necə böyüdüyümüzdən xəbərimiz də olmadı. Gözümüzü yumduq, açdıq ki, böyümüşük. Övladlarımız dünyaya gəlib. Amma heç bir gözəllik, heç bir fərəh yaşamamışıq. Həyatın heç bir zövqünü görməmişik. Necə ala bilərdik? Necə o gözəllikləri yaşaya bilərdik?

İndi mənim uşaqlarım əmin-amanlıq içində yaşayır. Azərbaycan güclü ölkədir, güclü ordumuz var. Həyatdan tək arzum özümün də, balalrımın da Xocalını görməyimizdir. Əminəm ki, bu, bizə qismət olacaq”.

 

Lamiyə

Xocalı sakini Lamiyə Məmmədova və övladları

“40 yaşım olacaq bu yaxınlarda. Amma hələ də, göy guruldayanda qorxuram. Bərkdən bir səs eşidəndə, əsirəm. Çünki o günlərin qorxusu hələ canımdan çıxmayıb. Gecələr atılan raketlər, başımıza yağan güllələr, zirzəmidə keçən gecələr…Heç yana getməyib bu xatirələr, içimizdədir, bizimlədir…”

“11 yaşıma qədər Xocalıda gözəl, şən bir uşaqlıq keçirmişəm. Atam avtobazada şofer idi, anam idə evdar xanım. 11 yaşıma kimi ailəm bütün idi, doğma kəndimdə yaşayırdım. Hərdən fikirləşirəm ki, o gecəyə qədər ətrafımda nə qədər insan vardı, o gecədən sonra neçəsi qaldı.

Hər gecə atırdılar, hər gecə başımıza güllələr yağırdı. Anam yemək bişirən kimi deyirdi, “tez yeyin, qaçaq podvala!”. Ya da onşumuzda bir ev var idi, onun zirzəmisi böyük idi, yeməyi götürüb, aparıb orda yeyirdik.

Xocalıdan son dəfə çıxmağımız indiyə kimi yadımdadır. Noyabr ayı idi deyəsən. Atam onda avtobaza şoferi idi. Biz o gün məktəbdə idik. Atam bizi məktəbdən götürdü, birbaşa vertolyota tərəf apardı. Dedi ki, siz təcili Ağdama keçməlisiniz.

Balaca bacım yaş yarımlıq idi. Qızdırması vardı, xəstə idi, heç bir dərman tapa bilmirdik. Xocalı neçə ay idi ki, blokadada idi. Ora ancaq hava yolu ilə girmək mümkün idi. Həkimlər demişdi ki, bu günlərdə uşağı xəstəxanaya çatdırmasanız, ölə bilər.

Axırıncı dəfə atamı onda gördüm. Bizi təcili çatdırdı vertolyota, biz ordan uçduq Ağdama. Ondan sonra hava yolunu da bağladılar, Xocalı tamamilə mühasirədə qaldı.

O gecə, Xocalı faciəsi baş verən gecə atamı itirdim.  Hələ də bilmirik meyidi hardadı. Bildiyimiz tək şey, o gecə həlak olmasıdır. Qonşularımız həlak oldu. əmimlə bibim on beş gün meşədə qalandan sonra girov düşdülər. Ümumilikdə atamın yaxın-uzaq on beş nəfərə yaxın qohumu o gecədən sağ çıxmadı.

Qonşularımız vardı, hələ də o uşaqlar yadımdadır – Çingiz və Çinarə. Bacı-qardaş idilər. Bir məhəllənin uşağı idik, həm atamın yaxın qohumu idilər. Onların ailəsini məhəllədə güllələyiblərmiş. Sonradan bildik.

Qonşumuz Hüseyn dayı var idi. Onu öldürməklə qalmayıblar, başının dərisini soymuşdular.

Atamın dayısı Müseyib kişinin düz alnından güllələmişdilər.

Atamın bibisini güllələməklə qalmamışdılar, döşlərini kəsmişdilər.

Çox ağırdır danışmaq bunları…Bunlarla yaşamaq isə daha çətindir”.

Xocalıdan sonra anam, nənəm, bacımla birlikdə Bakıda, bir balaca pansionat otağında yerləşdik. Dar, çox dar bir otaq idi. İllərlə o otaqda yaşadıq.

Anam isə hələ də o otada yaşayır.

İndi Moskvada yaşayıram. İki övladım var, qızım 20, oğlum 16 yaşındadır.
Uşaqlarımı vətəninə, xüsusilə də Xocalıya bağlı ruhda böyüdürəm. Bütün ailəcək ən böyük arzumuz Xocalıda yaşamaqdı. Bütün yaxınlarım bilir, həyatdan tək arzum Xocalıya bir daha ayaq basa bilməkdir!” (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir