it

““Xoruz”un dağıtdıqlarını “İt” yığışdıracaq” – ASTROLOQLA MÜSAHİBƏ

Baxış sayı: 1. 367

Yeni ilin gəlişi ilə insanlar həyatlarının daha yaxşılığa doğru dəyişəcəyinə ümid edir. Köhnə ilin son günlərindən artıq hər kəs hansı ilin gələcəyini, yeni ilin nə vəd edəcəyini, rəmzlərini, əlamətlərini öyrənməyə çalışır. Elə biz də belə etdik. Müsahibimiz isə “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlidir.

– Əvvəlcə istərdik qarşıdan gələn İt ilinin ənənəvi rəmz və göstəricilərini sadalayasınız?

– Qarşıda gələn İt ilinin müddəti 16.02.2018-04.02.2019 aralığıdır. Astroloji baxımdan Sarı İt ili hesab olunur. İlin planeti Venera, uğurlu ayları may, oktyabr, uğursuz ayları aprel, noyabr, düşərli günü bazar ertəsi, cümə, ağır günü çərşənbə axşamı və bazardır. İlin aparıcı bürcləri Buğa və Tərəzi, aparıcı işarələri İt, Pələng və At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari, çiçəyi bənövşə və qızılgül, aktiv əraziləri isə Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq və Əfqanıstandır.

– Deyirlər “İt” fərqli gəlir…

– Razılaşmaq olar. Tarixi xronologiyaya baxanda qarşıdan gələn ilin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda, yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır. Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq” adlandırırdılar.

 İlin xarakterik xüsusiyyətləri, ümumi mənzərəsi haqqında əlavə nə deyə bilərsiniz?

– Əslində sadə insanlar hansısa ilin başlanğıcında həmişə növbəti zaman kəsiyini necə yola salacağını, ilin uğurlu, yaxud uğursuz olacağını bilmək istəyirlər. Bu kimi problemlərin həlli yolları yenə də astroloqlardan keçir. Onlar hər gələn ilin xarakterini, mənfi-müsbət cəhətlərini, tələb və tövsiyələrini, eyni zamanda digər mühüm xüsusiyyətlərini insanlara çatdırmaqla onları bir növ “oyun qaydaları”na hazırlayırlar. Bu baxımdan deyə bilərəm ki, İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt formada işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur. Bundan başqa ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. İt ili həm də dünyada mövcud olan siyasi fikirayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır.

2018-ci ildə dünyanın siyasi mənzərəsi tamamilə dəyişəcək, siyasi rəqiblərin ortaq məxrəcə gəlməsini, qarşılıqlı inamın bərpasını və gərgin siyasi müstəvilərdə harmoniyanın yaranmasını görəcəyik. Necə deyərlər, “bataqlıqların qurudulması” prosesi başlayacaq. Bu dövlərdə böyük hərbi münaqişələr olmur, yeni ictimai-siyasi liderlər yetişir. Unutmayaq ki, İt qabiliyyətli, istedadlıları məşhurlaşdırır.

– Adətən deyirlər ki, hansı il gəlirsə, həmin ildən olan insan üçün il daha uğurlu olur. Bu, belədirmi?

– Təbii ki, hansısa bir Zodiak ilinin başlanması o işarə altında doğulanlara daha uyğundur, çünki oxşar enerji və xüsusiyyətlərə malikdirlər. Bu, bir növ öz meydançasında oynayan idmançı timsalındadır. Amma bu yanaşmanın elmi əsası yoxdur, bu, müşahidə və təcrübi qənaətlərin məntiqi nəticəsidir. Belə şeylərə primitiv yanaşmaq olmaz, sadəcə hər yeni ilin öz “oyun qaydaları” var və bu qaydalara riayət edən hər kəs bəlli zaman kəsiyindən səmərəli yararlanır.

– İt ilində nədən ehtiyat etməliyik?

– İt qanun-qaydanı və ədalətliliyi himayə etdiyindən yalançı və dələduz adamları sərt şəkildə cəzalandırır. Sakit və müdrik İt çılğın adamları, ağılsız risk edənləri, tənbəlləri sevmir və öz hakimiyyətində onların çoxunu sıradan çıxarmaqla, sınağa çəkməklə sakitləşdirməyi bacarır. Təbii ki, bu sınaqlardan itki ilə çıxanlar da az olmur. İt xəyanəti sevmir – özü də yalnız ailə-sevgi istiqamətində deyil, həyatımızın bütün sahələrində. Düzdür, səbrli İt belələrinə dərhal cəza vermir, lakin ikinci həmlədə xəyanət edən olduqca sərt şəkildə cəzalandırılır.

İt ilində passiv insanların daxili nigarançılığı, narahatlığı artdığı üçün buraxılmış səhvlərin düzəldilməsi vacibdir. Bu dövrdə hər kəs alicənablıq, xeyirxahlıq göstərməli, Allahı razı salan işlərdən daha çox yapışmalıdır. Çünki kosmosdan axan bədbinlik bütün planetə yayılacaq və zəiflər az qala intihar həddinə çatacaqlar. Belə yerdə isə səbrli, təmkinli və ağzıdualı olmaq mütləqdir.

– Bürclər barədə proqnozlardan faydalanaraq müəyyən səhvlərdən qaçmaq, ilin daha uğurlu keçməsinə nail olmaq olarmı?

– Elə astrologiyanın mahiyyəti də budur. Bu elmi bilənlər daha az səhv edir, uğurlu zamanlardan mənfəətlə, uğursuz zamanlardan minimal itki ilə çıxırlar. Amma diqqət etmək lazımdır ki, proqnozlar haradan qaynaqlanır, elmə əsaslanırmı, kimlər tərəfindən yazılır?!

– Bu vaxta qədər İt ilində baş verən ən mühüm hadisələrdən hansını deyə bilərsiniz?

– Bu dövrlərdə çox hadisələr olub. Misal üçün, Roma imperiyası yaradılıb, Çaldıran döyüşü baş verib, buxar maşını və mexaniki toxucu dəzgah ixtira olunub, İranda türk mənşəli Qacarlar sülaləsi hakimiyyətə gəlib, İran şahzadəsi Abbas Mirzə Şuşanı tutub, SSRİ qurulub, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaradılıb, M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət edib, Adolf Hitler hakimiyyəti mənimsəyib, Təbriz Universiteti açılıb, “Luna-16” kosmik gəmisi Aydan torpaq gətirib, Bakı metrosunun “20 Yanvar” və “Gənclik” stansiyalarında terror törədilib, “Əsrin müqaviləsi” imzalanıb, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olunub, Moskvanın “Bauman” bazarının uçması nəticəsində 40-dan artıq soydaşımız həlak olub, Səddam Hüseyn edam edilib və s.

– Bəs İt ilində doğulan məhşurlarımızdan kimlər var?

– Adil İsgəndərov, Rəsul Rza, Sabit Rəhman, İmam Mustafayev, Ələsgər Ələkbərov, Fikrət Əmirov, Rauf Hacıyev, Sara Qədimova, Şövkət Ələkbərova, Famil Mehdi, İlyas Tapdıq, İsi Məlikzadə, İslam Rzayev, Tofiq Bayram, Ələddin Abbasov, Allahverdi Bağırov, Anatoli Banişevski, Ceyhun Mirzəyev, Hüseynağa Hadıyev, Nüsrət Kəsəmənli, Rafiq Hüseynov (diktor), Ramiz Rövşən, Rəfael Dadaşov, Seyran Səxavət, Ramiz Mirişli, Yalçın Rzazadə, Yasin Qarayev, Mahmudəli Çöhrəqanlı və başqaları.

– Hər il təxminən iki Ay və iki Günəş tutulması olur. 2018-ci ildə də belə olacaqmı və mümkünsə indidən onların vaxtını açıqlayardız?

– Qarşımızda duran ildə astronomik tutulmaların sayı 5 olacaq və məlum kosmik olayın sıralanması aşağıdakı kimidir: Tam Ay tutulması (31 yanvar), Qövsvari Günəş tutulması (16 fevral), Adi Günəş tutulması (13 iyul), Adi Ay tutulması (28 iyul), Adi Günəş tutulması (11 avqust).

– Təbii ki, gələn il üçün övlad gözləyən və ya övlad planlaşdıran ailələr var. Yəqin ki, onlara da maraqlı olar, İt ilində doğulanların xarakteristikası necədir?

– Bu illərdə doğulanlar ilk növbədə mərhəmət və sədaqət rəmzidir, vicdanlı, etibarlı və səmimi, ədalətli və özünə əmindir. Ənənələrə hörmət edir, namusu, şərəfi qiymətləndirir və böyük şövqlə insanlara kömək edir. Səs-küylü məclisləri o qədər də sevmir, toy, yaxud digər mərasimlərdə seçilməməyə çalışırlar. Lakin kiçik qonaqlıqlarda öz dostpərvərliyi, natiqliyi ilə ətrafa işıq saçırlar. Onlar ədalətsizliyə dözmür və ən əvvəl buna qarşı üsyan edirlər. Ona görə də Xeyirin qələbə çalması üçün var-gücləri ilə çalışırlar. Əgər dostları bəlaya düçar olsa, nəyin bahasına olursa-olsun, dostu darda qoymur, onun köməyinə çatır. Öz maraqlarını unudaraq yaxınların marağını müdafiə etməyə, hücumlara məruz qalmış adama köməyə atılmağa həmişə hazırdırlar. İt ilində doğulan dostu ancaq arzulamaq olar. Kimisə pis vəziyyətdə qoymaq onlara görə deyil.

– Ancaq tərif etdiniz. Bəs mənfi xüsusiyyətləri yoxdur?

– Mənfi xüsusiyyət insan xislətinin içində həmişə var. Bu adamlarda da olmamış deyil. Məsələn, onlara həyatın maddi tərəfi vacib deyil, buna görə də pul və hakimiyyət bu adamları cəlb etmir. Adətən “İt”lər sevdiyinə onun verdiyindən daha çox sevgi verir. Lakin bütün həyatı boyu çoxlu sayda sevgi uğursuzluqları ilə üzləşirlər. Ən başlıcası isə bütün bunların baiskarı özü olur. Çünki onlar hiss və duyğularınının əsirinə çevrilir, özündən tez çıxır, partnyoruna qarşı münasibətdə ədəbsizlik göstərir və ən xırda şeylərə görə narahat olur. Onlar eqoist deyillər, lakin təbiətcə bədbin olduqlarına görə, daima narahat, ac, sərt və acıdil olurlar.

 Deyirlər, 2018-ci ildə həm də 3-cü dünya müharibəsi başlayacaq. Bunun Nostradamus və digərlərinin yazdıqlarında öz təsdiqini tapdığını iddia edirlər…

– Belə söhbətlər zaman-zaman ortalığa atılıb. Nostradamus və digərlərinin adını da ora artırırlar ki, deyilənlərin ciddiliyini artırsınlar. Halbuki tarixdə olmayan və uydurulmuş olan Nostradamusun 2018 və digər yaxın illər barədə heç bir Senturiyası yoxdur. Sadəcə olaraq dünyanın siyasət və biznes dəllalları insanları təlaşda saxlamaq üçün bu üsuldan istifadə edirlər. Çünki qorxu və təlaş içində yaşayan insanları idarə etmək olduqca asandır. 21 dekabr məsələsi yadınızdadırmı? Dünya səviyyəsində bir ajiotaj yaratmışdılar. Guya dünyanın sonudur. İldə 3-4 dəfə belə hal olur və mövzu tapmayan dünya mediası da belə yalanları məmnunluqla yayır. Ən sonuncu tarix dekabrın 23-ü idi – hindistanlı bir alim guya həmin gün dünyanın dağılacağını, planetimizdə həyatın son günü olacağını “proqnozlaşdırmışdı”. Göründüyü kimi çiy çıxdı. Belə təbliğat insanlarda kütləvi qorxu və ümidsizlik yaradır. Bunun da qarşısını isə media olaraq bizlər almalıyıq…

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir