Ev

Xoşbəxt olmaq üçün hansı otaq hansı rəngdə olmalıdır?

Baxış sayı: 1. 539

Siz heç bilirdinizmi evdəki xoşbəxtliyinizi divarlarınızın rəngi təyin edir? Bəs xoşbəxt olmaq üçün hansı otaq hansı rəngdə olmalıdır?

Rənglər mənşə, dil, din və hətta mədəniyyət ayırd etmədən hər insana xas olan ortaq zövq və ortaq dildir. Bu ortaq dili nə dərəcədə doğru istifadə etsək və məkanlarımızı düzgün rəngləndirsək, həyat keyfiyyətimiz də bir o qədər artacaq, ruh sağlamlığınız yaxşı istiqamətdə dəyişəcək. Ailem.az bu yazıda evin otaqlarında rənglərdən düzgün istifadə etmə üsullarından bəhs edəcək.

Əlbəttə, bir çox mövzularda olduğu kimi, ev dekorasiyasında da konkret qayda-qanun yoxdur. Buna görə də öz doğrularınızı tapmalı, sizi yaxşı hiss etdirəcək rəngi seçməlisiniz.

 

Mətbəxdə canlı rənglər

Mətbəxdə canlı və yüksək əhval-ruhiyyə yaratmaq istəyirsinizsə, fotodakı nümunədə olduğu kimi, parlaq sarı rəng möcüzəvi olar. Əslində bu tərz rənglərdən mətbəxlərdə istifadə edilmir. Səbəb? Bunun cavabını tapmaq olduqca çətindir. Siz isə bu görünməz qaydanı pozun. Mebellər divarların rəngi ilə ahəngdar olmalıdır. Bəli, sarı şən rəngdir, amma mətbəx tamamilə sarıya boyana bilməz.

Qonaq otaqları

Qonaq otaqlarında qəhvəyi və berj kimi torpaq tonları istifadə edə bilərsiniz. Eyni zamanda, sarı, qırmızı, narıncı kimi daha canlı rənglərdən olan mebel və aksessuarlar otağa müsbət ab-hava qatacaq. Qonaq otağının divarlarında görməkdən zövq alacağınız  rəng olmalıdır.

Yemək otaqlarında şərab tonları

Yemək otaqlarında çox açıq rənglər istifadə etmək doğru deyil. Dostlarınız üçün təşkil etdiyiniz qonaqlıqda divara sıçrayan kiçik bir ləkənin göz önündə olmasını istəməzsiniz. Digər tərəfdən, boğucu və təhrikedici rənglər də yemək otaqları üçün deyil. Yemək otağınızda şərab tonlarına üstünlük verin. Bu, həm iştahanızı açaraq, xoş bir yemək ab-havası yaradacaq, həm də açıq rənglərə görə daha dayanıqlıdır.

Sakit bir yataq otağı

Yataq otağınızda sakit və dinc yuxu təmin etmək, günə rahat başlaya bilmək üçün mavi, yaşıl, lavanda kimi sakitləşdirici rənglər seçin. Qan təzyiqinin artmasına səbəb olan qırmızı və ona yaxın rənglərdən yataq otaqlarında istifadə etməyin. Mavi isə bunun tam əksi olacaq və fiziki olaraq da sakitləşmənizi təmin edəcək. Buna görə də mavi, yaşıl yataq otaqları üçün ideal rəngdir.

Hamam otağında təmiz və dinc bir mühit

Hamam otaqlarında istifadə edilə biləcək ən gözəl rəng heç şübhəsiz saflığın və təmizliyin rəngi olan ağdır. Bununla yanaşı, dincəlmək üçün vannanız varsa, yataq otaqlarında təklif edilən mavi və firuzəyi kimi sakitləşdirici rənglər seçə bilərsiniz. Düzgün ahəngdarlıq yarada bilsəniz, son dərəcə yaxşı nəticə əldə edə bilərsiniz.

Münbit iş mühiti

İş otaqlarında rəng seçimi olduqca əhəmiyyətlidir. Çünki zaman-zaman bu otaqlarda çox vaxt keçirməli oluruq. Üstəlik, konsentrasiyaya ən çox ehtiyacımız olan otaqlar da iş otaqlarıdır. Rənglərin diqqət və konsentrasiya üzərindəki təsiri də danılmazdır. Yaşılın çox parlaq və iddialı olmayan tonları iş otaqları üçün ideal variantlardır. Diqqəti artıran təsirləri ilə yanaşı, uzun zaman keçiriləcək otaqlar üçün də ən ideal variant yenə yaşıldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir