Natevan Abdulla

Xoşbəxtliyin ölçüsü nədir – ailə, yoxsa pul?

Baxış sayı: 533

İnsan daha varlı və sağlamdırsa, o, özünü başqalarından daha xoşbəxtmi hiss etməlidir? Xoşbəxtliyin formulu bu qədər sadə ola bilərmi?

Tarix boyu filosoflar, din adamları, şairlər xoşbəxtliyin nə olduğu və qaynağı haqqında müxtəlif fikirlər yürüdüblər. Bu insanların əksəriyyəti insan xoşbəxtliyində fiziki şərtlər qədər sosial, əxlaqi və mənəvi faktorların da əhəmiyyətli yeri olduğu qənaətinə gəliblər. Bəlkə də, bu səbəbdəndir ki, müasir və varlı cəmiyyətlər sahib olduqları rifaha baxmayaraq, getdikcə yadlaşma və mənasızlıqdan əziyyət çəkirlər. Bəlkə də, keçmişdə daha sərt həyat şərtləri yaşayan insanlar, icma, din və ətraf mühitlə olan münasibətlərindən daha məmnun idilər.

Bunu müəyyənləşdirmək məqsədilə son illərdə psixoloqlar və bioloqlar insanları nəyin xoşbəxt etdiyini anlamaq üçün bir sıra elmi araşdırmalar aparmağa başladılar. İnsanı xoşbət edən əslində nədir: pul, ailə, genetika, yoxsa  güclü olmaq?

Əslində, burda ilk addım nəyin ölçülməli olduğunu bilməkdir. Xoşbəxtliyin konkret bir nəfər və hamı tərəfindən qəbul edilmiş düsturu olsaydı, yəqin ki, bu, hər bir fərd üçün subyektiv rifah halı sayılardı. Biz də məsələyə bu cür baxsaq, deməli, xoşbəxtliyə insanın öz daxilində hiss etdiyi bir vəziyyət kimi yanaşmalıyıq. O, ya bir anlıq həzz, ya da həyatın gedişatından məmnunluq hissidir.

Bəs əgər bu, mənim öz içimdə hiss etdiyim bir haldırsa, onu kənardan ölçmək nə dərəcədə doğrudur? Elə elm adamları da bu səbəbdən xoşbəxtliyi ölçə bilmək üçün insanlarla sorğu keçirir və onlar üçün xoşbəxtliyin nə olduğunu öyrənirlər. Minlərlə insandan götürülən sorğunun cavabları isə maddi rifahı olanlarla olmayanlar, kəndli və şəhərdə yaşayanlar, evlilərlə boşanmışlar, demokratik ölkədə yaşayanlarla diktatura altında yaşayanların hər birinin cavabları müqayisəli şəkildə analiz edilir.

Alimlərin bu araşdırmalardan gəldikləri nəticələrdən biri bu olub ki, pul həqiqətən də insanlara xoşbəxtlik gətirir. Amma bunun bir həddi olduğu, bir nöqtədən sonra bu xoşbəxtliyin azaldığı və yox olduğu da təsdiqlənib. Yəni pul xoşbəxtlik gətirir, amma onun gətirdiyi xoşbəxtlik daimi deyil. İqtisadi piramidanın ən aşağı mərtəbələrində olan insanlar üçün pul xoşbəxtlik deməkdir. Əgər sən ehtiyac içindəsənsə, daha yaxşı maaş almaq, daha keyfiyyətli qidalanmaq, yaxşı geyinmək, arzuladığın bir şeyi ala bilmək, əlbəttə, səni xoşbəxt edəcək. Amma bir milyonçunun milyarder olması onu bir kasıbın varlanması qədər xoşbəxt etməyə bilər.

Başqa bir maraqlı nəticə də budur: Xəstəliklər xoşbəxtliyi qısa müddətə azaldır, lakin uzun müddət bədbəxtlik mənbəyi olması üçün ya xəstəlik davamlı şəkildə pisləşməli, ya da insanda güclü əzab-əziyyətlərə səbəb olmalıdır. Yəni əgər xəstəlik gündəlik güclü ağrılarla müşahidə olunmursa, insan bir müddətdən sonra ona da alışır. Məsələn, bənzər bir araşdırmada diabed xəstələrinin şiddətli ağrılar hiss etmədikləri müddət ərzində xoşbəxt ola bildikləri müəyyənləşib.

Araşdırmaların ən maraqlı nəticəsi isə ailə quruluşu ilə bağlıdır. Bu geniş araşdırmaya görə, ailənin və yaşadığımız cəmiyyətin xoşbəxtliyimiz üzərində pul və sağlamlıqdan daha güclü təsirləri olduğu məlum olub. Bu sorğulardan alınan nəticələrə əsasən bir-birinə bağlı olan və bir-birini dəstəkləyən ailə münasibətlərində olan insanlar digər bütün insanlarla müqayisədə daha xoşbətdirlər. Eyni zamanda, yaşadıqları cəmiyyətə mənsub olmadıqlarını düşünən, ailəsi tərəfindən dəstəklənməyən insanların da davamlı xoşbətliyə çata bilmədikləri məlum olub.

Evlilik isə ən vacib mövzulardan biridir. İnsanın subyektiv xoşbəxtliyinin yaxşı, ya da pis evliliklə sıx bağlı olduğu deyilir. Bunun iqtisadi və fiziki şərtlərlə heç bir bağlılığı da yoxdur. Əgər səni çox sevən bir həyat yoldaşına sahibsənsə, deməli, tənha bir milyarderdən daha xoşbəxtsən.

Günümüzdə boşanmaların sayının nigahlardan daha çox olduğunu nəzərə alsaq, deməli, həm bizim ölkəmizdə, həm də dünyada insanlar getdikcə xoşbəxtliklərini daha çox itirməyə başlayırlar.

İnsanların artıq öz həyatları ilə bağlı söz haqqı əvvəlki ailə quruluşlarına nəzərən daha çoxdur. Beləcə, həm də insanlar öz taleləri üzərində təsir gücünə də malik olurlar. Amma bu bağlanmaq aidlik hisslərini azaldır, getdikcə bir-birindən qopan ailələr tənha insanlar cəmiyyətinin yaranmasına gətirib çıxarır. Yəni çox qiymətli hesab etdiyimiz və bəzən uğrunda ailələrin dağıldığı fərdi azadlığımız belə, bəlkə də, bizim əleyhimizə işləyir, xoşbəxtliyimizi azadlıq, müstəqillik adlı məxmər əlcəklərlə özümüz boğuruq.

Nəhayət, bütün bu araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, xoşbəxtliyin varlı olmaq, sağlam həyat, sosial şərtlərlə əslində, çox da əlaqəsi yoxdur. Bu, daha çox faktiki, konkret vəziyyətlə mücərrəd gözləntilərimiz arasındakı fərqlə əlaqəlidir. Məsələn, əgər bəyəndiyiniz bir ayaqqabını ala bilirsinizsə, bu hal sizi məmnun edəcək. Yaxud da “Ferrari” istəyib, ikinci əl bir “Mercedes” alırsınızsa, heç də məmnun olmayacaq, özünüzü kasıb hiss edəcəksiniz.  Ona görə də araşdırmaçılar deyir ki, “Cekpot” qazanmaqla, ağır bir xəstəliyə düçar olduğunu öyrənməyin insan psixologiyasına təsir müddəti eyni dərəcədə ola bilər. İnsan zamanla hər iki hala da getdikcə alışır. Digər tərəfdən baxsaq, maddi vəziyyətimiz yaxşılaşdıqca gözləntilərimiz də artır. Nəticədə daha çox əşyaya, ya da pula sahib olmağımız bizi daha xoşbəxt etmir, əksinə, bizi daha çox şeyə ehtiyacımız olduğunu düşünməyə vadar edir, gözləntilərimizi artırır. Maddi vəziyyətimiz pisləşdikcə isə gözləntilərimiz də azalır, qənaət etməyə, əlimizdə olanlarla kifayətlənməyə başlayırıq. Bu halda ciddi bir xəstəlikdən əziyyət çəkiriksə, onsuz da məmnuniyyətsiz olduğumuz bir həyat tərzi bizi daha da narazı salır.

Əslində, bütün bunları anlamaq üçün nə psixoloqlara, nə də bir yığın anketə ehtiyac var. Peyğəmbərlərdən şairlərə qədər, lap qədim zamanların filosoflarının belə, xoşbəxtliklə bağlı ortaq bir formulu olduğunu xatırlamalıyıq. Onlar əlimizdə olanlara şükür etməyin, daha çoxunu əldə etməyə çalışmaqdan daha vacib olduğunu deyirlər. Bəlkə də, həqiqətən qane olmaq, şükür etmək insanı bu kapitalist piramidada üst mərtəbələrə dırmanmağa çalışmaqdan daha xoşbəxt edə bilər

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir