Xroniki bronxit

Xroniki bronxit nədir?

Baxış sayı: 1. 933

Xroniki bronxit – bronxların uzunmüddətli iltihabıdır. Əgər iki il ərzində öskürək üç aydan az olmayaraq davam edirsə, bunu xroniki bronxit adlandırmaq olar.

Xroniki bronxitdən daha çox yaşlı insanlar əziyyət çəkirlər. Siqaret çəkən və çirkli havası olan istehsalat sahələrində çalışan insanlar risk qrupuna daha çox aiddirlər.

Xoniki bronxit bronxların uzunmüddətli qıcıqlanması (siqaret çəkmək,toz, tüstü və s.) fonunda yaranır, bu isə onların selikli qişasında dəyişikliklərə səbəb olur və infeksiyanın (virus, bakteriya, göbələklər) daxil olmasını asanlaşdırır.

 

Xroniki bronxit necə inkişaf edir?

Xroniki bronxit tədricən inkişaf edir. Zədələnmiş qişa daha çox bəlğəm ifraz etməyə başlayır və onu daha pis xarc edir. Bu, əvvəlcə səhər vaxtı öskürək yaradır. Tədricən öskürək insanı həm gecələr, həm də  gündüzlər narahat etməyə başlayır, soyuq və nəm havada kəskinləşir. İllər keçdikcə öskürək daimi xarakter alır.

Xroniki bronxit zamanı daim artıq miqdarda bəlğəm ifraz olunur (şəffaf və qoxusuz). Kəskinləşmə periodunda bəlğəm qişalı-irinli və ya irinli-bulanıq, daha qatı olur, sarımtıl və ya yaşımtıl, pis qoxulu olması da mümkündür.

Xrnoniki bronxit uzun müddət davam edərsə, bronxlar daralır və daha az hava keçirir, tədricən təngənəfəslik tutmaları əmələ gəlir (boğulmayadək), xəstəliyin yeni mərhələsi – ağciyərlərin xroniki obstruktiv xəstəliyi başlanır. Əvvəllər bu xəstəlik xroniki obstruktiv bronxit adlanırdı, lakin yeni ad xəstəliyin mahiyyətini daha dəqiq ifadə edir – bu zaman təkcə bronxlar deyil, ağciyərlər də zədələnir (emfizema inkişafı səviyyəsinədək). Nəticədə qanın, bunun nəticəsi olaraq, bütün orqanizmin oskigenlə qidalanması zəifləyir – tənəffüs çatışmazlığı inkişaf edir.

 

Xroniki bronxitin diaqnostikası  

Xroniki bronxit diaqnozunu terapevt və ya pulmanoloq ən azı iki illik müşahidədən sonra qoyur. Xroniki bronxiti astma, bronxoektatik xəstəlik və s. ilə səhv salmamaq üçün həkim döş qəfəsinin rentgenini, qanın ümumi və biokimyəvi analizini, bəlğəmin baktereoloji əkmə və antibakterial həssaslıq testi vasitəsilə müayinəsini, bronxoskopiya təyin edə bilər.

Tənəffüs funksiyasının müayinəsi zamanı havanı xüsusi alətin içərisinə üfürmək tələb olunur ki, bunun vasitəsilə ağciyərlərin həcmi və digər parametrləri müəyyənləşdirilir.

Bronxoskopiya – endoskopik müayinədir. Bunun üçün tənəffüs yollarına xüsusi nazik boru yeridilir və bronxlar daxildən müayinə edilir. Bu prosedur narahatçılıq yaratsa da, tez və yerli ağrıkəsici vasitəsilə həyata keçirilir. Bronxoskopiya çox vacib prosedurdur, çünki xroniki bronxit bronx keçilməzliyinə və digər ağırlaşmalara gətirib çıxara bilər. Bundan başqa, bronxoskopiya zamanı müxtəlif manipulyasiyalar – biopsiayalar, dərmanların daxil edilməsi və s. həyata keçirmək mümkündür.

 

Xroniki bronxitin müalicəsi

Xroniki bronxitin müalicəsinə erkən mərhələdə başlayırlar və bu, uzun müddət davam edir – həm kəskin, həm də xəstəliyin simptomlarının aradan qalxdığı periodda.

Xroniki bronxitin kəskinləşmə periodunda həkim antibiotik, bəlğəmgətirici və iltihabəleyhinə vasitələr, immuniteti qaldırmaq üçün preparatlar təyin edir. Həmçinin, müalicəvi bronxoskopiya aparılır. Bu zaman xüsusi boru tənəffüs yollarına daxil edilir və bronxlar müxtəlif məhlul və maddələrlə yuyulur ki, iltihab və selik azalsın.

Bundan başqa, xüsusi tənəffüs gimnastikası, fizioterapevtik müalicə (inqalyasiya, elektroprosedurlar) təyin olunur.

Kəskinləşmə olmazsa, selik ifrazı və bronx daralmasının qarşısını almaq məqsədilə müntəzəm olaraq xüsusi inqalyasiyalar təyin edilir. Bu, selikli qişanın vəziyyətini yaxşılaşdıra, kəskinləşmələrin sayını azalda, tənəffüs çatışmazlığını ləngidə, hətta qarşısını ala bilər.

 

Xroniki bronxitin profilaktikası

Xroniki bronxitin profilaktikası ilk növbədə, sağlam həyat tərzi sürməkdən (siqaret çəkməkdən imtina, bədən tərbiyəsi ilə məşğul olmaq və s.), xroniki infeksiya ocaqlarının aradan qaldırılmasından ibarətdir. Bronxit artıq mövcuddursa, soyuqdəymədən qorunmaq, yuxarı tənəffüs yollarnı vaxtında müalicə etmək vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir