derman

Yaddaş gücləndirici dərmanlar əsəbi korlayır?

Baxış sayı: 5. 468

Əvvəlki illərin məzunları üçün sabah I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. Abituriyentlərin həyəcanı son həddədir. Doğrudur, hər zaman ən çox çalışan və əziyyət çəkən haqqı olan yerə sahib olur. Amam bu dövrə qədər abituriyentlərin stress və qorxusu əksər hallarda mane olur və nəticə ürəkaçıcı olmur.

Valideyn basqısı, ətraf insanların maraq dolu baxışları abituriyent üçün əzablı olsa da, bundan qurtuluşun yeganə yolu hər hansı bir universitetə qəbul olmaqdır. Elə buna görə də, gecə-gündüz kitab oxumaqla vaxt keçirən abituriyentlər üçün bu mərhələ dözülməzdir.

Məhz bu ərəfədə, tələbə və valideynlərin gərgin olduğu bir vaxtda abituriyentlərə özəl yaddaş dərmanlarının reklam olunması ağılda bir sualı da yaradır. Bu cür dərmanlar həqiqətənmi yaddaşa təsir edir və məhz abituriyentlər üçün hazırlanıb? Əlbəttə, bu sualın cavabını heç kim dəqiq deyə bilməz. Ən doğrusu budur ki, heç bir dərman insan üçün tamamilə müsbət effekt vermir. Əgər dərmanın müsbət təsiri varsa, hökmən onun mənfi təsiri də olacaq. Yaddaş gücləndirilməsi isə vitamin və minerallarla mümkün olduğu halda heç bir dərman sırf abituriyent üçün hazırlana və qeyri-adi dərman kimi satıla bilməz.

Tənzilə Müslümova 4-cü ixtisas qrupu üzrə imtahan verəcək. Deyir ki, abituriyentlərin inamından süni istifadə edən hər kəs məqsədinə çatır, çünki ən həssas ərəfədə abituriyent oyuncaqla aldadılan uşaq kimi olur: “Yaddaş gücləndirici dərman reklamlarını görmüşəm. İstifadə etmək istəyərəm, amma valideynlərim imkan vermir. Dərmanın təsir edib-etməyəcəyi məni elə də maraqlandırmır, mən sadəcə mümkün olan bütün yolları sınamaq istəyirəm. Sınaqlardan 500-ü keçə bilmirəm. Yaddaş problemim əsəbdən qaynaqlanır. Bəzən sınaqdan döndükdən sonra əslində sualların çoxunu bildiyimi, amma nədənsə unudub yazmadığımı görürəm. Qəbul ərəfəsində 1 bal belə mənim üçün önəmli olduğu halda yaddaşsızlıqdan kəsilmək təbii ki, istəmərəm”.

İmtahan ərəfəsində valideynlər də ən az abituriyentlər qədər stress və həyəcan keçirirlər. Çox hallarda valideynin həyəcanı abituriyentin vəziyyətini daha da gərginləşdirir və abituriyent imtahandan çox valideyninin durumunu, kəsiləcəyi halda verəcəyi reaksiyanı düşünür. Bu amillərin imtahan nəticəsinə təsiri olduqca böyükdür. Bütün bu amilləri isə tək bir dərman preparatı ilə bərpa etmək mümkün deyil. Valideynin səbirli və təmkinli olması, abituriyentin qidasına və vaxt bölgüsünə nəzarət etməli, ona dəstək olduğunu göstərməli və abituriyentin təlaşını sakitləşdirməlidir. Belə olan halda heç bir preparata ehtiyac duymadan imtahan ərəfəsini uğurla keçirmək mümkündür.

Psixoloq Emil Behrudinin sözlərinə görə, preparatlar xəstəyə aldadıb verilən çörək qırıntısı kimi bir effekt verir. Abituriyent dərmanı qəbul etdiyi andan özünü daha əmin və rahat hiss edir, halbuki tək bir kapsulun ani effekt verməsi mümkün deyil: “Bu, bir psixoloji haldır ki, ağrısı olan və dərmanla sakitləşən insana hər hansı bir vitamin aldadılaraq verilsə, onun ağrısı dayanır. Çünki bu ağrı psixolojidir və əslində xəstə sadəcə, dərman qəbul edəcəyi anı gözləyir. Yaddaş dərmanları da belədir. Təbii ki, söhbət reseptsiz qəbul edilən dərmanlardan gedir” deyən həmsöhbətimizin sözlərinə görə, həqiqətən yaddaşla bağlı problem yaşayan insanlar üçün həkim müayinəsi və müalicəsi təyin olunur və preparatlar da nəzarətlə qəbul edilir. Lakin reklam olunaraq reseptsiz satılan dərmanların tərkibi böyük ehtimalla sakitləşdirici otlar və az miqdarda vitaminlərlə zəngin olur ki, bunun da sırf tələbə dərmanı kimi satılması düzgün deyil.

Psixoloq bildirir ki, bu cür dərmanları qəbul etməkdənsə daxilən özünü sakitləşdirmək, vəziyyət daha gərgindirsə psixoloq seansları qəbul etmək daha yaxşıdır. Təmiz havada gəzmək, dərs saatını bölüb əyləncə və istirahətə vaxt ayırmaq da daha yaxşı təsir edə bilər, nəinki hər hansı bir preparatı qəbul etmək: “Yaddaş dərman preparatları ola bilər ki, yaddaşa daha müsbət təsir etsin, amma eyni zamanda bu dərmanlar yaddaşın sonradan daha kəskin zəifləməsinə, əsəb- sinir sisteminin çökməsinə, yuxusuzluğa səbəb ola bilir. Bu cür mənfi tərəflər isə abituriyentin vəziyyətini yüngülləşdirmək yerinə daha da ağırlaşdıra bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yaddaş güclənməsi beyində olan məlumatların beyində saxlanılması üçün lazımdır. Yəni, dolu beyin üçün yaddaş gücləndirmək haqqında düşünmək olar. Bu cür dərmanlar qətiyyən abituriyentin biliyindən üstün bilik verməz”.

Qeyd edək ki, qidaların da beyni gücləndirməkdə rolu böyükdür. Mineral və vitamin deposu olan meyvə-tərəvəzlər abituriyentlər üçün əvəzedilməz yaddaş gücləndiricisidir. Yaddaşın keyfiyyəti və davamlılığı isə məhz balanslaşdırılmış qidadan asılıdır. Yaddaşın ümumi vəziyyəti düzgün həyat tərzi ilə bilavasitə bağlıdır. Beynin oksigenlə yetərincə təmin edilməsi nəticəsində qanın intensiv dövranı bu ali orqanın funksiyalarına və yaddaşa pozitiv təsir göstərir. Ona görə də təmiz havada daha çox olmağa, həftədə bir neçə dəfə idmanla məşğul olmağa, yuxudan əvvəl yarım saat piyada gəzməyə və istirahət günlərində təbiət qoynunda gəzintiyə çıxmağa səy göstərmək lazımdır. Dərs və istirahət vaxtı balanslaşdırılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir