XESTELIK

Yaddaşı “sıfırlayan” xəstəlik: ondan necə qorunmalı?

Baxış sayı: 1. 413

Bir çox ailələrdə yaşlı insanların yaddaşsızlığı, hadisələri qarışdırması, keçmiş zamanda yaşaması az qala, lətifə kimi səsləndirilir. Amma bu, belə olmamalıdır. Çünki ailənin yaşlı üzvü yaddaşını itiribsə, bunu “filankəs xərifləyib” kimi təqdim etmək ən azı, cahillik əlamətidir. Çünki bu da xərçəng, ürək çatışmazlığı, damar tıxanması kimi bir xəstəlikdir. Hətta onlardan daha dəhşətli xəstəlikdir – müalicəsi yoxdur, insanın yaddaşını sıfırlayıb, həyatdan qoparır.

Xəstəlik 1906-cı ildə kəşf edilib, amma ondan öncə də vardı

Yaşlanma ilə bərabər meydana çıxan, neyropsixiatrik sindromlarla gedən, müalicə olunmayan degeneratif Altsheymer xəstəliyi qocalıq demensiyasının ən geniş yayılmış forması olaraq, ilk dəfə 1906-cı ildə alman psixiatrı Alios Altsheymer tərəfindən Auquste Deter adlı bir qadın xəstədə tapılıb. Altsheymer yaddaş itkisi, nitq və zehni fəaliyyətin pozulması, şəxsiyyət və davranış dəyişiklikləri, günlük həyat fəaliyyətinin zəifləməsi ilə müşayiət olunan getdikcə dərinləşən ciddi beyin xəstəliyidir. Son illərdə adına  tez-tez rastlaşdığımız, aşkarlandığı vaxtdan 100 il keçilməsinə baxmayaraq çarəsi tapılmayan Altsheymer inkişaf edən tibbin yeni müalicə üsullarına rəğmən 21-ci əsrin ən ciddi sağlıq problemlərindən biri olaraq qalmaqdadır.

Bu gün yaşlılarda ürək xəstəlikləri, xərçəng və iflicdən sonra 4-cü  sırada qarşımıza çıxan Altsheymer maliyyəti ən yüksək olan xəstəliklər sırasında ürək və xərçəng xəstəliklərindən sonra 3-cü yeri tutur. Uzun illər aparılan təcrübələr nəticəsində müəyyən edilib ki, yaşlanma, cinsiyyət və ailədə demensiyalı xəstənin olması (ailə anamnezi) Alzheimer xəstəliyinin əsas risk faktorları hesab edilməlidir. Xəstəlik irsi və irsi olmayan (sporadik tip) tiplərə ayrılır. İrsi tip bütün Alzheimer xəstələrinin cəmi 1-5%-ni təşkil edir və 50-yaşlardakı Altsheymer xəstələri əsasən bu qrupa aiddir. İrsi olmayan tip isə xəstələrin geriyə qalan 95%-ni təşkil edir ki, yaşlı xəstələr əsasən bu qrupda yer alır.

Qeyd etmək lazımdır ki, aparılan çalışmalar xəstəlikdə birdən çox irsi faktorun rol oynadığını göstərib. Odur ki, risk faktorları arasında irsiliyin olması, ailəsində demensiyalı xəstənin olduğu hər kəsin yaşlandıqda Altsheymer tutulacağı anlamına gəlmir. Lakin ailəsində və yaxın qohumlarında bu xəstəlik olanlarda risk 4 qat artır. Xəstəliyin qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunması isə qadınların daha uzun ömürlü olması ilə izah edilir. Xarakterik olaraq 65-yaşından sonra meydana çıxan Altsheymer xəstəliyinə  araşdırmalara görə, 65 yaşın üzərindəki hər 15 nəfərdən birində, 80-85 və ondan yuxarı yaşlarda isə hər üç nəfərdən birində təsadüf etmək olar. Altsheymer bəzən təəssüf ki, 40-50 yaşlarında da, ortaya çıxır. Nə qədər təəccübləndirici olsa da, amansız xəstəliyə nadir hallarda uşaqlar da düçar olur. Böyük Britaniyadaki Altsheymer xəstəsi 4 yaşlı Kalum Burdon artıq bu xəstəliyə tutulmuş 20-ci uşaqdır.

Yaxın zamanlara qədər bir çox alimlər xəstəliyin səbəbinin orqanizmin qocalması olduğunu düşünsələrdə daha sonra sübut olundu ki, Altsheymer xəstəlikdir. Xəstəliyin səbəbi hələ tam bilinməsə də, iki başlıca hipotez irəli sürülür: beyində bəlli bölgələrdə hüceyrə itkisi; hüceyrələrarası bağlantıların qopması. Orqanizmdə Altsheymerə yol açan iki əsas patoloji səbəb var:

1) Sinir hüceyrələrinin yumaqlara çevrilməsi (neyrofiblyar yumaqlar),

2) Hüceyrələr arasında amiloid deyilən protein tərkibli maddənin toplanması.

Beynimizin hər kub.sm.-də 1 trilyon bağlantısı olan 100 milyard neyron mövcuddur. Neyronlar ümumi çəkisi 1300 qramdan yüngül olan sərhədsiz, kompleks bir “informasiya fabrikini” təşkil edir. Bu mürəkkəb “fabrik” insanın yaddaş sisteminin təməlidir. Məhz, bu sistemi təşkil edən neyron hüceyrələrini məhv edən patoloji proses nəticəsində Altsheymer xəstələri yaddaşlarını itirir. Altsheymer xəstəliyinin patogenezini dəqiq başa düşmək üçün ilk növbədə xəstəliyin neyron hüceyrələrini necə məhv etdiyini anlamaq lazımdır.

 

Xəstəlik mərhələlərdə və ya onun müalicəsi niyə tapılmır?

İnkişafda olan, eyni zamanda indiki vaxtda qəti bir müalicəsi hələ tapılmayan Altsheymer xəstədən xəstəyə fərqlilik göstərən əlamətlərlə ortaya çıxmaqdadır. Altsheymer addım-addım irəlilədiyi üçün mərhələlərdə ortaya çıxan əlamətləri yaxşı bir şəkildə müşahidə etmək və xəstəyə necə kömək olacağımız mövzusunda mütəxəssislərdən kömək istəməliyik.

 

Xəstəlik üç mərhələdə inkişaf etməkdədir: başlanğıc, normal gediş və dərin mərhələ.

1-ci mərhələ: yaddaşda qısa davamlı məlumatları saxlamaqda çətinlik çəkmə, sözləri tapmaqda çətinlik hiss etmə, əşyaları itirmə, digər yerlərdə istiqamət tapma çətinliyi, aktivlik mürəkkəbliyi, hobbiləri davam etdirməyimiz, yeni işləri bacara bilməmək, hüznlü bir ruh halı, xəstəliyin inkar edilməsi, heç bir şeyi aldırmamaq, əsəbilik.

2-ci mərhələ: yeni yaşanan hadisələrin tamamilə unudulması, keçmişdə yaşanılan hadisələrin və öyrənilmiş məlumatların yavaş-yavaş unudulması, anlamada çətinlik çəkmə, ifadə məhrumluğu, daha əvvəl çox yaxşı bilinən məkanlarda itmə, ehtiyacları tək başına ödəyə bilməmək (tualet, geyinmə, yemək və s.), bacarıqları itirməyə başlama, insanları tanımamaq, olmayan şeylərin var olduğunu israrla izah etmək.

3-cü mərhələ: danışıq yalnız bir neçə sözlə məhdud olur, öz evini unudar, otaqları qarışdırar, ən yaxınlarını tanıya bilməz, təkrarlayıcı hərəkətlər edər, zorakılıq tətbiq edər, həyat fəaliyyətlərinə tamamilə asılı hala gəlir, yatağa asılı qalar.

Altsheymer ile ilgili görsel sonucu

Erkən diaqnoz nəyi həll edir?

Altsheymer xəstəliyinin indiyə qədər tibb elminə məlum olan bir müalicəsi olmamasına baxmayaraq, xəstələrə erkən diaqnoz qoyulduqda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür. Xəstəlik adətən amerikalı bir alimin dediyi kimi, “pişik balasının addımları kimi sakit və yumşaqca irəlilədiyi” üçün ilk vaxtlarda diqqət cəlb etmir. Lakin tədricən xəstənin “yaddaşındaki boşluğun” böyüməsi ilə paralel olaraq xəstəlik orqanizmin bütün funksiyalarını pozmağa başlayır və bir çox hallarda xəstə ömrünün son illərini yataqda keçirir. Bu səbəbdən xəstəliyin başlanğıc dövrlərində aşkar edilərək müalicəyə başlanması həyati əhəmiyyət daşıyır.

Xəstəliyinin başlandığını işarət edən simptomlar bunlardır: güclənən daimi yaddaş itkisi, gündəlik işləri görməkdə çətinlik, nitq zamanı doğru sözlərin seçilməsində çətinlik, zaman və məkan anlayışlarının itirilməsi, mühakimə qabiliyyətində pozğunluq, qərar vermə prosesində çətinlik, əşyaları itirmə, xəstələrin xasiyyət və davranışlarında kəskin dəyişikliklə, tənbəlləşmə, uzun müddətli hərəkətsizlik.

Altsheymer ile ilgili görsel sonucu

Xəstəlik inkişaf etdikcə simptomlar özünü daha kəskin şəkildə biruzə verməyə başlayır. Getdikcə xəstəliyin ilk mərhələsindən etibarən başlamış unutqanlıq narahat edici xarakter alir. Xəstə tez-tez əşyalarını itirməyə, özünü ətraf-mühitdən təcrid etməyə başlayır, daim depresiv əhval-ruhiyyədə olur, səbəbsiz narahatlıqlar keçirir, onun davranışlarında çaşqınlıq hiss olunur. Xəstəlik irəlilədikcə xəstəni tamamilə ətraf aləmdən təcrid etmiş olur. Xəstə halusinasiyalar görməyə, özünə yaxın olan insanları belə tanımamağa başlayır. Xəstə bir düz xətt üzrə yeriyə bilmir, mühakimə və qismən hərəkət qabiliyyətini itirir.

Xəstəliyin fərdi hallarda üzə çıxan simptomları da var: ictimai yerlərdə uyğun olmayan davranışlar etmək, heç bir səbəb olmadan əsəbiləşmək, qışqırmaq, qaranlıqdan, tək qalmaqdan qorxmaq, yuxusuzluq, gigiyena qaydalarına əməl etməmək və s. Bəzi az rast gəlinən hallarda Altsheymer xəstələri ictimai yerlərdə paltarlarını çıxarmaq, küçədə ətrafdaki insanlara məhəl qoymadan tualet ehtiyaclarını ödəmək, qarşı cinsdən olanlara sataşmaq və mağaza və ya başqa bir yerdən səbəbsiz yerə oğurluq etməyə çalışmaq kimi maraqlı hərəkətlər də edə bilirlər.

Altsheymer ile ilgili görsel sonucu

Xəstəlikdən  necə sığortalanaq?

Dünyanın bir çox ölkələrində həkim, xəstə, xəstə yaxınları və könüllülərdən qurulmuş heyətlə Altsheymer xəstələrinə və xəstə yaxınlarına müxtəlif dəstək xidmətləri verən bir Altsheymer Assosiasiyası fəaliyyət göstərir. Xəstəliyin cəmiyyətdə daha yaxşı tanınması, xəstələrə qulluq və bu mövzudaki elmi araşdırmaların aparılması üçün səy göstərən qurumlar xüsusilə xəstə yaxınları ilə davamlı dialoq içərisində olub bilik və təcrübə mübadiləsini təmin edir.

Hesablamalara görə, hazırda bütün dünyada 20-25 milyona yaxın Altsheymer xəstəsi var və 2050-ci ilə qədər bu sayın 4 dəfə artacağı təxmin edilir. Araşdırmalara görə, ölkəmizdə belə xəstələrin bəlli bir statistikası yoxdur. Lakin onların sayının artdığı aşkardır. Hər il 21 sentyabr “Dünya Altsheymer Günü” kimi qeyd edilir.

Beyni kitab oxumaq və ya yazmaqla məşğul saxlamaq ahıl yaşlarda insanın düşüncəsini qorumuş olur. Bu barədə yenicə keçirilmiş tədqiqatın nəticələrində deyilir. Amerika alimləri bildirirlər ki, ömür boyu fəal zehni əmək beynin öyrənmə funksiyasını fəal saxlamaqla ağıldankəmliyin inkişafına mane olur.

“Neurology” jurnalında dərc olunmuş məqalədə deyilir ki, həyat tərzi ağıldankəmliyi xeyli ləngidə bilir. Altsheymer xəstələri üçün xeyriyyələrdən biri tövsiyə edir ki, balanslı pəhriz, idman və normal bədən çəkisi ağıldankəmliyə qarşı əsas mübarizə vasitələridir. ABŞ-da aparılan tədqiqat zamanı 55 yaşdan yuxarı 294 nəfər 6 il müddətində ölümlərinədək hər il, yaddaş və düşüncəni ölçməyə imkan verən testlərdən keçirilib. Onlar həmçinin uşaqlıqda, həddi-büluğ yaşında, orta yaşlarda və sonralar kitab oxuduqları, məktub yazdıqları və zehni əmək tələb edən digər fəaliyyətlə məşğul olub-olmadıqları barədə sorğu anketləri doldurublar.

Ölümlərindən sonra bu təcrübədən keçmiş şəxslərin beyinləri müayinə edilib. Alimlər beyində ağıldankəmliyə səbəb olan zədə və ləkələrin mövcudluğunu araşdırıblar. Nəticədə bəlli olub ki, beynini məşğul saxlayanlarda ağıldankəmliyin sürəti 15 faiz aşağıdır. Çikaqodakı Rush Universiteti Tibbi Mərkəzinin professoru Robert Vilson deyib ki, beyni zehni əməklə məşğul etmək ahıl yaşlarında düşüncə sağlamlığını qorumağa xidmət edir. O, BBC-yə müsahibəsində deyib ki, “qoca vaxtımızda beynimizin vəziyyəti onu ömür boyu necə işlətməyimizdən asılıdır”.

Altsheymer Cəmiyyətindən doktor James Pickett isə deyir ki, bu sahədə hələ çox tədqiqata ehtiyac var, lakin kitab oxumağın və krosvord həll etməyin ziyanlı olmadığı bəllidir. Professor Pickett bu qənaətdədir ki, ümumən sağlam olmağın yolu pəhriz, idman və sağlam bədən çəkisidir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir