elektron siqaret

“Yağışdan çıxıb, yağmura düşən”lər və ya elektron siqaretin fəsadları

Baxış sayı: 975

Bu günlərdə elektron siqaretlərlə bağlı yeni bir statistika açıqlanıb. Məlum olub ki, ABŞ-da elektron siqaretdən ölənlərin sayı 18 nəfərə çatıb. 1080 şəxsdə isə nəfəs-boru xəstəlikləri aşkar edilib. Əslində bu problem Azərbaycana da xasdır. Çünki son illər ölkədə klassik siqaretdən imtina edənlərin böyük əksəriyyəti çıxış yolu kimi elektron siqaretlərə müraciət edir. Bu isə özlüyündə “yağışdan çıxıb, yağmura düşmək” anlamına gəlir. Çünki elektron siqaretlərin insan orqanizminə vurduğu ziyan saymaqla bitməz.

 

Amerika elektron siqaretin əsirinə çevrilib?

Bu barədə Xəstəliklərin Nəzarət və Profilaktikası Mərkəzi (Centers for Disease Control and Prevention) (CDC) tərəfindən bildirilib. Müvafiq hesabat mərkəzin saytında yerləşdirilib. Rəsmi rəqəmlərə əsasən, ölüm hadisələri ABŞ-ın 15 ştatında qeydə alınıb. Xəstəliklərin nəzarət və profilaktikası mərkəzinin ekspertlərinin təsbitlərinə görə, xəstəliyə mübtəla olanların 70%-i kişidir. Özü də onların 80%-nin yaşı 35-dən az olan vətəndaşlardır. 16%-i 18 yaşına çatamayanlar, 21% isə 18-21 yaşlı şəxslər təşkil edir.

Son aylarda ABŞ-da “veyp”lərin, yəni elektron siqaretlərin insan sağlamlığına zərərli təsiri məsələsi ciddi şəkildə müzakirə olunmaqdadır. CDC mütəxəssisləri xəstələrdə hər hansı infeksiya törədicilərinə rast gəlmədiklərini bildiriblər. Beləliklə, əsas problem elektron siqaretlərin kimyəvi tərkibi ilə əlaqədardır. Bütün xəstələr bu siqaretdən sadəcə 90 gün istifadə ediblər. Bundan sonra onların vəziyyəti kəskin şəkildə pisləşib.

Sentyabr ayının 4-də Miçiqan ətirli elektron siqaretlərinin satışına qadağa qoyan ilk ştat kimi tarixə düşüb. Ştat qubernatoru Qrethen Uitmer həmin alətlərin istehsalçılarının uşaqları ətirlərdən istifadə edərək və onlara bunların heç bir zərər törətmədiyini reklam edərək aldatdıqlarını bildirib. Səhiyyə və sosial xidmətlər naziri Aleks Azar isə Birləşmiş Ştatların elektron siqaretlərin satışının əhəmiyyətli dərəcədə azaldılmasına çalışdığını vurğulayıb. Bu ilin avqustunda İllinoys ştatının İcitmai Səhiyyə Departamenti elektron siqaretdən ölən ilk xəstəni qeydə alıb.

Elektron siqaretlərin təhlükəsi ile ilgili görsel sonucu

ABŞ-ın qidaların keyfiyyətinə sanitar nəzarət üzrə agentliyinin rəhbəri Skott Qotlib istehsalçıları ölüm hallarının artacağı təqdirdə tam qadağa tətbiq ediləcəyi ilə hədələyib. Onun sözlərinə görə, məktəblilər arasında, yuxarı siniflərdə “veyper”lərin sayı 78%, 5-8-ci sinif şagirdləri arasında isə 48% artıb. Hazırda ABŞ-da 1,5 milyon yeniyetmə gənc qız və oğlanın həmin elektron siqaretlərin aludəçisinə çevrildiyi güman olunur.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ-da azı 22 nəfər elektron siqaret çəkdikdən sonra xəstəxanaya yerləşdirilib. Onların xəstəxanaya yerləşdirilməsinə səbəb tənəffüslərində ciddi problemlər olub. Bildirilir ki, 12 nəfər Viskonsində, 4 nəfər Minnesotada, 6 nəfər isə İllinoysda xəstəxanaya yerləşdirilb. Onlardan əksəriyyəti cavan insanlar və yeniyetmələrdir.

 

Elektron siqaretin tüstüsü yoxdur, insan nikotin qəbul edir

Araşdırmalara əsasən, bir çox hallarda siqareti tərgitmək istəyənlər çıxış yolu kimi elektron siqaret versiyasına üstünlük versələr də, bu, uğurlu deyil. “Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir, e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var: “İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var. Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir. Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır. Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlı.

 

Bu texnika insana siqareti atmağa yardım etməyib

“Nikotin çox güclü preparatdır və asılılığı yüksəkdir”. Corc Vaşinqton Universitetindən doktor Kimberli Hornun dediyinə görə, yeniyetmələr tütünün yalnız bir deyil, başqa növlərindən də istifadə edir ki, bu siqaret də ola bilər, tütün də ola bilər, kiçik ölçülü siqaretlər də ola bilər. Yeniyetmələr arasında elektron siqaretlər də çəkənlər var və həmin siqaretlərdə də nikotin var.

“Nə qədər çox siqaret çəkirsənsə, o qədər çox asılı olursan və atmaq da çox çətin olur”, – deyə doktor Horn bildirir. Belə texnikalar heç kəsə siqareti atmağa yardım etməyib. Bəziləri e-siqaretdən (elektron siqaret) yardım kimi istifadə edir. Sisi adlı qadın elektron siqaretin ona siqareti atmağa yardım edəcəyinə ümid edir. “Uzun illər siqaret çəkdikdən sonra mənim artıq tüstü iyindən xoşum gəlmir. Siqaret kötüklərinin yaratdığı natəmizliyə də baxa bilmirəm. Ağzımdakı dad da xoşuma gəlmir. Mən siqaret iyimlə digərlərini narahat etmək istəmirəm”.

Tədqiqatların nəticələri göstərib ki, elektron təchizatlar hamıya deyil, yalnız az sayda insana kömək edir. Saqqız və plastırlar da nikotinə tələbin azalmasına yardım edir. Massaçutses xəstəxanasından doktor Nensi Riqotti digər alimlərlə birlikdə siqaret çəkənlərə yardım üçün sadə bir proqram hazırlayıb. Xəstəxanada qaldıqdan sonra onlar evə artıq nikotindən azad qayıdır. Xəstəxanadan çıxandan sonra da onlara nikotin plastırları və dərmanlar verilir, nikotinlə bağlı təbliğat davam etdirilir. “Biz dərmanların da məsləhətlərin də yardım etdiyini bilirik. Lakin bunların ikisi birlikdə daha effektiv olur”.

Bu qayda ilə müalicə edilən xəstələrin 70 faizi xəstəxanadan çıxdıqdan sonra 6 ay siqaret çəkməyib. 1964-cü ildən bəri Birləşmiş Ştatlar hökuməti və özəl təşkilatlar siqaretə qarşı kampaniyalar təşkil edir. Yel universitetinin İctimai-Səhiyyə bölməsinin araşdırmalarının nəticələrinə görə, o vaxtdan bəri siqaretri atanların 30 faizinin ömrü daha uzun olub.

Elektron siqaretlərin təhlükəsi ile ilgili görsel sonucu

Adi siqaretdən həm bahalıdır, həm də daha zərərli

Ümumdünya Səhiyyə Təşkilatı isə xəbərdarlıq edib ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.

Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

Siqaret dodaq, ağız boşluğu, qırtlaq, udlaq, nəfəs borusu, ağciyər, bronxlar, qida borusu, mədə… başqa digər orqanlarda da xərçəng yaradır. Və burada əsas günahkar insanın özüdür. Təəssüf edirəm ki, bizim ölkədə də elektron siqaret çəkənlərin sayı artmaqdadı. Deyilənlərlə tamamilə razıyam ki, elektron siqaret ziyanlıdır. Fərq etmir, elektron olsun, ya adi, “təbii” siqaret, siqaretin bütün növləri insanın həyatı, sağlamlığı üçün öldürücüdür. Elektron siqaret istehsalçıları onu elə formada hazırlayırlar ki, insan ondan əl çəkə bilmir.

Siqaret asılılığından qurtulmaq istəyənlər elektron siqaret “sayəsində” təkrar siqaret aludəçisinə çevrilir. Marketlərdə, köşklərdə satılır, televiziyada reklam edilir. Biz nə qədər çalışsaq da, siqaret istehsalının, onun reklamının qarşısını ala bilmərik. Bu da narkoticarət kimi bir şeydir. Biz yalnız təbliğat işimizi gücləndirməliyik. Yeniyetmələrə, gənclərə başa salmalıyıq ki, siqaret bir bəladır – narkotik kimi. İşbazlar öz mənfəətləri üçün ziyanlı olanı da tərifləyir, cəlbedici reklamlarla insanları aldadırlar. Paytaxtda neçə yerdə “çayxana+qəlyan” reklamı var.

Elektron siqaretlərin təhlükəsi ile ilgili görsel sonucu

Siqaretin batareyası partlayır və…

Elektron siqaretlərdə olan litium batareyalarının partlaması üz, göz, ağız, çənə yaralanmalarına səbəb olur. Cihazlara müxtəlif növ qeyri-qanuni narkotik maddələr qoyulub istifadə edilir. Bu durum xüsusən gənclərdə alışqanlıq, ürək ritmi pozğunluğu, böyrək çatışmazlığı yaradır.

Elektron siqaretlərdə nikotindən savayı sağlamlığa zərərli çoxlu sayda kimyəvi maddə var. Təxminən 7000 növ aroma ciddi fəsadlar yaradır. Onun sətəlcəmə səbəb ola biləcəyinə dair sübutlar vardır.

Gənclik dönəmində beynin nikotinə məruz qalması beynin inkişafına mənfi təsir göstərir. Psixi xəstəlik riskini artırır və həyata təhlükələr yaradır. Nikel, xrom, arsen, manqan kimi sağlamlığa zərərli metallar elektron siqaretdə də var. Araşdırmaya görə, elektron siqaretlərin tüstüsü ilə ənənəvi siqaretlərin tüstüsündəki ağciyərə zərər verən maddələrin nisbəti eynidir. Elektron siqaretlər kanserogen maddələrlə daha zəngindir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir