yalan  detektoru

Yalan detektorları haqda bilmədiyimiz həqiqətlər….

Baxış sayı: 1. 397
Daha çox filmlərdə bu səhnələrlə qarşılaşmaq mümkündür. Xüsusi xidmət orqanlarında çalışan birinin yalan danışıb-danışmadığını öyrənmək üçün onu yalan detektoru ilə sınayırlar. Necə deyərlər, sıravi insanların arasında Qurana əl basmaq, uşağının canına and içmək məsələsi nə qədər aktualdırsa, daha yüksək instansiyalarda bu yoxlamanı yalan detektoru əvəzləyir. İnsanların bir-birinə yalanı az qala su içər kimi adi şəkildə dediyi bu günlərdə yalan detektoru mövzusu da aktualdır. Məlum, bu cihaz insanın yalan danışıb-danışmadığını müəyyənləşdirir. Bundan kimlər, necə istifadə edir? Sözügedən aparatı aldatmaq olarmı?
 
 
 
Yumurtanı bir-birinə asta ötürən şəxs…. yalançı deyilmiş
 
Yalan detektorunun tarixinə nəzər salmaq lazımdır. Kimin ağlına gəlib bu aləti yaratmaq? Zərurətin yaranma tarixçəsi necə olub? Tarixə ekskurs edək…
 
Tarixə nəzər etsək, yalanı tanıma, üzə çıxarma və ifşa olunma üçün müxtəlif vasitələrdən istifadəni görərik. Bilirik ki, yalan danışan zaman insanın simasında və daxili orqanlarında müxtəlif, dəyişik funksiyalar baş verir. Qədimdə Yunanıstan kəndlərində yalan düyü ilə yoxlanılardı. Şübhəlinin ağzını quru düyü ilə doldurub, cinayəti edib etməməsini soruşardılar. Əgər sual-cavabdan sonra şəxsin ağzındakı düyü quru qalardısa, demək yalan danışır. Hind kəndliləri təqsirləndirilən şəxsə cinayətlə bağlı sual verərdi. Sual zamanı o, astaca qonq çalmalı və “hə” və “yox”u başı ilə təsdiqləməli idi. Qonqun səsi yüksək çıxardısa, demək həyəcanlanıb bərkdən vurub və yalan danışır. Maraqlı adətlərdən biri də Afrikada olub. Belə ki, şübhəliləri düzüb onların əlinə xüsusi zərif quş yumurtası verilirmiş. Onlar bu yumurtaları bir-birinə astaca amma tez-tez ötürməliymiş. Kim həyəcanlandısa, əlindəkini qırardı və günahı üzə çıxardı…
 
 
 
Aləti 1877-ci ildə İtaliyada kəşf etdilər
Elm və texnikanın inkişafı sürətləndikcə, yalanı aşkar etmə cihazları dövrəyə girdi. Ən tanınmışı “yalan detektoru” adlanan cihazdır. Hansı ki başlanğıcını 1877-ci ildə italyan fizioloqu Andjelo Mosso özünün “pletizmoqrafa” (qan damarlarının təchizatı və nəbzi ölçmək) aparatı ilə qoydu. Bu aparatdan yalanı üzə çıxarmaq üçün ilk istifadəni italyan kriminalisti Çezare Lombrozo etdi. Artıq 1881-95-ci illər arasında Çezare özünün “Qatil insan” kitabında da qeyd etdiyi kimi oğurluq və cinayət işlərində bu aparatdan istifadəni ön plana çəkdi. Çezarenin bu aparatla ən böyük uğuru 1902-ci ildə gənc bir qızın təcavüz və qətlinin səbəbkarını tapmağı oldu.
 
1921-ci ildə aparat daha da təkmilləşdi və insanın dəri rənginin dəyişikliyini, nəfəs borularının tezliyini də müəyyən etməyə başladı. Bunun başlangıc istifadəsini isə Kaliforniya ştat polisi Con Lorson etdi.
 
 
 
Hansı xalqlar bu adətə inanır, hansı yox?
Son 45-50 il ərzində aparatın bütün funksiyaları birləşib müasir kompüter kimi formalaşıb. Detektor aparatının ən aktiv istifadəçisi ABŞ-dı. Artıq orada fərdlər düz danışdığını sübut etmək üçün pul xərcləyib detektora otururlar. Lakin ABŞ-dan fərqli olaraq, Kanada da məhkəmə salonlarında detektor istifadə olunmur. Koreya və 4-cü yerdə Yaponiya durur ki, bu aparatın ən aktiv istifadəçi ölkəsidir. Amma yaponlar qocalara, narkotik-içki-psixi problemi olanlara, xəstələrə, detektor cihazından keçməyə qəti qadağa qoyub. Almaniya isə ümumilikdə detektordan keçməyi 1954-cü ildə qadağa qoyub. 1984-cü ildə Türkiyədə bu cihazdan aktiv istifadəyə başladı. Lakin Türkiyədəki mütəxəssislər Amerikada yetişdirilir. Ölkəmizdə tam ixtisaslı mütəxəssis olmadığından hələ ki, bizdə cihaz tam istifadəsini tapmayıb.
 
 
Bu detektor isə bir başqa – yalanı gözlərlə müəyyənləşdirirlər
Baffalo Universitetinin amerikalı alimləri həqiqəti gözlər vasitəsilə bilən yalan detektorlarının yeni növünü yaradıblar. Yaradılmış xüsusi proqram veb-kamera vasitəsilə sınağa çəkilən insanın göz almalarının hərəkətini qeyd edir, onları təhlil edir və fikirlərin yalançılığını 80%-dən yuxarı dəqiqliklə müəyyən edir. Yeni üsul 40 könüllü üzərində sınaqdan keçirilib.
Onları əvvəlcə təcrübəli müstəntiq bu və ya digər fikirlərin doğruluğunu təyin etmək üçün “sorğu-sual edib”, sonra isə yalan detektoru sınaqdan keçirilib. Təcrübənin sonuna yaxın məlum oldu ki, müstəntiq 60%, lakin yalan detektoru 82,5% halda yalanları müəyyən edib.
Qurğunun yaradıcıları hesab edirlər ki, onu hələ çoxlu könüllülər üzərində sınaqdan keçirmək lazımdır, lakin qurğunun dəqiqliyi artıq indidən heyrətləndiricidir.
 
 
 
Bizdə vəziyyət fərqlidir – ermənilərə qarşı tətbiq olunacaq
Azərbaycanlıların və regionun digər xalqlarının mədəni irs nümunələrinə ermənilərin əsassız iddiaları olduğu elmi üsulla sübut edilərək bunun qarşısını almağa imkan verən yeni texnologiyanın yaradılmasına başlanılıb. Bu barədə bir neçə il öncə keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov məlumat verib. Azərbaycan alimləri erməni saxtakarlıqlarını aşkar etmək məqsədilə “yalan detektoru” icad ediblər. Bu barədə məlumat verən Fuad Axundova görə, 18 qədim erməni lüğəti, o cümlədən digər xalqların lüğətləri araşdırılıb. Bütün nəticələr ermənilərin Azərbaycanın mədəni irs nümunələrinə olan iddialarının əsassız olduğunü göstərib. Prezident Administrasiyası rəsmisi layihə ilə bağlı yaxın vaxtlarda veb-saytın fəaliyyət göstərəcəyini və sənədli filim çəkiləcəyini də deyib. Fuad Axundov onu da vurğulayıb ki, əslində bu yaxınlarda Ermənistanın lavaşı erməni çörəyi, balabanı isə erməni xalq musiqi aləti kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək cəhdi Azərbaycan alimlərini qədim erməni lüğətlərinə müraciət etməyə sövq edib. Həmin lüğətlərdə hər iki anlayış ümumiyyətlə yoxdur. Azərbaycan alimlərinin mədəni irsə aid olan növbəti araşdırmaları haqqında da bu yaxınlarda məlumat veriləcək. Əldə olunan nəticələrin YUNESKO-da müzakirəyə çıxarılacağı ilə də bağlı iş aparılır. Fuad Axunov bundan əvvəl reallaşan və böyük əks-səda doğuran “İrəvan Qala” layihəsinə də toxunub. O Ermənistan hökumətinin İrəvanın mərkəzindəki ərazini şəhərin tarixi hissəsi kimi təqdim etmək üçün keçən əsrin əvvəllərində aid 20-yə yaxın binanın tikintisindən ibarət “Köhnə şəhər” layihəsinin həyata keçirilməsinə dair planlarını gülünc adlandırıb. Çünki Qafqaz 20-ci əsrdən əvvəl də həyatın mövcud olduğu qədim regiondur. Bu layihənin məqsədi tarixi dəyişdirmək, saxtalaşdırmaqdan ibarətdir. Alimlər də sübut edir ki, Azərbaycan və Gürcüstan paytaxtlarının öz tarixi yerləri var, lakin İrəvanda köhnə tarixi mərkəzdən əsər-əlamət qalmayıb, bu isə Azərbaycan mənşəli tarixi abidələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilməsini göstərir. Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov və əməkdaşı Elşad Əlili bu istiqamətdə xarici alimlərlə də əməkdaşlıq etmək niyyətində olduqlarını deyiblər.
 
Digər detalları da unutmayaq. Kadr məsələlərini həll edərək insanın müəyyən mənəvi keyfiyyətlərini öyrənmək üçün bir çox ölkələrdə korrupsiyaya qarşı mübarizdə poliqrafın imkanlarından profilaktik element kimi istifadə olunur. İşə qəbul zamanı “yalan detektoru”nun imkanlarından dünyanın 103 ölkəsində istifadə olunur həmçinin postsovet məkanında – Rusiya, Belarus, Moldova, Latviya kimi ölkələrdə tətbiq olunur. Bu cür test üsulu ABŞ-ın 26 xüsusi xidmətin əməkdaşları üçün məcburidir.
 
 
 
Sığorta şirkətlərinin “sağ əli” – müştəri yalan danışırmı?
Maraqlıdır ki, sığorta şirkətləri sığorta dələduzları ilə mübarizə aparmaq üçün sərt üsullara əl atmağa məcbur olublar. Bunlardan biri müştərilərin yalan detektoru vasitəsilə yoxlanmasıdır.
 
“Allianz” şirkətinin Çexiya filialının nümayəndələri bu ildən başlayaraq, sığorta hadisələrinin müəyyənləşdirilməsi zamanı qeyd olunan səs analizatorundan istifadə edəcəklər. Şirkət bu üsulla sığorta dələduzlarına qarşı mübarizə aparmaq fikrindədir. Yalan detektoru kimi işləyən cihazdan yalnız müştərinin dələduzluğa əl atması barədə şübhə edildikdə istifadə olunacaq.
Şirkətin sığorta dələduzluqlarının aşkarlanması xidmətinin (!) direktoru Lüdvik Boxman bildirib ki, “İsraildə istehsal olunan bu cihaz ilk əvvəl hərbi məqsədlər üçün, insanların yalan danışdığı zaman səs strukturunun dəyişməsinin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdu. Cihaz səs dalğalarını rəqəmsal formaya çevrilərək müştərinin yalan və ya doğru danışdığını müəyyən edir”.
 
Qeyd edək ki, sığorta şirkətləri sığorta ödənişindən boyun qaçırmaq məqsədilə bir qayda olaraq, müştəriləri dələduzluqda və qərəzdə ittiham etməyə çalışırlar. Buna avtomobil oğurluğu hadisələri zamanı və ya mənzil, mağaza, biznes obyektləri ilə bağlı sığorta hadisələri, əsas etibarilə oğurluq halları zamanı əl atırlar.
Adı çəkilən cihaz isə yalnız müştərinin razılığı əsasında istifadə edilə bilər. Hərçənd ekspertlər hesab edir ki, bu tip detektorlar yüz faizli nəticələrə gətirib çıxarmır və sığortaçının eşitmək istədiyi cavab heç də həmişə həqiqətə uyğun gəlmir. Ona görə də ekspertlərin fikrincə, hətta sığortaçı tələb etsə də, sığortalının detektor yoxlanışından keçməkdən imtina etmək hüququ var. Hüquq elmi nöqteyi-nəzərindən də yalan detektoru yetərli dəlil hesab oluna bilməz.
 
 
 
Yalan detektorunu… 3 cür aldatmaq olar…
 
Bir məqamı isə unutmaq olmaz. Belə ki, yalan detektorunun müsbət cəhətləri olsa da, nəticəsinə 100 faiz əmin olmaq düzgün deyil. Yalan detektorunu müxtəlif üsullarla aldatmaq olar. Sualların hamısına qeyri-ciddi, zarafatyana, mənasız cavablar verməklə poliqrafın işini dolaşdırmaq olar. Düzgün cavab verdikdə isə poliqraf sizin reaksiyanızı müəyyənləşdirir və bütün cavablarınızı həmin reaksiya ilə müqayisə edir. Lakin poliqrafa qarşı mənasız və zarafatyana cavablar verən şəxs digərlərində şübhə doğurur.
Yalan detektorunu aldatmaq üçün üç əsas üsul var. Üsullardan biri sensor analizatorların həssaslığını aşağı salmaqdır. Bunun üçün yalan detektorundan keçməzdən bir gün əvvəl spirtli içki içmək lazımdır. Spirtli içki qəbul etdikdən sonra ertəsi gün insanın həssaslığı azalır, reaksiyaları tormozlanır. İnsanın bu cür reaksiya verməsi yalan detektoruna onun cavablarının həqiqiliyini düzgün müəyyənləşdirməyə imkan verməyəcək.
Müxtəlif dərman və tibbi vasitələr var ki, onların vasitəsilə də yalan detektorunu aldatmaq olar. Bu, hipertoniya xəstəliyi üçün nəzərdə tutulan, arterial təzyiqi aşağı endirən və adrenalinin yaranmasının qarşısını alan dərman preparatları ola bilər. Bu cür dərmanları istifadə edərkən ehtiyatlı olmaq və bədənin həmin dərmanlara hansı reaksiyanı verəcəyini bilmək lazımdır. Arterial təzyiqi aşağı olan şəxslərə belə dərmanları qəbul etmək təhlükəlidir. Bu dərmanları içərkən həm də dərmanların təsir müddətini də nəzərə almaq lazımdır. Belə ki, yalan detektoru ilə yoxlamadan keçəndə suallara cavab verməyə başlayandan 40-50 dəqiqə sonra dərman qanda maksimuma çatmalıdır.
Üsullardan biri isə bir neçə gün yuxusuz qalmaqdır. Bu cür vəziyyətdə olan insanın bütün suallara cavabları eyni və zəif reaksiya ilə müşayiət olunacaq. Fiziki məşğələlərdən sonra hədsiz yorğunluq, uzun müddət aclıqdan üzülmə də suallara qarşı yaranan fizioloji reaksiyaları zəiflədir. Digər bir üsul isə bütün emosiyaları boğmaqdır. Əgər buna müvəffəq olsanız, yalan detektoru yalan cavabları qeyd edə bilməyəcək. Emosiyaları idarə etmək çox çətindir və hər kəsdə bu alınmır. Diqqəti başqa obyektə yönəldərək, suallara əhəmiyyət verməyərək, yalan detektoruna fikir verməyərək buna nail olmaq olar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir