İsmayıl Əhməd

Yaradılışın sirri – Ismayıl Əhməd yazır

Baxış sayı: 1. 766

(IV  hissə)

Müqəddəs kitablarda(Tövratda)Adəmin 930 il yaşadığından xəbər verilir. Bir halda ki, Quran bu barədə hər  hansı  bir məlumat vermir. Hərçənd  hədislərdə bu rəqəm 1000 il göstərilir. Nə üçün Quran bu barədə bir xəbər vermir? Bizim qənaətimizə görə, Quran insan oğlunu sahib olduğu bilgidən xaric,başqa sözlə desək, bilə bilmədiyi və bilməsinin ona lazım olmadığı məlumatların üzərində dayanmır. Və əgər hardasa bu barədə xəbər verilirsə, bu sadəcə ibrətamiz  işarələrdir. Adəmin harada dəfn olunduğu barədə nəql olunan rəvayətlər də  kifayət  qədər fərqli, hətta ziddiyyətlidir. Belə ki, bəzi rəvayətlərdə (bu rəvayət onun Cənnətdən endirildiyini dəstəkləyənlər tərəfindən nəql olunur) onun ilk dəfə endiyi Hindistan yarımadasında,bəzi  rəvayətlərdə  isə ilk  ibadətgahın  yerləşdiyi  Məkkə şəhərində, daha dəqiq desək, Əbu Qubeys dağında dəfn olduğundan  xəbər verillir. Ümumiyyətlə, nəinki Adəmin, hətta ondan sonrakı və sonuncu  peyğəmbər  Həzrət Muhəmmədə (s)  yaxın  zamanlarda yaşamış peyğəmbərlərin belə harada  dəfn olunduğu barədə hər hansı dəqiq məlumatımız yoxdur.Və əgər hansısa  peyğəmbərin dəfn olunduğu  yer  barədə  məlumat  verilir və yer göstərilirsə, bu  adi ehtimaldan başqa bir şey deyil.

Adəmin  kitabı

Adəmin ilk peyğəmbər olduğuna dair verilən məlumatlarda ona 21 səhifəlik kitabın nazil olduğu da xəbər verilir. Kitab ifadəsi barədə yaranan fikir  ayrılıqlarının  əsas  səbəbi  bir çoxlarının  kitab deyildikdə  iki cild  arasında  qərar  tutan  yazılı  səhifələrin nəzərdə tutulduğu  qeyd  olunur. Bir halda ki, Qurana  görə  kitab məlumatlar toplusudur ki, bəzi  ayələrdə “suhuf” olaraq keçir. Və əgər  Adəm də  ilk  peyğəmbər  olmuşsa,  ona verilən  bilgi toplusuna  da kitab deyilə bilərdi.

Yaş  həddi

Həzrət Adəmin ilk insan və ilk peyğəmbər  olduğunun  üzərində  dayansaq onun  bu vəzifəyə hansı yaş həddində çatması, uşaqlıq, yeniyetməlik və cavanlıq  dövrlərinin  də  keçməsi barədə bir sıra suallar yarana bilər. Bir halda ki, bu barədə  məlumat yoxdur. Əldə olan məlumat isə onun  peyğəmbərlik dövründən sonradır. Belə ki, əgər onun uşaqlıq dövrü müzakirə edilərsə, anasının kimliyi müzakirə  olunacaq, bu da silsiləvarı əlaqələrin yarandığına və heç bir nəticə əldə  olunmayacağı  ilə nəticələnə bilər.

İlk  ibadətgah

Quran yer üzündə inşa olunan ilk ibadətgahın Məkkədəki Kəbə evinin olduğunu  vurğulayır: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 96).  Və əgər  ilk ibadətgah Kəbə evi olmuşsa, onun insanlığın  ilk nümayəndəsi  olan Adəmə aid  olması da  mümkündür. Sonrakı dövrdə İbrahim  peyğəmbərlə (ə) oğlu  İsmail (ə)  həmin  binanı  təməldən  inşa  etmişlər.

Allah  nə üçün  bizi  yaratdı?

Allahın  heç nəyə  və  o  cümlədən  bizə  ehtiyacı  olmadığı  bir halda, nə üçün  bizi  yaratdı?

Quranda bu sualın dörd cavabı var:

  1. Məqsəd və səbəb

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).

  1. Allaha dua edilsin  deyə

“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”” (Furqan, 77).

  1. Həyatın imtahan olduğunu  bəyan etmək

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mulk, 2).

  1. Mərhəmətin qaynağı olaraq  insanı  yaratdı

“Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün  yaratmışdır” (Hud, 119).

Məntiqi  cavablandırma

Allah bütün ismlərinə əzəli və əbədi sahibdir. Və bu ismlərdən biri də “Xaliq” (yaradan)  ismidir.  Yaradıcı  olana  isə “nə üçün yaratdın?”  sualı verilməz.  Əgər  günəş yer üzünə işıq verirsə, “nə üçün günəş işıq saçır?” sualı verilməz. Eyni  qaydada olaraq hər hansı bir əsəri yaradan sənətkar barədə də belə bir sual  verilməz. Çünki bu  onun  zati  xüsusiyyətidir. Yənı  varlığının ayrılmaz  hissəsidir. Allaha  gəlincə,  Onun  sifətləti yaradılış aləmində təcəlli  etməlidir. Demək əgər  Allah  üçün  yaradıcı  ismindən  istifadə olunursa,  bu kimi  sullar  verilməməlidir.  Necə ki, dülgərə “sən  nə üçün  dülgərlik edirsən?” sualı verilmir.  Hədisi  Qüdsidə  nəql olunan hədislərdən birində buna cavab verilir (Allahın dilindən deyilir): “Mən   gizli bir xəzinə idim, bilinməyi istədim”. Hətta bəzən belə bir  sual da verilir: “Allah məni yaratmazdan əvvəl nə üçün məndən bunu soruşmadı? Soruşsaydı bəlkə mən yaradılmaq istəmədiyimi deyəcəkdim…”. Sualı vermək asandır, amma  bir qədər  məntiqi olmaq lazımdır. Çünki bu sualı vermək üçün insan oğlunun ilk  növbədə var  olması  lazımdır.  Var  olmadan, yəni şüur  sahibi  olmadan necə  belə bir  sual vermək olar?!

İki əlimlə  yaratdım

Sad surəsinin 75-ci ayəsində insanın yaradılışı barədə belə bir ifadədən istifadə olunur: “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?””. Bildiyimiz  kimi  hər  dilin  özünəməxsusluğu  var. Və  hər bir dildə kəlmələrin həqiqi və məcazi mənalarda işləndiyi yerlər var. Məsələn, biri barədə “filankəs əliuzunluq edir”, “filankəs çox əliaçıq  insandır”  və  ya “əlim  üstündədir” kimi ifadələrdən istifadə  olunur. Dil  ilə azacıq tanış olan istənilən şəxsdən bunların mənasını soruşsan “bunlar məcazdır” – deyə cavab verəcək və birinci ifadədən məqsəd birinin  başqalarının  malına  əl  uzatdığını, ikincinin səxavətli olduğunu, üçüncünün  isə nəyinsə və ya kimlərinsə nəzarət altında olduğunu vurğulayacaq.  Demək  “Allahın əli” ifadəsi məcazi  anlam daşıyır. Belə ki, eyni məntiqdən çıxış edərək  yəhudilər də  Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” (Maidə, 64)  ayəsinin zahiri mənasını əsas götürərək Allahın paxıl olduğunu bildirməkdən  belə çəkinməmişlər. Bir halda ki, Allah barədə hər hansı bir fiziki  xüsusiyyət nisbət verilə bilməz. Çünki fiziki varlığın əsas xüsusiyyəti  yaradılmış olmasıdır. Yaradıcı barədə isə  bunu  söyləmək  son dərəcə qeyri- məntiqi yanaşmadır. Allahın zatı barədə söylənilən ifadələrdən birində deyilir: “Zehninə hər nə gəlirsə  bil ki, o Allah deyil”.  Bunu  Quranın  özü də təsdiqləyir: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Və Quranda  Allah  Quranda  Özünə  göz və  üz  də  nisbət  verilir. Amma  bütün bunlar  hamılıqla   məcazi  anlamlardır.  Yəni əl kəlməsi  Allah barədə  işləndikdə  güc və səxavət, insan barədə işləndikdə isə fiziki üzv mənasında  işlənmişdir.  Yəhudilərin  Allaha  paxıllıq  vermələrinə gəlincə  Allah  onlara belə bir cavab verir: “Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər”.  Fəth  surəsinin  10-cu   ayəsində “Allahın əli sizin əlinizin üzərindədir” ifadəsindən istifadə olunur. Ayə  müsəlmanların Peyğəmbərlə beyət etmə ərəfəsində nazil olur. Məlum məsələdir ki, beyət olunarkən iştirakçılar əllərini bir-birlərinin əllərinin üzərinə qoyurlar. Ayədə  belə  bir ifadədən məqsəd  Allahın  belə bir  beyətə  razı  olduğunu  bildirməkdir.  Və  yuxarıda qeyd olunan ayədən məqsəd  “iki əlimlə yaratdım” ifadəsindən məqsəd “qüdrətinlə yaratdım”  anlamına  gəlir.  Belə ki, Quranın digər ayələrində də “yəd” (əl, cəm  halda əyd) kəlməsi  güc mənasında da işlənmişdir. Necə ki, Zariyat surəsinin 47-ci ayəsində buyurulur: (vəssəma-ə  bənəynahə  bi  əydin  və inna  ləmusiun) – “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik”.

 

 

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir