İsmayıl Əhməd

Yaradılışın sirri – İsmayıl Əhməd yazır

Baxış sayı: 1. 868

 (II hissə)

Ötən sayımızda Quran  ayələrinə əsaslanaraq tək insanın deyil, bəlkə bütün  varlıqların sudan yaradıldığından və insan adlı varlığın yaradılışında  torpaq, gil, palçıq  və s.  kimi ünsürlərin rol  oynadığından  söz  açmışdıq.

Qeyd etdik ki, istər  yaradılış aləmi olsun, istərsə də onun içində qərar  tutan  insan bir neçə mərhələdə yaradılmışdır. Amma  yanlış anlaşılmasın deyə, onu da qeyd etmək istəyirik ki,  mərhələli deyildikdə heç də bir  vaxtlar Darvinin  irəli  sürdüyü  təkamül  nəzəriyyəsi  nəzərdə  tutulmur.  Belə ki, mərhələli yaradılış, təkamül adlandırılan cərəyandan tam fərqli  gerçəklikdir. Çünki  mərhələli yaradılışda bir ünsürün başqa  bir  hala düşməsi və bu  mərhələnin bir neçə dəfə  təkrarlanması, təkamül  deyildikdə isə bir canlının başqa  bir canlıya çevrilməsi  nəzərdə  tutulur ki, bu da İlahi qanunlara ziddir. Yəni  yaradılışdan söz  açmaq  heç də  təkamül  nəzəriyyəsinə meydan vermir, verə də bilməz!

İlk  insan

Quran  ilk yaradılan insan  üçün iki kəlmədən istifadə edir:  “bəşər”  və  “insan” (Sad və Hicr  surələri). Hər  iki surədə insan adlı varlığın torpaqdan və sudan  yaradıldığına işarə olunur və bir  yerdə insan, başqa bir yerdə isə bəşər  kəlməsindən istifadə olunur. Quranın təqdim etdiyi yaradılış mərhələsini  darvinizmdən fərqləndirən başlıca cəhət də elə budur. Yəni Qurana  görə həm  insanı, həm də insanın yaranmasında əsas ünsür olan su və torpağın da yaradıcısı  Allahdır! Bir  halda ki, darvinizmdə yaradılışdan söhbət  belə  getmir. Burada  müzakirə olunan  mövzu  bir  varlığın başqa bir varlığa çevrilməsidir. Və bunu biz  elm  adlandıra  bilmərik. Çünki  elm  adlandırılan gerçəklik bütün dövr  və  şəraitdə eyni  nəticəni verməlidir. Bir halda ki, Darvinin iddiasında bunu  müşahidə edə bilmirik. Yəni  belə bir  iddia irəli sürüldükdən sonra kimsə bir  canlının (öz  zahiri görünüşünü  müəyyən qədər dəyişsə də)  başqa  bir varlığa çevrilməmişdir. Və insanın başqa bir varlıqdan yarandığını nə İslam, nə də təhrifə məruz  qalmış  digər səmavi  dinlər  də  qəbul  etmir. Darvinizm  nəzəriyyəsinin əsassız olduğu  qeyd olunan  surələrdəki “bəşər” və “insan” ifadələri  də bunu sübuta yetirir. Belə ki, insanı  yaradan Allah onun  su,  torpaq,  gil  və s. halları  üçün  də  “bəşər”  və “insan ” kəlmələrindən istifadə edir. Və darvinizmi yalnız o qədər  ciddi  nəzəriyyə  hesab etmək olardı  ki, bəşər  və  insan  kəlmələri onun  son və yekun mərhələsi  üçün  istifadə olunaydı. Bir  halda ki, Quranda  biz  bunun   tam əksini  görürük.

Cənnətdən  yer  üzünə

Adəmin Cənnətdə yaradıldığı üzərində dayananlar onun yer ünsürlərindən, lakin  Cənnətdə, yer üzü üçün yarandığı qənaətindədirlər. “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.  (Bəqərə, 35). Onlar öz  fikirlərinin İlahi ssenari olduğunu sübuta yetirməyə çalışır,  onun qadağan olmuş meyvədən istifadə olunmasına gəlincə, bunu günah  kimi  deyil, sadəcə unutqanlıq  üzündən olduğunu və bu  unutqanlığa görə də tövbə  etdiyi və yalnız bundan  sonra  yer üzünə endirildiyini söyləyirlər. Yəni Adəmin  timsalında sonra yer üzündə doğub-törəyəcək insanlara İlahi  nemətlərin qədrini bilmək, bilmədikdə ondan məhrum olma ehtimalı təqdim olunur.  Onu da  qeyd  edək  ki, Adəmin necə və  nə zaman Cənnətdə qərar tutması haqda Quranda  hər  hansı bir məlumat verilmir. Bizə məlum olan onun  qadağan olan meyvədən  yeyib oranı tərk etməsidir. Elə isə Adəmin yer üzündə deyil, Cənnətdə  yaradıldığı və oradakı həyatı barədə  məlumatlar hardan  əldə  olunub?  Nəzəriyyə sahibləri bunu Peyğəmbərdən (s) nəql edilən mötəbər  adlandırdıqları hədislərlə sübuta  yetirməyə çalışırlar.

Cənnət…  hansı  Cənnət?!

Adəm Cənnət adlı məkanda yaradılmışsa, o hansı Cənnət  olmuşdur? Ümumiyyətlə Quranda Cənnət  təqdimatı necə olunur? Qurana görə Cənnət  möminlərin (əməlisaleh  insanların) mükafat olaraq əbədi  məkanıdır. Və  buradan belə bir sual  yaranır: Əgər Adəm doğrudan da  yer üzünün ünsürlərindən yaradılıb sonra  Cənnətə  aparılmışsa və etdiyi günaha (və ya unutqanlığına görə) necə əbədi  məkandan çıxarıla  bilərdi?! Bildiyimiz kimi, Allah-Taala Öz  kitabında verdiyi vədə qarşı  çıxmadığından  xəbər  verir. Adəmin Cənnətdə yaradıldığını hesab  edənlərə “o necə Cənnətdir  ki, ora şeytan belə yol tapa bilir?” sualına Qurandan  heç  bir əsası olmayan belə bir cavab verirlər: Şeytan  Allahın  dərgahından  qovulduqdan  sonra  qazandığı addır. Belə  ki, bundan əvvəl onun  adı  İblis (və ya Əzazil)  olmuş  və o neçə min  mələklərlə birlikdə namaz  qılmışdır. Bir  halda ki, Quran  Kəhf  surəsində İblisin  mələklərdən deyil, cinlərdən olduğunu  açıq  aşkar  bəyan  edir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi” (50-ci ayə).  Amma buradan belə bir sual yaranır: İndiki İblis mələklərdən biri olmamış və  yaradılış baxımından da cin olaraq onlardan fərqli olmuşsa, onda nə üçün Allah-Taala ona  da mələklərlə birlikdə Adəmə səcdə  etməsini əmr  edir? Cavabını deyə bilərik ki, qeyd  olunan  ayə  ilə yanaşı, Allahın birbaşa  İblisə müraciət etdiyini də  biz  Quranda  görürük. Əraf  surəsinin 12-ci  ayəsi  buna  misal ola  bilər: “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu”.    Elə isə nə üçün  bir  yerdə Allah  mələklərlə İblisə birlikdə, bir  yerdə  isə təklikdə  müraciət edir. Bunu  başa  düşmək  üçün  çox sadə misala ehtiyac duyuruq. Bir  sinifdə 30 şagird varsa  və  onların  25-i əlaçı, 5-i isə tənbəldirsə, Allah  25  nəfərə  xas xüsusiyyətlə müraciət edər.  Bunu nəzərdə tutaraq Quranda mələklərin Allah qarşısındakı itaətkarlığını bəyan edən üç ayəyə nəzər  yetirdikdə də  onların  İlahi əmrə birmənalı olaraq  itaət etdiklərini  və bir an da olsun  Onun əmrindən çıxmadıqlarını   görürük.

Din

Cələ  və  xələqə

Hazırkı ardıcıllıq baxmından Adəm  barədə  verilən  ilk  xəbər  Bəqərə  surəsinin  30-cu ayəsinə aiddir. Bəzi  tərcümələrdə ayədə istifadə olunan “cəələ”  kəlməsi   yanlış olaraq “yaratmaq” mənasında da qələmə verilmişdir. Bir  halda ki, burada yaradılış deyil, hansısa vəzifəyə təyin olunması nəzərdə  tutulur. Belə ki, “cəələ”  ərəb dilində “bir şeyi haradasa qərar vermək” mənasını verir. Lakin bununla  razılaşmayanlar Hicr  surəsinin 28-ci  və  Sad  surəsinin 71-ci  ayələrində  “xələqə” kəlməsinin məhz  yaratmaq  mənasında  istifadə  olunduğunu  əsas  gətirirlər.

1. (və  iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min səlsalin min səmain  məsnun) – “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!”.

2. (və  iz  qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min tinin) – “(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan  bir insan (Adəmi) yaradacağam”.

Bəli, hər iki ayədə “cəələ” kəlməsi yaratmaq  mənasında  istifadə edilib. Lakin  diqqət yetirmək lazımdır ki,  hər  iki  yerdə  “cəələ” kəlməsi ilə yanaşı, insanın  yaradılışında istifadə olunan “səlsal” və “tin” palçıq  kəlmələrindən istifadə  olunur. Eyni surədə  (Sad  surəsində) “cəələ” kəlməsi Davud  peyğəmbər (ə)  barədə də istifadə olunaraq  onun yer üzündə  xəlifə təyin  edildiyinə işarə olunur.

Qeybdən  xəbər?!

Bəqərə  surəsinin  30-cu  ayəsinin  ikinci  hissəsində diqqəti başqa bir  məqam  çəkir. O da mələklərin Allaha “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” sualı ilə müraciət etmələriylə əlaqəlidir? Verilən sualın özün barədə belə bir sual yaranır: Mələklər bəşər  övladının qan tökəcəyini haradan bilə bilərdilər? Cavabında iki fikir irəli sürülür: 1) Mələklər bunu lövhi-məhfuzdan oxumuşlar. 2) İnsanlardan əvvəl yer üzündə cin tayfaları olmuş, onlar  bir-birlərinin qanını tökmüş və  mələklər də bunu  görüb Allaha belə bir  (etiraz  xarakerli)  sual  vermişlər. Belə bir yanaşma qeyri-ciddi nəzərə  çarpır.  Əvvəla  ona  görə  ki, təsəvvürümüzdə lövhi-məhfuz kimi yer alan bir  gerçəklik materiya  halında olan və  üzərində olub-keçənlər yazılan iri  lövhə deyil, bəlkə İlahi elmdir. Cinlərə gəlincə, belə bir  yanaşma da qənaətbəxş deyil. Çünki bir qövm və  tayfanın etdiyi günah və itaətsizliklər, bunun nəticəsində də məhvə məhkum  olmaları başqa bir  qövmün  eyni aqibətə məhkum olma anlamına gəlmir. Hər  iki  mənanı  nəzərdən  keçirib  verilən cavabın əsassız olduğu  ortaya çıxır. Elə isə  mələklər qeybdən necə xəbər verə bilərdilər?! Bir halda ki, Nəml  surəsinin  65-ci  ayəsinə  görə  qeybi  birmənalı olaraq bilən Allahın Özüdür: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!”. Demək mələklər qeybi bilməmiş, bilmədikləri üçün də belə bir  sualı vermişlər. Elə isə mələklər belə  bir  bilgiyə necə  sahib  olmuşdular. Suala cavab vermək üçün  ayənin tərcüməsinə yenidən  nəzər  salmalıyıq: “Yer üzündə fitnə-fəsad törətməkdə və qan tökməkdə olan bu varlıqlarımı xəlifə olaraq təyin edirsən?”. Yəni  insanlar artıq var, yaşayır, bir-birlərinin qanını tökür və mələklər də bunu görüb  belə bir  etiraz  xarakterli sual ünvanlayır, Allahdan da  növbəti  ayədə onları razı salacaq cavabı alırlar. Bu  isə o deməkdir  ki, Adəm ilk insan  deyil, həmin  insanlar arasından seçilərək peyğəmbərliyə təyin olunan  ilk peyğəmbərdir. Əlbəttə, bu bir baxışdır, daha doğrusunu Allah bilir.

 

Ardı var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir